UNUTMAQ OLMUR
(Vahid Əlifoğlunu
düşünərkən)
Ömrün ixtiyar
çağında ölümün labüdlüyü,
həyatın əvvəli olduğu kimi, sonunun da
mövcudluğu inkarolunmaz faktora çevrilir və
istər-istəməz taleyin qisməti ilə
barışırsan, bilirsən ki, geriyə yol yoxdur, necə
deyərlər, qarşıda sıldırım qaya, sonra
güclü külək səni dənizin ağuşuna
atacaq! Nə qalacaq səndən? - Ancaq ömür
payında rastına çıxan insanların yaddaşına
hopmuş şirin xatirələri! Nədənsə,
mən qismətinə iztirablı, kədərli illər,
günlər düşən insanları daha çox
xatırlayır, onların vaxtsız-vədəsiz
ölümünə heyfslənirəm və bəlkə
mənə elə gəlir o adamlar uzunömürlü
olsaydı, dünyasının müsibətlər, bədbəxtliklər yükü azalardı. Heyf, heyf, yalan, riya
bilməyən, qanında, ruhunda paklıq, ləyaqət,
təmizlik olan, mehribanlığı,
istiqanlılığı ilə qəlbimə hakim
kəsilən bir insanın - Vahid Əlifoğlunun
ölümü, nə qədər dözümlü olsam
belə, sarsıtmaya bilmədi məni. Hər gün
görüşmürdük, amma o, hər dəfə
Biləsuvara gələrkən həmsöhbət olur,
siyasətdən başlayıb, ev-ailə
dərd-sərinə kimi hər şeydən
danışardıq. Bəzən 15-20
dəqiqəlik görüşümüz 2 saata kimi
çəkirdi. Çadır həyatı, ordakı aura
öz yerində, lakin doğma yurd-yuvasından ayrılan,
taleyin çətin sınaqları ilə üzləşərkən
5 kq düyü, 5 kq şəkər tozu üçün
sınan, əyilən, bir-birinə kəf gələn
bəzilərinin iyrənc xisləti odsuz-ocaqsız yandırıb
yaxırdı Vahidi. Qaçqın, məcburi
köçkün həyatının çətinlikləri
öz yerində, insan ləyaqətinin ayağa
düşməsi, nadanlar tərəfindən tapdanması daha
çox əzab verirdi ona.
Vahid məndən
əvvəl Rac Muradovla - RİHB-nın humanitar
məsələlər üzrə müavini ilə dost
olmuşdu. Səmimi, mehriban, isti münasibətləri
var idi. Mən aparatda məsləhətçi
işləyirdim, Vahid 3 saylı çadırın
nümayəndəsi idi. İşlər çox, qayğılar
nə qədər desən...
Yaxından
tanışlığımız 1994-cü ilin noyabrına
təsadüf edir. 32 il rayon qəzetinin
əməkdaşı, jurnalist olduğumdan şair Vahidi
dövrü mətbuatdan tanıyırdım və sevirdim.
Budur, ilk məhrəm söhbətimiz:
-
Haralısan, Vahid qardaş?
- Fizulidən, Seyid
Əhmədli kəndindən.
- Rəhmətlik
Vəzir Hacıyevi tanıyırdınmı?
Dərindən köks
ötürür:
- Mənim böyük
qardaşım idi o.
Daha heç nə
demirəm. Əlimi alnıma söykəyib. Vəzirli
günlərimə qayıdıram. Bir ay Bakıda kursda
olmuşduq. O, "Araz"ın yazarı, mən
"Məhsul"un məsul katibi. Bir otaqda
qaldığımızdan tez isnişmişdik bir-birimizə.
Yoldaşlığımız, dostluğumuz tuturdu. Sonralar
hərdən zəng edib, kefimi soruşurdu o. Ziyalı insan
idi. Vəzir, qələmə, sözə dərin hörmətlə
yanaşırdı, fikir və
düşüncələrində təzəlik, yenilik
etmək bacarığına malik idi. Ləyaqətini,
şəxsiyyətini göz bəbəyi kimi qoruyurdu. Bir fikri
hələ yaddaşımdan silinməyib. Deyərdi:
partiyalı mətbuatda işləməyin yaman
çətinliyi var. Fəhlə, kəndli aristokratına,
binamusun, qeyrətsizin birinə orden-medal verirlər və
səni də məcbur edirlər ki, ay aman, tez ol, onun
haqqında təcili olaraq mədhiyyə yaz, tərifini ala
buluda qaldır. V.Hacıyev
arayıb-axtarırdı, bəzi insanlarda bizim görə
bilmədiyimiz keyfiyyətləri qələmə
alırdı. Onun səriştəli, sanballı
yazıları tez-tez mərkəzi mətbuatda
görünürdü. (o zamanlar "Kommunist", "Sovet
kəndi", "Azərbaycan gəncləri" kimi
qəzetlərdə çap olunmaq hər rayon yazarının hünəri deyildi).
Vahidlə Racın
dostluğu ilə bağlı bir xatirə yarpağı:
...
Çadır şəhərciklərinə 4 maşın
duru yanacaq (ağ neft) gətirilmişdi və onun
bölgüsünü Rac Vahidə həvalə etmişdi. "Vahid insan psixologiyasını yaxşı bilir,
kimin əyri, kimin düz olmasını tez ayrıd edib,
haqqı nahaqqa verən deyil" - Rac bu qənaətdəydi
və iş, əməl göstərirdi ki, o, tamamilə
haqlıdı. Nə isə, yanacaq paylandı və iki gün
sonra bizim aparat iclasında əsl mərəkə qopdu:
başqa bir şöbənin müdiri hamıya şok
yaşatdı... O, birbaşa başçı Əli Babayeva
dedi:
- Vahid Hacıyev
yanacağın bir maşınını İmişlidə
sataraq pulunu R.Muradova çatdırıb...
Racın
dil-dodağı titrədi, nitqi tutuldu. O, elə sarsıldı ki,
özünü müdafiə etməyə, bu böhtana cavab
verməyə sanki söz tapmadı. Onu və
Vahidi yaxından tanıdığım üçün
mən qəzəblə, əsəbi halda ayağa qalxıb,
onların hər ikisini müdafiə etdim,
"bəsdirin-dedim-nə qədər şər-böhtan
yolundan əl çəkməyəcəksiniz".
O dövr üçün
unutmadığım daha bir olay. Çadırlarda
ən çox Füzuli və Cəbrayıl
köçkünləri məskunlaşmışdı
və tez-tez aralarında müxtəlif ixtilaflar,
çəkişmələr olurdu. Budur,
başçının qəbuluna 5 nəfər
cəbrayıllı gəlib. Haqlı-haqsız
nədənsə şikayətlənirlər. Ə.Babayev
onları ayağa qaldırır və əsəbi, sərt
şəkildə fikrini bildirir:
- Qayıdın
çadıra, orda Vahid Hacıyev var. Ona
sözünüzü deyin. Mən Vahidə
özüm qədər inanıram. Onun obyektivliyinə
heç bir şəbhəm yoxdur!
Daha bir xatirə:
1997-ci ilin dekabr
ayında Heydər Əliyevin Lissabon zirvə
toplantısında uğurlu diplomatiyası Qarabağın lap
tezliklə azad olunmasına inamı artırmışdı. Çayxana söhbətimiz
yadımdadır: yamanca sevinirdi Vahid. Gözlərinə bir
dünyanın işığı dolmuşdu, az
qalırdı qanad açıb doğma yurd-yuvasına
dönsün. Mən qaçqın, didərgin
ömrü yaşamamışam və çadır
həyatının ağrı-acılarını heç
zaman onun kimi duya bilməzdim. Amma nə etməli,
təsəlli, ürək-dirək verməkdən başqa
əlimdən nə gəlirdi:
- Yaxşı,
düzünü de, torpaqlarımız azad olsa, qayıtsan o
yerlərə və bir gün məni Seyid
Əhmədlidən görsən, neylərsən?
- Boynunu qucaqlayıb, bağrıma
basaram. Quzu kəsib, kabab
çəkərəm.
Başımı
yellədim.
- Yox, Vahid bunları
saxla... Mən oralara gələn kimi, birbaşa gedərəm
Yağlıvənd qəbiristanlığına - Vəzirin
məzarını ziyarət edərəm.
Kövrəldi, papirosa dərin
qullab vurdu:
- Allah niyyətini
yetirsin... susdu və mən hiss elədim ki,
çöhrəsini yenidən qatı duman aldı, ümid
çırağı öləzidi.
-Heç inanmıram
erməni alçaq o yerləri-bizim Qarabağı
özbaşına boşalda; arxasında rus dayanıb
onların, rusun da hərbi texnikası, silah-sursatı
dünyaya lərzə salır... Bir bənd şeirini dilə
gətirdi.
- Təndir neynir yaş xəmiri,
Kündələmə boş xəmiri,
Taleyimiz daş xəmiri
Yoğrulmağı çox uzundu.
... İş
gününün sonuna az qalıb. Pəncərədən eşiyə
baxıram. Narın payız
yağışı, buludlu hava ovqatımı korlayır.
Pah, budu, Vahid gəlir. O, binaya girib, otaqlara baş
çəkir və mənim yanıma gəlir. Xoş-beş,
salam-kalam.
- Gəldim məvacibimi
alım, mühasib də yoxdu.
- Darıxma, qardaş - dedim
- biz maaşı almışıq. Gedək
boğazımızı yaşlayaq. Süfrə
arxasında ona uydurduğum yalan danışıram:
- Yuxu görmüşəm,
Vahid.
- Necə yuxudu o?
- Hə, belədi də... Qoca vaxtımda əlimə məbləği
məlum olmayan pul düşüb. Fikirləşdim
neyləyim onu? Çarəsini tapdım.
Pulu verib Marsda torpaq alım və bütün
erməniləri köçürüm ora, bəlkə
canımız bu əclafların əlindən qurtara.
- Ə,
ağluva dua yazdır. Getməzlər o əclaflar.
- Yox, qulaq as, Vahid, sən
deyən qədər də avam deyiləm mən. Elan
verəcəm: bir türk ailəsinə Marsa getmək
üçün 100 min verirəm. Hə, bax onda tamahına
bəs deməyən türklər axışacaq Marsa və
ermənilər də düşəcək onların
ardınca, bütün Qalaktikaya hay-küy salacaqlar ki, bəs
Mars elə Mesropundu, Aşotundu, nə bilim, hansısa
dığanındı...
Vahid gülür:
- Bax, bunu yaxşı
uydurmusan. Sənə "beş".
Mən dərdə
qardaş deyən Vahidə elə dözümlü,
səbirli olmağı arzulayıram.
Bilərəkdən
şüurlu şəkildə Vahidlə bağlı ancaq
yaşantılarımı, xatirələrimi önə
çəkdim, onun poeziyasının bədii
tapıntıları, sözə qanad verməsi... haqqında
yazmadım. Lakin reallıq budur ki, son illər rayonumuzun şadlıq
saraylarında masabəyilər həzin musiqinin
müşayiəti ilə şövqlə, həvəslə
"Biləsuvar" şeirini söyləyirlər. "Gənclik"
parkında o masabəyilərin üçünü bir
yerdə saxlayıb, soruşdum:
- Toylarda oxuduğunuz
"Biləsuvar" şeirinin müəllifi kimdi? İkisi başını buladı, çiynini
çəkdi. Üçüncüsü dedi:
- Hə, mən bilən,
bizim çadır şəhərciyində şair var idi. Vahid Əlifoğlu. Şeiri o,
yazmışdı. Orta yaşlı, qarayanız, ağ saçlı, kövrək duyğulu bir
insan idi.
O, şeiri oxuculara təqdim
edirəm:
BİLƏSUVAR
İgidlər
yazıbdır ayaq izlərin
Sinəmə
peyğəmbər ocağı kimi.
Çiçəyi
sayrışan geniş düzlərin,
Açıldı
anamın qucağı kimi.
Halallıq,
bərəkət adından keçib,
İllər il
gətirib yaşının üstə.
Gündüzlər
günəşin odundan keçib,
Gecələr ay
doğar başının üstə.
Dünyanın
sevdalı günləri çoxdu,
Toylara, nişana heyran
qızların.
Kim deyir Muğanın
ceyranı yoxdu,
Ceyrandan gözəldi, ceyran
qızların.
Sən bir şirin
nağıl, bir şirin yuxu,
Oğlunam
gəlmişəm, ay Biləsuvar.
Ulu keçmişimin
müqəddəs ruhu,
Öpüm
torpağını qoy Biləsuvar
P.S. Hər insanın
həyatdan getməyi əsl faciədi, sondu, onun
yaxınları, dostluq üçün ağır itkidir. Ona
görə, məncə, ölümü vaxtlı, ya vaxtsız
adlandırmaq düzgün deyil.
Bu yazıma nöqtə
qoymaqdan əzəl "Bu dünya Vahidsiz qaldı"
deyə alışıb yanan, yaşamaq həvəsi azalan
Əbülfət Mədətoğluna böyük qardaş
kimi öyüd nəsihət vermək itsəyirəm.
Ulu Yaradanın bir
adı da dözümdü, səbirdi, əzizim! M.Ə.Sabir
deyir: "O hansı müşkül işdi ki, səbirlə
asan olmasın".
Depressiyadan qaçmaq
üçün təkliklə, tənhalıqla qol-boyun olma!
Hərdən
qapını örtüb, öz-özünlə
danış.
Yadına gülməli əhvalatlar sal...
Hərdən
yazı stolunu döyəclə. Bir zamanlar Seyfəddin
Dağlı bizə deyəndə ki, söz adamının
stolu nağaradı, gülüşərdik. İndi
başa düşürəm, yox, biz səhv etmişik, o kişi haqlıymış...
Vaxtın olanda
bazara, tünlüyə baş çək. Müxtəlif xarakterli
insanların danışığı, alış-verişi
sənə ləzzət verəcək!
Şərqli olsaq da, gəl
əzizlərimizin itkisinə dözməyi Qərbdən
öyrənək, Əbülfət!
P.S.S. Sədaqətli,
etibarlı dostlarım azdır. Adətən, onlarla hər
bazar günü telefon əlaqəsi saxlayıram. Vahid də o
sədaqətli dostlardan idi. Fevral ayında
onun nömrəsi mənim üçün həm var, həm
də yoxdu. Yenə zəng edirəm və
mənə elə gəlir ki, indi daha Vahidin özü yox,
ruhu məni eşidir. Kaş
Qarabağımız işğaldan azad olaydı və mən
Vahid Əlifoğlunun ruhunu şadlandıraydım.
Əlibala Rəhimov
Ədalət.- 2010.- 17 aprel.- S. 13.