RƏSUL RZA İLƏ
ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ
ÜZ-ÜZƏ
RƏSUL RZA -100
Əmək
kitabçasındakı dəqiq məlumata əsasən
1967-ci ildi.
Mən Komvol
kombinatından usta köməkçisi işindən
ayrılmışam və işsizəm.
O zamanın ən dəbdə
olan ziyalısı və şairi Rəsul Rzanın şeirlərini
oxuyub Nazim Hikmətə keçirəm, Nazimdən təzədən
qayıdıram Rəsul Rzaya...
Və bunların
heç biri ilə şəxsi tanışlığım da
yoxdu.
Nazimi Hikmət heç ələ
düşməz. O heç.
Amma Rəsul Rza ilə
bir şəhərdə yaşayırıq və mən hər
gün onların evlərinin qarşısından keçib
İncəsənət İnstitutuna gedirəm və oradan geri
qaydıram.
Rəsul Rza indi
adını daşıdığı və o zamanın
Korqanov küçəsində Kitab pasajının
üstündə yaşayırmış. Bunu təxmini
bilirdim. Amma daha dəqiqini sonralar bildim. Bir dəfə təsadüfən
unudulmaz İsa İsmayılzadə ilə onun evinə
getmişdik. Vallah yuxu kimi xatırlayıram o gedişi. Və
daha hansı gedişlər olub bilmirəm.Amma elə cəmi-cümlətanı
o gediş olub yəqin ki. Dəqiq olmasa da ilğın kimi
gözlərimin önündən keçir. Ədəbi camiədə
əsil mübarizə var. Əsil ədəbi mübarizə.
Mən şəxsən bu mübarizənin içində
olmasam da, kənardan bəzi şeyləri görürəm. Təkrar
edirəm: o vaxta qədər mənim Rəsul Rza və Anar
adında yazar cəmiəsinin insanları ilə heç bir
görüşüm olmayıb.Rəsul Rza ilə heç
üzü-üzə də gəlməmişəm. Heç
bir məclisində olmamışam. Amma Anarı bu illərdən
çox öncə görmüşəm,fəhmən onun
Anar olduğunu bilmişəm və bu təsadüfü
görüş barədə mən yazmışam.
Ədəbi camiədə
ədəbi mübarizə gedir. Danmayaq Rəsul
Rzaçılar və hecaçılar deyə bir iç
bölgüsü var. Boşuna deyil ki, daha sonralar mən
"Gəlin tanış olaq,Tofiq Abdinəm" şeirində
aşağıdakıları yazacam:
Şairlik sevdası
vardı başımda,
bilmirdim dünyanın
Nazimi varmış.
Hardan biləydim ki, bu
yol başında
insan öz-özünə
bədbəxt olarmış –
Bəzən
qoymadılar danışam, dinəm,
Gəlin tanış
olaq, Tofiq Abdinəm
Bəzən qaraladım
tale yazanı,
özüm gedirdimsə
bəxtin nə işi.
Sevdim şairlikdə Rəsul
Rzanı,
sən demə
başqaymış dövrün gərdişi –
İnanın, inanın
peşman deyiləm,
Gəlin tanış
olaq, Tofiq Abdinəm!
Hətta belə
olduğu bir təqdirdə, yenə də mənim Rəsul Rza
ilə heç bir görüşüm yox, ta ki, əmək
kitabçasındakı tarixin doğumuna qədər :
yəni 1967-ci ilin
fevral ayını qədər.
Mən o zamanın
çox dəbdə olan ədəbi dərnəklərinə
gedirəm və həmin dərnəklərə təzə-təzə
hələ isinişmişəm.Bir neçə nəfərlə
yaxın münasibətim var: onlardan birincisi İsa
İsmayılzadədi ki, mənim sonrakı taleyimdə onun
rolu danılmazdır.
Yeri gəlmişkən,
indi bizim yabançılaşmış
"dostlarımız" var, sorğularında həmişə
yekə-yekə yazıçıların adını çəkirlər
ki, biz onlardan öyrənmişik.Amma illər öncəsi
üz-üzə olanda deyirdilər ki, bəs sizdən öyrənmişik.İndi
unudulub o günlər.
Unutduqları kimi də
unudulacaqlar.
Dərnəklərə
gedib-gəlirəm və həmin dərnəkdəki məşğələlərin
birində İsa mənə yaxınlışar....
Uzun bir hikayət bu...
Bunu mən bir çox yazımda anlatmışam.
Bu arayışlar ona
görədi ki,heç nə göydən düşmə
olmasın.İndi çox insan cənublu olur, çox insan Ərdəbilli...
Bu arayışlar ona
görədi ki, mən Rəsul Rzayla necə üz-üzə
dayandım, qarşı-qarışıya durdum.
Dediyim kimi həmən o
komvol kombinatından ayrıldığım günlərdə
mən Rəsul Rzanı şeirlərini oxuyur və
İnstitutda təhsilimə davam edirəm. Heç bir art niyyət
güdmədən Rəsul Rzanın şeirlərini oxuyub bir
məqalə yazıram.Təxminən özüm
üçün.Çap kimi bir şey ağlıma gəlmir
hələ.Bir gün onu İsaya verirəm. İsa bəyənir.Bunu
Rəsul Rzaya deyir və Rəsul müəllim məqaləni
istəyir.
Demək İsa
yazını aparıb verir Rəsul Rzaya. Rəsul müəllim
çox gənc bir adamın yazısını oxuyur, güman
ki, nisbətən bəyənir və yenə güman ki, bəyənməyə
bilməzdi,çünki o zaman Rəsul Rza haqqında belə
yazılar yazmaq üçün cəsarət tələb eləyirdi.
Çünki qəti bir mübarizə gedirdi irəlidə
dediyim kimi və üstəlik də həmin dövrdə
bütün yazılanların bir art niyyəti mütləq
güdülürdü.
Yazı məncə ( məncə
deyirəm, ona görə ki, mən Rəsul Rza haqqında bir
neçə dəfə yazmışam) Rəsul Rzanın
DÖZÜM kitabı haqqında idi və orda bir önəmli
məsələ vardı:
Nədən Rəsul Rza
məhz indi kitabının adını DÖZÜM qoyub?
Bu məsələ ətrafında
gəzişmələr idi.
Tam sərbəst.
Azad və heyranlıqla
yazılan bir yazı.
Belinski havasında yazılın bir yazı.
...Mən komvol
kobinatından işdən
çıxmışam.İşsizəm və İsa
İsmayılzadə ilə yaxınlığımız davam
edir. Bir gün İsa mənə deyir: gəl səni
aparım Rəsul müəllimin yanına.İnstitutda
oxuyursan. Özü də teatrşünaslıq fakültəsində.
Bəlkə ensiklopediyada kiçik bir iş tapıldı.
Aha...burda qısa bir
fasilə.Çünki hər şey burdan başlanır.
Rəsul Rza ilə
üz-üzə dayanmaq da, bax buradan başlanacaq və ondan
sonra onunla olan bir neçə görüş
üçün də məhz ensiklopediya ilk pillə olaraq
keçəcək.
İsa məni Rəsul
Rzanın Baş Redaktoru olduğu ensiklopediyaya gətirir.
Sütül bir gənc, lap sütül bir gənc. Amma öz qabağından
yeməyən, heç
kimsəni də aldırmayan bir gəncəm.
Rəsul müəllim bizi qəbul edir.
İsa İsmayılzadə
mənə heç bir şey deməyib.Daha doğrusu məni
təlimatlandırmayıb.Yəni mən özümü necə
aparmalıyam. Güman ki, o elə bilir ki,mən bütün
etik qaydaları bilirəm. Amma nə etik bazlıqdır,
qardaşım.
Və özü də
harda? Ən orjinal bir şairin qəbulunda.Ən orjianl təfəkkürə
malik bir gözəl ziyalının önündə. Mənə
elə gəlirdi ki,o şeirləri yazan yaradıcının
qarşısında heç bir sıxıntı olmaz.
İçəri
giririk. İsa stulu çəkib oturur.Güman ki, İsa
oranın işçisi olduğu üçün güman ki,
belə eləməliyidi,- deyə düşünürəm.
Mən mıxlanıb
ayaq üstə qalmışam.
Görüşürlər.İsa
nəsə mızıldanır.Mən əllərimi arxamda
cütləyib "smirno" vəziyyətində
dayanmışam.
Stop! Burada
bir tale həll olunur, yoldaşlar!!!!!! Heç içinizi çəkməyin.Həqiqətən
bir tale həll olunur.Özü də şəhərdə heç
kəsi olmayan bir gəncin taleyi həll olunur.
İsa təzədən
tanışlıq verir.Məqaləmini adını çəkir,Rəsul
müəllim bir şeylər deyir və harda oxuduğumu biləndən
sonra, güman ki o institutda oxumağım da onda bir simpatiya
yaradır.Sonradan biləcəyəm ki,Rəsul müəllimin
ən yaxın qohumlarından biri elə mənimlə birgə
oxuyur.Eyni fakültədə oxuyuruq.Fikrət Ağazadə.Gözəl
bir oğlan.Çox insan bir gənc.Gələcəkdə Azərbaycan
televiziyasının ən bacarıqlı işçilərindən
biri.
Rəsul müəllim :
bax, ay bala,İsa da bilir.Mənim o şöbəmdə bir
redaktor işçim var,o da oranı bitirib.Demaqoqun biridi.Elə
demaqoqdu ki, hətta məndən dostum Cəfər Cəfərova
yazır.Onu mən işdən çıxara bilmərəm.
"Bax ha, sən demə
Rəsul müəllim mənim haqqımda daha böyük
fikirdə imiş. Nədən ki, o adam redaktor işləyirdi,mənəsə
kiçik bir iş lazımdı".
Və mən çox
sakit baxıram. Hələ də ayaq üstəyəm
Nədənsə iş
çətinə düşür.Rəsul məüllim əllərim
arxamda şəkşək dayanamağı sanki indi
görür və :
"A bala, əllərini qoymusan arxana, bir normal dayansana".
İsa pörtür.
Vay dədəm vay... Özümü
itirirəm. Nə deyəcəyimi də bilmirəm.
"İş işdən
keçib"- düşünürəm və yenə də
Rəsul Rzanın orjinal şeirlərinə arxalanıb:
"Vallah Rəsul
müəllim, bir neçə gün öncə
Yazıçılar İttifaqında ULDUZ jurnalına işə
götürmək istəyirdilər.Sədrin qəbulundaydıq.
Əllərim də cibimdə.Sədr dedi: a bala, əllərini
cimindən çıxarsana.
Mən o çıxan
ordan çıxdım.İndi bəs mən əllərimi
neyləyim?"
Rəsul Rzanın
reaksiyasını tam xatırlamıram.Deyəsən
gülümsündü və İsaya dedi: bunu incəsənət
şöbəsinə yazdırın.
***
Və beləliklə
Əmək
kitabçasından çıxarış :
7.16.02.1967.Azərbaysan
sovet Ensiklopediyasında
korrektor, kiçik redaktor
8.16.11.1968. Öz
xahişi ilə azad edilir
9.6.11.1968. "Qobustan"
jurnalında redaksiya müdiri
Ensiklopediyada
çalışdığım günlərdə
böyük şairlə üz-üzə məqamlar çox
azdı.Birincisi ona görə ki,işim icabı mənim
onunla görşüm vəya üz-üzə gəlməm
qeyri-mümkün idi. Mən Vaqif Səmədoğlunun
başçılıq elədiyi İncəsənt
redaksiyasında idim və Rəsul Rza da ən
aşağısı redaksiya müdirləri ilə
görüşürdü bəzi məsələlərdə.
Amma, hərdən-bir dəhlizdə
rastlaşa bilərdik və belə uğursuz rastlaşmalardan
biri həqiqətən də oldu.
Mən buna uğursuz
rastlaşma da deyə bilmərəm. Çünki insan
xarakterini açmaq üçün sadəcə onunla
aylarla-illərlə yan-yana olmaq bir o qədər vacib deyil. O
anlamda Rəsul Rzanın məqamında sərt olduğunu dəfələrlə
eşitmişdim. Və düşünmürdüm ki, bunun
şahidi də ola bilərəm.
Bir dəfə və
enkislopediyada sonuncu dəfə mən Rəsul müəllimin
yenidən qarşısında "peyda oldum". Sözün
əsil mənasında peyda oldum.
***
Burada
cavanlığın da bir günahı var. Rəsul müəllim çox
nadir hallarda otağından
çıxardı. Və o nadir halların
biri mənim başımda "çatladı".
Yaxşı mənada çatladı.
O məqam olmasaydı
indi heç bu sətirləri də yaza bilməzdim
və düşünürəm
ki, nə yaxşı ki, olub.
Ensiklopediyanın dəhlizində
bir qızla şirin-şirin söhbət edirəm.Qızın
arxası divara, mən isə arxası gedib-gələnlərə
bir məqamdı.Nə barədəsə
danışırıq. Güman ki, içində sevgi motivləri,ünsiyyəti
də var. Maniken kimi nərmənazik bir qızdı. Bir
şeylər anladıram və bu vaxtı Rəsul müəllim
otağından çıxır. Baxıram ki, bizə tərəf
gəlir. Hansısa redaksiya gedəcək. Həqiqətən
yavaş-yavaş,bizə gözaltı baxa-baxa
yanımızdan keçir gedir. Mən söhbət etməkdə
davam edirəm. Və indi başa düşürəm ki, insan
nə qədər azad və sərbəst olmalıdı ki, o
boyda şairin qarşısında bu dərəcədə
yanlışlığa yol versin. Heç ağıla
alınası deyil.
Mən söhbətimə
davam edirəm. Rəsul müəllim gedib hansısa redaksiyaya
dəyir və qayıdır ki, bəs mən həyasızcasına
yenə də qızla söhbətimi davam etdirirəm.
Və birdən Rəsul
müəllim bizim tuşumuza çatanda ayaq saxlayır.Bunu
görürəm.Düzü içimdən bir
sızıltı keçir, amma özümü o yerə
qoymuram.
Rəsul müəllim
bizə yaxınlaşır və qız həmən
uzaqlaşır.Rəsul müəllim mənə:
-A bala,sən burda işləyirsən.
Bu işə
başladığım gündən çox sonralar
olur.Yadından çıxmış oluram
-Bəli,-deyirəm.
Rəsul müəllim:
-A bala, sən nə həyasız
uşaqsan.Görmürsənmi mən gəlirəm.
İş işdən
keçib. Geri çəkilməyə yer yox və bir də
yenə Rəsul müəllimin cəsarətli şeirləri
və azad yaradıcılığı gəlib
düşür yadıma. Güman eləyirəm ki, Rəsul
müəllim mənim bu elədiklərimə çox adi bir
şey kimi baxar.
Olmur. Və mən geri
çəkilmədən.
-Rəsul müəllim,
siz məni artıq gördünüz. Qaçsaydım bu bir
az qoxaqlıq olardı.
-Hansı redaksiyada
işləyirsən?
-Vaqif Səmədoğlunun
redaksiyasında.
Çevrilir. Ləngərli
yerişi ilə İncəsənət redaksiyasının
qapısına doğru gedir.Qapını açır.
-Vaqif gəlməyib?-
soruşur.
İçəridən
kimsə:
-Xeyir,-deyir.
-Elə şöbə
müdirinin belə də işçisi olar- deyir. Gələndə
məni görsün.
Çəkilib sakitcə
gedir.
Mən içəri
keçirəm...
Görüşdülərmi,
görüşmədilərmi bilmirəm.
Bir müddət sonra mən
bu tarixlərdə
8.16.11.1968. Öz
xahişi ilə azad edilir
9.6.11.1968.
"Qobustan" jurnalında redaksiya müdiri
İş yerimi dəyişirəm.
Və daha bir
görüş var ki, mən "Qobustan" toplusunun 40 illyi
ilə bağlı yazımda anlatmışam.Ancaq Rəsul
müəllimlə olan duyğularımın bir yerə
toplanması baxımıdan onu da eynən bu yazı silsiləsinə
daxil etməyi düşündüm.
(DAVAM EDƏCƏK)
Tofiq Abdin
Ədalət.- 2010.- 17 aprel.- S. 15.