SƏNSİZ YAMAN DARIXMIŞAM,
BƏHRAM...
İnsan ömrü
ərzində iki dəfə kövrək olur: uşaqlıq
çağlarında, bir də yaşının ahıl
vaxtında. Birincidə qəlbinə
dəyən, könlünü küsdürən nə
eşidərsə, görərsə, yalnız imkanı,
gücü ağlamağa çatar. İkincidə isə
boyat xatirələr yadına düşəndə qalır
boylana-boylana - inciyər, küsər, gah qürur hissi
keçirər, gah da nazilər, sarsılar.
Gözünün biri gülər, digəri ağlayar. Bax,
elə mənim kimi... Mənə dərd verən dərdin
dava-dərmansız olması, bir zamanlar can deyib, can
eşitdiyin dostdan erkən, vədəsiz
ayrılmağımdır.
Haqqında xatirə
yazdığım Bəhram Nəsibovla səmimi, mehriban
dostluq əlaqələrimiz vardı. Onunla birlikdə
tez-tez doğma yurd yerlərimizə gedərdik. Bulaqların,
kəhrizlərin önündə onun diz bükməsini
görmüşəm. Rayonlarımız da, kəndlərimiz
də qonşu idi. Xarakterimiz də uyğun gəlirdi.
Bəhramın üstün cəhəti ondaydı ki,
musiqiyə həddən artıq meyilliydi. Ovqatının
ən sərt vədələrində də
zümzümə edər, dərdini, müsibətini
unutmağa çalışardı. Olduqca həssas duyumlu,
kövrək ürəkli, zərif qəlbli insan, ziyalı,
dost idi. Şuşada - Cıdır düzündə uşaq
kimi necə atılıb-düşdüyünü,
sevinib-fərəhləndiyini də, Arazın o səmtinə
baxanda ağladığını da çox
görmüşdüm. İndi də qalmışam
itirdiyimlə qismətimə çıxan bədbəxtlik
arasında. Onun ayrılığına dözə
bilmirəm. İntizarı, həsrəti məngənə
kimi məni sıxır, heç eynim açılmır.
Doğrudan da dost itkisi yaman dərd olurmuş...
Bəhramla qırx
beş il əvvəl, Bakı şəhərində,
təsadüfən tanış olmuşduq. Günlər
keçdikcə mehribanlaşdıq, bir-birimizin xatirini
qardaşdan artıq istədik. Çox etibarlı,
diqqətcil, qayğıkeş, alicənab dost idi.
Tanıdığı adamlardan kimsə
xəstələnəndə onun
ağrı-acısını canında çəkər, hiss
edərdi. Xeyir-şərdən qalmazdı.
Təbəssümü çöhrəsindən,
gülüşü dodağından əskik olmazdı.
Şirin, məlahətli səsi, avazı vardı. Xan
Şuşinskinin, Ağabala Abdullayevin ifalırını
saatlarla dinləyər, yorulmaq bilməzdi. Tarda, gitarada
mahnıları, muğamları elə ifa edərdi,
eşidənlər valeh, vurğun olardılar. Taleyin
əməlinə, qismətinə bax, xatirini qardaşımdan
artıq istədiyim, neçə illərdir ki,
həsrətini çəkməkdən eynim açılmayan
dostum haqqında keçmiş zamanda danışıram.
Üzün dönsün, ay bivəfa dünya...
O, indiki Azərbaycan
Dövlət Mədəniyyət və
İncəsənət Universitetini bitirmiş, tanınan
pedaqoqlar Adil İsgəndərov, Şəfiqə Axundova,
Soltan Dadaşovdan sevib-seçdiyi sənətin - musiqili
komediya teatrının sirlərini öyrəmişdi. Amma
bu sahədə bir gün də olsun işləmədi. Meylini salmışdı xalq, bəstəkar
mahnılarına, muğamlara. Ölkəmizdə ilk gitara
ifaçısı kimi tanınmışdı. Məşhur
ifaçı, xalq artisti Qədir Rüstəmovun ötən
illərdə oxuduğu "Ay dəli ceyran"
mahnısının həm sözlərini yazmış,
həm də musiqisini bəstələmişdi. Onun
"Qarabağ", "Sən də həmdəm, mən
də həmdəm", "Qadan mən alım",
"Sənə qurban", "Deyin hardadır?",
"Xatırla məni" və onlarla başqa
mahnıları bu gün də dillər əzbəridir.
Təəssüf ki, mahir ifaçının, həzin
mahnılar bəstəkarının qədir-qiyməti
vaxtında bilinmədi. Hətta haqsızlıq,
ədalətsizlik o həddə, o dərəcəyə
çatmışdı ki, əməyinin,
yaradıcılığının üstündən qapqara
buludlar, küləklər keçirdi. Dinləyicini valeh
edən mahnılarını müəllifsiz, yaxud da xalq
mahnısı kimi təqdim edirdilər. Niyə? Çünki
sabiq sovetlər birliyində olduğu kimi, bizim
ölkəmizdə də sözə-sənətə haqlı
qiymət verilmirdi. Yaradıcı insanların
qayğılarına qalmırdılar. Bəhram Nəsibovun
adı ona görə çəkilmirdi ki, o, Bəstəkarlar
İttifaqının üzvü deyildi. Daha doğrusu, onu
həmin quruma qəbul etmirdilər. Ona görə ki,
Konservatoriyanı bitirməmişdi. Belə yerdə bir
kəlam yada düşür: ay gidi dünya... Hətta
hörmətsizlik, "mənəm-mənəmlik" o
həddə çatmışdır ki, Bəhramın
"Deyin hardadır?" həzin mahnısını
"Şahnaz təsnifi" üstə oxuyan xalq artisti,
müğənni öz adına çıxmışdı.
Əhvalatdan soraq tutan mərhum ifaçı Rübabə Muradova
demişdir: "Bu, ən azı
insafsızlıqdır..."
Taleyin qismətiylə
ötən əsrin 70-ci ilindən o zamankı Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində, "Ədəbi-dram" verilişləri
baş redaksiyasında əmək fəaliyyətinə
başladım. Həmin illər Bəhramla tez-tez
görüşərdik. Ancaq mənim gücüm,
qüvvəm çatmırdı ki, onun sənəti ilə
əlaqəli problemini həll edim. Zamanın, dövrun qanunu,
hökmü ilə Bədii Şura son sözünü
deyərdi. Düzdür, onun qədrini bilənlər var idi.
Nahid Hacızadə, mərhum bəstəkar Telman Hacıyev,
rejissor Əmirhüseyn Məcidov Bəhramı
yaradıcılığında ruhlandırmağa,
həvəsləndirməyə çalışardılar.
Ancaq o, bu qayğı-diqqətdən heç də razı
qalmazdı. Səbəbi isə məlum idi: axı o,
peşəkar sənətkar idi, niyə qədir-qiyməti
bilinmirdi?! Yalvarmaq, yarınmaq, yaltaqlanmaq onun
təbiətinə büsbütün yad idi. Acından
ölərdi, amma əl açmazdı. O, sözün
həqiqi mənasında xalq sənətkarı, doğma millətinin
qədrini bilən, adını uca tutan, dinləyicilərin
zövqünü oxşayan musiqi ustadı - ifaçı,
bəstəkar olmuşdu.
Bəhram hazırda
işğal altında inildəyən, ermənilərin
qənim kəsildiyi Füzuli rayonunun Aşağı
Rəfədinli kəndində dünyaya göz
açmışdı. İntibah
dövrü kimi tariximizə yazılmış ötən
əsrin 70-ci illərində tez-tez doğmalarımızla
görüşə gedərdik. Günlərin
birində mənim boya-başa çatdığım obada,
ata ocağımda əyləşib çay içirdik. O,
qəfil fikirli, düşüncəli ayağa durdu:
"Sizdə bəsdir, indi də dur gedək bizə".
Nə qədər mülayim təbiətli, həssas duyumlu
insan olsa da sözünü əsla geri götürməzdi.
Atam-anam bizə uğurlu yol arzuladı, tez
qayıtmağımızı dedilər. Təxminən
otuz dəqiqəyə çatdıq onun varlığı
qədər sevdiyi kəndlərinə. Qəfil
maşının əyləcini basdı, sükanın
arxasından düşən kimi dizlərini yerə qoydu,
torpağı öpdü, xışmalayıb sifətinə
çəkdi, başına tökdü. Yamanca kövrəlmişdi.
Handan-hana dedi: "Sən mənim atasamsan, anamsan -
qızıldan qiymətli torpağım. Tanrı nə
səni mənə, nə də məni sənə
həsrət qoymasın..." Lakin
Yaradanımız yox, ermənilər yenidən quduzlaşanda,
ara itib, məsləklər dəyişəndə bəzi
səriştəsizlərin "xidmətləri"
sayəsində torpaqlarmız işğala məruz qaldı.
Bəhram doğma el-obasının intizarını
çəkməkdən saraldı, soldu, için-için
yandı, əridi, göynədi və...
Ötən əsrin
səksəninci ilin ilk ayları idi. Baş redaktorumuz
Nahid Hacızadənin qayğısı sayəsində
Bəhram Nəsibovun gitarada 20 dəqiqəlik solo konsertini
lentəə almaq üçün "Teleteatr" adlanan
ünvana yığışmışdıq. Bu
zaman canlı klassik, korifey kimi tanınan unudulmaz
bəstəkar Cahangir Cahangirov çəkiliş
meydançasında göründü. O, necə ki, ata
doğma övladı ilə görüşər,
eləcə Bəhrama yaxınlaşdı. Onu sinəsinə
sıxıb dedi: "Üzünə tərif kimi
çıxmasın, sən zəmanəmizin sənət
möcüzəsi yaradanlardan birisən. Hər dəfə
bəstələdiyin mahnıları eşidəndə
uşaq kimi kövrəlirəm. Yadında saxla,
qardaşım, xoşbəxt o kəslərdir ki, onlardan
xoş xatirələr, əməllər yadigar qalır.
Sən də bu amala, məqsədə yetişmisən".
Müqəddəs ruhunuz şad olsun, görkəmli
şəxsiyyət, bəstəkar! Dediyiniz fikirlər gec
də olsa - Bəhram haqq dünyasına qovuşandan sonra
öz yerini, qiymətini tapıb.
Sağlığında
bəzi etinasız adamlar da indi Bəhramın
melodiyalarını eşidəndə, saf, sağlam
əqidsini xatırlayanda istər-istəməz
kövrəlirlər. Amma daha gecdir. Gedəni qaytarmaq
mümkün deyil!..
Bəhram nümunə
göstəriləsi, diqqətcil, qayğıkeş ailə
başçısı, 4 övlad atası idi. Şükürlər ki, onların hər biri bu
gün, tam əminik, sabah da atalarının
şərəfini-şöhrətini, xalqımız
tərəfindən qazandığı ən ali mükafatı
- etimadı, etiqadı daim uca tutacaqlar. Onun
bəstələdiyi mahnılar isə özünün
sağlığında layiq olduğu qiyməti almasa da, zaman
keçdikcə səslənəcək, seviləcək,
tanınacaq, müəllifinin ruhuna dualar oxutduracaq. Buna -
həyat həqiqətinə heç bir şübhə yoxdur!
...Dostum, doğma
qardaşımdan istəkli bildiyim Bəhram Nəsibovun həm
yaşadığı ömür, həm də yaradıcılığı
məşhur nağıl qəhrəmanlarımızın
taleyinə bənzəyir. Yəni bu dünyada Bəhram
da vardı. Daha yoxdur. Gedib gedər-gəlməzə. Lakin onun
həsrətində olduğu arzuları reallığa
çevrilib: xalqımız, respublikamız azadlığa
çıxıb, müstəqillik qazanmışıq.
Sözə, sənətə, sənətkara yüksək
qiymət verən dövlətimizin başçısı
var. Bu baxımdan inanırıq ki, unudulmaz
ifaçının, bəstəkarın, sadiq-sədaqətli
dostumuzun xidmətləri də gec də olsa
qiymətləndiriləcək. Ümidlə, inamla
yaşamağımla bərabər, bu fikir də
yaddaşımdan silinmir, dilimdən düşmür:
Sənsiz yaman darıxmışam, Bəhram...
Telman MEHDİXANLI
Ədalət.- 2010.- 17 aprel.- S. 19.