Mircəlal Paşayev - yaddaş səhifələri...

 

XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikri tarixində, milli, ədəbi dilimizin təkmilləşməsində, yüksək mənəvi əxlaqi, ümumbəşəri humanist dəyərlər ruhunda cəmiyyətdəki insanların dünya görüşünün formalaşmasında yazıb-yaratdıqları sənət əsərləri ilə əvəzsiz rol oynamış şəxsiyyətləri, ədibləri, yazıçı və şairləri həmişə olduğu kimi bu gün də qədirbilən xalqımız yüksək qiymətləndirir, xatirələrini böyük ehtiramla yad edir.

Onların yaradıb qoyduqları ədəbi irs xəzinəsinin ən gözəl inciləri zəmanəmizin və gələcəyimizin mənəvi sərvətləridir. Bu insanlarla ünsiyyətdə olmuş, onlarla sevinc və kədərini bölmüş onların şöhrətlərinin canlı şahid olmuş insanların xatirələri də çox zaman faydalı və ibrətamiz olur. Əbədiyyətə qovuşmuş insanlar barədə daha ətraflı ictimai fikir formalaşmasına kömək edir.

Uzun illər ötməsinə baxmayaraq yaddaşımdan silinməyən, hər dəfə xatırlayarkən qəlbimdə xoş hisslər, şirin xatirələr oyadan, xeyirxah əməlləri və gözəl ədəbi əsərləri ilə adını təxirə salmış geniş qəlbli insan, müəllim və xalqımızın görkəmli yazıçısı Mircəlal Paşayev haqqında söhbət açmaq istəyirəm. Tale mənə saf əqidəli, müqəddəs niyyətli bu insanın tələbəsi olmaq, onun evində qonaq olmaq, maraqlı xatirələrini və ibrətamiz nəsihətlərini eşitmək səadəti nəsib etmişdi.

1971-ci il sentyabr ayının əvvəlləri idi. Bakıda imtahan həyəcanlı isti yay günləri arxada qalmışdı. Azərbaycan Dövlət Filarmoniyası ilə tarixi İçəri şəhərin qala divarları arasındakı yaşıllıqlara qərq olmuş burda payızın sərin və ətirli nəfəsi duyulurdu. Hava günəşli olsa da bir qədər əvvəl yağmış çiskinli yağışdan islanmış uca ağaclardan ətrafa yayılan xoş ətirli hava insanın zövqünü oxşayır, günəş şüalarını əks etdirən şeh damcıları isə briliant daş-qaşlar kimi al-əlvan şölələr saçır, bərq vururdu. Ətirli və sərin hava ilə sinə dolusu nəfəs alır, təbiətin gözəlliyini duyub zövq alırdım. Gərgin qəbul imtahan sınaqlarından uğurla çıxıb Bakı Dövlət Universiteinə qəbul olunmuşdum. O illər universitetin tarix, hüquq, şərqşünaslıq və filologiya fakültələri şəhərin mərkəzində, indiki İqtisad Universitetinin binasında yerləşirdi.

Sevincimin həddi-hüdudu yox idi. Çəkdiyim zəhmətlər, yuxusuz gecələr hədər getməmişdi. Bütün aləm gözümə gözəl və mənalı görünürdü. Bakıdakı uca ağaclar da, hara isə tələsən insanlar da. Dərsin başlanmasına hələ yarım saat qalırdı. Tələsmədən ali məktəbə doğru gəlirdim. Ucaboy, mehriban baxışlı, nurlu simalı, ziyalı görkəmli, başında qara rəngli panama, əynində isə təzə səliqəli kostyum və açıq qəhvəyi rəngli plaş olan yaşlı bir müəllimlə yol yoldaşı olduq. Salamlaşdıq. Mənə çox tanış gəlsə də tanıya bilmədim. Dedim ki, mən payız fəslinin bu qədər gözəl olduğunu heç vaxt duymamışdım. Gülümsəyib cavab verdi ki, bəli bütün fəsillər kimi payız da gözəldir. Məni təəccübləndirən o idi ki, yolla gedən və məni qətiyyən tanımadığım insanlar mənim müsafir yoldaşımla gülərüzlə, hərarətlə salamlaşıb görüşəndən sonra mənimlə də köhnə tanışları kimi görüşdülər. Söhbət edə-edə universitetin giriş qapısına yaxınlaşdıq. Hansı fakültədə oxuduğumu və adımı xəbər aldı, dedim. Gülümsəyib əlini mənə uzatdı. Dedi "gəl tanış olaq,-dedi, -mənimsə adım Mircəlal müəllimdir, filologiya fakültəsinin müəllimiyəm. Mən duruxdum: "Siz yazıçı Mircəlal Paşayevsiniz?" Biz köhnə dostlar kimi görüşdük. O dövrdə gənclər bədii ədəbiyyat əsərlərini bu günkü gənclərə nisbətən daha çox mütaliə edirdilər. Mircəlal müəllimin məşhur "Bir gəncin manifesti romanı orta məktəblərdə geniş tədris olunurdu. Böyük bir məharətlə yazılmış bu əsər bütün gənclər kimi mənim də ürəyimcə idi: dönə-dönə oxuyurdum. Amansız zəmanənin şaxtalı, qarlı-boranlı qış gecəsində kimsəsiz gənc Baharın küçədə əzabla donub ölməsi hadisəsi ən daş qəlbli, qəddar insanları belə kövrəldirdi.

Mircəlal müəllim bildirdi ki, ikinci mərtəbədə filolologiya fakültəsinin 204 nömrəli ən geniş auditoriyasında mühazirəm olacaq istəsən gəlib iştirak edə bilərsən. Mühazirə həqiqətən də maraqlı keçdi. Klassik Qərb ədəbiyyatının görkəmli nümələrindən olan məşhur "Ovod" əsəri barədə Mircəlal müəllim elə danışır, əsəri elə məharətlə təhlil edirdi ki, filologiya fakültəsinin iki qrupunun əlli nəfər tələbəsinin əyləşdiyi auditoriyada tam sakitlik hökm sürürdü. Tələbələr sanki hipnoz vəziyyətinə düşmüşdülər. Hər kəs özünü əsərdə cərəyan edən hadisənin canlı iştirakçısı kimi hiss edirdi. Əsərin qəhrəmanının keçirdiyi hiss və həyəcənları hər birimiz duyurduq, onunla həmrəy idik. Bəzi qız tələbələr dəsmalla gözlərinin yaşını silir, hətta oğlan tələbələr də kövrəlirdilər.

Müəllim sakit və həzin səslə danışır, auditoriya isə dərin düşüncələrə qərq olmuşdu. Dərs vaxtının başa çatdığını bildirən zəng səsi eşidilsə də heç kəs auditoriyadan çıxmağa tələsmirdi. Mühazirənin sonunda Mircəlal müəllim dedi ki, "Bir gəncin manifesti" əsərini "Ovod" əsərinin təsiri altında yaratmışdır. Bu əsər həmişə olduğu kimi bu gün də aktualdır. Bəşər övladı gərək heç vaxt, heç bir şəraitdə azğınlaşıb, qəddarlaşıb, insanlığını rəhmini, insafını itirməsin. İnsan şüurlu məxluqdur, buna görə də vəhşiləşib cəngəllik qanunları ilə xoşbəxt yaşaya bilməz.

Mən bəzən dərsdən çıxandan sonra Mircəlal müəllimi gözləyir, maraqlı tarixi hadisələr və insanlar barədə xatirələrinə və söhbətlərinə qulaq asaraq onu evlərinə kimi ötürürdüm. "Azneft meydanından bir qədər aralıda", Funiklyorun yaxınlığında "Bəhramgur abidəsi adlandırılan fəvvarəli hovuzla üzbəüz binada yaşayırdı.

1975-ci il mart ayının günəşli günlərindən biri idi. Dərsdən çıxıb evə gedirdim. Universitetin ikinci mərtəbəsində, filologiya fakultəsinin qarşısında dekan Ağamusa Axundov, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Vilayət Rüstəmzadə, Ziynət Əlizadə, Mircəlal müəllim və bir neçə tanımadığım müəllim nə barədəsə qızğın mübahisə edirdilər.

Mircəlal müəllim məni görüb işarə etdi ki, birinci mərtəbədən çıxış qapısının yanında onu gözləyim. Bir azdan Mircəlal müəllim başına rəngli kepka qoymuş, yüngül yay kostyumu geymiş, arıq və bəstəboy bir müəllimlə küçəyə çıxdı. Mircəlal müəllim həmin adamı mənə təqdim edib dedi. "Tanış olun, bu başqa cür düşünməkdən qorxmayan şairimiz Gülhüseyn Hüseyn oğludur. Cəsarətli adamdır. Biz söhbət edəndə Mircəlal müəllimin yaşadığı evədək gəldik. Mircəlal müəllim dede ki, bu gün ilin son çərşənbəsidir, gedək qonağım olun. Bir qədər tərəddüd etdikdən sonra razı olduq. Mənzilin qapısını bəstəboy, gülərüz və şirindil bir qadın açdı. "Püstəxanım, novruz bayramı münasibətilə bizə şəkərburalı, paxlavalı, müxəngli, darçınlı ətirli isti çay gətir - deyə Mircəlal müəllim bizi qonaq otağına dəvət etdi. Mənə iki kitab bağışladı. "Bir gəncin manifesti" və "Şah ismayıl Xətai" kitablarını.

Stalin repressiyası illərində baş vermiş faciəli hadisələr xalqımızın başına gətirilmiş müsibətlər barədə söhbət edərkən Mircəlal müəllim maraqlı bir hadisəni xatırladı. Dedi ki, bu yaxınlarda Yazıçılar İttifaqının iclas zalında keçirilən tədbirə dəvət olunmuşdum. Tədbirdə Respublikanın tanınmış yazıçıları, şairləri, ziyalıları iştirak edirdilər. Tədbir ərəfəsində hamının xoş əhval-ruhiyyəsi vardı. Şairlər, yaradıcı ziyalılar böyük ruh yüksəkliyi ilə bir-birini salamlayır, hal-əhval tutur, yazdıqları yeni əsərlər barədə fikir mübadiləsi edirdilər. Tədbir başlayandan sonra isə ruh yüksəkliyi və sevincimizdən əsər-əlamət belə qalmadı. İclasın sədri qısa giriş sözündən sonra quru və rəsmi səslə bildirdi ki, iclasda respublika Dövlət Təhlükəsizlik Komitəsinin məsul işçisi də iştirak edir. Milliyyətcə rus olan bu məmur özünün də yazıçı olduğunu, bir neçə hekayə və povestin müəllifi olduğunu bildirəndən sonra əsas mətləbə keçdi və başladı ovqatımıza soğan doğramağa. O dövrdə dəbdə olan və sovet ideologiyasının riyakarlığını ifşa edən Aleksandr Soljenitsendən, onun yazdığı "QULAQ" arxipelaqı əsərindən nifrətlə uzun-uzadı danışdı. Yazıçılara və yaradıcı ziyalılara müraciət edib, onları mətbuat səhifələrində, kütləvi informasiya vasitələrində yalan və böhtanlardan ibarət olan bu kitabı, onun müəllifini ifşa etməyə çağırdı. Mənim sol tərəfimdə şair Nəbi Xəzri, sağ tərəfimdə isə Gülhüseyn Hüseyn oğlu əyləşmişdi. Bizim heç birimiz bu əsəri oxumamışdıq. Məruzəçi çıxışını bitirəndən sonra sınayıcı nəzərlərlə baxıb soruşdu ki, kimin sualı var? Zala ağır bir sükut çökmüşdü. Heç kəs dinmirdi. Nə isə demək istəyən Gülhüseyn müəllimə Nəbi Xəzri əli ilə işarə etdi ki, lazım deyil, onsuz da hər şey aydındır. Arxa cərgədə əyləşmiş gənc və hazırcavab şairlərimizdən biri yerindən qalxıb dedi ki, Aleksandr Sjenitsenin "QULAQ" arxipelaqı xaricdə nəşr olunub. SSRİ-yə gətirilməsi qadacğan edilib. Buna görə də, mənim fikrimcə, tənqid etdiyiniz əsəri Azərbaycanda heç kəs oxumayıb. Biz oxumadığımız bir əsərə necə münasibətimizi bildirə bilərik? Yazıçını necə tənqid eəd bilərik? Siz iddia edirsiniz ki, 30-cu illərdə Azərbaycanda yalnız əksinqilabçı ünsürlər və xalq düşmənləri cəzalandırılıb, Soljenitsein yazdıqları böhtandır. Axı 30-cu illərdə Hüseyn Cavidlərin, Mikayıl Müşfiqlərin və yüz minlərlə günahsız insanların repressiyaya məruz qalması təkzibedilməz faktdır. Stalin repressiyası dövründə törədilmiş kütləvi qanlı cinayətlər partiyanın XX qurultayında rəsmi şəkildə etiraf olunmuşdur. Stalinin təşkil etdiyi həbs düşərgələrində zülüm çəkmiş zavallı məhbusların hamısının gördükləri, lakin heç birinin yazmağa cəsarət etmədikləri dəhşətli haqsızlıqları qələmə alıb yazmış yazıçını tənqid etmək ədalətsiz işdir.

Tribunada dayanmış məruzəçi məmur eynəyini düzəldib həbsxana rəisi görkəmini aldı. Şəhadət barmağı ilə hədələyərək gənc şairin sözünü kəsdi: "Cavan oğlan, unutmayın ki, tarix təkrar olunur. 30-cu illərdə Maqadana - soyuq diyarlara "istirahətə göndərilmiş adamların çoxu sənin kimi beyni qızmış və danışığını bilməyən" qəhrəmanlar olub.

 Söz alıb çıxış edən qocaman yazıçı Süleyman Rəhimovun və digər ziyalıların çıxışı məmurun ürəyindən olmadı. Süleyman Rəhimov çıxışında ürək ağrısı ilə bildirdi ki, heç bir günahı olmadığı halda Stalin repressiyası dövründə uydurma ittihamlara əsasən bir il DTK-nın Dzerjinski adına klubunun rütubətli zirzəmisindəki qaranlıq həbsxanada saxlanılmışam. Erməni müstəntiqlər mənə işgəncələr verib etmədiyim cinayəti zorla boynuma qoymaq istəsələr də, iradəmi qıra bilmədilər.

Zalda əyləşən tədbir iştirakçılarının ümumi həmrəyliyini görən Mirzə İbrahimov üzünü DTK-dan gəlmiş məmura tutub zarafatla, uca səslə dedi: "Bunların hamısı dissidentdir. Maqadanda yazıçıların, yaradıcılıq evi sanatoriyası inşa edib hamısını oraya istirahətə göndərmək lazımdır. Mircəlal müəllim sözünə davam edərək dedi ki, bu hadisədən sonra mən tam əmin oldum ki, 1937-38-ci illər Stalin diktaturası dövründə insanların əqidəsinə hakim kəsilmiş qorxu və xof hissi çəkilmişdir. İnsanlar həqiqəti olduğu kimi söyləməkdən qorxmurlar. Hər hansı bir dövlətin təhlükəsizlik və hüquq mühafizə orqanları hakimiyyətdə olan diktatorların əlində xalqa qarşı cəza alətinə çevriləndə Stalinlər və Adolf Hitlerlər meydana çıxır. Bu orqanlar zəhmətkeş xalqın mənafeini qorumalıdır. Vətəndaş yaşadığı mühitin, cəmiyyətin məhsuludur. Xoşbəxt insanları sağlam cəmiyyət yetirə bilər.

Təbiətin mülayim, xoş rəftar, gülərüz bir adam olan Mircəlal müəllim xeyirxah işlər görməkdən xüsusi zövq alırdı. Deyərdi ki, insan gərək bu dünyada yalnız özü üçün yaşamasın, başqalarına da yaşamağa kömək etsin.

 İnsanlara təmənnasız və qərəzsiz yaxşılıqlar etsin, ətrafdakı insanlara xoşbəxtlik arzulasın. Onda sən özün də belə bir mühitdə xoşbəxt olarsan. Bu yüksək mənəvi və əxlaqı dəyərləri bizə müqəddəs Məhəmməd Peyğəmbərimiz tövsiyə etmişdir. Mən ömrüm boyu insanlara əlimdən gələn yaxşılıqları etmişəm. Bir çox vəzifəli şəxslərlə münasibətlərimin yaxşı olmasından istifadə edərək neçə-neçə kasıb, lakin istedadlı şair və yazıçı ailələrinin mənzil almasına kömək etmişəm. Öz kitablarımın nəşr tirajının azaldılması hesabına gənc şair və yazıçı ailələrinin mənzil almasına kömək etmişəm. Hətta öz ailəmin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu halda növbə üzrə mənə verilən mənzilin kimsəsiz, imkansız, yenicə ailə qurmuş və kirayədə qalan gənc, istedadlı bir şairə verilməsini Yazıçılar İttifaqının rəhbərliyindən özüm xahiş etmişdim. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirməsinə baxmayaraq işə də düzələ bimirdi. Mənim köməkliyim sayəsində indi bizim universitetin müəllimidir. Şeir kitablarımın nəşr olunmasına da yardım etmişəm. Hər dəfə mənə minnətarlıq edərkən deyirəm ki, həyatda sən də çalış başqa imkansız insanlara arxa ol.

1960-cu illərin əvvəllərində SSRİ Yazıçılar İttifaqının keçirdiyi tədbirdə iştirak etmək üçün Moskva şəhərinə getmək istəyən iki nəfər gənc şairi Yazıçılar İttifaqının rəhbərliyi göndərmək istəmirdi. Gənclər mənə müraciət etdilər. Səbəbini araşdırdım. Rəhbər məmurlar təkəbbürlə bildirdilər ki, bu imkansız şairlər köhnəlmiş, gödəlmiş, nimdaş və gülünc palto və kostyumları ilə ümumittifaq tədbirində bizi biyabır edəcəklər. Mircəlal müəllim etiraf edirdi ki, o vaxtlar mənim də maliyyə vəziyyətim yaxşı deyildi. Böyük bir ailəni dolandırdım. Buna bamayaraq pul tapıb təzə paltolar, kostyumlar, köynəklər, ayaqqabılar alıb o gəncləri Moskvaya yola saldım. Bundan heç kəs xəbər tutmadı. Onlara dedim ki, siz də ehtiyacı olanlara kömək edin. Onda həyatımız daha da mənalı, xoşbəxt və gözəl olar!

Bəli bu müdrik sözlərdə böyük hikmət vardır. Xalqımızın görkəmli yazıçısı, müəllimi və oğlu Mircəlal mənalı, xoşbəxt və gözəl ömür yaşamışdır. Gələcək nəsillərə nümunə ola biləcək şərəfli və ziyalı ömrü!

 

 

Vaqif Əsədov

 

Ədalət .- 2010.- 22 aprel.- S. 6.