ARZULAR, XƏYALLAR GERÇƏK OLDUMU?

 

Müstəqillik ərəfəsində respublikamızın bir sıra şəhər və rayonlarında, hətta kəndlərində belə əzəli adların bərpası və ya bəzi yönsüz adların dəyişdirilməsi prosesləri müəyyən bir dövr üçün uğurla davam etmişdi. Xüsusilə əvvəllər Qutqaşen və Vartaşen adlandırılmış rayonlarımızın Qəbələ və Oğuz kimi tanınması həm tarixi gerçəkliyin, həm də soykökün təsdiqi baxımından hadisəyə çevrilmişdi. Qəbələ Azərbaycanın orta əsrlər Alban dövrünün, hətta bəzi məqamlarda daha qədimlərin yadigarı kimi doğma və aydın məsələ idi. Ancaq ilk baxışda müəyyən qədər "yiyəsiz" görünən və eyni zamanda çox eybəcər səslənən Vartaşenin Oğuzla əvəzlənməsi də toponimikanın coğrafiya, tarix və etnoqrafiya ilə sıx əlaqədə olduğunu bir daha xatırlatdı. Nəyə görə məhz Oğuz sualının cavabını da elə bu istiqamətdə araşdırmaq lazım gəldi.

Kiçik rayon haqqında bir qədər geniş söhbət açmağımız xüsusi məqsəd daşımır. İndiki halda sadəcə lazım bilirik. Mən onsuz da keçmişlərdə, yəni 15-16 il bundan əvvəllərdə, respublikanın, bu rayonun daha həssas dövrlərində Oğuzdan məqalələr yazmışam. Bir çox məsələləri, hadisələri unutmamışam. O çətin illərdə Ümummilli liderimiz əvvəllər bacarıqlı təsərrüfat rəhbəri kimi tanıdığı Adil Məmmədovu məqamındaca Oğuza icra başçısı təyin etmişdi. Bu kiçik dağ rayonunun pərdəarxası problemləri, yəni süni yolla qəsdən qabardılan dərdləri çox olub. Mən onlardan yazmayacağam. Ancaq bəzi məqamları xatırlamamaq da olmur. Adil Məmmədov qısa müddət ərzində işi elə qurmuşdu ki, Heydər Əliyev siyasətinin, dövlətin və dövlətçiliyin nə demək olduğu, xalqın gələcəyi üçün nələrin hesablandığı ən cığal adamlar üçün də heç olmasa düşünmək şansı yaradırdı. Çoxlarının mühafizəçilərlə gəzdiyi zamanda Adil Məmmədov bəzən şəhərə tək çıxırdı, hətta evinə piyada getdiyi vaxtlar da olurdu. Bəlkə də o vaxtlar Azərbaycanda yeganə icra başçısı idi ki, həyətyanı təsərrüfatında mal-qaraya, toyüq-cücəyə, meyvə bağlarına özü baxırdı, ailəsi baxırdı. Onun istirahəti şəxsi təsərrüfatı ilə məşğuliyyəti idi. Sonralar Qəbələnin, hazırda isə Biləsuvar rayonunun icra başçısı vəzifəsində çalışan Adil Məmmədovun o vaxtlar ən böyük xidmətləri doğma rayonu Oğuzda sabitliyi nizama salması, camaatından ayrı düşməməsi, hər addımda sadəlik nümayiş etdirməsi idi.

 

Eh, dostlar, qardaşlar...

 

10-15 il az vaxt deyil. Bu illər ərzində Oğuzun çörəyi də bollaşdı, taxıl zəmiləri də boş qalmadı, bağları da genişləndi, mal-qara sürüləri də çoxaldı. O vaxtlar insanlara ən vacib olan dolanışıq və sabitlik məsələsi idi ki, bu da əsasən həll olunmuşdu. Ancaq çatışmayan bir çox şey vardı. Oğuzda rayon mərkəzinin müasir inkişafı ləngiyirdi, mövcud tikililər, qurğular sovet dövrünün primitiv üslubunun cüzi dəyişikliyi ilə yeniləşirdi. Əslində buna yeniləşmək demək də mümkün deyildi, dəbdən düşmüş xalq teatrlarının dekorasiyası kimi bir şeydi. Rayon mərkəzində ən hündür bina... ikimərtəbəli idi. Yolu Muğanlı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki magistralından düşənlər bu kiçik rayon mərkəzinin "qapısı ağzından" necə saymazyana ötürdülər... Bu şəhərin fərli-başlı giriş qapısı da yox idi, sovet dövrünün kolxoz alaqapılarına oxşayırdı. Belə münasibət təbii ki, oğuzluları qıcıqlandırırdı, pərt edirdi, düşündürürdü... "Yoxsa bu rayon ləğv ediləcək, özü də ölkənin genişmiqyaslı inkişafı dövründə?.."

Öz-özünə verilən nə qədər ironik və qorxulu sual!

... Prezident özü Oğuza gəldi. Yəni İlham Əliyev cənabları Azərbaycan Respublikasının prezidenti vəzifəsində ilk dəfə bu rayona səfər etdi. Oğuzlular onu böyük sevinclə, ehtiramla qarşıladılar.

Bundan sonra bütün məsələlər sürətlə yeni məcraya düşdü. Rayona təyin edilən yeni icra başçısı Aydın Əlihüseynovun simasında oğuzlular prezidentin yüksək etimadını doğrultmağa çalışan ciddi, işgüzar, səmimi və ziyalı bir icra başçısı qazandılar. Bu bir təsadüf idimi, yoxsa...

Çünki Aydın Əlihüseynov vaxtilə Ümummilli liderin respublikadan kənarda təhsil almağa göndərdiyi seçmə gənclərdən olub. Sonralar Heydər Əliyev məktəbinin layiqli davamçılarından olan Aydın müəllim müxtəlif vəzifələrdə çalışıb. Az vaxt ərzində Prezident fərmanlarının, eləcə sərəncam və göstərişlərinin rayonda uğurlu icrası rəhbərliyin səriştəsinin, xalqa və dövlətçiliyə sədaqətinin, irəliləyişlər yolunda təşəbbüskarlığının göstəricisidir. İcra başçısının istər yerlərdəki görüşlərdə, istərsə də aparatdakı qəbullarda əhali ilə, ayrı-ayrı vətəndaşlarla sağlam ünsiyyəti, dialoq mədəniyyəti, məsələlərin icrasına yönəlik düzgün və real mövqe tutması nümunəvi iş üslubudur.

Son illər Oğuzda çox iş görülüb və görülür. Prezidentin bu ucqar rayona səfərləri İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidentiyəm" gerçəkliyini təsdiqlədiyi qədər, həm də diqqət və qayğının reallaşması baxımından da hadisəyə çevrildi. Oğuzlular ən azından daha başqa rayon mərkəzlərinin müasirləşməsinə həsədlə baxmadılar. Prezident buraya gəlişi və xüsusi münasibəti ilə çoxlarının hələ də düz-əməlli tanıya bilmədikləri Oğuz rayonunu məşhurlaşdırdı. Oğuz-Qəbələ-Bakı su kəməri bu rayonun respublika əhəmiyyətli strateji bir xüsusiyyətini də ortaya qoydu. O vaxt hörmətli prezidentimiz əbəs yerə deməmişdi: "Oğuz rayonu çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli yerləri var. Əminəm ki, turizm də Oğuz rayonunun gələcək inkişafına böyük xidmətlər göstərəcəkdir".

Sitat özü vacib məsələyə işıq saldı. Oğuz rayonu haqqında qısaca bəzi məlumatları da diqqətə çatdıraq. Ölkənin şimal-qərb bölgəsində yerləşən Oğuz rayonu Şəki, Qəbələ, Ağdaş rayonları ilə yanaşı, şimalda RSFSR-lə də həmsərhəddi. Sahəsi 1077 kv.kilometrdir. 35 kəndi var. Son illər əhali artımı ilə diqqəti çəkir, 40 min nəfəri ötüb. Relyefi əsasən dağlıqdır. Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan vadisinə, cənub hissəsi Acınohur ön dağlarına daxildir. Rayonun ərazisində ən hündür dağ zirvələri 3900 metrə yaxındır. Ərazisindən Türyançay, Xal-xal, Əlican, Daşağıl, Qalaçay kimi gursulu çaylar keçir. Alp və subalp çəmənləri var. Enliyarpaq meşələr geniş yer tutur və 40 min hektarı keçir. Rayon ərazisində maral, cüyür, dağkeçisi, çölpişiyi, canavar, ayı, çöldonuzu, tülkü, dovşan, qırqovul, kəklik və başqa qiymətli fauna növlərinə rast gəlinir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Aqrar sahə özünü doğruldan və daim inkişafda olan fermer təsərrüfatları ilə uğurlu nəticələr əldə edir.

Rayon, doğrudan da, indi aydan-aya inkişaf edir, müasirləşir. Aparılan tikinti və abadlıq tədbirləri onu göstərir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında və Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Oğuza səfərləri zamanı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sahəsində əvvəllər olduğu kimi, 2010-cu ildə də mühüm işlər görülür. Eyni zamanda Dövlət Proqramlarının icrasına uyğun olaraq son 6 ildə rayonda 11168 yeni iş yeri açılmışdır ki, bunun da 2794-ü daimi iş yerləridir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq rayonda sahibkarlar üçün imkanlar yaradılması, investisiyalar cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Təəssüf ki, göstərilən qayğı və diqqətdən sui-istifadə edənlər də olur. "Oğuz reproduktor quşçuluq" ASC-də baş verənlər kimi. Artıq bir çox strukturlara məlumdur ki, bu ASC təyinatı üzrə fəaliyyət göstərmir və üstəlik ekologiyaya müntəzəm ziyan vurmaqla məşğuldur. Rayon rəhbərliyi qanunsuz əməllərə qarşı çıxdıqda və ASC-ni qanuni fəaliyyətə çağırdıqda isə qərəzli və qızışdırıcı məktublar bir sıra müxalifət qəzetlərinin səhifələrinə yol tapmışdır. Təkcə bir fakt: ASC-nin qanunsuz fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyana görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəssisənin 156 min manat cərimə edilməsi və digər inzibati tədbirlər "nəzərdən qaçırılmışdır".

Yazıda bu məsələnin üzərində geniş müzakirə açmağa ehtiyac duyulmur. Əlaqədar təşkilatlar lap yaxın vaxtlarda məsələyə birdəfəlik son qoyacaqlar. Bunun başqa bir yolu da yoxdur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 6 yeni məktəb binası tikilmiş, şəhər 1 və 2 saylı orta məktəblərin binaları əsaslı təmir edilmişdir. Son 4 ildə Azərbaycan Respublikası prezidentinin qayğısı və diqqəti nəticəsində rayonda 2040 yerlik 9 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

... Artıq Oğuz şəhərinin giriş qapısı qarşısından biganə ötüb keçmək də mümkün deyil. Küçə boyu sıralanan modern binalar, yeni salınmış park və bağlar, Olimpiya kompleksi, Mərkəzi rayon xəstəxanasının, digər dövlət və xidmət təşkilatlarının yaraşıqlı binaları elə buradan səni çağırır, həm şəhərin gözəlliyinə, həm də təbiət füsunkarlığına "qonaq ol" deyir.

Oğuzda rayonun inkişafı ilə bağlı olmuş bir əhvalat da danışdılar. Rusiyada yaşayan oğuzlu 3-4 ildən sonra doğmalarına baş çəkməyə gəlir. Yolda mürgüləyir, sürücü Oğuzun giriş qapısından içəri keçdikdən sonra onu oyadıb "çatdıq" deyir və soruşur ki, maşını şəhərin hansı tərəfinə sürüm? Başını qaldırıb ətrafa diqqətlə baxan oğuzlu deyir: "Biz hələ Oğuza çatmamışıq, bura Qəbələdir..."

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədələt.- 2010.- 27 aprel.- S. 3.