HƏYATIN DİBİNDƏN GƏLƏN
LİDER...
Müasir
alman siyasi həyatında çox mühim rol oynamış
simalardan biri də mülayim baxışlı, iri cüssəli,
kifayət qədər ciddi maneralara malik olan Helmut Koldur. Hətta
mübaliğə etmədən belə onu çoxları
20-ci əsr alman siyasətinin patriarxı adlandırırlar.
Digərləri isə artıq hər tərəfdən siyasi
fiqur kimi görünən bu insanı rəmzi mənada
doğuluşundan siyasətçi adlandırırlar. Elə əsl
həqiqətdə də Helmut Kol ölkəni gözəl
idarə edənlərdən biri kimi Almaniya tarixinə
adını yazıb. Məhz onun hakimiyyəti dövründə
ölkə çox böyük dəyişikliklər,
islahatlar yaşadı. Təkcə alman xalqının deyil,
bütövlükdə bütün Avropa epoxasında əvəzsiz
hadisə hesab olunan ikiyə bölünmüş
Almaniyanın birləşməsi əsas Helmut Kolun adı ilə
bağlanır. Hazırda o rəsmən heç bir vəzifəni
tutmasa da Almaniya üçün çalışmaqda, Almanlya
siyasətinin yürüməsində az rol oynamır.
HELMUT KOL
1930-cu il aprelin 3-də Almaniyanın kiçik Lyüdviqshafen şəhərciyində, katolik ailədə anadan olub. Atası vergi idarəsinin məmuruydu və gəlirləri böyük olmadığından ailə çox qənaətlə dolanmaq məcburiyyətində idi. Kiçik Helmut o günləri yaxşı xatırlayır. Anası bazara getdiyi vaxtlarda ən ucuz ərzaqlar almağa çalışardı. Atası isə yalnız bazar günləri özünə bir parç pivə içməyi rəva görərdi. Məhz bu üzdən də Helmut kiçik yaşlarından valideynlərinə kömək eləməyə başlayıb. Bu əvvələr evdəki təssərrüfat işlərindən başlasa da sonralar təhsili üçün pul qazanmaqla davam edib. O, satmaq üçün dovşanlar bəsləyir, barama saxlayır, xərçənglər tutur sonrasa onları satırdı. Hətta balaca Helmut tikintilərdə sement kisələri də daşıyıb, pilitələrin cilalanması işində də çalışıb. Bu zəhmətsevərliyi ilə yanaşı Helmut məktəbdəki yoldaşları arasında liderlik etməyi də xoşlayardı. Və hər yerdə də öz sözünü dinlətməyi bacarırdı. Futbol oynamaq da onun sevimli məşğuliyyətlərindən biri idi.
İkinci Dünya Müharibəsi başlayanda Helmutun 10 yaşı var idi. Və bu onlar üçün təsəvvür belə etmədikləri qayğılar gətirdi. Əslində Helmutun valideynləri faşizmə meyilli adamlar olmayıb. Onların ailəsinin ən çox qiymətləndirdiyi xristianlıq dəyərləri idi. Amma situasiya öz sözünü deməliydi və dedi də. Kiçik yaşlı Helmutun həm atası, həm də böyük qardaşı digər alman kişiləri kimi müharibəyə yollandılar. Və həmin dövr onların həyatında heç vaxt silinməyəcək izlər buraxdı. Atası müharibədən kapitan rütbəsində qayıtsa da qardaşına geri dönmək nəsib olmadı. O, 18 yaşında ikən müharibədə həlak oldu. Müharibə illərində hamı kimi onların da ailəsi çətin, əzablı günlər yaşadı. Helmut digər yaşıdları kimi 15 yaşında Berxtesqadendəki hərbləşdirilmiş düşərgəyə getdi. Amma...
Və 1945-ci ilin baharında artıq müharibənin aqibətini hamı görürdü. Bu həmin vaxtlar idi ki,
müttəfiqlərin qoşunları paytaxta
yaxınlaşırdı. Helmut da, düşərgəyə
toplaşmış uşaqlar da evlərinə
qaçışdılar. Onların müharibədən
sonrakı həyatı da çox çətin keçdi. Və
Helmut yenə də ən müxtəlif təsərrüfat
işləri ilə məşğul oldu. Amma hiss edirdi ki, onu tamam başqa bir həyat
maraqlandırır. Və o, üzünü məhz həmin həyata
sarı çevirdi.
1946-cı ildə Helmut Kol
yenicə yaradılmış Xristian Demokrat İttifaqına
(XDİ) daxil oldu, eyni zamanda dərslərini də davam etdirdi.
Bir az sonra isə gələcək kansler Frankfurtda və
Qeydelberqdə tarixi və fəlsəfəni öyrənməyə
başladı. Bir qədər sonra isə o doktorluq
dissertasiyasını yazdı. Amma Helmutun təhsili və elmi
fəaliyyətinin parlaq olduğunu demək olmazdı. Gənc
siyasətçiyə onlar daha çox gələcək
karyerası üçün lazım idi. Elə bu üzdən
də Helmut Kol indiyədək heç bir ixtisasa dərindən
yiyələnməyib və heç bir xarici dili öyrənməyib.
Əvəzində isə siyasi təhlil bacarağı,
uzaqgörənliyi, məhz bu sahədəki istedadı Kolu
siyasət meydanında çox sürətlə irəliyə
apardı. Belə ki o, yerli, sonra dairə və regional
seçkilərdən keçərək artıq 1959-cu ildə
ən gənc deputat olmağı bacardı. Amma bununla kifayətlənmədi.
O, daha da irəliyə can atırdı. 1969-cu ildə
Reynald-Pfalts torpaqlarının baş naziri postuna keçdi. Və
qeyd edək ki, torpaq hökuməti başçıları
arasında da ondan cavanı yox idi. Kolsa daha irəliyə
baxırdı. Helmut və onu həmfikirlərinə parlament
demokratiyasına əsaslanan və beynəlxalq təcrid vəziyyətindən
çıxarılmış yeni Almaniya lazım idi.
1976-CI İLDƏ
Helmut Kol XDİ-nin sədri
seçiləndən sonra partiyanı daha da kütləviləşməsinə
girişdi. O deyirdi ki, XDİ gərək elə bir partiya olsun
ki, ölkədə hər kəs ona səs versin. Bir müddət
sonra o bunun da öhdəsindən gəlməyi bacardı. Bura
artıq mötədil katoliqlər, millətçi zümrələr
və kəndlilər maraq göstərməyə
başladı. O hətta başqa gücləri də öz ətrafına
çəkməyi bacardı. Belə ki, protestant məzhəbinin
qızı ilə evlənməklə o tərəfin də səslərinin
müəyyən hissəsini özünə cəlb edə
bildi. 1976-cı ildə Bundestaqa keçirilən seçkilərdə
onların partiyası görünməmiş müvəffəqiyyət
qazandı. Amma bütün bunlar onun üçün kifayət
deyildi. Çünki Helmut 1982-ci ildəki seçkilərdə
bütün rəqiblərini geridə qoyaraq Almaniya Federativ
Respublikasının tarixində ən gənc kansler oldu.
Uşaqlığı son dərəcə ehtiyac içərisində
keçən, özündən ağır işlərin
altına girən, hətta tikintidə yük daşıyan həmin
balaca Helmut 52 yaşında Almaniya kimi dövlətin kansleri
idi.
Kol ölkədə
bütün sahələrdə irəliləyişə nail
ola bildi. Almaniya Avropanın ən böyük
ixracatçılarından birinə çevrildi. Ölkə
sənayesinin nüfuzu artdı, köhnəlmiş müəssisələr
ya tamam dəyişdirildi, ya da modernləşdirildi, yeni iş
yerləri açıldı, almanların həyat səviyyəsi
ciddi şəkildə yüksəldi. Və heç
şübhəsiz ki, bütün bunlar onsuz da adı
Almaniyanın hər yerində hörmətlə çəkilən
Kolun daha da populyarlıq qazanmasına səbəb oldu. 1987-ci
ildə keçirilən seçkilərdə Kolun qələbə
qazanması onun üçün elə də böyük
çətinlik yaratmadı. Onun xarici siyasəti də xeyli fərqli,
daha uğurlu idi. Helmut Kol həm ABŞ-la sıx mansibətlər
qurdu, həm də keçmiş SSRİ ilə əlaqələri
möhkəmlətməyə nail oldu. Məhz onun hakimiyyəti
dövründə Almaniyanın ikinci yarısı - ADR-la
münasibətlər yüksək səviyyəyə
qalxdı, almanların sərhəddi keçərək
biri-birlərinə gediş-gəlişi
asanlaşdırıldı. Ümumiyyətlə, Kol
Avropanın biri-birinə inteqrasiyasının
qızğın tərəfdarı idi. Lakin bununla bərabər
alman xalqının milli maraqları onun üçün həmişə
birinci yerdə olub. Məhz bu keyfiyyətlərinə görə
də Helmut Kol adı 20-ci əsr tarixinə "alman birliyinin
kansleri" kimi düşdü və almanların
yaddaşında parçalanmış Almaniyanın birləşməsinə
nail olan əsas siyasətçi kimi yazıldı. Əslində
hadisələrin inkişafı onun üçün başqa
sürprizlər də hazırlayırdı. Amma bu bir qədər
sonra baş verəcəkdi. Çünki birləşən
xalqın gözü yalnız məişətlərini, sosial
durumlarını daim yaxşılaşdıran qəhrəmanı
görürdü. Vəziyyət dəyişən kimi
münasibət də dəyişəcəkdi.
Məlum olduğu kimi
1990-cı ildə ilk ümumalmaniya seçkiləri
keçirildi. Hakimiyyətdə olan partiya koalisiyası
Bundestaqda yenidən böyük səs çoxluğu
qazandı və Helmut Kol tarixdə birləşmiş
Almaniyanın kansleri seçildi. Onu artıq "20-ci əsrin
Bismarkı" adlandırırdılar. Helmut
özünün siyasi karyerasının pik dövrünü
yaşayırdı. Lakin proqnozlar özünü doğrultdu.
Xeyli zəif ADR-lə çiçəklənmə
dövrünü yaşayan Fedarativ Almaniyanın birləşməsi
zamanı iqtisadi problemlər yaranmağa başladı. Əhalinin
durumunda əvvəlki illərlə müqayisədə neqativ
təzahürlər artdı. Bu üzdən də dövlət
xərcləri çoxaldı, sosial proqramlar durduruldu. Bunun
ardınca da nə gözləmək olardı? Əlbəttə,
hər yerdə alqışlanan kanslerin populyarlığı
sürətlə düşməyə başladı. Bu da
1998-ci ildəki seçkilərdə özünü əyani
şəkildə göstərdi. Belə ki, onun partiyası və
koalisiyası Herhard Şrederin sosial-demokratlarına uduzaraq
hakimiyyəti təhvil verdi. Amma bu da onu böyük
uğursuzluqdan xilas edə bilmədi.
GÜNAHLANDIRMA BAŞLADI
Ona tərif yağdıran
media artıq 1999-cu ildə keçmiş kansler haqqında
öldürücü başlıqlar, məqalələr dərc
etməyə qalxdı. Qəzetlərin ön səhifələrində
"Kol ölüb", "Xaç Atası Helmut
Korleoni" və s. kimi başlıqlar ara vermədi. Amma sən
demə bu da heç hamısı deyilmiş. Onunla
bağlı Almaniyada yeni münaqişə
qızışdırılmağa başladı. "20-ci əsrin
Bismarkı"nı, "Avropanın fəxri vətəndaşı"nı
XDİ-nin qeyri-qanuni maliyyələşdirilməsində
günahlandırmağa girişdilər. Ömrünü
Almaniyanın birləşməsinə, çiçəklənməsinə
həsr etmiş bu adam nəhayət etiraf etdi ki, 1998-ci ildə
1,5-2 milyon marka xeyriyyə pulunu XDİ üçün şəxsən
özü alıb. Amma Kol bütün təzyiqlərə
baxmayaraq o pulu vermiş xeyriyyəçinin adını bildirmədi.
Helmutun şəxsən özünün nəsə
aldığı ilə bağlı heç bir ittiham irəli
sürə bilmədilər.
Şəxsi həyatında
onun namuslu bir insan olduğunu bütün
çılpaqlığı ilə göstərən bir
sıra maraqlı faktlar da var. Onlardan birini xatırlatmaq kifayət
edər ki, keçmiş kansler haqqında deyilənlərin
qarayaxma olduğunu görəsən. Bu məşhur insident
idi. Helmut Kolun oğlu İtaliyada qəza keçirir. O, təcili
olaraq ora təyyarə ilə uçmaq məcburiyyətində
qalır. Helmut öz cibindən 70 min marka ödəyərək
həmin səfəri həyata keçirir. Şahidlərin
dediyinə görə, hətta kansler özünün şəxsi
məktublarından ötrü konverti cibinin pulu ilə
alırmış. Məhz bütün bunlardan sonra baş
vermiş həmin üzücü söz-söhbətlərə
görə də Kol hədsiz narahatçılıq
keçirib. Kasıblığın, alın tərinin, zəhmətin
birbaşa özünü yaşayan və heç bir zaman
keçmişindən utanmayan bu siyasət nəhəngi
sonradan yalnız ailəsi və yaxınları ilə birlikdə
keçirdiyi 70 illik yubileyində buraxdığı bu səhvə
görə alman xalqından üzr istəyib. Kol bu
günahlandırılmaya rəğmən ona kəsilmiş
300 min marka cəriməni dinməzcə ödəmyə
başlayıb və bunu yalnız 2001-ci ildə bitirə
bilib.
Bütün yaşananlara rəğmən
Helmut Kolu həm Almaniyada, həm də onun sərhədlərindən
kənarda sevən insanlar çoxdur. Olduqca ciddi bir həyat
yaşayan Kol bütün siyasi karyerası boyu zarafatların hədəfi
olsa da bundan heç vaxt narahatçılıq keçirməyib.
Hətta heç vaxt seçicilərinin onun nəhəng
fiziki quruluşuna, ağır çəkisinə lağ etməsindən
belə inciməyib. (Helmut Kolun boyu 1 metr 93 sm. Çəkisi
135 kq.-dır). Onu tanıyanlar çox yaxşı bilir ki,
keçmiş kanslerin mülki həyatı ən sıravi
almanın yaşayışından elə də çox fərqlənmir.
Şərhçilər isə Kolun bu həyat tərzini onun əsas
siyasi kapitalı hesab edirlər. Məzuniyyətini çox
zaman ailəsi ilə Volfqanze gölünün kənarında
keçirən böyük siyasətçi özünün
ailədəki yaşam tərzini təsvir etmək
üçün bu sözləri tez-tez təkrarlamaqdan yorulmurdu:
"Arvadım qabları yuyur, mənsə onları
qurulayıram".
AİLƏ HƏYATI
Helmut Kol siyasi karyerasında
olduğu kimi ailə həyatında da bir növ oxşar
taleyi yaşayıb. Yəni əvvəlki dövrlər hər
şey əla getsə də lap sonradan vəziyyət tərsinə
dönüb. O, 1949-cu ildə təsadüfən rəqsdə
Hannilore adlı bir qızla tanış olur. Onda Helmutun 19,
qızın isə 15 yaşı vardı. Sonralar bu adi
tanışılıq ciddi münasibətlərə
çevrilir və gənclər biri-birini sevməyə
başlayırlar. Bu uzun müddət davam edir, 11 ildən sonra
onların nigahlanması ilə nəticələnir. Bu evlilikdən
onların iki oğlu - Valter və Peter dünyaya gəlir.
Kolun ABŞ-da yüksək təhsil alan hər iki oğlu
sonra biznesmen kimi fəaliyyət göstərib, həmişə
sakit və ciddi həyat tərzi keçirdiklərinə
görə adları heç vaxt "skandallar"da hallanmayıb.
Ailəsinə, arvadına çox bağlı olsa da Kol onlara
kifayət qədər vaxt ayıra bilməyib, amma demək
olar ki, onlar uzun müddət xoşbəxtcəsinə
ömür sürə biliblər. Ta evlərinə gələn
faciəyəyədək.
Frau Kol uzun illər günəş
allergiyasından əziyyət çəkirdi. Elə bu
üzdən də onun olduğu otaqların pəncərələri
daim qalın pərdələrlə qapalı olardı.
Ara-sıra ona əzab verən ağrıları götürmək
üçün Hannilore morfi qəbul edərdi. Amma evliliklərinin
40-cı ilində bütün bunlara dözə bilməyən
qadın intihar edib. Və bu itki böyük siyasətçiyə
çox ağır bir zərbə olub. Yaxınları deyirlər
ki, oğlanları olmasaydı Helmut bu dəhşətli itgini
adlada bilməyəcəkdi.
İndi həyatının
70-ci onluğunu yaşayan Helmut günlərini evdə
keçirir. Hətta siyasətdən
uzaqlaşmadığını deyir. Memuarlar yazır, tez-tez
Bundestaqda görünür, məsləhətlər verir. Hətta
indi söhbətlər gəzir ki, yaşına baxmayaraq o
yenidən böyük siyasətə qayıda bilər. Qeyd edək
ki, böyük iradəyə, səbrə, təcrübəyə
sahib bu nəhəng siyasətçidən belə bir
addımı görmək almanları heç də təəccübləndirməz.
Çünki o həmişə böyük siyasətin
böyük siyasətçisi olub...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 27 aprel.- S. 6.