DAĞLAR DA ONSUZ QƏRİBSƏYİBDİR...
Sevilən şair, mülayim təbiətli insan Hüseyn Ariflə səfərlərimizi, görüşlərimizi, söhbətlərimizi xatırlayanda unudulmaz müəllimimiz, professor Qulu Xəlilovdan vaxtı ilə eşitdiyim bu sözləri xatırlayıram: "...Hüseyn daim səyahətdədir. O, gəzir, görür, sonra yazır. Ona görə də onun misraları bulaq suyu qədər büllurdur. Gördüyü adamları, onların duyğularını, düşüncələrini ümumiləşdirib sənətin şaqraq dilinə çevirir..."
H.Arif həddən
artıq səmimi insan idi. Necə
vardısa, eləcə
də davranardı. Yaradıcılığını oxuduğum, özünü
tanıdığım vaxtlardan
hələ bir kimsədən eşitməmişəm
ki, ondan gileyli olsun. Əksinə, hər dəfə xatırlananda çöhrələrdə sevinc
görmüşəm. O qədər
mehriban, kövrək,
duyumlu-duyğulu idi ki, hətta dağlarda-dərələrdə, ormanlarda da üzünü
görən, səsini
eşidən insanlar tərəfindən ideal, müqəddəs
varlıq kimi qarşılanar, yola salınardı.
İllər boyu Hüseyn Hüseyzadə kimi tanınan şair gözlənilmədən
ağır dərdə
düçar oldu. Madarı-muradı Arifi vaxtsız əcəl əlindən aldı. Oğlunun əbədi itkisi şairin - atanın belini əydi, dizini bükdü, fərəhini
sifətində, gülüşünü
dodağında dondurdu.
Həmin faciədən,
övlad itkisindən sonra "qağa"mız
söz əvəzinə
od-alov püskürdü,
dilindən ah-nalə eşidildi. Bir gözü güldü, digəri ağladı. Nəhayət, taleyin acı hökmü ilə barışıb, nakam oğlunun əziz xatirəsini yaşatmaq üçün
onun adını öz adıyla qoşa yazdı, eyni tutdu. Bədənində
iki can yaşatdı. Biri işıqlı dünyaya həmişəlik
əlvida demişdi. Digəri - Arifin əbədilik tapdığı
ünvana boylana-boylana,
dili-zarıncı qalmışdı:
Şimşək tək havada alışıb keçib,
Möhnət şərbətini
qəfildən içib,
Özünə bir könül həmdəmi
seçib,
Bir şadlıq
məclisi qurmadı, getdi...
Aşıq Alı deyib: "Əcəl haqdır, çıxmaq olmaz əmrdən". Zaman-zaman bu haqqı, yazılmamış
hökmü kimsə pozmaq, dəyişmək hünərində olmayıb.
Allah övladı öz
ömrünü, alın
yazısını, qismət
payını yaşayıb.
Daha belə yox də! Arifin
nə yaşı vardı, hələ nə görmüşdü
ki? Boyuna baxıb fəxr elədiyi atasını niyə sinəsi dağlı, dili-zarıncı
qoydu? Bəs bu vaxtsız, vədəsiz ayrılıqdan
ata ürəyi göynəməyəydi, yanmayaydı,
parçalanmayaydı, neyləyəydi?
Hüseyn Arifin bağrını deşdin,
Harda qərar
tutub, haraya köçdün?
Ay oğul,
sən niyə qabağa düşdün
Səfər mənimiydi,
yer mənimiydi...
Çoxları deyirdi ki, Hüseyn qağaya (hamı ona belə müraciət
edərdi) istedadı,
poetik düşüncəni
Tanrı vermişdi. Ola bilər. Ancaq o, ilhamı ana təbiətdən, əlçatmaz, ünyetməz
dağlardan, ilin yaz çağında nazəndə gözəllər
kimi üzə gülümsəyən, cilvələnən
bulaqlardan, kəklikdən,
qırqovuldan, yaşılbaş
sonalardan alardı. Ömrü boyu təbiət onun həmdəmi, can sirdaşı,
yol yoldaşı olub. İlk məhəbbəti, ilk sevgisi
olan təbiətin dilini, qədrini hamıdan, hər kəsdən daha yaxşı bilir, duyur, anlayır və onu min bir həvəslə, istəklə təsvir, tərənnüm edərdi:
Gəl çıxaq
sehrinə uca dağların,
Çəmən olan yerdə, xalça nə lazım?
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım?
Təxminən iyirmi beş il öncə
görkəmli fırça
ustası Mikayıl Abdullayevin yaradıcılıq
emalatxanasına getmişdim.
Radioda Hüseyn Arifin həyat və yaradıcılığına
həsr olunmuş vreiliş səslənirdi.
Ustad rəssam, zəmanəsinin ən yaxşı söz-sənət
qədri bilənlərindən
olan Mikayıl müəllim dedi: "Hüseyn Arif rəssam-şairdir. Əksər
şairlər təbiətə
ilham pərisi kimi baxıb, yazıb-yaradıblar. Lakin
Hüseyn gördüyünə
təkcə valeh olmur, həm də bədii fikirlə müşahidə
elədiyi gözəlliyə,
əlvanlığa, könül
açan mənzərələrə
sözlə şux boyalar, rənglər də çəkir".
O vaxt da, elə bu sətirləri
yazanda da Mikayıl müəllimin şairin yaradıcılığına
verdiyi yüksək qiymətə heç bir əlavəm olmayıb, yoxdur da. Hüseyn Arif təbiətə ayna tutar, onu
olduğu, bəlkə
də daha artıq, poetik görümdə oxuculara çatdırardı. Gördüklərini,
duyduqlarını elə
incəliklə, zövqlə
vəsf edərdi ki, mənzərələr
olduğundan da əlvan göz önündə canlanardı:
Torpağın ətrini
fikirləşəndə,
İpək tellərinə
çiçək taxarsan.
Səhərlər yadına
güzgü düşəndə,
Maral baxan gölə sən də baxarsan.
***
Titrəmə soyuğa,
yanma sazağa,
Üşüsən otlardan yorğan istərik.
Daş-kəsək toxunsa ələ-ayağa,
Loğman çiçəklərdən
dərman istərik.
Ötən əsrin
səksəninci illərində
hazırda düşmən
tapdağı altında
inildəyən Cəbrayıl
bölgəmizdə "Qurbani
saz bayramı" mərasimi keçirilirdi.
El şənliyinə, təntənəsinə
xeyli adam dəvət olunmuşdu. Tədbirdə Respublika Aşıqlar Birliyinin ilk sədri vəzifəsində
işləyən Hüseyn
Arif də iştirak edirdi. O, rayon partiya komitəsinin birinci katibinin yanında yox, çobanın, suçunun,
kümdarın, üzümçünün,
bir sözlə, zəhmətkeşlərin yanında
əyləşdi. Dəfələrlə
onu "sayılan"
yerə dəvət etdilər, getmədi. Dedi ki, "yuxarı başda" ürəyim sıxılır.
Səhəri gün gəldik məşhur Xudafərin körpüsünün
qənşərindəki Diri
dağına - aşıq-ozan
sənətimizin banisi
Dirili Qurbaninin qəbrini ziyarət etməyə. Məzarın
önündə Hüseyn
qağa bəlkə də ömründə
ilk və son dəfə
diz büküb, hönkür-hönkür, hıçqıra-hıçqıra
ağladı. Öndər
sənətçimizin uyuduğu
torpaqdan ovuc-ovuc xışmalayıb, üz-gözünə
çəkdi. Handan-hana
əsəbi halda dedi:
- Ayə, ay cəbrayıllılar, ay insafsızlar,
bəs belə də urvatsızlıq olar siz edirsiniz?!
Özünüzə qoşamərtəbəli,
yaraşıqlı evlər
inşa etdirirsiniz, hasarlar çəkdirirsiniz,
sağlığınıza, şadlığınıza qismət.
Bəs böyük söz ustadının qədir-qiymətini niyə
bilmirrsiniz? Bu məzara
niyə baxmırsınız?
Ayə, ay qardaşlar,
bilin, Qurbani tarixi şəxsiyyətdir.
O, İranda-Turanda yox,
doğma torpağında
dünyasını dəyişib.
Bu gün ziyarətinə
gəldiyimiz Qurbani aşıq-ozan sənətimizin
banisidir. Ay yerli camaat, ay qonaqlar, burada mavzoley tikdirmək lazımdır
ey, mavzoley!..
Hüseyn qağanın
aşıq-ozan sənətimizin
inkişafında, tədqiqində,
təbliğində əvəzsiz
xidmətləri olmuşdur.
O, Dirili Qurbanini, Aşıq Alını, Aşıq Ələsgəri
də eyni məhəbbətlə sevir,
onların yaradıcılıqları
daim uca tutulmasına, təbliğ
olunmasına can yandırar,
qayğı göstərərdi.
Sevimli şairimizin Aşıq Ələsgərə
həsr etdiyi bu misralar fikrimizin
sübutudur:
Zalımlar önündə
titrədi zağ-zağ,
Atdığı hər güllə hədəfə
dəydi.
O, Vaqifdən
sonra, Vurğundan qabaq,
Elə bil saz tutub, söz
deməliydi.
Xalq şairi
Hüseyn Arif dünyanın neçə
ölkəsində, hansı
şəhərlərdə olub, dəqiq bilmirəm. Ancaq bunu bilirəm ki, o, doğma Azərbaycanımızı az
qala qarış-qarış,
oymaq-oymaq gəzərdi,
görərdi, xoş
təəssüratını poeziyanın sirli-sehirli gücü ilə təsvir, tərənnüm
edərdi. Bu da əziz şairin qismətindəydi ki, yönü hansı obamıza düşürdüsə,
onu gülərüz,
mehriban, təbəssümlə
qarşılayırdılar. Həmin görüşlərin
birindən vəcdə
gələn Hüseyn
qağa yazmışdı:
Yaş ötdükcə
tələsirəm,
Gəzmək üçün,
görmək üçün.
Zirvədəki qar qalığı,
Dərədəki çiçək
üçün...
Hüseyn Arif şair-rəssam, şair-tarixçi-tədqiqatçı,
şair-təbiətşünas, şair-vətəndaş, gözü
nə görürdüsə,
hamısını xoş
məramla tərənnüm
edən yaradıcı
idi. Onun üçün nə qədər ağır olsa da, ömrünün
son günlərində bu
misraları da yazmışdı:
Nə əlim
yetişir, nə ünüm çatır,
Möhnət sınağından
keçə bilmirəm...
Dağlarsız neyləyim,
dağlar həmdəmim,
Dağlarsız nə yaman qəribsəmişəm.
Dağlar da sizsiz yamanca qəribsəyib, a Hüseyn
qağa. Onlar da yoxluğunuza dözməyib, bizlərdən
küsüblər. Əgər
belə olmasaydı, daim uca tutduğunuz,
başları həmişə
bəyaz çalmalı
dağlar da bu gün mübarək
ad gününüzün təntənəsinə
sevinərdilə. Təəssüf
ki, susurlar. Demək, insanlar kimi dağlar da həsrətinizə dözmürlər, qəribsəyiblər...
Telman MEHDİXANLI
Ədalət.- 2010.- 30 aprel.- S. 6.