SƏN - SEVİMLİ FƏRHADIMIZ...

 

Dünyanın qəribə, heyrətamiz təsadüfləri olur. Biz həmin hadisələri adi bir hal kimi də qəbul edə bilərik. Ancaq həm Milli Kino Günü, həm də müasir Azərbaycan kinosunun ən məşhur aktyoru olan Fəxrəddin Manafovun doğum günü olmasında paralellər də axtarmalı oluruq. Bu istiqamətlərdə reallıq və mistikanı ələşdirməyə ehtiyac varmı?

Həm də iş elə gətirib, qəzetimiz bir gün sonra - avqustun 3-də oxucuları ilə görüşəcək. Kinodan başlasaq, əvvəlcə bütün kino işçilərini və bu sahədə çalışan daha yaxın şəxsi dostlarımı - Elxan Qasımovu, Rasim Balayevi, Ramiz Əzizbəylini, Kənan Məmmədovu, Əziz Əzizovu və başqalarını təbrik edirəm.

Əsas məsələ isə, bu yazının müəllifi olaraq mənim üçün daha ciddi və xarakterik hadisədir. Ailədə və ən yaxın dostlar arasında eləcə Fərhad adlandırdığımız Fəxrəddin Manafovun 55 yaşı tamam olur.

Mən 30 ilə yaxın davam edən dostluğumuzun bəzi fraqmentlərini xatırlaya-xatırlaya Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafovun dost və şəxsiyyət kimi üstün cəhətlərinə işıq salmağa çalışacağam. Baxmayaraq, mənim də müəyyən bir dövr Kinostudiya sərgüzəştim olub. Ancaq bu yazıda birbaşa nə kino, nə də Fəxrəddin Manafov yaradıcılığından söhbət açmayacağam. Onsuz da bizim Fərhadı hamı tanıyır, Azərbaycanda, Rusiyada, Özbəkistanda, digər keçmiş SSRİ respublikalarında və hətta xarici ölkələrdə çəkildiyi filmlərdəki obrazları böyük maraqla izləyir, nəhayət, onu bir gözəl insan, özünəməxsus ampluası olan kino aktyoru kimi sevir və hər yerdə, həmişə axtarırlar, görmək istəyirlər.

Ancaq Fərhadı tapmaq, Fərhadı görmək eləcə, çox asanca mümkündürmü? Onun film çəkilişləri, son vaxtlar İbrus Teatrındakı sıx qrafikli yaradıcılıq işləri... Rüstəm İbrahimbəyov kimi nəhəng sənətkarın əvəzedilməzi, kumiri olmaq da asan məsələ deyil axı.

Siz də yaxşı bilirsiniz ki, bu qədər tanınmış və məşhur olmasına baxmayaraq, Fəxrəddin Manafov diqqət mərkəzində olmağı sevmir. Bu onun qapalı, yovuşmaz xarakterini göstərən fakt deyil. Əksinə, doğma və yaxın insanlarla birlikdə olarkən Fəxrəddinin bütün mövzularda gedən söhbətlərə qəlbən qoşulması, səmimiliyin ən yüksək zirvəsində münasibət saxlaması kənardan izləyəni də heyran edir. O, təkcə kino haqqında deyil, bütün mövzularda bir sənətkar, bir ziyalı, bir vətəndaş olaraq maraqlı fikirlər söyləyir. Fəxrəddin başqa bir dostumuzun, Ramiz Rövşənin 6-7 şerini birdən əzbər söyləyir. Ancaq bunu yalnız ikimiz bir yerdə olarkən söylədiyini də etiraf etməliyəm.

Fəxrəddinin həyatda özüyçün müəyyənləşdirdiyi əsl dost anlayışlı insanlar çox azdır. Özünün də dediyi kimi mən onun üçün elə ən əzizlərdənəm. İndi siz təsəvvür edin ki, bu qədər yaxın və doğma olmağımıza baxmayaraq, biz heç də tez-tez görüşə bilmirik. Məsələn, son 2 ayda bir dəfə, necə deyərlər, atüstü, bir dəfə də mənim ad günümdə... 2-3 dəfə də telefonla danışmışıq. Ad günü demiş, Fəxrəddin də mənim kimi ad günləri keçirməyi, kütləvi yığıncaqları sevmir.

Tanıyanlar bilir, mən dost dediyim şəxsə əbədi bağlanan və bunu dünyanın ən böyük qazancı bilən adamam. Fəxrəddin də mənim üçün dünyada ən böyük var-dövlətdir. O, həyatımda, varlığımda, düşüncələrimdə aktyor kimi məşhurluğundan daha çox böyük bir İnsandır. Bəzən onun bircə telefon zəngi...

... Çox güman ki, mənimlə o dərəcədə sevimli, istəkli, doğma danışığı ilə həm də yaralı ürəyimin ağrılarını unutdurmağa çalışır, məni ruhlandırır. Və onda az qalıram ki, bütün pislikləri, bütün haqsızlıqları da onun ağayana səsinə qurban verim. Eləcə hər gün əllərindən öpəcək qədər sevdiyim və pərəstiş etdiyim başqa bir dostumun özü və səsi kimi...

Böyük sənətkar olub, böyük insan, böyük kişi ola bilməyənlər də var. Bu da bir taledi. Mənim dostumsa xoşbəxtdir. İnsan üçün ən ideal xüsusiyyətlər Fəxrəddində bir nüvə kimi mərkəzləşib.

Fəxrəddin Manafov xalqımızın sevimli oğlu, böyük sənətkarıdır. O, hər yerdə görünə bilər. Ancaq bu məmləkətdə bircə məmur deyə bilməz ki, Fəxrəddin nə vaxtsa onun kabinetinə gəlib və ya hər hansı bir iş üçün zəng vurub, xahiş edib. Müqayisəm Azərbaycan reallığında anlaşılan məsələdir.

 

Nadir sənətkar, ideal şəxsiyyət!

 

... 1984-cü ilin sentyabr ayının sonlarında biz - Elxan Qasımov, Rasim Balayev, Aydın İmrani, Kənan Məmmədov və mən Fəxrəddini Daşkəndə yola saldıq. Mən o vaxt Bakı Ali Partiya Məktəbinin N.Nərimanov prospektindəki yataqxanasında qalırdım. Axşamüstü "partşkola"da professor Məcid Katiblinin axırıncı dərslərindən çıxıb yataqxanaya təzəcə qayıtmışdım ki, evdən, yəni Göyçay şəhərindən xəbər gəldi. Yoldaşımı xəstəxanaya aparıblar, oğlum olub. Bundan sonra nələrin baş verdiyini yazmamalıyam. Sevinclə yanaşı, illər sonrasının çox kədərli və faciəli hadisəsinə görə. Mən məktəbdən icazə alıb böyük qardaşımız və dostumuz Elxan Qasımovla getmişdim rayona...

Fəxrəddin əhvalatı iki ay sonra bildi və oğlumun adının Tuncay olmasına xüsusi olaraq sevindi.

Biz Fəxrəddinlə ailə dostuyuq həm də. Birlikdə çoxlu şəkillərimiz də var. Ancaq təsadüf elə gətirmişdi ki, onun bir dost övladı olaraq xətrini çox istədiyi Tuncayla ayrıca, yəni ikilikdə şəkli yox idi. Yaxınlarda özləri bunu reallaşdırdılar. Mənim üçün ən qiymətlisi Fəxrəddinin sözləri oldu: "Tuncay, qardaşoğlu, əgər indiyə kimi bacarmamısansa, çalış indən belə atana layiq oğul ol...".

Sağ ol, əziz dost! Sən bir qardaş kimi ən vacib məsləhətini, tapşırığını verirsən. Qardaşım Aqil Abbas da eynən sənin kimi deyir. Öyüdləri mənə arxa olmasını sübut edəcək qədər...

Əziz qardaşım, sənin 55 illiyinə bəzək olası məqalə yaza bilməsəm də, sənə olan əbədi rəğbət və qardaşlıq sevgimin böyüklüyünü ki bilirsən. Elə ikimizin 30 il bundan əvvəlki gənclik şəkillərimizdən biriylə başlayıb davam edən doğmalıqla, indi oğlumla birlikdə 55 yaşındakı foto ilə də məni daha çox qürurlandırırsan. Sənə bu yaşı da vermək olmaz. Çox gənc qalmısan. Tuncaydan o qədər də seçilmirsən. Mənim çalışdığım kollektiv də səni çox sevir. Bütün "Ədalət"çilər sənin anadan olmağının 55 illiyini təbrik edirlər. Sən bizim hamımızın sevimli Fərhadısan!

P.S. Bu məqalə əziz dostum Fəxrəddin Manafovla bağlı yaxın-uzaq xatirələrə söykənən bir təbrik əvəzidir. Xalq artistini anadan olmasının 55 illiyi münasibətilə Aqil Abbas, İradə Tuncay, Əflatun Amaşov və Rəşad Məcid də ürəkdən təbrik edir, gözəl sənətkarımıza can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırlar.

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2010.- 3 avqust.- S. 4.