Fəxrəddin Manafov:
"Polad Bülbüloğlunun
sayəsində antiazərbaycan filminin
çəkilməsinə xitam verildi"
Azərbaycanın xalq
artisti, aktyor Fəxrəddin
Manafovun Milli.Az xəbər
portalına müsahibəsi
Xəbər verdiyimiz
kimi, Rusiyanın tanınmış rejissoru Yuri Morozun 8
seriyalı "Sonuncu romalılar" filmi çəkilməli
idi -Ermənistan-Azərbaycan münaqişəsindən bəhs
edən və azərbaycanlıları "qaniçən"
kimi təqdim edən ssenari əsasında. Filmə çəkilmək
üçün dəvət edilən aktyorlardan biri Azərbaycanın
xalq artisti Fəxrəddin Manafov olub.
Fəxrəddin Manafov
redaksiyamıza gələrək mövzu ilə bağlı
geniş açıqlama verdi.
- Fəxrəddin müəllim, Rusiyada Azərbaycanın
əleyhinə çəkilməsi nəzərdə tutulan
çoxseriyalı bir filmin ifşa olunduğu barədə
yaydığımız məlumatlar ictimaiyyətin diqqətini
çəkdi. Qeyd edək ki, antiazərbaycan filminin ifşa
olunmasında əməyi olan bir çox görkəmli şəxslərin
olduğu bildirilir ki, onların sırasında sizin də
adınız çəkilib. Amma deyəsən, sizin bu məsələ
ilə bağlı reaksiyanız heç də birmənalı
deyil. Narahatlığınız nə ilə
bağlıdır?
- Mən bura xırda bir
iradla gəlmişəm. Dünən Milli.Az xəbər
portalında "Azərbaycan əleyinə çoxseriyalı
film ifşa olundu" məqaləsini oxudum, məqalədəki
sərlövhələrin birində öz adıma rast gəldim.
Amma bu hadisə haqqında məlumatların tam və təfərrüatlı
şəkildə verilməməsi məni narahat etdi. Buna
görə də mən sizə bu müsahibədə ətraflı
məlumat verməyi lazım bildim.
Sizə bildirmək istərdim
ki, bəli, həmin film barədə mənim məlumatım
var, onun nədən ibarət olduğunu bilirəm. Çünki
təxminən bir il bundan öncə filmdə çəkilmək
ilk növbədə mənə təklif olunmuşdu, mən
bu barədə Mədəniyyət Nazirliyinə də məlumat
vermişəm. Bu barədə çox adam məlumatlı
idi. İstərdim ki, siz öz məqalənizə əlavə
edəsiniz ki, Azərbaycan Respublikasının səfiri cənab
Polad Büldüloğlu Rusiya Mədəniyyət Nazirliyinə,
Rusiya dövlətinə müraciət edərək, təxribat
xarakteri daşıyan ssenarini xətm elətdirib. Onun
müdaxiləsi nəticəsində bu filmin çəkilşinin
qarşısı alınıb. Hər halda belə fikir səslənib
ki, artıq o film çəkilməyəcək.
- Görünür, erməniprəst mövqedə
dayanan qüvvələr mədəniyyətin əli ilə,
kifayət qədər nüfuzu olan insanların, o cümlədən
də Fəxrəddin Manafovun adından yararlanaraq bu niyyətlərini
həyata keçirmək istəyiblər.
- Söhbət təkcə
Fəxrəddin Manafovdan getmir, məsələ ondadır ki,
bir qrup azərbaycanlı aktyorları aldadıb filmin sınaq
çəkilişlərinə cəlb etməyə cəhd
göstəriblər. Hətta kastinq keçirməyə də
nail olublar. Bu, sadəcə siyasi xarakter daşıyan bir
sifarişdir. Hamı bilir ki, Yuri Moroz ermənipərəstdir.
Onun erməni təəssübkeşli çəkdiyi filmlərin
əksəriyyətində özünü büruzə verib.
Morozun əliylə onsuz da azərbaycanlılara qarşı
yönəlmiş mənfi fikirləri daha da artırmaq,
möhkəmlətmək istəyirdilər. Bu ssenari azərbaycanlıları
"vəhşi", "düşüncəsiz"
insanlar kimi təqdim etmək cəhdləri idi.
Bu məsələ
ortaya çıxanda mən çox əsəbiləşmişdim.
Orda Andrey alı birisi
vardı, deyəsən,
assistent idi. Ondan xahiş elədim ki, məni Yuri Morozla əlaqələndirsin.
Andreyə izah etdim ki, Yuri Moroza çatdırın, siz nəyə görə bu filmdə Azərbaycana qarşı dayanıb, mövcud problemlərə bitərəfli
yanaşmaq istəyirsiniz?
Bu mövzuya müraciət
edirsinizsə, onda gəlin, azərbaycanlıların
Ermənistandan qovulmasından
da çəkin, Xocalı faciəsini çəkin, ermənilər
tərəfindən gözləri
çıxarılan, sinələri
kəsilən qadınların,
uşaqların taleyini,
qocaların başına
gətiririlən vəhşilikləri
çəkin. Bu barədə yazmırsnız,
amma ermənipərəst
şərhlər verirsiniz,
özü də birtərəfli formadag.
- Sizcə, onların
özlərinin filmin ssenarisinə yanaşmaları
necə idi?
- Mən
onlardan nəyə görə məsələyə
bu cür yanaşıldığını soruşanda, bildirdilər ki, ssenari belə
yazılıb. Həmin ssenari
mənim elektron poçtuma da göndərilmişdi. Onu diqqətlə
oxudum və çox əsəbiləşmişdim.
Mütləq bu cəfəngiyyatın
qarşısını almaq
lazım idi. Ona görə də bu barədə ilk növbədə Mədəniyyət
Nazirliyinə müraciət
olundu və Mədəniyyət Naziriliyinin
bundan xəbəri var idi. Bizim ikinci rejissor Əliqulu Səmədov hətta ssenarinin diskini Nazirliyə göndərmişdi. Nə yaxşı
ki, səfirimiz Polad Bülbüloğlu Rusiyanın Mədəniyyt
Nazirliyinə, digər
aiddiyyatlı orqanlara müraciət edərək
bunun qarşısını
ala bildi.
- Fəxrəddin müəllim,
Azərbaycan tərəfininin
rəsmi etirazından
sonra filmin çəkilməsində iddialı
olan qarşı tərəfin reaksiyası
necə oldu və hazırda məsələ nə yerədir?
- Nədənsə, əks
tərəf bu barədə şərh vermək istəmir. Mən
nə qədər filmin rejissoru ilə əlaqə saxlamaq istəsəm
də, müxtəlif bəhanələrlə mənimlə
görüşdən yayındı. Mən başqa bir filmin
çəkilişi ilə bağlı Hindistana gedəndə
də, Andrey dediyim həmin o adam mənə zəng elədi
ki, "hər halda biz düşünürük ki, bu filmi
çəkəkg" kimi fikrlər səsləndirdi. Mən
çox əsəbi halda bunun qeyri-mümkün olduğnu
dedim. Ona bildirdim ki, ola bilər siz Azərbaycanın adından
istifadə edəsiniz, azərbaycanlıların
oxşarını tapasız, başqa yerlərdən Azərbaycanın
küçələrinə oxşar küçələr
tapıb filmi çəkəsiniz. Amma bu səhv sizin məsuliyyətinizin,
vicdanınızın üzərinə düşəcək.
İsrarla bildirdim ki, belə məzmunda film çəkməklə
böyük səhv edirlər. Dedim Moroza çatdırın,
bu yolla sənətdə qala bilməz. Əgər bu günə
qədər 3-5 nəfər ona hörmət edib, sənətkar
sayırdısa, bundan sonra onun sənətkarlığı,
peşəkarlığı artıq şübhə
doğuracaq.
- Bu filmə çəkilmək üçün sizə
nə qədər pul təklif edilmişdi?
- Mənə konkret hesab
deyilməmişdi. Amma mənə deyirdilər ki, nə qədər
desən, verəcəklər, çünki bu filmə
çox böyük məbləğdə maliyyə
buraxılıb. Aydın məsələ idi ki, bu,
sifarişdir, özü də Ermənistandan, yaxud
Rusiyadakı və ya dünyada mövcüd olan erməni
lobbiçilərindən, ara qızışdırmaq istəyənlərdən
gəlib. Burda daha çox ermənilərin maraqları
güdülür. Çox təəssüflər olsun ki, bu
danışıqlar ancaq telefon vasitəsilə
aparılıb. Kimsə gəlib onu mənimlə üzbəüz
dayanıb deməyib. Hər halda öz xasiyyətimi bilirəm,
ola bilsin ki, həmin vaxt çılğınlığa yol
verə bilərdim... Mən məcburiyət
qarşısında qalıb telefon vasitəsilə o
insanları başa salırdım ki, böyük bir qəbahət
iş görürlər.
Filmin ssenarisinə
uyğun olaraq, burada azərbaycanlı və erməni
aktyorların olması mütləq idi. Çünki bu yolla
filmə bəraət qazandıracaqdılar ki, Azərbaycan tərəfi
bu filmin çəkilməsinə nəinki razılıq
verib, hətta öz aktyorları da iştirak edib. Amma heç
bir azərbaycanlı aktyor bu filmə çəkilməzdi və
mən əminliklə bunu onların da diqqətinə
çatdırdım.
- Yəni, ssenari bu dərəcədə qərəzli
idi?
- Bəli, bu dərəcədə!
Həm də çox!
Təsəvvür edin,
ssenaridə azərbaycanlıları nisbətən
üstü ötrülü, pərdələnmiş şəkildə,
guya sivilizasiyadan, bəşəri mədəniyyətdən
uzaq, insani keyfiyyətlərdən məhrum, etikanı, mənəvi
dəyərlərini itirmiş, əxlaq normalarını pozan
varlıqlar kimi təqdim edirlər.
Əsərdə
"oğru", "bandit", "əliəyri" və
s. kimi mənfi keyfiyyətli azərbaycanlı obrazlar
yaradılıb. Məsələn, kiçicik bir nümunə
göstərim, azərbaycanlı ana öz
öldürülmüş oğlunun haqqında deyir ki,
"nə etməli, peşəsi bu idi - bandit". Və ya
azərbaycanlı ata öz oğlunun ünvanına deyir ki,
"Axı bu uşaq da bu kitabların arasında
böyüyüb, bəs niyə böyüyüb barbar
olub?". Yaxud, qonşusunun evinə göz dikən, oğru,
yalançı başqa bir azərbaycanlı obraz
canlandırılır.
Ara-sıra isə guya
müsbət obrazda azərbaycanlı təsvir olunur, amma əslində
onların da mahiyyəti fərqli deyil.
Bu kimi nümunələr
çoxdur. Qısaca onu deyim, bütün ssenarinin mahiyyəti
ondan ibarətdir ki, ermənilər "sonuncu romalılar"
kimi təqdim edilir, azərbaycanlıları isə Romanı dağıdan,
viran qoyan barbarlar - yəni, tarixdən məlum olan vəhşi,
dağıdıcı tayfalar kimi təqdim edilir. Elə filmin
adı - "Sonuncu romalılar" ifadəsi də məhz
ermənilərə aid edilir, özü sözün
yaxşı mənasında. Guya ki, ermənilər bəşəriyyətin
ən yüksək dəyərlərini daşıyan insanlar
kimi tarixə düşüblər. Onları incidən,
"Romanı dağıdan" qüvvələr isə azərbaycanlılardır.
- Bu məsələ ilə bağlı bizim
aktyorlarımızla müzakirələr
apardınızmı?
- Bəli, əlbəttə,
bu barədə söhbətlərimiz oldu. Bilirsiniz, ermənipərəst
prodüserlərin hiyləgərliyi elə onda idi ki, aldatma
yolu ilə azərbaycanlı aktyorların sınaq çəkilişərini
- kastiniqi aparırdılar. Yəni, aktyorlarımızı
aldadaraq, filmin bütöv ssenarisini onlara təqdim etmədən,
ordakı bir-iki loyal, neytral görünən cümlələri
göstərib, guya ssenari bu imiş kimi, çəkiliş
aparırmışlar. Aktyorlarımızı ssenarinin guya
neytral, Azərbaycana qarşı loyal məzmundan ibarət
olduğuna inandırmağa çalışıblar.
Amma mən isə
ssenarini tam bildiyim üçün Rus Dram Teatrının
aktyoru, Azərbaycanın xalq artisti Yuri Baliyevə zəng
vurdum - ona da həmin filmdə çəkilmək
üçün rol təklif eləmişdilər. Ümumiyyətlə,
kimə imkanım çatırdısa, hamısına zəng
vurub filmin əsil məğzini izah etdim, həmkarlarıma
bildirdim ki, siz bu vətəndə yaşayırsınız,
bu dövlətin vətəndaşlarınız, belə bir təxribatçı
filmin çəkilməsinə yol vermək olmaz. Hətta
onlar mənə dedi ki, Fəxrəddin, bu söhbəti
açmağına ehtiyac yoxdur, təbii ki, biz nəinki buna
razılıq verəcəyik, hətta buna qarşı öz
etirazımızı bildirəcəyik. Beləcə, hamı
bir nəfər kimi buna qarşı çıxdı və
heç kim razılıq vermədi. Onlar da məcburiyyət
qarşısında qalıb artıq Azərbaycana heç bir
müraciət eləməmişdilər, yoxa
çıxmışdılar.
Bu yaxınlarda görkəmli
şairimiz Rəsul Rzanın 100 illik yubileyi Moskvada qeyd olundu, mən
də həmin tədbirdə iştirak edirdim. Yubiley tədbirindən
sonra bizim səfir cənab Polad Bülbüloğlu ziyafət
verdi və orada həmin film barədə bizim söhbətimiz
oldu. Polad Bülbüloğlu mənə dedi ki, məsələni
Rusiya dövləti, Mədəniyyət Nazirliyi ilə həll
edib və bu işə xitam verilib.
- Bəs kimsə zəmanət verdimi ki, bu ssenari
ümumiyyətlə heç vaxt çəkilməyəcək?
- Bunu heç vaxt deyə
bilmərik. Hər halda zəmanə dəyişilə bilər.
Ola bilər ki, əks tərəf filmin xətm olunmasına
razılıq verib, sonradan heyət dəyişikliyi etsin və
ssenarini başqasına həvalə etməklə məsləyə
yenidən qayıtsınlar. Ona görə də bu barədə
biz indidən qəti nəsə deyə bilmərik. Hər
halda bu gün o filmin çəkilişinə icazə verilmir
və siyasi bir səhv kimi qarşısı alınıb. Buna
görə də biz cənab Polad Bülbüloğluna öz
minnətdarlığımızı bildirməliyik. Hansı
sahədə olursan ol, Vətəni qorumaq hər birimizin vətəndaşlıq
borcudur, bundan vacib heç bir iş ola bilməz.
Ədalət.- 2010.- 6 avqust.- S. 4.