DƏRDİN DAĞLARA...
İndiki kitab
bolluğunda oxucunu təəccübləndirmək o qədər
də asan deyil. Ən azından ona görə ki, bu gün istənilən
qədər məmləkətimizdə şair var və
onların da nə qədər desən kitabları
işıq üzü görüb. Kitab çap eləmək
olar, kitab çıxarmaq olar, hətta onların sayını
nə qədər istəsən artırmaq da
mümkündür, amma bugünkü oxucu hər kitabı
oxumur. Oxucu o kitabı axtarır ki, həmin kitabdakı
şeirlər onu ürəyinin "sarı siminə"
toxunur.
Şair Sərvər Məsumun
Bakı "Nərgiz" nəşriyyatı tərəfindən
çapdan çıxan "Yolum millət yoludur..."
şeirlər kitabı da bu mənada mənim içimə
bir işıq, bir nur gətirdi. Çünki sözün
açığı əksər şairlərin şeirlərində
sevgidən, məhəbbətdən, nə bilim tay nədən
bol-bol danışıldığı halda, vətənin dərdi-qəmi
və kədəri unudulub yaddan çıxır. Bir
şairin şeirini oxuyursan orda vətənlə, torpaqla
bağlı yadda qalan bir misraya rast gəlmirsən. Amma Sərvər
Məsumun bütün şeirlərində milli ruh,
türkçülük və vətənpərvərlik bir
qırmızı xətt təşkil edir. Sanki onun şeirləri
Azərbaycanın və türk dünyasının
torpağından yoğrulub. Bu misralarda Təbrizin səsi
eşidilir, böyük Türküyənin ürəyi
döyünür, Azərbaycanın hər qarış
torpağı poetik dildə vəsf edilir. Onun "Bu yol millət
yoludur", "Türk oğlu", "Türkün
savaş zamanı", "Vətən harayı", "Azərbaycan",
"Ruhum o taydadır", "Təbrizim", "Həsrətəm",
"Qarabağım", "Tanı", "Hardasan" və
başqa şeirlərində vətən məhəbbəti,
vətən sevgisi çox poetik və obrazlı bir dillə vəsf
edilir. "Təbrizim" şeirində deyilir:
Ayaq qoydum ellərinə,
Heyran oldum yerlərinə,
Qurban oldum dillərinə,
Döndüm bahar, qışına mən.
Belə poetik misralar
şairin yaradıcılığında istinəlin qədərdir.
Qürbətlə bağlı yazdığı "Qürbət"
şeirində hər hansı insanın ürəyini tərpədən
o poetik deyimlər vulkan kimi püskürür:
Qürbət dərdin çəkən bilir,
Bağrın başın sökən bilir,
Göz yaşını tökən bilir
Könül, gedək bu qürbətdən.
Şair qürbətdən
canını qurtarıb bir vüsala qovuşmaq istəyir. Həmin
şeirdə bir fikir səslənir ki, qürbət cənnət
olsa da, vətən ondan min qat yaxşıdır.
Şairin "Fəda
olmaq zamanıdı", "Yola çıxdım",
"Çırpınırdı qara dəniz",
"Getdi", "Tanrı dağı", "Vətən
oğlu", "Yuxularımda" şeirləri də milli
ruhu, poetik düşüncə tərzi və fikrin orjinal ifadə
forması ilə adamı özünə çəkir. Bu
şeirlərdə, bu sətirlərdə hiss edirsən ki,
böyük bir ürək çırpınır. Bu ürək
elə şairin öz ürəyidir. Bir balaca ürəkdə
nə qədər gözəl arzular, niyyətlər və
xoş düşüncələr özünə yer tapar.
Sərvər Məsumu
başqa şairlərdən fərqləndirin bir cəhəti
onunla bağlıdır ki, o, şeirlərində olduğu
kimi, həyatda da başdan ayağa səmimidir. Yəni necə
görünürsə, elə də ömür sürür.
Bax, onda şairin yazdığı misraların səmimiliyinə
oxucu inanır və bu misraların işığında
özünün "mənini" axtarır. Hansı
şeirdəki oxucu özünü tapır, o
cığırla gedir və o işığa qovuşur. Deməli,
hər hansı bir odlu misra, hər hansı bir poetik deyim
heç vaxt oxucunun fikrindən və yaddaşından
yayınmır.
"Dərdin
dağlara" deyən şair hər bir insana nikbin, ümidli
və sabaha inamlı addımlarla yeriməyi arzulayır:
Uca dağı aşan qardaş,
Düz yolunu çaşan qardaş,
Dərd əlindən coşan qardaş
Dərdin dağlara-dağlara.
Beləcə, bir
işıq selində şair heç kimi dərdli-qəmli və
kədərli görmək istəmir və onları həmişə
sabaha daha böyük ümidlə baxmağa
çağırır. Bizcə bundan gözəl nə ola
bilər. Qoy hamının sabahı xeyirə
açılsın.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 6 avqust.- S. 4.