İGİDLİK DƏRSİ...
ŞƏHİDLİK ZİRVƏSİ...
Azərbaycanın Milli Qəhrəmanları
Çingiz Mustafayev, Mübariz İbrahimov... və
bütün Vətən şəhidlərinin xatirəsinə...
"Vətəni sevmək imandandır." Həzrəti
Məhəmməd Peyğəmbər
Mən
ÇİNGİZ MUSTAFAYEVİ, MÜBARİZ İBRAHİMOVU
bir dəfə də olsun görməmişəm. Və
heç vaxt da görməyəcəyəm. Amma ONLARI
tanıyıram! Və ömrümün sonuna qədər də
unutmayacağam!..
ONLAR QƏHRƏMANDIR!
Amma filmlərdə gördüyümüz, yaxud haqqında
kitablarda oxuduğumuz o uzaq illərdəki müharibələrin
qəhrəmanlarından deyil. Bizim dövrümüzə təsadüf
edən və ölkəmizin zorla cəlb edildiyi bir savaşda
- buna VƏTƏN SAVAŞI deyərlər - Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda
döyüşə atılan igidlərdir! ONLARIN
adının qarşısında çox şərəfli və
hər kəsin qazana bilməyəcəyi bir təqdimat da var:
AZƏRBYCANIN MILLI QƏHRƏMANI...
Çingiz və
Mübariz mənim üçün fərqli qəhrəmanlardır!
Onlar Azərbaycanın ən yeni tarixinin QƏHRƏMANLARI
sırasındadır. Bizim üçün onların qəhrəmanlıq
göstərdiyi "meydan" və zaman çox uzaqda
deyil...
...Qarabağ mənim əcdadlarımın,
ulu babalarımın yurdudur. Çingiz Mustafayev Qarabağda
doğulmayıb. Bakıda anadan olub, Bakıda yaşayıb.
Birinci Qarabağ müharibəsi başlayanda paytaxtdakı
ev-eşiyini, iş-gücünü qoyub könüllü cəbhəyə
yollanıb, ən qaynar nöqtələrə üz tutub. Belə
deyək, rahat həyatına "əlvida" deyərək
özünü od-alovun, ən gərgin döyüşlərin
cənginə atıb, həm də bilə-bilə ki, getdiyi
bu yolda ölüm onu hər an yaxalaya bilər. Bu,
sözün əsl mənasında, VƏTƏN SEVGİSİ
idi! O, Vətənin ən çətin günündə
meydana atılıb...
...Xocalı. Bu
sözü eşidən kimi göz önünə müharibə,
məhv edilmiş şəhər, amansızlıqla qətlə
yetirilmiş insanlar gəlir. Göz önünə, həm də
Çingiz Mustafayev gəlir. O, əlindəki kamerası ilə
ilk dəfə Xocalı qətliamının ən dəhşətli,
ən ağrılı görüntülərini çəkib,
zaman-zaman tarix qarşısında heç nə ilə gizlədilə
bilməyən bir cinayəti, yerə-göyə
sığmayan bir xəyanəti, qanlı bir müsibəti
hönkürə-hönkürə, göz yaşının
dumanında lentin yaddaşına köçürüb, erməni
vəhşiliyini, erməni qaniçənliyini bütün
dünyaya sübut edib, Vətəninə göz dikən qəddar,
hiyləgər düşməni ifşa edib, Ermənistanı
xar edib. Budur VƏTƏNPƏRVƏRLİK. Sözdə yox, əməldə...
Yeri gəlmişkən...
Xocalı soyqırımı vaxtı biz ailəliklə
Ağdamda olmuşuq. Mən uşaq olmuşam - bir yaş
yarımlıq. Bu yaşda uşağın həmin hadisələri
xatırlaması inandırıcı olmaz. Heç mən də
xatırlamıram. Qardaşım isə Xocalı faciəsindən
5 gün sonra anadan olub...
Böyüyəndən
sonra valideynlərimdən eşitdim, müəllimlərimdən
öyrəndim, kitablarda oxudum, filmlərdə, Çingizin
çəkdiyi kadrlarda gördüm Xocalı dəhşətlərini...
Orta məktəbdə
oxuyanda hər il fevral ayının 26-da "Xocalı dərsi"
keçərdik. Şeirlər söyləyər, səhnəciklər
göstərərdik. İndiki kimi yadımdadır, uşaq
olsaq da, bu səhnəcikləri oynamaq çox çətin
idi. Özümüzü ağlamaqdan güclə
saxlayardıq...
Beşinci sinifdə
oxuyanda Xocalı haqqında inşa da yazmışdım. İndiki
kimi yadımdadır, həmin yazı. Belə bir fikir vardı
orada: "Mən Anamı, Atamı, qardaşımı
çox sevirəm... Düşünəcəksiniz ki, bunun
Xocalıya nə dəxli var? Yox... Xocalı haqqında oxuduqlarımdan,
bildiklərimdən məni ən çox ağrıdan,
qorxudan bir hadisədir. Xocalıda 8 ailənin bütün
üzvlərini öldürüb ermənilər. Bu ailələrdən
heç kim qalmayıb... Mən ataları, anaları,
qardaş-bacıları öldürən ermənilərə
nifrət edirəm..."
İndi bunları xatırlamaq
belə adamı üşüdür. Amma bunu yada salmaqda məqsədim
var. Çingiz ona görə QƏHRƏMANDIR ki,
həyatını təhlükəyə
ataraq bütün bunları olduğu kimi lentə alıb, ermənilərin Xocalıda kökünü
kəsdikləri həmin
o səkkiz ailənin,
Yer üzündən sildikləri bütöv bir nəslin eşidilməyən harayını
aləmə "yayıb"...
Çingiz
Laçını tərk edən döyüşçüləri
geri qaytarıb, onları Vətənin müdafiəsinə
haraylayıb, hər kəsi özü ilə
döyüşlərə aparmaq istəyib, "Mən də
sizinlə qalıram" deyib, təki murdar düşmənin
ayağı Laçına, Şuşaya... dəyməsin...
...ANS kanalında bu
kadrı tez-tez göstərirlər. Hər dəfə bu
kadrlara baxanda insanın qanı coşur. Fikrimcə, tək bu
epizoda baxıb silaha sarılmaq olar!... Laçının
göz görə-görə getdiyini görən, bunu əngəlləmək
istəyən Çingiz haray çəkir, yaralı qartal
kimi çırpınır, var gücü ilə
qışqırır, təki nahaqdan təşvişə
düşərək Laçını tərk etmək istəyən
əsgərləri geri qaytarsın! Qarabağ dərdini əyninə
geyinmiş Çingiz hətta onları söyür... Həmişə
bu epizoda həm qürur, həm göz yaşı ilə
baxır, yumruqlarımı düyünləyib
düşünürəm: "Mən mütləq
Qarabağa gedənlərin ön cərgəsində
olacağam..." Və inanıram ki, həmin gün uzaqda deyil...
***
...O günün uzaqda
olmadığını Çingiz Mustafayevin 50 illik yubileyi ərəfəsində
Azərbaycanın bir MUBARİZ oğlu da sübut etdi. Cəsurluğu
ilə öz millətinin, xalqının əzəmətini
bir daha dünyaya nümayiş etdirdi. Ermənilərə
mesaj göndərdi: bu xalqın, bu millətin hər bir
övladı istənilən anda irəli atılmağa,
düşməni enməyə qadirdir! Azərbaycan
oğulları bir çağırışa bənddir!.. Bir
Vətən təəssübkeşinin "Ən
böyük sevgi Vətən sevgisidir, bu məhəbbət
fövqəladə vəziyyətlərdə,
ölüm-dirim çağlarında daha qabarıq aşkara
çıxır" fikrini indi bütün Azərbaycanın
iftixarı olan 22 yaşlı MÜBARİZ AĞAKƏRİM
OĞLU İBRAHİMOV həqiqətə, gerçəyə
çevirdi.
Mübariz Qarabağ
müharibəsi təzə-təzə başlayanda anadan olub
- 1988-ci ildə. Qarabağdan xeyli uzaqda - Bİləsuvarda.
Daxili Qoşunların Xüsusi Təyinatlı
bölüyündə hərbi xidmət keçib,
çavuş rütbəsi alıb. 2009-cu ilin avqustunda öz
arzusu ilə yenidən hərbiyə qayıdıb. Etiraf edək,
o, yenidən cəbhə bölgəsinə qayıtmaya bilərdi,
hərbi xidmətini başa vurmuşdu, axı! Elə isə
onu yenidən ən qaynar cəbhə bölgəsinə
qaytaran nə idi? Əlbəttə, vətənpərvərliyi.
Vətənində at oynatmaq istəyən ermənilərə
keçmək istədiyi İGİDLİK DƏRSİ! Bu məqsədi
valideynlərinə yazdığı məktubda şox
aydın görünür: "VƏTƏNİN DAR
GÜNÜNDƏ ARTIQ ÜRƏYİM DÖZMÜR..."
2010-cu il iyunun 18-dən
19-na keçən gecə Tərtərin Çaylı istiqamətində
Ermənistan silahlı qüvvələrinin növbəti
hücumu zamanı artıq "ürəyi dözmür"
Mübarizin, ermənilərə ibrət dərsi vermək
vaxtının çatdığını anlayır,
bütün vücudu və ruhu ilə irəli atılır,
təkbaşına mərdliklə vuruşur, bir neçə
erməni əsgərini məhv edir, "Vətən sağ
olsun!" deyə özü də şəhid olur. Ən böyük
arzusu olan ŞƏHİDLİK
ZİRVƏSİNƏ ucalır...
Mübarizin valideynlərinə
yazdığı son məktubunu təkrar-təkrar oxudum. "...Canım
Atam və Anam. Məndən sarı darıxmayın.
İnşallah, cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar
günündə artıq ürəyim dözmür. Allaha
xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik
tapar. Şəhid olandək bu şərəfsizlərin
üzərinə gedəcəyəm. Şəhid olsam,
ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. ...Allah böyükdür, Vətən sağ
olsun! Haqqınızı halal edin. Oğlunuz Mübariz." Məncə,
bu məktubun özü elə bizim hər birimiz
üçün İGİDLİK DƏRSİDİR...
Bugünədək
heç kim onu tanımırdı. Ölümü ilə
ölümsüzlüyə ucalan MÜBARİZ Azərbaycan
üçün yenidən doğuldu. İndi o, tək bir
Ata-Ananın, bir elin, bir obanın yox, bütöv Azərbaycanın
oğludur! İyulun 22-də Dövlət
başçımız İlham Əliyevin Mübariz
İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı
verilməsi barədə Sərəncam imzalaması bunu bir
daha təsdiq etdi. Bu qərar dövlətimizin tək
Mübarizə yox, bütün Vətən şəhidlərinə
ehtiramını ortaya qoydu. Bu qərar Prezidentin, həm də
bu QƏHRƏMANLARI yetirən torpağa, valideynlərə
hörmətini təsdiqlədi. Bu qərar dünyanın ən
ağır dərdi ilə üz-üzə qalan bir Ananın
yarasına məlhəm oldu, alışan ürəyinə su
səpdi. Bu qərar bir də onu göstərdi ki, bu Vətən
bu Vətəni sevənləri, qoruyanları heç vaxt
unutmur...
Mən televizorda
Mübarizin valideynlərini görəndə sinəsi oğul
dağı ilə bu dünyadan köçmüş
Xanım nənəmi, Həmdəm babamı xatırladım.
İgid oğul itirən Ata-Anaların
üzüntüsünü yaxşı başa
düşürəm. Amma Vətən yolunda
ölümüylə ailəsinə başucalığı
gətirib, onlara bu torpaqda məğrur yaşamağa haqq
qazandıran oğullar da çox deyil...
Bütün
MÜBARİZLƏRİN analarına səslənirəm:
Başınızı uca tutun! Əgər sizin
övladlarınız dünyaya İGİDLİK DƏRSİ
keçiblərsə, bununla ancaq öyünün!...
MÜBARİZ yolu qəhrəmanlıq
yoludur, MÜBARIZƏ yoludur. Nə qədər ki, elan
olunmamış Azərbaycan-Ermənistan müharibəsi bitməyib,
Qarabağ düyünümüz açılmayıb, nə
qədər ki, dədə-baba ocaqlarımıza aparan yollar
üzümüzə bağlıdır, nə qədər
ki, Şuşa, Laçın nisgilimiz, qübarımız
bizimlədir, MÜBARIZ YOLU davam edəcək, bu yoldan çox
igidlər keçəcək...
***
...İyunun 19-da şəhid
olan Mübarizin cəsədi hələ də ermənilərdədir.
Onlar igid əsgərimizin cəsədini qaytarmaq istəmir,
"Bizdə yoxdur" deyə... İnsanlığa
sığmayan daha bir erməni vəhşiliyi! Avqustun 2-də
isə mənfur ermənilər Mübariz İbrahimovun cəsədinin
fotolarını İnternetdə yaymaqla öz
riyakarlıqlarını bir daha nümayiş etdirdilər...
Düşmən bununla
bizə göz dağı verdiyini düşünürsə,
yanılır. Əksinə, bu, qanımızı coşdurdu,
qisas hissimizi daha da alovlandırdı, intiqamımızı bir
az da yaxınlaşdırdı. Mən o şəkildə də
qəhrəman Mübarizlə fəxr etdim! Düşmən
onun cansız vücudundan belə qorxur! Belə olmasaydı, əllərini
bağlamazdı!..
Çingizin çəkdiyi
kadrlara baxanda keçirdiyim hisslər bir daha qəlbimi
bürüdü, Viktor Hüqonun bir fikrini xatırladım:
"Əgər sürgündə on fransız qalsa, mən də
onların arasında olacağam. Əgər ikisi qalsa, mən
də onların biri olacağam, əgər biri qalsa, o bir nəfər
də mən olacağam..."
Bir də, qoy ermənilər
Mübarizin cəsədini verməməklə öyünməsinlər,
buna sevinməsinlər. Çünki MÜBARİZ öz
torpağındadır, öz Vətənindədir!
Mübarizin cəsədi Vətən torpağına
qovuşacaq, vücudu bir ovuc Vətən torpağına
dönəcək, ruhu Vətən göylərində pərvaz
edəcək! Biz MÜBARİZİ qəlbimizdə dəfn
etmişik! Siz isə bizim torpaqlarımızda müvəqqətisiniz.
Bu yerlərin dünəni də bizim olub, sabahı da bizim
olacaq. Bu torpaqdan qovulacağınız günə çox az
qalıb! Bizim Qarabağa gəlişimizlə xar
olacaqsınız! İndi oğullu-qızlı hər birimizin
içində bir MÜBARİZ var. Bu MÜBARİZLƏRİN
çəkici bir zindana vurub irəli atılacağı
gün gəlir! Bu
günə hazır olun! Qisas qiyamətə
qalmaz! Tarixi hər birimiz üçün şərəfli,
qürur duyulası tarixə çevirən Azərbaycan övladlarının
ruhuna rahatlıq bəxş edəcəyimiz
gün çox yaxındadır!..
P.S. 29 avqust Çingizin doğum günüdür. 50 yaşı tamam olur. Eşidəndə ki, ANS onun
50 illik yubileyini 50 gün qeyd edəcək,
çox kövrəldim
və qürurlandım.
Çingiz 32, Mübariz
22 yaşında şəhid
olub... Qəhrəmanlar
ölmür... Əksinə,
onların doğum və ölüm günləri "qəhrəmanlıq
və cəsarətə
çağırış günü"nə çevrilir...
Sitarə Cabbarlı
Ədalət.- 2010.- 6 avqust.- S. 3.