DÜNYANIN ƏN GÖZƏL
ÖLÜSÜ
(Mübariz İbrahimovun ruhuna)
Mənim bir "Dolu" romanım var. Bütün
canımı, qanımı,
ruhumu qoymuşam bu əsərə. Amma istədiklərimin
10 faizini yazmağa qüdrətim çatıb.
Bunun həm obyektiv, həm də subyektiv səbəbi var. Ömür
imkan versə, yəqin ki qalan
90 faizini də olmasa, 50 faizini qələmə ala biləcəm.
Azərbaycanın görkəmli
alimi, professor Tofiq Hacıyev bu romanı oxuyandan sonra qəzetlərdə çıxış
eləmişdi və bu romanı Azərbaycanın "Hərb
və sülh"ü
adlandırmışdı. Bu
çox böyük və qeyri-adi qiymət idi və Tofiq müəllimə
söz verirəm ki, onun bu
qiymətini növbəti
əsərlərimdə doğruldacağam.
Niyə özümlə başladım
yazını? Çünki mən bu əsəri tamamlayandan sonra təbii ki, ilk senzorum və oxucum xanımım oxudu. Mən əsərin adını
"Dünyanın ən
gözəl ölüsü"
qoymuşdum. Və
xanımım etiraz elədi, dedi ad oğurluqdu, bəli-bəli,
beləcə dedi ad oğurluqdu, çünki
Markesin bu adda əsəri var. Mən də Markesin həmin adda əsərini oxumuşdum, amma bu əsərə bundan gözəl ad tapa bilməmişdim. Yəni adın oğurluğu ola
bilməz. Yəni Azərbaycanda neçə
min Aqil var. Nə mənim atam məndən əvvəlki
"Aqil"lərin adını
oğurlayıb, nə
də məndən sonra doğulanların ataları mənim adımı oğurlayıb.
Amma xanımımla razılaşmaq məcburiyyətində
qaldım və əsərin adını da xanımım qoydu: "Dolu". Və əsər elə bu adla da
böyük uğur qazandı.
Niyə mən əsərin adını "Dünyanın
ən gözəl ölüsü" qoymuşdum? Çünki
mənim üçün
əsərimin qəhrəmanlarından
biri Pələngin ölümündən gözəl
ölüm ola
bilməzdi. Pələng bu dünyanın
ən gözəl ölüsü idi.
Qız görməmiş,
Sinəsindən yaralanıb
Səngərlərdə qalanların xətrinə
Çiçəkləri ayaq altda atmayın.
Haçansa belə bir şeir
yazmışdım. Və o vaxt
ağlıma gəlməzdi
ki, Azərbaycanda bir savaş olacaq və minlərlə "qız
görməmiş" oğlanlar
sinəsindən yaralanıb
səngərlərdə qalacaq.
Pələng də sinəsindən yaralanıb səngərlərdə
qalan həmin o minlərlə qız görməmiş şəhidlərimizdən
biri idi. Elə ona
görə də mən onu dünyanın
ən gözəl ölüsü adlandırmışdım.
Mən bu yazını yazmaq istərkən senzorum və ilk oxucum onu da dedi
ki, "Dünyanın
ən gözəl ölüsü içimizdə
ölən arzularımızdı".
Buna da qayıdarıq.
Bu gün mənim üçün dünyanın
ən gözəl ölüsü Mübariz
İbrahimovdu.
Mübariz İbrahimov
"Dolu" romanındakı
həm Komandirdi, həm Drakondu, həm Pələngdi, həm Qeyrət Dağarcığıdı, həm
də adlarını yazmadığım və
adlarını əzbər
bilmədiyimiz Qarabağ
savaşında şəhid
olmuş dünyanın
ən gözəl ölülərindən biridi.
Bəzən bir insanın ölümü bir ölkəni, bir milləti silkələyə
bilir. Və təbii ki,
həmin insan dünyanın ən gözəl ölüsüdürsə.
Və Mübariz İbrahimovun qəhrəmancasına ölümü
bu milləti silkələdi. Sanki hər kəsin yaxasından yapışıb
silkələdi. Millətin şoulardan
toz basmış ruhunun üstündəki tozu təmizlədi. Necə ki, Ramiz Rövşən
yazır ki, mən sözün tozunu sildim, Mübariz də millətin ruhunun tozunu sildi.
Və gördük ki, millət hər an öz torpağını düşmən işğalından
azad eləməyə
hazırdır. Və gördük ki,
millət bu istəklə, bu arzuyla yanır, qovrulur. Və gördük ki,
millət Mübariz kimi "Dünyanın ən gözəl ölüsü" olmağa
hazırdı.
Bu Mübarizin ikinci böyük qəhrəmanlığıdı. Milləti
silkələmək, milləti
döyüş ruhunda
kökləmək...
Şair Nüsrət
Kəsəmənli yazır:
"Heyratı" tökülür
yəhərə burda...
Və Mübariz milləti "Segah"dan qoparıb
"Heyratı"ya qaldırdı. Mübarizin tökülən
o qanı qan deyildi, "Heyratı"ydı.
Ermənilər internetdə "Dünyanın
ən gözəl ölüsü"nün şəkillərini
yayımlayıb. İndi deyirlər odur,
o deyil, bizimkilər buna etiraz ediblər
ki, niyə yayımlayıblar, bu vəhşilikdi. Ən qəribəsi
budur ki, 20 mindən artıq oğlanı şəhid eləyən, yüz minlərlə insanın evini-eşiyini yandıran ermənilərdən mədəniyyət
gözləyirmişlər. O vəhşiliklərin yanında
bu nə vəhşilikdir ki?
Və ən böyük problem də Mübarizin nəşinin qaytarılmasıdı.
Bacımın əri Qarabağda şəhid olmuşdu. Ermənilər nəşini vermirdilər.
Və bizimkilər bunu ən böyük faciə kimi qəbul edirdilər.
Amma bu mənim üçün
faciə deyildi. Amma qohum-əqrəbanın
tənəsi... nə
isə... Min bir
müsibətlə, nələrin
hesabına və təbii ki, döyuşçü dostlarımın,
Drakonların hesabına
cəbhə xəttini
keçdik, əsgərlərimiz
bir erməni zabitini diri götürdü,
üç əsgəri
də öldürüb
meyidi gətirdilər
bu üzə. Ermənilər dedilər ki,
zabiti verin (mənim bacımın əri də zabit idi, polis kapitanı) sizin adamınızın nəşini
verək. Mən
qətiyyətlə etiraz
elədim . Dedim dünya
dağılsa da mümkün deyil. O zaman Ağdamda komandan olan Adik
Mehdiyevə dedim ki, qardaş, kimlə istəsən dəyişə bilərsən.
Və qohum-əqrəbaya
da dedim
ki, bizim şəhidimizi nə Los-Ancelesə aparıblar, nə də İrəvana. Qarabağda, hardasa basdırıblar.
Vətən torpağında yatır,
nə fərqi var ki, o torpaq
ya işğal altındadı, ya yox.
Nazim Hikmət
yazır:
Ölülərimizi
bərəkət toxumu tək
basdırırıq torpağa,
gah Praqada,
gah Varnada,
gah İstanbulda...
Biz də dünyanın 20 mindən çox ən gözəl ölüsünü bərəkət
toxumu tək basdırmışıq torpaqlara. Gah Ağdamda, gah Şuşada, gah Laçında...
Və Mübariz İbrahimov həmin bərəkət
toxumlarından biridir. Bir gün
göyərəcək, gül
açıb çiçəkləyəcək,
çinar olub boy atacaq və biz azad olmuş torpaqlarımızda onu ziyarət edəcəyik.
Mübariz İbrahimovun atasına
bircə toxtaqlıq verə bilərəm.
Ey "Dünyanın
ən gözəl ölüsü"nün atası!
Sənin
oğlun bu dəqiqə İmam Hüseynlə, Həzrəti
Abbasla Zəm-zəm bulağının qaynadığı
yerdə bir ağacın altında oturub dərdləşirlər.
Dünyada bundan da böyük xoşbəxtlik ola
bilərmi?
Sən dünyanın ən xoşbəxt övladlarından
birinin atasısan.
Və sənin oğluna möhtərəm prezidentimiz
İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adını
verib. Bu hər
ataya nəsib olan bir şey
deyil.
Aqil ABBAS
Ədalət.- 2010.- 6 avqust.- S. 1, 3.