TƏXƏLLÜSÜ ADINI UNUTDURAN ADAM...
Ədəbiyyatşünasların, tarixçilərin əksəriyyəti
19-cu əsri dünya sivilizasiyasında
maarifçilik dövrünün
ən yüksək mərhələsi
hesab edirlər. Əslində burada inkaredilməz bir gerçəklik
vardır. Çünki məhz
bu dönəmdə elmin
və ədəbiyyatın, incəsənətin
şedevrləri üzə
çıxdı, yaradıcı təfəkkürün, bədii
zövqün, şüurlardakı
intibahın... sistemləşməsi prosesi
yekunlaşdı. Bundan sonrakı inkişaf insanlığın
bütün əsrlər boyu
keçdiyi tərəqqidən
fərqli olaraq daha
sürətli, daha rəngbərəng
olsa da, hətta bir çox hallarda özündənəvvəlkiləri inkar edə
biləcək səviyyədə modern, yeni hesab
edilsə də, təhqiqatçılar bunları müxtəlif
adlarla adlandırıb, nəzəri təhlillər
versələr də, əslində sonrakılar əvvəlcədən
qoyulmuş bünövrənin üstündə
qurulan cürbəcür
eksperimentlərin
sınağından başqa bir şey deyildi.
Həm formaca, həm
də məzmunca. (Nə bilmək olar, bəlkə də 19 əsr
bir də 29-cu əsrdə
təkrarlanacaq).
Lakin nə olursa-olsun, danılmaz bir həqiqət
mövcuddur. Bütün hallarda insani duyğuların
saflaşmasında, bədii zövqünün
formalaşmasında, təbii hisslərin bəslənməsində,
düşüncə tərzinin və mənəviyyatın
yetkinləşməsində, ümumilikdə insana xas dəyərlərin
kamilləşməsində yaradıcı adamların əvəzsiz
rolu olmuşdur. Məncə onlarsız insanlıq indi tamam
başqacür olardı. Füzulisiz, Şekspirsiz,
Dostoyevskisiz, Rafaelsiz, Bethovensiz, Hüqosuz...
Elə Jorj Sandsız da...
Bu həmin dövrlər idi
Avropa
romançılığı özünün ən parlaq
dövrünü yaşayırdı. Biri-birindən gözəl
əsərlər cəmiyyətə təqdim edilirdi. Teatr
tamaşaları, ədəbi-bədii proseslər cəmiyyətin
müzakirə etdiyi ən populyar mövzular idi. Xüsusilə
Fransada dünyaya səs sala bilən əsərlər
yaranırdı. Volter(lər), Russo(lar), Hüqo(lar)...
doğulurdu. Fransa romançılığı dünyaya səs
salırdı. Və bu sırada dayanan ən nəhəng
simalarından biri də Jorj Sand idi.
Varlı nəslin nümayəndəsi
olsa da onun valideynləri
çox qarışıq, çox mürəkkəb həyat
yaşamışlar. Lap o dövrün sertmental əsərlərində
olduğu kimi. Gələcək yazıçının
atası - Morisin anası Sofi-Viktoriya ilə evlənənədək
nigahdankənar bir övladı olmuşdur. Ailə əvvəlcə
Parisin 150 kilometrliyində yerləşən Noanda yaşasada
sonradan tale onları bir neçə yerdə ömür sürməyə məcbur
etmişdir. 1804-cü il iyulun 1-də Avrora dünyaya gəlmişdir.
Avroranı anasına görə uzun müddət ata nənəsi
və yaxınları sevməmiş, yaxına
buraxmamışdılar. Amma sən demə qarşıda bu
balaca qızcığazı basşqa
sürprizlər də gözləyirmiş. Avrora hələ
uşaq yaşlarında olarkən atası adi qəza nəticəsində
ölmüşdü, o anası ilə köməksiz
qalmışdı. lakin bu bədbəxt hadisə ata nənəsi
- qrafinya Dyupenin balaca qıza qarşı münasibətini dəyişmişdi.
Bununla belə bu qrafinya belə hesab edirdi ki, Sofi-Viktoriya onun nəvəsinə
aristokrat tərbiyəsi verə bilməyəcək.
Qızcığazın anası isə övladını gələcək
mirasdan məhrum etməmək üçün onu nənəsinin
yanında qoyaraq Parisə gəlmişdir. Bundan sonra Avrora və
ögəy qardaşı İppolitlə xüsusu müəllimlər
məşğul olmağa başlamışdır. Amma nə
özəl müəllimlər, nə varlı həyat
qızcığazın kiçicik qəlbini ovundura bilməmişdi.
Sonralar Fransanın böyük yazıçısına
çevrilən Amandina Avrora Lüsil bu hadisə haqqında
yazmışdı: "Anam və nənəm bununla mənim
ürəyimi parça-parça böldülər"
Bundan sonra nənəsi
Avroranın anası ilə əlaqələrini tamam kəsmək
üçün qadağalar tətbiq etməyə
başladı. Hətta qız 12 yaşında ikən onu monastra
qoydular. Kitaba, oxumağa çox böyük həvəsi olan
Avrora Lüsil məhz burada dini-mistik ədəbiyyatla
tanış oldu və oxuduqları onun psixologiyasında dərin
izlər buraxdı. Hətta bu təsir onda asketik həddə
qədər gəlib çatdı. Monastrda yaxın adamlar
qızı bunlardan çəkindirməyə çalışsalar da ilk vaxtlar bu
mümkün olmadı. Qrafinya nəvəsinin tərk-dünya
olacağından qorxuya düşdüyü üçün
onu yanına gətirdi və onu ərə vermək istədi.
Belə məlum olur ki, nənəsinin istədiyinin əksi
olsa da bu, baş tutdu. Avrora Lüsil 17 yaşında olarkən
qəflətən bildirdilər ki, ona Noandakı
yaxınlarından böyük bir sərvət miras qalıb. Anası
ilə nənəsini barışdırmaq cəhdlərindən,
onların bitməyən mübarizəsindən, uşaq
yaşlarından üzləşdiyi həyəcanlardan
artıq yorulmuş Avrora Lüsi Noyanı tərk etmək qərarına
gəldi. Onun istədiyi şəhərə köçməsi
üçün artıq heç bir maddi çətinliyi yox
idi. Amandina Avrora Lüsil Parisə gəldi və bu
böyük şəhərin qaynar həyatı elə ilk
vaxtlardan onunçün yeni maraqlar yaratdı.
Paris həyatına başlayan
Avrora Lüsil
anasının etirazlarına baxmayaraq 19 yaşındaykən ikinci dəfə
ailə həyatı qurmağa qərar verdi. Seçdiyi
kişi - Kazimir Dyudevan nə musiqi, nə ədəbiyyatla
maraqlanan deyildi. Eləcə əyalət masştabında olan
siyasətlə məşğul idi, bir də ova getməyi
xoşlardı. Bir il sonra Avroranın Kazimirdən bir
övladı dünyaya gəldi. (Onların iki övladı
olmuşdur). Əslində isə onun ailə həyatı bu dəfə
də gətirməmişdi. Onun davranışları da fərqli
idi. Uşaqlıq dövrlərindən uğursuzluqlar
yaşayan Avroranı tez-tez melanxolik əhval-ruhiyyə
bürüyürdü ki, bu da onun ərini çox
qıcıqlandırırdı. Həmin ərəfədə
həyat Avroraya daha bir sarsıntı yaşatdı. 1821-ci ildə
ona nənəsinin ölüm ayağında olduğunu dedilər.
Nənəsi onu yanına çağırtdırdı. O istəyirdi
ki, ölümqabağı vəsiyyətdə Avrora da
iştirak etsin. Və orada Avrora ilə vidalaşıb sonuncu dəfə
nəvəsinin əlini sıxdı və dedi: "Sən özünün ən
yaxşı dostunu itirirsən". Və bu itki onsuz da
melanxolik xarakterli Avroraya dərindən təsir elədi...
1825-ci ildə Avrora əri
ilə səyahətdə olan zaman Orelean de Sez adlı bir nəfərlə
tanış oldu və
sonradan bu münasibətlər onların arasında sevgi
romanına çevrildi. Və qadın Noana qayıtdıqdan
sonra da Sezlə məktublar vasitəsi ilə əlaqə saxladı.
Bəzi təhqiqatçılar o vaxt yazırdılar ki,
yazıçının de Sezə sevgisi plotonik olmuşdur və
bu əlaqələrdə Kazimir Dyudevana xəyanətdən
söhbət getməməlidir. Amma maraqlıdır ki, elə
həmin illərdə Avrora Lüsil bir vaxtlar əlaqədə
olmuş Stefan Ajass de Qransenlə yenidən görüşməyə
başladı. 1828-ci ildə isə Avroranın Solanj adlı qızı
dünyaya gəldi. Və belə deyirlər ki,
uşağın atası məhz Qransendir. Ümumiyyətlə,
onun istər ailə həyatını, istərsə də
intim münasibətdə olduğu əlaqələrin
heç birini "uğurlu"
adlandırmaq olmaz. Hətta yazıçı dünyanın ən
məşhur musiqiçilərindən biri sayılan
Şopenlə birlikdə olmasından da, onunla intim əlaqələrindən
də narazı qalmışdır.
Hələ uşaq
yaşlarında nələrisə yazmaq, təxəyülündə
olanları təsvir etmək istəklərini ciddi şəkildə
gerçəkləşdirməyə qərar verdi və demək
olar ki, günün çox hissəsini yazmağa həsr etməyə
başladı. Onun fitri istedadı,
istədiyini qarşısındakına çatdırmaq
qabiliyyəti Avroranın işini asanlaşdırırdı.
O özünün əsl adından - Amandina Avrora Lüsil
Dyüpendən də əl çəkdi və
özünü Jorj Sand adlandırdı. İlk romanı -
"İndiana"nı nəşr etdirəndə onun 28
yaşı var idi. Roman gözləndiyindən də
böyük əks-səda doğurdu. Oxucular, tənqidçilər
uzun müddət bu əsər haqqında
danışdılar. Əminliklə demək olar ki, o bu romanla
adını ilk əsəri müəllifinə böyük
şöhrət gətirən yazıçıların
sırasına yazdı. Və artıq onu yazıçı
Jorj Sand adlandırmağa başladılar.
Romançılığı...
Çox çəkmədi
ki, yazıçının ikinci
romanı - "Valentina" çap
olundu. Bu ikinci uğurdan sonra Jorj Sand
özünü bütünlüklə
yaradıcılığa verdi və qısa zaman içərisində
"Melxior" əsərini yazdı. Üçüncü
romanı ilk əsərləri kimi səs-küy
yaratmadığına baxmayaraq yazıçı ruhdan
düşmədi. O yazmağa böyük ehtiyac duyurdu. Onun
yazmaq enerjisi o dövrdə bir sıra ədəbi tənqidçiləri
heyrətdə buraxırdı. Məhz bu enerjinin hesabına
idi ki, o 1833-35-ci illər ərzində beş roman
tamamladı. Bu əsərlərin hər birinin böyük
qızğınlıqla qarşılandığını
demək olmasa da hər halda fransızlar
bu gənc romançını artıq tanıyır,
kitablarını, yeni əsərlərini gözləməyə
başlamışdı. Bundan başqa, Jorj Sandı çox
az müddət ərzində ədəbi mühit də
tanımışdı. Onun
Fransanın böyük yazıçısı Viktor Hüqo
ilə yazışdığı da məlumdur.
1848-ci il 15 mayda Fransada
baş verən hadisələr, siyasi keşməkeşlər
də yazıçının bu dövrlərdəki əsərlərində
öz əksini tapdı. Bütün baş verənlərə
özünəməxsus yanaşma tərzi olan Jorj Sandın hətta
həmin vaxtlar həbs olunduğu da deyilir. Hətta o da
bildirilir ki, yazıçı suçlanan bəzi
respublikaçıların həyatını uçrumdan
qurtarmağa nail olmuşdur.
Şəxsi həyatında
daim müxtəlifcür macəralar yaşayan Jorj Sandın
demək olar ki, heç zaman normal hesab ediləcək nə
ailəsi, nə də sonadək sevdiyi, və ya sadiq
qaldığı məhəbbəti
olmuşdur. Hətta onun haqqında yazılanlarda Sand gah
bioseksual, gah lesbiyanka, gah da friqid olduğu göstərilir. Amma
onun 60 yaşınadək sevgililərinin olması məlumdur.
Bütün bunlara baxmayaraq Jorj Sandın nəinki fransız
romançılığında, hətta bütövlükdə
Avropa prozasında əvəzsiz yeri vardır. Böyük
yaradıcı enerjiyə, parlaq istedada, özünəməxsus
üsluba malik Jorj Sand çox böyük ədəbi irsə
malikdir. O, 35-ə yaxın romanın, 70-dən çox nəsr
əsərinin və digər yazıların müəllifidir.
Əsərləri demək olar ki, dünyanın əksər
dillərinə tərcümə olunub. O dövrün bir
sıra tənqidçiləri deyirdilər ki, Jorj Sandsız
Fransa nəsrinin bir tərəfi havada qalardı.
1870-ci ildən sonra Jorj
Sand yaradıcılıqla demək olar ki, əvvəlki enerji
ilə məşğul olmayıb. Onun yaradıcılıq
xronikasına nəzər yetirəndə məlum olur ki,
yazıçı son altı ildə cəmi bir neçə
iri nəsr əsərini
tamamlayıb. 72 ilədək ömür sürən Jorj Sand
1876-cı il 8 iyunda həyatının sonuna gəlib
çatdı. Və o, Noanda vəfat etdi. Və bu istedadlı
yazıçının tarixdəki
yerini Viktor Hüqonun bir cümləsi ilə təyin etmək
mümkündü. Jorj Sandın ölümündən
sarsılan böyük Hüqo yazmışdı: "Onun
ölümünə ağlayır, ölməzliyini
salamlayıram".
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 10 avqust.- S. 3.