ÇAR QATİLLƏRİNİN
İTTİFAQI
(Əvvəli ötən
şənbə sayımızda)
...Beləliklə,
məhkəmədən sonra Lev Tixomirov azad edilir və Sofya
Lvovna da əlbəttə ki, özünü bu saxta
kəbindən doğan "evlilik"
şərtlərindən tam azad hesab edir. Amma
olanlar olmuşdu, yəni Tixomirov Sofya Perovskayaya vurulmuşdu,
özü də əməlli-başlı! Üstəlik onun
vaxtı-zamanı gözləmək niyyəti də yox idi,
odur ki, o, Sofya Perovskayaya evlənmək təklif edəndə
bu təklifin çox ciddi şəkildə
qiymətləndiriləcəyini fikirləşirdi. Amma
Pixomirov bir şeyi unudurdu ki Sofya Lvovnanın inqilabi işi,
borcu yaddan çıxararaq sevgi məsələləriylə
məşğul olan kişilərdən zəhləsi gedir.
Onlara qeyri-ciddi adam kimi baxır. O, sevən, vurulan, eşq
əlində əsir olan kişilərə - "arvadbaz"
damğası vuraraq onlara istehzalı bir münasibət
göstərir və ətrafında olan kişilərdən
az sayda adama mərhəmətlə yanaşaraq, necə
deyərlər onları "adam yerinə" qoyurdu. Bu
"qadın patriot" hətta bu fikirdəydi ki, əgər
kişi qadına hər hansı şəkildə möhtac
olduğunu etiraf edirsə, deməli onda "kişilər
qadından çox aşağıda dayanan varlıqlardan"
artıq bir şey deyillər.
Sofya yazır: "Azadlıq
uğrunda döyüşənlərin də xoşbəxt
olmaq səlahiyyətləri var və əgər bu
səadəti onlara kəbin verəcəksə, onlar bundan
imtina etməməlidirlər, hətta bu səadətin
ömrü lap az olsa belə. Amma mən kimisə ürəkdən və
dəlicəsinə sevsəm belə, həmin vaxt
fikirləşəndə ki, mənə doğma olan adamlar
eşefotlarda, zindanlarda məhv edilir, onda ürəyimdə
heç bir hiss qala bilməz. Xalq Despotizmin əlində
əsir-yesir olanların sevmək haqqı onların
azadlığından sonra başlamalıdı".
Sofya oxumağı,
mütaliəni sevirdi. Amma bu inqilabçı,
təşviqatçı xanımın əlinə revolver
almağıyla onun dəhşətli bir terroristə
çevrilməyi bir anda baş verirdi. Belə anlarda bu
xanım üstündən-başından qan qoxusu
gələn ölüm kabusuna çevrilirdi və hətta
"Narodnaya volya"nın bu inqilabçılar
yuvasının İcraiyyə Komitəsinin üzvləri
də ondan artıq çəkinirdilər. "Narodnaya
volya"nın nüfuzlu başçılarından Andrey
İvanoviç Jelyabov - "Bu qadınla heç kim bacara
bilməz və ona kiminsə gücü çatmaz. O, bir
qadın yox, ölümün özüdür" fikrini
gündəliyinə yazmaqdan özünü saxlaya bilmir.
Jelyabov "Narodnaya volya"nın rəhbərlərindən birinə
çevrilənə qədər milyonlarla təhkimli
kəndlilərdən biriydi. O, tez evlənmişdi və
bu evlilikdən bir oğul da qazanmışldı. Andrey Jelyabov
güclü bir adamıydı və hətta onun bu fiziki
gücü qarşısında duruş gətirə
biləcək adamı indi təsəvvürdə
canlandırmaq belə çətindir. Jelyabov
üçün qadınlar olsa-olsa evdə
çalışan, təsərrüfatı yola verən bir
varlıq idi və bu adam 1879-cu ilə qədər
dövlətin onu yüklədiyi hər cür şərt
altında bir növ "xoşbəxtcəsinə"
yaşamaqdaydı. 1879-cu ildə isə Andrey Jelyabov
birdən-birə hər şeyi, ailəsini,
təsərrüfatını - bir sözlə
olan-olmazını atır və inqilabi işə qoşulur.
Rus nağıllarındakı bahadırlara daha çox
oxşayan Jelyabov daima qadınların diqqət
mərkəzindəydi və əlbəttə ki,
həyatında az qadın görməmişdi, amma o,
sevmək, vurulmaq kimi xülyalardan çox uzaqda qalan bir adam
idi. Romantik bir sevgi onun üçün haçansa eşitdiyi
nağıllardan başqa bir şey deyildi və o, belə
hesab edirdi ki, əgər qadına vurulursansa, onun eşqinə
möhtacsansa, deməli ağlını itirmisən.
Qadınlar sadəcə olaraq müvəqqəti istifadə
üçün yararlı materialdırlar - - bax, Jelyabov
elə bu cür düşünürdü və Sofya
Perovskaya da onun "başı olmayan arvadbaz" kişi kimi tanıyır,
qiymətləndirirdi. Hər şeyin gec-tez bir
sonluğu olur və çox qəribə idi ki, bu
"arvadbazla" - Jelyabovla Sofya Perovskaya az müddət
içərisində bir-biri ilə "yaxınlaşmağa"
macal tapırlar və özü də bu "işə"
Sofya Perovskaya könüllü razı olur. İdeoloji
məsələlərin müzakirəsində Sofya
Perovskayanı Jelyabov "bu müzakirələr məni
boğaza yığdı" şəklində
yaxasını onun əlindən qurtardığı
günlərin birində heç nə demədən,
heç nə təklif etmədən Sofyanı
yaşadığı mənzilə aparır.
İyirmialtı yaşlı
Sofya ilk dəfədir ki, həmin vaxt vurulur və ilk
dəfə kişi ağuşuna
düşürdü. O, indi dəli bir
adamı daha çox xatırladırdı və bu hissləri
deyəsən Jelyabov da artıq yaşamaqdaydı. O da ilk
dəfə idi ki, qadına vurulmağın nə olduğunu hiss
edirdi və az qala özünü əzabkeş bir əsir
kimi hiss edirdi.
1880-cı ildə İzmailov
polkunun I rotası, ev 18, otaq 23
ünvanında yeni sakinlər peyda olur. Mülkədar
Slatvinski, bacısı Lidiya Antonovna Voynova ilə birlikdə bu
ünvanda yaşayırlar. Slatvinski və Lidiya Voynova
adları altında bu ünvanın yeni sakinləri bir
başqası yox - elə Sofya Perovskaya ilə Andrey Jelyabov
idilər. Onların bir yerdə başladıqları bu yeni
həyatı cəhənnəmdən başqa bir şey
adlandırmaq mümkün deyil. Niyə? Ona
görə ki, bu iki terrorist ayrılıqda, tək olanda
güclü idilər, amma ikisi bir yerə düşən
andan onlar bu gücün itdiyini anlayırdılar. İndi onlar
yalnız bir-birini düşünməyə, qorumağa, sanki
qəsdən məhkum edilmişdilər. Qorxunun
nə olduğunu onlar təzəcə anlamağa
başlamışdılar. İndi bir-birini itirmək qorxusu
onlara yaşamağa mane olan ən birinci şərt kimi meydan
sulamaqdaydı və bu iki şəxs bir-biriylə
yaxınlaşanda, ilk gündən bilirdilər ki, baş
qoşduqları bu işin sonluğu ən yaxşı halda
zindan adlı yerə aparacaq. Bu romanın sonluğu
katorqa ilə bitə bilərdi, ən sonda isə dar
ağacıyla da...
Bu cür yaşamağın
nə olduğunu başa düşmək üçün
gərək özün həmin həyatı yaşayasan
və təbii ki, indi bunu anlamaq, təsəvvürə
gətirmək elə də asan iş deyil. Amma hər
nə idisə bu cür yaşamaq-yaşamaq deyildi,
sadəcə özünü yormaq, üzmək, canını
boğazına yığmaq deməkdi. Təsəvvür edin
ki, Sofya Perovskayanın həmin vaxtlar ilk dəfə ata
ocağı, doğmaları yadına düşür. Morskoy Nikola kilsəsi yaxınlığında
köhnə qonşuları Aleksandr Vladkina ilə rastlaşan
Sofya həyatında ilk dəfə hönkürərək onun
çiyninə sarılır "Əgər anama
yazığım gəlməsəydi, bax elə indi
özümü öldürərdim", - deyir.
Doğrudan da bu eşq deyilən şeyin adamı
üzməkdən savayı əlindən bir iş
gəlmirmiş...
Onlar cəmi sonluq olaraq bir il bir yerdə yaşayırlar və Sofya
Perovskayayla Andrey Jelyabov bu bir ilin cəmi bir gününü
bəxtəvər şəkildə, hər şeyi unudaraq
yaşayırlar. 1881-ci ilin girməyinə cəmi bir
gün qalırdı və onlar bütün peterburqlular kimi
yeni ilin gəlişini qarşılamaq üçün bir
yerdəydilər. Özü də Zabalkan prospektində dinamit
hazırlanan gizli emalatxanada...
- Cənablar, bu gün
heç bir iş görülməyəcək, bu gün bizim
yaşamağımız üçün bir fürsət
günüdür, - deyərək Andrey Jelyabov işçiləri
və bura dəvət olunanları salamlayır və
açılmış süfrə arxasına dəvət
edir. Bura yığışanlar isə
inqilabçı-terrorçular idi və gizli
"sxodkalara", partiya daxilindəki
münasibətlərə ömrünü həsr etmiş
adamlar Jelyabovun nə dediyini əslində başa
düşmürdülər... Sonralar həmin qonaqlardan biri
Vasili İqnatev xatırlayacaq ki, "Jelyabov həmin gün
özündən çıxmışdı, o, heç kimi
fikirləşməyə belə qoymurdu. O, oxuyur, rəqs edir,
az qala birbəbir hamını bacarığını
göstərməyə məcbur edirdi. Həmin gün qorxulu
şənlik havası məclisi başına
almışdı. Elə bil hamı başa
düşmüşdü ki, bir də bu cür gün ələ
düşməyəcək. Ay Allah, biz həmin gün
səfeh uşaqlara daha çox oxşayırdıq və
həmin gün bu bizim zərrə qədər də
vecimizə deyildi"...
Əsl kef
budur, elə deyilmi? Dinamitlə dolu bir otaqda rəqs etmək və sabahı
fikirləşmədən yaşamaq... Siz bunun nə demək
olduğunu başa düşürsünüzmü?..
27 fevral 1881-ci
ildə Jelyabov həbs edilir və buna qarşı
münasibət göstərmək istəyən "Narodnaya
volyaçılar" çarın
öldürüləcəyi günü həmin gün
dəqiqləşdirirlər. Nə olur-olsun 1 martda çar
öldürülməliydi! Bu işə rəhbərliyi isə
Sofya Perovskaya həyata keçirirdi...
Həmin
lənətlənmiş gün satın alınmış
hərbi gözətçilərdən İmperator kortejinin
hansı yoldan keçəcəyini öyrənən Sofya
Perovskaya baş küçədə dayanaraq, əl
dəsmalıyla partlayıcılarla silahlanmış
silahdaşlarına yolu nişan verir...
Hə, budur
imperator II Aleksandr Yekaterina kanalının
ətrafındakı məhcərə sallaqlı
vəziyyətlə söykənib, özü də qan
gölü içində. Hər yerdən lənətlər,
söyüşlər, yaralı iniltiləri eşidilir... II
Aleksandra bir vaxt qoca qaraçı falçının dediyi
sözlər axır ki, öz yerini tutur! "Sənə yeddi
dəfə hücum edəcəklər, yeddinci
dəfədən qorx"...
Həmin saatdan başlayaraq
Jelyabov ciddi sorğu-suala tutulur, amma o, həbsxanada
olduğundan bunun ona dəxli olmadığını əsas
götürür, yaxasını kənara çəkməyə
çalışır...
"Martın
3-də biz Sofya Perovskaya ilə Nevski prospekti ilə gedirdik. Qəzet satan
uşaqlar - Yeni teleqrama, yeni xəbər - deyərək
hamını qəzet almağa vadar edirdi. Qəzetlə
bərabər verilən vərəqədə
yayılmışdı ki, Jelyabov imperatora qəsdin
başında durduğunu etiraf edib. Sofya həmin
vərəqi oxuyub başını aşağı saldı,
bir-iki addım atıb durdu" "naradovolçu"
Tırnov həmin vaxtı öz xatirəsində belə
yaşadır...
Sofya üzdə belə sakit
görünür, amma artıq o, başını itirmiş
bir adam idi və nə etdiyini sanki
özü də bilmirdi. Onun sevdiyi bir adamın
başı üzərində ölüm ilgəyli bir
kəndir yellənməkdəydi. Jelyabovu
azad etmək üçün atılan hər bir addım
uğursuzluqla nəticələnir. Çarın
qatillərinin əzəli ümüdləri - xalqın
ayağa qalxması, barrikadalar qurulması xülya olaraq
qalır. Hətta it günündə yaşayan
kəndlilər belə dövlətin üzünə
"ağ olmağı" belə ağıllarına
gətirmirlər...
Az keçməmiş
ələ keçən terrorçulardan Rısokovun
yoldaşlarını satdığı xəbəri
yayılır və "Narodnaya volya"nın
rəhbərliyi Sofyanın dərhal Peterburqu tərk
etməsini tələb edir...
Sofyanı isə buna razı
salmaq üçün gərək Jelyabovu da azad edib ona
qoşmaq lazım idi, amma bu qətiyyən mümkün olmayan
bir iş idi...
EPİLOQ
3 apreldə,
saat səkkizə on dəqiqə qalmış Şpalernaya
küçəsində yerləşən ilkin dindirmə
təcridxanasını üstündə "Çar
qatilləri" yazılmış iki araba çıxır. Həmin arabaların
birincisində Rısokovla Jelyabov, ikincisində isə
terrorçular: Sofya Perovskaya, Kibaliç və Mikoyiv
oturmuşdular. Onların sinəsindən - "Çar
qatilləri" yazılmış lövhə
asılmışdı...
Həmin
günəşli, ilıq və həlim bir gündə
onları asdılar, özü də özlərini fəda
etdikləri xalqın gözü qarşısında. Xalqın oraya
toplanmış nümayəndələri isə yalnız
onlar asılan anda uğultulu bir səs çıxardılar
və bu uğultu təəssüf hissinə daha çox
oxşayırdı...
Asılmazdan bir an əvvəl Jelyabov yanaşı durduğu
Sofya Perovskayaya dönüb nəsə deyir, özü də
çox sakit şəkildə. Sofya isə ona sarı
başını çevirmədən gözünü
göylərə dikərək susur...
Sükut... Əbədi
rahatlıq və yoxluq... Hə, bir də lənətə
gəlmiş tarix... Bəs sonra?..
Sonrasını
bilən varmı?
Alim Məhərəmli
Ədalət.- 2010.- 7 avqust.- S. 13.