Çingiznamə

 

"Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə müharibə şəraitində olan ölkələrdə bu daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdürbu siyasət məqsədyönlü şəkildə aparılır".

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Azərbaycan və türk dünyası dünyaca məşhur Çingiz adlı oğulları ilə əbədi fəxr etməyə haqlıdır.

Çingiz Aytmatov!.. Qırğızıstanın yetişdirdiyi, bütün yer üzündə məlum dahi yazıçı. Öz xalqına və bütün türk qövmünə bəşəriyyət tarixində tayı-bərabəri olmayan, bir milyon misralıq "Manas" dastanı qədər şan-şöhrət gətirmiş sənət və söz qəhrəmanı!

Çingiz Əhmədov!.. SSRİ-nin və Özbəkistanın xalq rəssamı! Qədim şərq miniətürə sənətini yenidən dirildən və tam yeni rəsm məktəbi yaradan misilsiz fırça ustası və rənglərin dahisi!

Çingiz Abdullayev!.. Cəmi yüz əlli il əvvəl ilk realist nəsr əsəri, avropasayağı hekayə yaratmağa nail olan Azərbaycanın adını Servantes, Tekkerey, Mark Tven, Drayzer, Kuper, Anderson, Balzak, Flober, Zolya, Mopassan və başqalarına məxsus bədii məkanda layiqincə təmsil edən bənzərsiz romannəvis! Türk dünyasının saysız-hesabsız möhtəşəm dastanları təki sayı bilinməyən romanlar ustası!

Çingiz Mustafayev!.. Bütün dünyanı titrədən, XX yüzilin sonuncu ən dəhşətli soyqırımını batmağa, gizlədilməyə və unutdurulmağa qoymayan, Vətən və Millət amalı uğrunda amansız mübarizədə düşmənə bir güllə də atmadan onu məhv edən telejurnalist və İşıq dahisi!..

 

 

***

 

93-cü il hələ gəlməmişdi.

92-ci il qəfil qapımızı kəsmişdi.

91-ci il vidalaşmamış, öz təqvim müddətini başa vurmamış, düz dekabrın 8-də səssizcə çıxıb getmişdi.

90-cı il qəlbimizə ağır yara vurub getmişdi.

92-ci il - arzuladığımız və arzularımızın qatili olan il Azərbaycana çox erkən gəlmişdi.

92-ci il Alver edirdi Azərbaycanla !

92-ci il Azadlıq verib Torpaq istəyirdi əvəzinə...

92-ci il Azərbaycanı kamına çəkib, qamarlayıb boğmaq, udmaq istəyirdi...

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ömür yolu barəsində düşünəndə qeyri-ixtiyari olaraq Vətənimizin tərcümeyi-halı gözlərimiz önündə canlanır.

Dəniz kimi dalğalanan Azərbaycan!...

Qanlı-qadalı 92-ci il...

"Azərbaycan" adlı gəmi tale və həyat ümmanında, Olum və Ölüm seçimi qarşısında dalğalar qoynunda yalqız qalmışdı.

Azərbaycan tufan və qasırğalarda Tanrının ümidinə buraxılmış, atılmış, sahibsiz gəmini xatırladırdı.

Biz amansız 92-ci ilin içində idik.

Biz sahibsiz Azərbaycanın ağuşunda idik...

Birdən ümidsizlikdən, qorxudan qaralan gözlərimiz önündə inam qığılcımları parladı.

Tanrı bizə Çingizi göndərdi.

Arzulardan doğulan, xəyallardan uçub gələn Ağ Atlı Oğlan kimi Azərbaycan torpağında Çingiz peyda oldu.

Tanrı Azərbaycanı Çingizə inanmışdı, Çingizə tapşırmışdı.

Qarı düşmən həmlələrindən dağılan, canavar və kaftarların didib-parçaladığı Vətənə Çingiz sahib durmuşdu.

Daha doğrusu, Acgöz və Doymaz düşmən dişlərinin doğradığı Vətənə Çingiz sinəsini sipər etmişdi.

90-cı ildən - Böyük Qətli-Am ilindən də dəhşətli idi 92-ci il.

Ölkə başdan-başa qaranlıqlar burulğanında boğulurdu.

"Qırmızı Azərbaycan"ı qəfil qaranlıqlar sarmışdı.

Çingiz çiynindəki kamera ilə bu zülmətləri qovmaq, Azərbaycanın qəlbini işıqlandırmaq istəyirdi.

Qaranlıqlar qoynunda qıvrılan Vətən iynənin ucu boyda işığa həsrət idi.

Çingiz isə işıqla silahlanmışdı.

Onun gözləri də, ürəyi də işıq saçırdı.

92-ci ilin qaranlıqları içində türfə faciələr, min cür cinayətlər, saylı-saysız ölümlər üst-üstə qalanmış, bir-birinə pərçim olmuşdu.

Onları arayan-axtaran, soran-soruşan, nəticə çıxaran, dərdə əlac tapan yox idi.

Çingiz Vətəni Ölüm və Qorxu rəngindən - Qaranlıqdan qurtarmaq arzusu ilə yanırdı.

Qoşa-qoşa faciə-adlar, qiyamət-adlar, qətliam-adlar peyda olurdu Azərbaycan torpağında...

Xocəvənd, Qaradağlı, Meşəli, Malıbəyli, Quşçular, Kosalar...

Düşmən doymaq bilmirdi, il misilsiz ad-san almaq istəyirdi.

92-ci il iki ayağını yox başmağa dirəyib durmuşdu.

92-ci il görünməmiş, bu dünyada tayı-bərabəri olmayan bir ad almağı arzulayırdı.

1918 - 1920-ci illərin Şamaxı, Quba, Lənkəran, Salyan, Göyçə, Zəngəzur, Şuşa, Təbriz, Ərdəbil, Xoy... qırğınları kimi...

Xocalı müsibəti ilin bətnində ildırım sürəti ilə böyüdü, tez yetişdi.

92-ci il öz arzusuna çatdı.

Dərindən düşünəndə, Xocalı qiyaməti o qədər də gözlənilməz deyildi.

İlk günlərindən qan-yaşlar axıdan il hamının gözləri önündə faciə dalınca faciə doğurdu.

Dağlarda məskən salan Təpəgözlər hər gün bizdən bir kənd, bir şəhər istəyirdi.

Qaranlıqlar içində çabalayan yurdumuzu Təpəgözlər didib-parçalamaqdan doymurdu.

Düşmən hər gün yurdumuzun bir parçasını xaraba qoyub, bizə böhtan atırdı.

Xocalı - Çingizin dünyaya məlum etdiyi ilk ən böyük qiyamətimiz oldu.

Xocalı - Dünyanın kor gözlərini açan, XX yüzilin ən dəhşətli və sonuncu soyqırımı!

Xocalı - Qaranlıqlar içində öz qanına qəltan edilmiş şəhər!

Əlləri, ağzı, üz-gözləri günahsız insanların qanına batmış kaftarlar, canavarlar, yalquzaqlar bu işıqdan kor olmuşdular.

Çingiz bir parça işıq , göylərdən düşmüş meteorit kimi, günahkar yer üzündə birdən peyda olmuş insan günəşi kimi qaranlıqları yaxıb-yandırmışdı.

Çingizin işığında Xocalı hamıya, dözülər-dözülməz dəhşətləri ilə bütün dünyaya göründü.

Dünya isə yalan bəyanatları, saxta və qeyri-səmimi qərarları ilə yenə gözlərini qapadı.

Çingiz qeyri-insanlığın və vəhşiliyin misilsiz nümunəsini öz kamerası vasitəsi ilə bəşəriyyətə göstərməklə Dünyanın insanlıq duyğusunu oyatmağa can atdı.

Çingizin bir insan və jurnalist kimi qəhrəmanlığının, fədakarlığının bütün miqyasları, qatları hələ yetərincə kəşf edilməyib.

Çingiz şəhidliyin cazibəsini və həyatın şərəfsizliyini yaxından görüb, duyub heyrətlənmişdi.

Çingiz insanın və insanabənzərlərin fərqini görüb dəhşətə gəlmişdi.

Çingiz öz işığında qaranlıqların gizlətdiyi həqiqətləri görüb heyrətdən və dəhşətdən quruyub qalmışdı.

Çingiz - əzabdan və heyrətdən yoğrulmuş gözləri görmüşdü...

Qocalarımız və qarılarımızın, analarımız və bacılarımızın, qadınlarımız və kişilərimizin, övladlarımız və körpələrimizin, gəlinlərimiz və gözəllərimizin gözlərinə baxmışdı Çingiz!

Çingizi - ən çox şəhidlərin gözlərindəki Heyrət əsir etmişdi!..

O Heyrət - Çingizi şəhid etdi...

O Heyrəti görən Çingiz bizim kimi ola bilməzdi!

- Zaman da belə Zalım olarmı, Allah?!

- Düşman da belə Zülm elərmi, Allah?!

- İnsan da belə ölərmi, Allah?!

Çingiz şəhidlərin gözlərini gördüyü andan bu dünyadan vaz keçmişdi - O həmin andan şəhidliyin dünyasını seçmişdi...

92-ci il isə aylara, günlərə ad seçə-seçə gəlirdi...

Çingiz Mənhus və Mənfur ilin bədliyinə, qədəmlərinin ağırlığına dözə bilmirdi.

92-ci illə Çingizin savaşı hər an davam edirdi.

92-ci il Azərbaycanın Mənəviyyat və Mədəniyyət paytaxtı Şuşanı mədəniyyətsiz və mənəviyyatsız öz meymunlarına ərməğan etdi.

10 min illik bəşər tarixində bu cür ədalətsiz, qəribə və ağlagəlməz bəxşiş verən də, alan da olmamışdı.

Azərbaycanın dahi oğlu Məmməd Araz hər bir Azərbaycanlının qəzəbdən titrədiyi, Tanrıdan özünə ölüm istədiyi günlərdə bütün Dünyaya və Həyata üsyanla söyləmişdi": Bundan sonra daha yaşamağa dəyməz!"

Çingiz də belə düşünürdü, o da belə qərar verdi": Belə yaşamaq olmaz".

Azərbaycanı Hamıdan çox sevən, ona Xocalı, Şuşa qədər əziz olan insan Vətənin ürəyinə çevrilə bilərdi...

Azərbaycanın Ürəyinə Çevrilmək Yolu isə Şəhidlikdən keçirdi...

 

***

 

92-ci ilin - özünü rəzil və təhqiramiz bir il kimi tariximizə sırımaq istəyən ilin üstündən xətt çəkmək istəyirdi Çingiz.

Çingiz bu riyakar və iyrənc ilin adını, adlarını pozmaq istəyirdi tariximizdən.

Çingiz arzusuna çatdı - ili durdurdu, ili dayandırdı.

Çingiz öz müqəddəs qanı ilə yudu günləri, ayları və ili başdan-başa!..

92-ci il - Çingizin ilinə çevrildi!

Beləcə, ilk dəfə Azərbaycan tarixində ədədlə, rəqəmlə deyil, İnsanla, Şəxsiyytətlə, Şəhidlə nişanlanan, adlanan il yarandı!

Çingizin ili!..

Çingiz Mustafayev adına il!

92-ci il - Çingizi bütün Azərbaycana və Dünyaya yenidən doğan il!..

 

***

 

Əziz qardaşımız! Sən 18 ildir ki, Vətən torpağında uyuyursan.

18 ildir ki, Vətən sənə layla çalır.

18 ildir ki, Azərbaycan göylərində sənin ruhun nigaran-nigaran qanad çalır.

Bütün nakam şəhidlərimiz kimi sən də Böyük Qələbənin həsrətindəsən.

Döyüşərək keçdiyin dağların, yolların və yamacların azad olunmasını gözləyirsən.

Əziz qardaşımız! Müqəddəs Qarabağın azad günlərinə az qalıb!

Sənin ayaq izlərini, sənin baxışlarının izlərini, sənin səsinin, harayının, hayqırıq və hıçqırıqlarının əks-sədasını xilas edəcəyik.

Qaytaracağıq Azərbaycana:

Sənin Xocalını...

Sənin Şuşanı...

Sənin Külli Qarabağını...

 

***

 

92-ci il - bilmirdi ki, 93-cü il gələcək.

Ümummilli Xilaskarın addım səsi, hayqırıq və nərəsi yaxınlaşmaqda idi.

Bütün Azərbaycan bu səsə qulaq kəsilmişdi.

Qisası Qiyamətə Qoymayan İl gəlirdi.

93-cü il gəlirdi...

 

***

 

Çingiz, Sən çoxdan Vətənin müqəddəs bir parçasına çevrilmisən!

Əziz qardaşım, Sən bizim Əzizlərimizin, Müqəddəslərmizin sırasındasan!

Sənin haqqında neçə-neçə dastanlar, şeirlər, nəğmələr yazılıb və yazılacaq.

Sən ümid və güvənc harayı kimi, qələbə nəğməsi kimi, ölməzlik və yenilməzlik zümzüməsi kimi həmişə səslənəcəksən ürəklərdə.

Əzizim, Sənə 18 ildən bəri bəslədiyim, qəlbimdə böyütdüyüm, bir az qərib, bir az ürkək, bir az kövrək mehrimi XX yüzil türk şəhid lirikasının ölməz nümunələrindən biri ilə - Sizin Şəcərənizə, Sizin Təbəqənizə və Sizin Mərtəbənizə xüsusən və xitabən söylənmiş səmimi-etiraf misralarla bitirmək istərdim!..

 

Şəhidlik elə bir zirvədir ulu,

Yurdun qalasıdır, Vətən bürcüdür.

Hamı uyuduğu torpağın qulu,

Təkcə şəhidlərə Vətən borcludur.

 

Min ildir dəyişir, dönür bu dünya,

Gün çıxır, qar yağır, düşür duman, çən.

Amma dəyişməyir bir şey əzəldən –

Həmən şəhidlərə borcludur Vətən.

 

P.S. Yazı ANS Press Nəşriyyat Evinin Milli Qəhrəman, tele-jurnalist Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim edilir.

  

   

Yaşar Azsoy

 

Ədalət.- 2010.- 7 avqust.- S. 8.