Söz...Söz!

 

Söz dənizi kül eləyər,

Anadan köz doğularsa!

Söz məqamın sahibidir,

Çox deyil, az doğularsa.

 

Söz susdurar, söz kiridər,

Göy tərpədər, dağ yeridər,

Söz damcı-damcı əridər,

Ədalət buz doğularsa!

 

Söz nədir? Allahın səsi...

Söz nədir? Söz möcüzəsi!

Olar Tanrı qiyafəsi,

Söz əgər düz doğularsa!

 

İlk sözü dünya tanıdı,

Söz dünyanın öz donudu,

Bütün dünyanın sonudu,

Allahdan SÖZ doğularsa!...

 

 

Xoşuma gəlmədi

 

Bu dünyanın gözlərini,

Ovun, xoşuma gəlmədi.

Məni öz içimdən çölə,

Qovun, xoşuma gəlmədi.

 

Bu sınmış qəlbə qəsd nədi?

Doğulan gündən xəstədi,

Uşaq oyuncaq istədi,

Cibim xoşuma gəlmədi.

 

Köçdüm özümdən özümə,

Sözüm çatmadı sözümə,

Küçəni təpdim gözümə,

Evim xoşuma gəlmədi...

 

Kamilliyə salam

Məndən sənə bir yol gedir,

Bu yolu gözlərim çəkib.

Sən bu yolun nə əvvəlindəsən,

nə sonundasan.

Bu yol bəzəksiz-düzəksiz

Elə kələ-kötürlüdü.

Bu yoldan asılmadım,

Bu yolda qısılmadım

Bu yol içimdən keçdi,

Bu yol çölümdən keçdi.

Əlimdən keçdi bu yol,

Dilimdən keçdi bu yol –

Yenə də basılmadım!

Hər gün özümdən özgə

Bu yolla gedən olmadı,

Bu yolla gələn olmadı.

Bu yol elə özüm kimi

Narahat, çətin oldu.

Sığınıb yetimliyimə

Özüm kimi yetim oldu.

Bu yolun ağ yeri yox,

Bu yolun bircə barmaq

Salamat, sağ yeri yox...

Bu yolda bir ölü yox,

Bu yolda bir diri yox...

Bu yol sevgimin tayıdı

Elə özüməm bu yol!

Balam kimi balamdı,

Bu yol ömrüm uzunu

Qovuşa bilmədiyim,

Kamilliyə Salamdı!!!

 

 

Boşluq

 

Kim dedi ki, dünya boşdu, fanidi?!

Dünyanın boşluğu yoxdu.

Bu söz sahibinin boş ömrü kimi,

Vücudu da bom-boşdu,

bir anlıqdı, anidi.

"Dünya boşdu, fanidi" –

Bu havanı oynayan kim,

çalan kimdi?!

Bu boşluqda, fanilikdə

Söz qeydinə, öz qeydinə

qalan kimdi?!

Dünyanın varlığını, boşluğunu,

Zəhərsiz əqrəb kimi çalan kimdi?

Köhnə qızı köhnə,

nimdaş oğlu nimdaş...

Bu boşluqda, fanilikdə

Bu sözləri satan kimdi,

alan kimdi?

Sata-sata,

ala-ala qocalan kimdi?

50 yaş sənindi,

50 milyon da dünyanın

Kimdi boş?

Doğru kimdi, yalan kimdi?

Özün boyda toz kimisən,

Doğulandan üfürülmüsən

bu boşluğa.

Tanrı boşluğu sevməz,

Dünyanın boşluğu yoxdur!

 

 

Səs

 

İçimin səsinə düşürəm gecə...

Nə istəyir gecə məndən?

Bu içimin səsidir –

Məni yuxudan oyadır ki,

Bu dünyanın təsadüfən

Öz yolunu azmış dərdi,

Özü kimi dəli dərddən

usanmış, beşmiş dərdi

keçə məndən...

Nə deyir bu səs mənə?

Məni uşaqtək aldadır,

Bir udum ümid üçün

Mənə layla çalan səs.

Gecələri doğulub,

Səhəri qocalan səs!

Gündüz milyon-milyonam,

Gecələr təklənirəm.

Bu içimin səsidir –

Mən gecə yüklənirəm!

 

Tanrı yuxusu

 

Bu Tanrının barmaqlarıydı,

Dolanmışdı qollarıma dün gecə...

Bir qırmızı yuxunu

boğurdu bu barmaqlar,

Bir qırmızı yuxudan

doğurdu bu barmaqlar.

Ruhumu üzdü yerdən

ömrü boyu qoxlamadığım bir qoxu,

Bu Tanrının qoxusuydu...

Baş aşağı, göz yumulu mən Tanrını

ovuc-ovuc, barmaq-barmaq yoxladım.

Baş aşağı, göz yumulu

atılaraq bu qoxuya

Mən Tanrını qoxladım.

Bu Tanrının qoxusuydu-

Bu elə Tanrı yuxusuydu !

 

 

Xəyal...və xəyal

 

Xəyalın yenə də xəyalımdadı,

Ən əziz, sevimli qonaqsan yenə.

Nə qədər içimdə, qəlbimdəsənsə,

O qədər uzaqsan, uzaqsan mənə.

 

Bülbülün nəğməsi laləzar bağın,

Ən gözəl, ən zərif gülündə qaldı.

Mənim də ömrümün gənclik havası,

Saçlarında qaldı, telində qaldı.

 

Sənin xəyalını xəyallarımdan,

Çıxarıb biryolluq atmaq da olmur.

Xəyalın parlayan dan ulduzudur,

Min il yol gedəsən, çatmaq da olmur.

 

Mənim bu xəyaldan umacağım var,

Bir anlıq olsa da, qoy mənim olsun.

Başımı aldatmaz daha nağıllar,

Günəş sənin olsun, Ay sənin olsun!

 

Xoşdu xəyalların xəyal baxışı,

Xəyalın qoy baxsın baxa bildikcə.

Xəyalın qoy olsun xəyal yağışı,

Axsın xəyalıma axa bildikcə.

 

Amandır, qoy belə, qoy belə qalsın,

Bu sirli, sehirli sual dünyamız.

İnan ki, görüşsək bu saat, bu an,

Dağılar, uçular xəyal dünyamız.

 

Xəyalın yenə də xəyalımdadı,

Ən əziz, sevimli qonaqsan yenə.

Nə qədər içimdə, qəlbimdəsənsə,

O qədər uzaqsan, uzaqsan mənə.

 

 

Gündüz SEVİNDİK

 

Ədalət.- 2010.- 7 avqust.- S. 11.