ONLARIN DÜNƏNİ: HƏSƏN
MƏMMƏDOV
YAXŞI GÜNLƏR QABAQDADIR
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim idi,
hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibrətamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
gərəkli və daha qabarıq görünməkdədi.
Bu gün proyektimizin
davamı olaraq unudulmaz aktyorumuz HƏSƏN MƏMMƏDOVun
DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq
istərdik.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
Dedilər ki, Həsən
çəkilişdədi...
Bu gün
görüşə bilməyəcəyimiz üçün
bir az sevindim də. Ona görə ki, vağzala adam
qarşılamağa gedəcəkdim.
... Bu dəfə təsadüfən
Həsən Məmmədovu vağzalda tapdığıma
sevindim. Rejissor Arif Babayev "Gün keçdi" filmini
çəkirdi. Ancaq gözlədiyim adam gəldi. Və Həsənə
bir kəlmə də deməyə vaxt tapmadım.
Səhərisi yenə də
kinostudiyaya zəng etdim. Onların qrupu deyildi. Ancaq dedilər
ki, bu saat dəstəyi veririk ona.
Uzun-uzadı
danışmalı olmadıq. Jurnalistin aktyora nə işi
düşə bilər? Razılaşdıq ki, axşam saat
yeddinin yarısında Dram Teatrında görüşək.
Axşam "Xəyyam" tamaşası göstəriləcəkdi.
Həsən həmin tamaşada çıxış edir...
Mən Həsəni lap
çoxdan tanıyıram. İncəsənət
İnstitutunda oxuyandan. (Rejissor Əşrəf Quliyevin sinfində
təhsil alıb). Yoldaşlarımdan biri (o da aktyorluqda
oxuyurdu) Həsənin səhnə davranışı, oyunu ilə
heç cür razılaşa bilmirdi. Mən də onu
inandıra bilmirdim ki, Həsən yaxşı aktyor olacaq. Bəlkə
hələ öz rolunu tapa bilməyib. Yaxşı rejissorlarla
işləməyib.
Qəribəsi budu ki, Həsənin
sənətinə, aktyorluğuna çoxları uzun müddət
inana bilməyiblər, bəlkə heç indi də
inanmırlar. Gördükləri rollara görə müəyyən
fikrə gələ bilməyiblər. Onlar az da olsa
haqlıdılar. Həsənin əvvəllər çəkildiyi
"Böyük dayaq" filmindəki Qaraş rolu
kinematoqrafik baxımdan heç nəylə seçilmir. Nə
bir ifadəli oyun, nə də bir gözəgəlimli vəziyyət
var. Nə qədər təbii oynamağa çalışsa
da baxırsan ki, rəsmilik hiss olunur. Aktyor Həsən Məmmədov
vəziyyətləri sadəcə göstərir. O, Qaraş
roluna çəkiləndə lap cavan idi. Şübhəsiz
ona görə də naşılıq hiss olunur. Bir də bəlkə
ona görə hiss olunur ki, o zaman Həsən heç teatrda
da çıxış etmirdi. Alışmamışdı
qrim iyinə, rekvizitlərin əl-ayağa dolaşmasına,
onda qalmışdı ki, kinoobyektivin önündə
dayansın, özü də baş rolda çəkilsin.
Özü də kiminlə birgə: Ələsgər Ələkbərovla.
Hər halda bütün bunların müəyyən mənada
sıxıntılı təsiri olub. Bu da onun oyununda hiss
olunur.
Sonra Həsən "Cazibə
qüvvəsi" adlı bir filmdə çəkilib. Bu kinoşəkil də
üzağardan olmadı. Həsən bir aktyor kimi
özündən, öz səriştəsindən heç nə
əlavə edə bilmədi. Bu film soyuqdu, rol da onun kimi. Ancaq
bu soyuqluq yaxşı mənada deyil. İfa yönümünə,
ifa bacarığına pis təsir edən soyuqluqdu.
Həsən Məmmədov
"Arşın mal alan" filmində Əsgər rolunu da
oynayıb. Mənə elə gəlir ki, bu rolda kino sənəti
baxımından heç nəylə seçilmədi. Əsgər
roluyla Həsənin repertuarına bir ad da əlavə olundu.
Sonralar aktyor Həsən
Məmmədov "Yeddi oğul istərəm" filmindəki
Bəxtiyarı uğurlu oynayanda riyaziyyatçı
dostlarımdan birinə dedim ki, Həsən bu rolu yaxşı
oynayır.
O, özünü
inandırmağa çalışdı ki, elə şey ola
bilməz. Axı Bəxtiyar
hara, Həsən hara? O, "Komsomol" poemasını
oxumuşdu, Həsəni də tanıyırdı. Həsən
Məmmədov ola bilsin indi də onu tanımır. Ancaq onlar nə
vaxtsa deyəsən birgə oxuyublar. Həsən əvvəllər
universitetin fizika-riyaziyyat fakültəsində təhsil
alıb. Ancaq bir az riyaziyyatın çətinliyi onu qorxudub,
bir az özü tənbəllik edib, bir az da həvəsi
olmayıb. Birinci kursu yarımçıq qoyub,
başını götürüb qaçıb, "daha asan
oxumaq" yerinə: İncəsənət İnstitutuna.
İndinin özündə də çoxları İncəsənət
İnstitutunu yüngül təhsil yeri kimi başa
düşür.
HAŞİYƏ: Həsən
Məmmədov - Vallah, elə mən də belə fikirləşirdim.
Gəldim, gördüm! Riyaziyyata min şükür. Nə
var ki, iki dəfə iki, dörddür. Gəl indi müəllimlərini,
tənqidçiləri, tamaşaçıları inandır
ki, Bəxtiyar elə mənim oynadığım kimi
olmalıdır. Hərənin
bir Bəxtiyarı var. Mənim də onlar kimi.
Riyaziyyatçı dostum
( uzun illərdən sonra həmin riyaziyyatçının
adını açıqlayım: yazıçı-dramaturq
Aslan Qəhrəmanlı, bu əlavə 2010-cu ilə aiddi) məni
inandırmağa çalışdı ki, Həsən həlim
təbiətlidi. Sakitdi. Hələ bir zarafatla əlavə
etdi: el arasında belələri haqda deyirlər: döy
başına, çörəyini al əlindən. Dəliqanlı Bəxtiyar
hara, Həsən hara!
HAŞİYƏ:
Yadımdadı. O vaxt moskvalı rejissor Vladimir Qorrikerlə
sorğu aparmaq üçün kinostudiyaya getmişdim. Onda hələ
Qorriker "Sevil" filmini çəkməyə
başlamışdı. Aktyorlar seçilirdi. Balaş rolunu
oynayacaq aktyor da hələ tapılmamışdı.
Rejissorlardan hansısa təklif etdi ki, Həsən Məmmədov
pis deyil, məncə yarayar. Qorriker bir az fikirləşib:
"Znaete, Qasan oçen xoroşiy aktyor, obayatelnıy,
simpotiçnıy. Ya
videl eqo v rolyax. Mne on oçen ponravilsya. No jal çto
slişkom myakkiy".
Moskvalı rejissorun belə
deməsi məni təəccübləndirdi. Amma hər halda
Həsənə Balaş rolu tapşırıldı.
... Saat yeddinin
yarısında artıq teatrda idim. Həsənlə ilk
söhbətdən sonra mənə elə gəlmişdi ki,
o, sözübütöv oğlandı. Dediyindən dönməyəndi.
Bütün bunlara bir də onu əlavə edə bilərəm
ki, dəqiqdi. Söz verdisə, deməli gəlməlidi.
Özü də vaxtında. Ümumiyyətlə, jurnalistlərə
yaxşı münasibətiylə seçilən sənət
adamlarımız mənim xoşuma gəlir. Baxmayaraq ki,
jurnalistlərə birtəhər baxanlar da var.
- Hə, deyəsən lap vaxtında
gəlmişəm.
Teatrın dəhlizi ilə
addımlaya-addımlaya onun qrim otağına yollandıq. Yolda
necə oldusa Həsənin gözləri divardan
asılmış saata sataşdı. Və narahatlıqla məndən
soruşdu:
- Saat neçədi?
- Yeddiyə on dəqiqə
qalır.
- Vay, dədəm, vay. Sən
allah, üzr istəyirəm. Görürsən də bizim
saatı. Mənə elə gəlirdi ki, hələ
vaxtından tez gəlmişəm.
Qrim otağına girdik.
O, mənə yer göstərdi. Sonra otaqdakı sənət
yoldaşları ilə məni tanış etdi. Dedim ki, ikisini
də yaxşı tanıyıram. Rollarını da
görmüşəm. Hamlet Xanızadə və Rafiq Əzimov
"Yeddi oğul istərəm" filmində Həsənlə
birlikdə çəkiliblər. Hamlet təkqol Giziri, Rafiq -
Şahsuvarı oynayır.
- Bu pərdədən
sonra bir saatlıq vaxtım olacaq. Əgər tələsmirsinizsə
onda söhbət edə bilərik.
Mən etiraz etmədim.
Rafiqgillə söhbət edə-edə Həsənin qrimləndiyinə,
bığ-saqqal yapışdırmağına
baxırdım. O, dəyişirdi. Əvvəlki Həsəndən
əsər-əlamət qalmırdı.
Və birdən mənə
elə gəldi ki, yersiz olsa da bir sual verəcəyəm. Bəlkə
bu sualın heç nəyə dəxli yoxdur. Nə
bugünkü söhbətimizə, nə də ümumiyyətlə
aktyor sənətinə. Ancaq soruşdum:
- Həsən, bu
qrim-zad, bu süni bığ-saqqal səni bezikdirməyib ki?
- Nə
danışırsan, çörəyimiz bundan
çıxır. Hər şeydən əvvəl bunu
düşünmək lazımdır.
Onun açıq cavabından
xoşum gəldi. Ancaq şübhəsiz o belə
düşünmürdü. Təkcə çörək
pulu qazanmaq üçün o saatlarla, günlərlə
güzgünün qabağında oturub necə qrimlənmək
haqqında fikirləşməzdi.
O, səhnəyə
getdi. Mən onu bu rolda görmüşdüm. Kiçik rol olsa da xoşuma
gəlmişdi
Hamletlə, Rafiqlə
söhbət etdim. Əvvəlcə onlardan Həsənin bir
yoldaş kimi necə olduğunu soruşdum. Rafiq dedi ki, bilmirəm,
vallah necə deyim, Həsən elə yaxşı
yoldaşdı ki, onun haqqında heç nə demək olmur.
Mehribandı, qayğıkeşdi. Sözgötürən
deyil. Ümumiyyətlə, istəməz ki, kimsə bir
şeyi ona irad tutsun. Bilirsinizmi, Həsən bir növ uşaq
kimidir. Nə versələr onunla qane olur. Vəziyyəti
ağır olsa da heç kəsin yanına xahişə, minnətə,
şikayətə getməz.
Rafiq deyir ki, Həsən
uşaq kimidi. Mən bir şeyi xatırlayıram. Dəfələrlə
Həsənlə birgə kino evində filmə
baxmışıq. Ən qəribəsi budu ki, kino işinin
bütün sirlərini bilə-bilə bəzən hadisələrə,çəkilişə,
aktyor oyununa münasibətini gizləmir. Elə oradaca kinoya
baxa-baxa təəssüfünü, heyrətini bildirir. Bəzən
astaca nəsə deyir.
Hamlet deyir ki, Həsəninki
teatrda heç gətirmir. Ümumiyyətlə, teatrda ona
münasibət bir o qədər də yaxşı deyil.
Sanballı, yaxşı rollar etibar etmirlər.
- Bəlkə bu ona
görədir ki, Həsən teatr səhnəsində müvəffəqiyyət
qazana bilmir.
- İnanılası deyil. Necə
ola bilər ki, kinoda belə uğurlu çıxış edəsən,
sənin oyununu hamı bəyənə, ancaq teatrda heç
bir şey göstərə bilməyəsən.
Düzdür, teatrda daha çox səriştə, ustalıq
tələb olunur, nəinki kinoda. Ancaq istedad teatra, kinoya
bölünmür ki...
Hamletin bu fikriylə Rafiq də
razılaşır.
... Həsən Məmmədovun
"Yeddi oğul istərəm" filmindəki Bəxtiyar
rolu bəxtindən yaxşı mənada söz-söhbətə
səbəb oldu. İstər kino biliciləri, istərsə də
tamaşaçılar onun uğurlu oyununa heç bir irad tuta
bilmədilər. Əbəs deyil ki, "Qobustan" toplusunun
keçirtdiyi sorğuda Həsən Məmmədov 69-70-ci illərin
ən yaxşı aktyoru kimi birinci yeri tutdu. Həmin rollardan biri də Bəxtiyardır.
Filmin Finalı:
Bəxtiyar itirdi
yoldaşlarını. Çılğın təbiətli
Mirpaşanı, xəstə Şahsuvarı, oyunbaz uzun
Qasımı. Hirsi xirtdəyinə yığılmış
halda düşdü Gəray bəyin izinə. Vəhşi
izinə düşən kimi. O Gəray bəyi diri tutmaq istəyirdi,
ancaq bəy kişiliyinə sığışdıra bilmədi
ki, dirigözlü komsomolun əlinə keçsin. Elə buna
görə vurdu özünü. Bəxtiyar qapını
açanda onu divara sığınmış gördü.
Sonra geriyə döndü.
Mənə elə gəlir
ki, elə hər şey də buradan başlayır. Bu geriyə
dönmədən başlayır. Həsən Məmmədov
çiynində elə bil ki, dünyanın yükü gəlib
pilləkəndə oturur. Bütün bu anları: Həsən
nə qədər əziyyət çəkir görmək
azdı. Duymaq azdı. Gərək onun yerində olasan.
Hər dəfə
"Yeddi oğul istərəm" filminə baxandan sonra istəyirəm
Həsən Məmmədovu tapam və soruşam: Həsən,
çoxmu əziyyət çəkirsən?
Bütün bu əziyyətlər
bir yana. Belə bir
vurhavurda sarı Şəmistandan məktub gəlir. Bu məktubun
sözlərini misal gətirən deyiləm. Ancaq bir yerini
xatırlatmaq mütləq lazımdır. Sarı Şəmistan
yazır: "Qadan alım, Bəxtiyar, məndən
uşaqlara salam de".
"Məndən uşaqlara
salam de". Kimə?
Təkcə bu sualın
cavabı üçün aktyor Həsən Məmmədovun nələr
çəkdiyini ancaq və ancaq gözlə görmək
lazımdı. Bütün film bir yana, təkcə bu çəkilişə
baxanda hiss edirsən ki, yeni bir aktyorla tanış oldun. Elə
bir aktyorla ki, onun nə vaxtsa oynayacağına inanırdın
və bunu gözlərinlə gördün.
İndi siz
xatırlayın "Yeddi oğul istərəm" filmindəki
Humayla olan səhnəni. Cəlal öləndən sonra həmin
bu həlim, sakit təbiətli Bəxtiyar - Həsən Məmmədov
necə sərtdi, necə acıqlıdı.
Moskvalı rejissor
Vladimir Qorriker deyirdi: Həsən sakit, həlim təbiətlidi.
Həsən Bəxtiyar
obrazına qədər müxtəlif rollarda çəkilmişdi.
Onun aktyor kimi hansı imkanlara, nələrə malik
olduğunu ilk dəfə "Bir cənub şəhərində"
(rejissor Eldar Quliyev) filmində gördük. Bu filmdə də
onun işi o qədər asan olmayıb. Baxmayaraq ki, öz
yaşıdını oynayır. Həmin
yaşıdının ömrünə, gününə, həyatına
azca da olsa bələddi. Muradın kimliyini başa düşmək,
qavramaq və onun necə gənc olduğunu göstərməyə
Həsən nail olmuşdu. Bilmirəm niyə? Mənə elə
gəlir ki, Həsənin Muradında nəsə bir faciəvilik
var. O öz dərdindən qovrulur, yanır və baş
götürüb qaçmaq istəyir. Lakin gücü
çatmır. Adamlar arasında münasibəti,
davranışı dərindən başa düşməklə
o, öz həyatına bir növ qəsd etmiş olur. Başa düşür ki,
belə olmaz. Ancaq kimə desin dərdini.
Həsənin Murad rolu
çoxlarına özünü göstərdi. Elə bil ki,
bəziləri 30-40 il özlərindən xəbərsiz
yaşayıb. Və birdən-birə onların kimliyini
göstərən bir nəfər ortaya çıxdı.
Çoxu Muradda özlərini görüb, hiddətləndi.
Burada hiddətlənməyə əsas yoxdur. Murad kimilər
olub, olacaq. Mənə elə gəlir ki, bu müxtəlif rəylərin
yaranmasının özü də aktyor Həsən Məmmədovun
yaxşı oyununa misaldır. Deməli, o
tamaşaçıları inandıra bilib. Bəlkə sənət,
aktyorluq sənəti elə budur.
Son illərdə
kinorejissorlar Həsən Məmmədovla daha tez-tez
görüşürlər. O, Eldar Quliyev, Tofiq Tağızadə,
Arif Babayev, Kamil Rüstəmbəyovun filmlərində çəkilib.
Bu rejissorların iş üslubunun, yaradıcılıq
yönünün nə qədər müxtəlif olduğunu
xatırlasaq Həsən Məmmədovun yaxşı aktyor
olduğuna bir daha inanırıq.
Bu gün Həsənə
çəkilmək lazımdır. Özü də elə rollarda ki,
onlar bir-birindən kəskin fərqlənsin. Bir-birinin əksi
olsun. O, özünün kino komediyalarda sınamalıdır.
Bizim kino sənətində
Həsən Məmmədovun oynadığı rollar - Murad da,
Bəxtiyar da yenidir, təzədir. Bu yenilik, bu təzəlik
bizim başımızı ucaldır. Adlı-sanlı məclislərdən
səsimiz gəlir. Bizə inanmağa başlayırlar.
Bu gün Həsən
özü də inanır ki, daha yaxşı rollar oynayacaq:
Bir də ona inanır ki, yaxşı rolları yaxşı
yazıçılarımız yaradacaq. Soruşanda: nə
var, nə yox.
Deyir:
- Yaxşı, uğurlu
günlər qabaqdadır.
Yenə də həmişəki
kimi mehriban təbəssümlə gülür.
Həsən (Əbülhəsən)
Ağamməd oğlu Məmmədov. Doğulub Salyan şəhərində.
1938-ci ildə. Azərbaycan SSR Xalq artisti. SSRİ Dövlət
mükafatı laureatı (1970). Azərbaycan Dövlət
İncəsənət İnstitutunu bitirmişdir. Azərbaycan
Dövlət Dram Teatrının aktyoru olmuşdur. Sonra kino sənətinə
üz tutmuş, "Azərbaycanfilm"də müxtəlif
rollarda uğurla çəkilmişdir: "Böyük
dayaq", "Arşın mal alan", "Yeddi oğul istərəm"
(1970), "Sevil" (1970), "Axırıncı
aşırım" (1970). Kişi rolunun ən yaxşı
ifaçısı mükafatına layiq görülüb,
Ümumittifaq festivalında (1971-72), "Gün keçdi"
(1971), "Səmt küləyi" (1973) və başqa
kinofilmlərdə çəkilib.
Tofiq Abdin
Ədalət.- 2010.- 7 avqust.- S. 15.