Yalçın Rzazadə: "Hələ
sınmamışam, amma proses
ona doğru gedir"
Lent.az-ın "Persona" rubrikasının
qonağı xalq artisti Yalçın Rzazadədir. Yalçın
Rzazadə bizimlə söhbətdə həyatından,
problemlərindən, arzu və istəklərindən
danışdı...
- Özünüzü necə hiss edirsiniz?
- Məndə qan təzyiqi
bir az yüksəkdir, hərdən problem yaradır. İndi
özümü yaxşı hiss edirəm
- Müalicə barədə
düşünürsünüzmü?
- Gərək ildə
heç olmasa iki dəfə Türkiyəyə müayinəyə
gedim. Bu il iyunda getməli idim bir az problemlər olduğu
üçün qaldım. İmkan, şərait olsa,
sentyabrda, yaxud oktyabrın əvvəllərində müayinə
üçün gedərəm.
- Türkiyəyə gedə bilməməyinizin səbəbi
maddi çətinlikdir?
- Əlbəttə.
Maddi vəziyyət həmişə bizi kimisinə problem olur.
- Böyük sənətkarımızsınız,
dövlət qurumları vəziyyətinizdən xəbərdardırmı,
müraciət edibsinizmi?
- Mən heç vaxt kiməsə
kompliment deməyi xoşlamamışam.
- Səbəb nədir?
- Vətən deməyim
yalançı, boğazdan yuxarı olmayıb. Mən 13 dəfə
döyüş bölgələrində olmuşam. Goranboy və
Füzulidə cəbhə xəttində zirehli gödəkçə
geyindirib, "kaska" taxıblar ki, snayperlə
vurmasınlar. Bunu özümə qəhrəmanlıq da
saymıram. Ora heç kamera da aparmamışam. Bəziləri
nəinki ön, arxa cəbhədəki hissələrə
gedib, tez videoya çəkdirirlər ki, sonra özlərini
reklam etsinlər. Mən böyük dünya səhnələrində,
Müslümlə, digərləri ilə yer almışam,
heç vaxt özümü reklam etməmişəm. Bu
gün belə bir baryer yaranıb. Telekanallara gedirəm, mənə
böyük sənətkar, təkrarsız sənətkar,
dahi sənətkarımız, son vaxtlar isə "sonuncu
mogikan" deyirlər. Mənim klassik ifam, stilim ölür,
daha gələcəyi yoxdur, bunu bilirəm. O gün də Rəfael
Hüseynov dedi ki, siz "mogikan" yox, bizim böyük
klassikimizsiniz. Keçən əsrin 60-cı illərində
Azərbaycan incəsənətinin, mədəniyyətinin
böyük nümayəndələri üzə
çıxdı, bir axın oldu. Fikrət Əmirov, Tofiq
Quliyev, Cahangir Cahangirov, daha sonra 60-cı illərin
axırında Emin Sabitoğlu, Oqtay Kazımi, Elza
İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Nəriman Məmmədovun
adını çəkmək olar. Mən onların əhatəsində,
ətrafında oldum. Fondumda 500-ə yaxın gözəl lent
yazılarım var. Mən özümü bu dahilərin
yadigarı sayıram. Mən 70-ci illərin nəslindənəm.
O axın artıq 80-ci illərin əvvəlində bitdi və
mədəniyyətimizdə, incəsənətimizdə
cılızlaşma başladı. Mən indi bu gün
oxuduğum mahnılara baxıram. Təəccüb edirəm
ki, haçan bu qədər mahnılar oxumuşam, vaxt necə
çatıb. 46 xarici ölkədə olmuşam, SSRİ məkanını
qarış-qarış gəzmişəm. Toylarda, pambıq
tarlalarında oxumuşam, günün altında burnumdan qan
açılıb. Bu gün baxıram, görürəm ki, mənim
yaratdığım, ifa etdiyim mahnılar böyük nəslin
də, orta nəslin də, gənc nəslin də
repertuarında var. Mənə sual verirlər ki, niyə sizin
adınızı çəkmir, demirlər ki, bu mahnı
sizin repertuarınızdandır. Deyirəm, xoşbəxtəm
ki, oxuduğum mahnılar 30 il, 40 il sonra da bizim nəslin
repertuarındadır. Xoşbəxtəm ki, Cahangir Cahangirov,
Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi, Elza İbrahimov,
Telman Hacıyev və başqa bəstəkarlar haqqında
veriliş çəkiləndə birinci məni yada
salırlar. Bilirlər ki, mənim bu bəstəkarlarla
möhkəm dostluğum, ünsiyyətim olub. Amma bu qədər
sözdən sonra sizin sualınıza cavab olaraq deyirəm ki,
heç vaxt anadan olduğum gün mənə heç bir
nazirlikdən, heç bir yerdən bir zəng, məktub gəlməyib.
Heç kəsin yadına düşməmişəm. Amma
dövlətdə elə şəxsiyyətlər var ki, mənə
kömək də etdilər, Türkiyəyə müalicə
üçün gedə bildim. Elə şəxsiyyət var
ki, mənimlə görüşəndə dedi ki, siz Azərbaycan
mədəniyyətinə, musiqisinə qənimətsiniz. Mən
böyük şəxsiyyətin dilindən eşitdiyim bu
sözü unutmayacam. Ulu öndərimiz Heydər Əliyev 1979-cu
ildə mənə əməkdar artist adını verdi.
Dövlət mükafatı laureatı oldum, xalq artisti adı
verildi. Yəqin ki, müəyyən vaxt gəlib
çatır ki, sənətkar öz qüvvəsini bilir,
xalqın böyük hörmətini qazanmağı
bacarır. Millət ona şəxsiyyət kimi baxır. Yenə
də xoşbəxtəm ki, mənə şəxsiyyət
deyirlər. Mən öz şəxsiyyətimi
tapdalamamışam, qoruyub saxlamışam. Amma yaşın, yəqin
sənətin də elə vaxtı olur ki, istəyirsən ki,
kreslosu bir qədər yuxarıda olan insanlardan sənə diqqət
olsun. Bax bu diqqəti görməyəndə
sınıqlıq əmələ gəlir. Ürəyimdə
narahatlıq hiss edəndə kimsənin bilməsini istəmirdim.
İstəmirdim ki, fikirləşsinlər ki, bu yazıq xəstələnib.
Amma bunu gizlətmək olmaz, göz qabağında olan sənətkaram.
Moskvadan mənə zəng etdilər. Dedilər ki, Moskvada
hansısa qəzetdə şəkliniz verilib, Moskvadakı
ziyalılarımız yığılıb, pul
toplamışıq. Bildirdilər ki, bir həftədir ki,
telefonumu axtarıb, nəhayət, tapıblar. Bu pulu hara və
necə göndərmək gərəkdiyni soruşdular.
Xabarovskdan, Novosibirskdən, Saratovdan, o cümlədən
Norveçdən, İngiltərədən, Tehrandan, Təbrizdən
də azərbaycanlılar zəng açmışdılar. Mən
onda başa düşdüm ki, boş yerə
yaşamıram. Öz yaşadığım torpaqda yadda
qalmasam da, yada düşməsəm də, dünyanın
çox yerlərində mənim üçün
narahatdırlar. Xəstəxanada yatanda xahiş etdim ki, bunu
gizli saxlasınlar. Mənə zəng edirdilər. Evdən
dedilər ki, telekanallar sənin mahnılarını göstərir,
verilişlər hazırlayır, qəzetlər yazırlar.
Bilməzdim ki, mənə bu qədər böyük məhəbbət
var. Mən bir dəfə keçən il mayda Türkiyəyə
getdim. Birinci dəfə Türkiyəyə gedəndə onlar
gəlib məni xəstəxanada tapdılar. Məcbur oldum,
kiçik müsahibə verim. Ondan sonra gördüm ki,
müsahibəm dünyanın hər yerinə yayılıb.
İkinci dəfə Türkiyəyə gedəndə
artıq xəstəxanada tapşırdım ki, kim gəlsə,
zəng etsə, deyin ki, xəstəxanaya gəlməmişəm.
Xəstəxanada Allahımın qarşısında sakit
öz işimi gördüm.
- Dini baxışlarınız necədir?
İslamın hansı qaydalarını həyatınızda əsas
götürmüsünüz?
- Bu sualı mənə
heç kəs verməyib. Deyim ki, dəhşət dərəcədə
dindaram, düzgün olmaz. Ancaq deyim ki, sovet vaxtı əməkdar
artist idim, tanınmışdım, mənə neçə dəfə
dedilər ki, partiyaya niyə keçmirsən, hətta bir-iki
dəfə efirə də buraxmadılar. Məndə insan kimi
qəribə xüsusiyyət vardı. Dedim ki, adamın bir
inamı olar, mənim də inamım Allahdır.
Çünki mənim ata tərəfdən babam Əlirza
axund, din adamı olub. İraqda oxuyub, filosof, həkim idi, dəhşət
səsi vardı. Minbərə çıxıb oxuyanda o zona
eşidirdi. Yəqin ki, bu, mənim də qanımda olub.
Mən Allaha inanıram. Yuxuya
da inanıram. Hər gün
evdən çıxanda "Ya Allah!" deyirəm. Mən "Quran" oxumuram, amma Allah mənim ürəyimdədir.
O mənəviyyatım, inamım məni qoruyub
saxlayıb. Elə vaxtım olur ki, səhər evdə bir
köpüyüm olmayıb. Bunlar heç vaxt dilə gətirmədiyim sözlərdir.
Fikirləşmişəm ki, Allah, sabah necə olacaq, mən bir parça çörək, ət
almalıyam, evdə kartof olmalıdır.
Səhər heç yerdən pul oldu, çörək
də, ət də aldım. Çətin də yaşasam, Allah məni son məqamda sınmağa qoymayıb. Bundan başqa, mən indi maşına minəndə,
maşının qapısını açanda
əvvəl Allaha müraciət edir, sonra maşını
işə salıram və gedirəm. Yatanda da deyirəm ki, ya Allah, özün kömək ol! Mən Allaha inanan adamam.
- Həyatınızda hansı xəbəri eşidəndə
daha çox sarsılmısınız?
- Həyatımda elə
ağır günləri yaşayıram. Çox səbəblər
var. Sənətimin yüksəkliyində oturmuşam, ətrafıma
baxıram. Görürəm ki, sənətdən başqa heç bir şey qazanmadım. Ağır gün
elə budur. Ürəyimə yığıldı, ürəyim zədələndi.
Normal şəraitdə yaşaya bilmədim.
Amma mənə zərbə vuran kiçik qardaşımın Rusiyada
öldürülməsi oldu.
Vəzifəsi də, imkanı
da vardı. 3 gün qapını
bağlayıb, evdən
çıxmadım.
Mənim
üçün bu gün ən ağır odur ki,
övladlarıma köməkliyimi çatdıra bilmirəm. Görürlər
ki, mən ola-ola onlar kimsəsizdirlər. Bundan ağır mənə
zərbə ola bilməz. Mənim əlim öz ailəmə
normal çata bilmir. İndiki həyatda özün normal
yaşamalısan ki, yaratdığın, həyat verdiyin
övladlarına da kömək edib, bir yerə
çıxarasan. Övlad da mənim kimi çətinliklə,
əziyyətlə yaşayır. Daha ata üçün
bundan ağır nə ola bilər?
Ədalət.- 2010.- 7 avqust.- S. 16.