MƏNİCƏ AŞİQİNƏ
MUNİSLİKLƏ
Hicrindən gündüzüm
gecə oldu, yar,
Zamanın əlindən könlüm
qan ağlar...
XII yüzil Azərbaycan
ədəbiyyatı tarixində, intibah mədəniyyətinin
zənginləşməsində xüsusi mövqeyi olan
söz ustadlarından biri də Mənicə xatın Məhsəti
Gəncəvidir (1098-1188). Mənbələrin
yazdığına görə, şairənin poetik
yaradıcılığı o dərəcədə yüksək
qiymətləndirilmişdir ki, bəzi hallarda hətta o,
rübai hökmdarı Ömər Xəyyamdan da üstün
tutulmuşdur. Son dərəcə mürəkkəb və
keşməkeşli, fəqət, fəxarətli bir tale yaşamış
Gəncə gözəli Mənicə xatının
poeziyası, şəhraşübları, rübailəri,
habelə, qəzəlləri onu dövrünün ən
böyük qadın şairi səviyyəsinə
ucaltmışdır. Əminliklə demək olar ki, Məhsətinin
bədii irsi XII yüzil Azərbaycan şerinin inkişaf
tarixində ayrıca bir mərhələ təşkil edir.
Şahlar sevincinə xəbərsən,
ey gül!
Bülbülə ilhamsan, hünərsən
ey gül!
Bu lətif hüsnünlə qorxuram ki,
sən...
Sərxoş ayaqlara düşərsən,
ey gül!
- deyən şair, həqiqətən
də, fəlsəfi rübainin də (Xəyyamdan heç də
geri qalmayan) ən gözəl örnəklərini
yaratmışdır. Sultan Səncər, Atabəy Məhəmməd
kimi hökmdarların saraylarında yaşayıb fəaliyyət
göstərmiş Mənicə xatın Məhsətinin
poeziyası, XII yüzilin zülmətlərə qərq
olmuş feodal dünyasının cəhalətpərəstliyinə,
əsarətə, irticaya, ədalətsizlik və
haqsızlıqlara qarşı vuruşan kəsərli bədii
silah mərtəbəsinə yüksəlmişdir.
Hünərin səfası acıdır müdam,
Odur, hünər suyu içmir
hər adam.
Alçaq adamların cəhalət odu,
Hünəri küləyə vermişdir
tamam.
Məhsəti
yaradıcılığının ecazkarlığı, hələ
şairənin sağlığında diqqəti cəlb
etmiş və araşdırmalara yol açmışdır. XX
yüzildə də Azərbaycanda onun rübailəri dəfələrlə
dilimizə tərcümə edilmişdir. Əlbəttə, fərəhli
haldır ki, Mənicə xatının sənət aləmi
Avropada da böyük maraq oyatmışdır. Görkəmli
alman şərqşünası Frits Mayer hələ, 1967-ci
ildə "Die shone Mahsati" ("Gözəl Məhsəti")
adlı samballı monoqrafiya qələmə
almışdır.
Məhsətinin öz vətənində
- Odlar Diyarında öyrənilməsinə XX yüzilin
50-60-cı illərindən başlanılmışdır. Xəlil Yusifovun,
Əlyar Səfərlinin
bu yöndəki işləri təqdirəlayiqdir.
Lakin biz, dünya məhsətişünaslığının
tarixinə nəzər salanda, tamamilə mübaliğəsiz
deyə bilərik ki, Mənicə Xatının həyat və
yaradıcılığına həsr olunmuş ən
böyük tədqiqat əsərinin müəllifi - Azərbaycanın
milli mədəniyyətinin tanınmış simalarından
biri, görkəmli şərqşünas alim, professor Rafael
Hüseynovdur. Onun titanik zəhmətinin məhsulu olan, 556 səhifədən
ibarət "Məhsəti - necə varsa" monoqrafiyası,
dünya məhsətişünaslığının elmi-tənqidi
yekunudur.
Həmin fundamental
monoqrafiyada Məhsəti Gəncəvinin həyat və
yaradıcılığı, şəhraşub janrı ilə
bağlı elə bir cəhət, elə bir istiqamət
yoxdur ki, elmi-nəzəri tədqiqata cəlb edilməmiş
olsun. Şərq, rus və Avropa dillərində mövcud olan
245-dən artıq qədim əlyazma nüsxələri,
cünglər, təzkirələr, tarixi və fəlsəfi
traktatlar, ədəbi-bədii əsərlər, nəzəri
monoqrafiyalar əsasında qələmə alınmış,
yenidən təkmilləşdirilmiş surətdə də
2005-ci ildə "Məhsəti Gəncəvi - özü,
sözü, izi" adı ilə işıq üzü
görən monoqrafiya, dünyanın tanınmış
orientalist alimlərinin böyük rəğbətini, qiymətli
rəylərini qazanmış, Azərbaycan
filologiyasının dünya şərqşünaslığı
tarixinə XXI yüzildə bəxş etdiyi monumental elmi-ədəbi
abidə kimi yüksək səviyyədə dəyərləndirilmişdir..
Monoqrafiyanın ilkin
variantda, 1989-cu il nəşrinin elmi redaktoru professor Əkrəm
Cəfər olmuşdur. Biz yaxın vaxtlarda, qovluqlar üzərində
çalışarkən tamamilə gözlənilmədən,
böyük ustad tərəfindən 1989-cu ilin fevral ayında
qələmə alınmış, "Məhsəti - necə
varsa" monoqrafiyasından bəhs açan bir rəy
yazısına rast gəldik. Sonradan biz müəyyənləşdirdik
ki, alimin həmin qiymətli rəyi nə 1989-cu ildə, nə
də növbəti illərdə əsərlə əlaqədar
olaraq, heç bir yerdə işıq üzü görməmişdir.
Ustadın öz sevimli tələbəsinə
hətta, ömrünün son illərində belə, munislik
mövqeyindən yanaşması, mürid-mürşid məhrəmliyinin
ən parlaq bir timsalı kimi duyğularımıza hakim kəsildi.
Biz, professor Rafael
Hüseynovun XXI yüzil orientalistika tarixinin parlaq səhifələrini
qarşıdan gələn illərdə də
özünün əsrarəngiz və qüdrətli qələm
örnəkləri ilə zənginləşdirəcəyinə
böyük inam hisslərimizi ifadə etməklə,
ustadın rəy yazısını möhtərəm
oxucuların nəzər-diqqətinə təqdim edirik.
SOKRAT CƏFƏR
NİZAMİ ADINA ƏDƏBİYYAT MUZEYİNİN
KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI ŞÖBƏSİNİN
MÜDİRİ, FİLOLOGİYA ELMLƏRİ NAMİZƏDİ
RAFAEL HÜSEYNOVUN "MƏHSƏTİ - NECƏ VARSA"
MONOQRAFİYASI HAQQINDA
RƏY
XII əsr Azərbaycan ədəbiyyatı
tarixini ölməz rübailəri, şeirlərinin solmaz təravəti
ilə nurlandıran Məhsəti Gəncəvi
haqqındakı bu əsər, zəngin şeir tariximizin
müəmmalar və suallarla dolu uzaq dövrünün ən
şərəfli səhifələrindən birinə
işıq salır. Məhsəti Gəncəvi haqda bu
günə qədər müxtəlif elmi-tədqiqat əsərləri,
samballı məqalələr, bədii əsərlər
yaranmışdır. Həmin əsərlərdə
böyük şairəmizin ədəbiyyatımızdakı
yeri, söz xəzinəmizə gətirdiyi yeniliklər
müxtəlif cəhətdən şərh edilmişdir.
Lakin istedadlı tədqiqatçı Rafael Hüseynovun
monoqrafiyasında ilk dəfə olaraq, Məhsətinin həyat
və yaradıcılığıyla əlaqədar problemlərə,
suallara kompleks şəkildə
yanaşılmışdır. Monoqrafiyanı diqqətlə oxuduqdan
sonra belə bir qənaətə gəldim ki, müəllif
qarşısına qoyduğu vəzifənin öhdəsindən
layiqincə gələ bilmişdir.
Məhsəti Gəncəvi
şəxsiyyəti və irsi ilə bağlı ən
ümdə problemlər hansılardır və Rafael onları
necə həll etmişdir? Təbii ki, ən birinci problem Məhsətinin
həyat yolu, bioqrafiyası ilə əlaqədar suallara
düzgün cavab verməkdir. R.Hüseynov orta əsrlərdə
yaranmış onlarca fars və türk dilli mənbələrə
səpələnmiş məlumatları diqqətlə
saf-çürük edərək şairənin elmi
baxımdan məqbul sayıla biləcək tərcümeyi-halını
qələmə almağa çalışmış və
bu niyyətinə də yetmişdir. Məlumdur ki, vaxtilə məşhur
sovet şərqşünası Yevgeni Bertels hətta Məhsətinin
reallığı məsələsini də sual altına
salmışdı. Bu təsadüfi deyildi. Çünki
40-50-ci illərdə hələ, Məhsətinin ömür
salnaməsinin müxtəlif dövrlərini dəqiq izləməyə
imkan verə biləcək bir çox qaynaqlar aşkar edilməmişdi.
İndi bu qəbildən olan bir çox mənbələr əldə
edilmişdir və müəllif həmin əlyazmalarından
istifadə edərək, Məhsəti şəxsiyyətini
bürümüş müəmmalar həlqəsini dəf
etməyə müvəffəq olmuşdur.
Məhsəti irsi və
şəxsiyyəti ətrafında bolluca mübahisələr
yaradan səbəblərdən biri də onun cavan peşə
və sənət sahiblərinə həsr etdiyi rübailər
silsiləsidir. Uzun illərdir ki, Rafael şərq ədəbiyyatının
ən maraqlı və az öyrənilmiş janrlarından
biri şəhraşubları araşdırır. Həmin tədqiqləri
R.Hüseynova Məhsətinin bu növdən olan rübailərinin
mahiyyətini açmaqda yardımçıya çevrilir.
Şərq ədəbiyyatında
Ömər Xəyyam rübainin ən məşhur ustadı
kimi şöhrət tapmışdır. Ömrümün
neçə ilini bu dahi sənətkarın irsini öyrənməyə
sərf etmişəm və ilk dəfə olaraq, Xəyyamın
ölməz rübailərini öz vəznində ana dilimizə
çevirmişəm. Xəyyam rübailərini Məhsəti
dördlükləri ilə qarşılaşdıranda,
rübai aləmində Xəyyam zirvəsi ilə
yanaşı, bir Məhsəti zirvəsinin də olduğunu
görürük. R.Hüseynov inkarolunmaz dəlillər və
sübutlar əsasında Məhsətinin rübaiçilikdəki
yüksək məqamı barədə tutarlı fikirlər
söyləyir.
Monoqrafiyada Məhsətinin
XII əsrdə rübainin inkişafı və tərəqqisinə
göstərdiyi təsir şərh edilərkən, bugünəcən
bizə naməlum qalmış bir neçə şairin
adı ilə birinci dəfə qarşılaşırıq.
Beləliklə, R.Hüseynov tədqiqatı boyu oxucunun
yalnız Məhsəti Gəncəvi haqda məlumatlarını
deyıl, həm də klassik Azərbaycan şeirinin irəliləyiş
yolları və istedadlı nümayəndələri barədə
təsəvvürlərini də genişləndirir. Bu da diqqətəlayiqdir
ki, müəllif Məhsəti ənənələrinin ədəbiyyatımızda
davamını ayrıca bir bölmədə
işıqlandırır.
Əsər oxunaqlı
bir dildə, səlis üslubda yazılmış,
yürüdülən mülahizələr etibarlı mənbələr
əsasında təsdiqlənmişdir. 300-dən artıq mənbə
- bunlar fars, türk, ərəb, ingilis, alman, fransız və
s. dillərdədir. Elə həmin mənbələrin
siyahısına baxanda görürsən ki, əksəriyyəti
əlyazmaları təşkil edir və bu da müəllifin nə
qədər gərgin bir zəhmətə
qatlaşdığını açıq nümayiş
etdirir.
Əsərdə dəqiqləşdirilməyə
ehtiyacı olan, islah edilməli müəyyən məqamlar
vardı ki, biz bunları R.Hüseynovla birgə redaktə
prosesində düzəltmişik.
Zənnimcə, elmi
redaktədən sonra "Məhsəti - necə varsa"
monoqrafiyası dəyərini bir qədər də
artırmışdır və daha artıq sambal
qazanmışdır.
Məhsətişünaslıq
ədəbiyyatşünaslığımızın nisbətən
cavan bir qanadıdır və bu sahədə R.Hüseynovun əvvəllər
də xidməti olmuşdur. 1985-ci ildə o, Məhsəti Gəncəvinin
rübailərini ilk dəfə olaraq farsca Bakıda nəşr
etdirmişdir. Onun bu istiqamətdəki ikinci addımı əlbəttə
ki, daha sevindiricidir. Çünki oxucuların mühakiməsinə
XII əsr ədəbiyyatının görkəmli bir
elçisinin həyat və yaradıcılığı
haqqında dolğun məlumat verən kamil bir tədqiqat əsəri
verilir. Yuxarıda sadaladığım bütün məziyyətlərini
nəzərə alaraq, filologiya elmləri namizədi Rafael
Hüseynovun "Məhsəti - necə varsa"
monoqrafiyasının ixtisas redaktoru kimi çapa məsləhət
görürəm.
ƏKRƏM CƏFƏR
Ədalət.- 2010.- 7 avqust.- S. 3.