"BOKSÇULARIMIZIN UĞURLARI
HƏLƏ QABAQDADIR"
Bu fikri bizimlə söhbətində Azərbaycan Boks
Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyev
xüsusi ilə vurğuladı
- Ağacan müəllim, sirr deyil ki, son on ildə Azərbaycan
boksu yüksələn bir xətlə inkişaf edir. Sizcə,
bunun səbəbi nə ilə bağlıdır?
- Öncə onu qeyd edim
ki, ölkə prezidenti cənab İlham Əliyev idmanın
bütün növlərinin inkişafına böyük diqqət
göstərir. Diqqət və qayğı əvvəllər
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən də
olub. Bu gün isə tam məsuliyyətlə deyə bilərəm
ki, Azərbaycanda idmanın bütün növlərinin
yüksək sürətlə inkişafına səbəb
ölkə prezidentinin böyük qayğısıdır. Əgər
bu qayğı olmasaydı, təbii ki, idmanın bütün
növləri üzrə Azərbaycan idmançıları
möhtəbər yarışlarda bir-birinin ardınca qızıl
medallar qazanmazdı.
- Görünür, öncə idmanın
inkişafı üçün maddi -texniki baza
yaradılmalıdır və ondan sonra idmançıdan nəsə
tələb etmək mümkündür. Bəlkə biz
yanılırıq, belə deyil?
- Sizin söylədiyiniz
fikirlərdə böyük həqiqət var. Bu gün nəinki
Bakı şəhərində, eləcə də ölkəmizin
digər şəhər və rayonlarında idmanı
inkişaf etdirmək üçün Olimpiya İdman Kompleksləri,
dünya standartlarına cavab verən futbol stadiyonları və
eyni zamanda digər idman kompleksləri istifadəyə verilib. Təbii
ki, belə bir şəraitdə idmanın hər hansı bir
növünə marağı olan yeniyetmələr və gənclər
istər-istəməz öz istedadlarını və qüvvələrini
ortaya qoya bilirlər. Hər bir şəraiti olan idman
kompleksində məşq eləmək də asandır, təcrübə
toplamaq da və möhtəbər yarışlarda iştirak
eləmək də.
- Təbii ki, yaxşı şərait olanda
idmançıdan da yüksək göstərici tələb
olunur. Yəni hər hansı bir idmançı bəhanə
gətirib deyə bilmir ki, məşq zamanı onun
üçün şərait yaradılmayıb.
- Ümumiyyətlə,
hər hansı idmançı yaxşı məşq etmədən,
təcrübə toplmadan, fiziki və psixoloji
hazırlığa malik olmadan yüksək nəticəyə,
daha doğrusu, çempion adı qazanmağa nail ola bilməz.
Hər bir çempionluğa gedən yol gərgin məşqlərdən,
yüksək fiziki və psixoloji hazırlıqdan
başlayır. Üstəlik, idmançının
özünə inamı da bu uğurların qazanmasında
başlıca əhəmiyyət kəsb eləyir.
- Bir ara boksçularımızın mötəbər
yarışlarda və beynəlxalq turnirlərdə qüvvələri
zəiflədi, uğurları azaldı. Daha doğrusu, biz
öyrəşmişik ki, boksçularımız başqa
ölkələrin idmançılarından daha çox
qızıl medal qazansınlar...
- Uzun müddət
boksçularımız həm Avropa, həm Dünya
çempionatlarında, həm də Beynəlxalq
yarışlarda yüksək yer tutublar. Biz bununla sözün
həqiqi mənasında qürur duymuşuq. Amma sonradan məşqçi
heyətinin zəifliyi üzündən beynəlxalq
yarışlarda boksçularımız əvvəlki vaxtlarla
müqayisədə o qədər də böyük
uğurlar qazana bilmədi. Bu bizi və eyni zamanda Boks
Federasiyasının rəhbərliyini çox narahat elədi.
- Elə biz də belə düşünürdük.
Çünki Azərbaycan Boks Federasiyası kubalı məşqçiləri
ölkəmizə dəvət elədi. Səhv eləmiriksə,
bundan sonra boksumuzda yaranmış durğunluq aradan
qaldırılmağa başlandı...
- Səhv eləmirsiniz.
Həqiqətən də kubalı boksçuların fəaliyyətə
başlamasından sonra boksçularımız arasında
nizam-intizam daha da yüksəldi. Hətta tanınmış boksçular
1 dəqiqə belə məşqə gec gəldiyinə
görə, məşqə buraxılmadı. Təbii ki, bu sərt
tədbirlər yalnız və yalnız boksumuzda
yaranmış boşluğu doldurmaq üçün idi.
Yüksək nizam-intizam, tələbkarlıq və peşəkarlıq
artıq zaman-zaman öz sözünü deməyə
başlayır.
- Siz "öz sözünü" deyəndə nəyi
nəzərdə tutursunuz?
- Konkret olaraq onu nəzərdə
tuturuq ki, gənclərdən və yeniyetmələrdən
ibarət olan boksçularımız beynəlxalq
yarışlarda və eləcə də mötəbər
yarışlarda yeni uğurlar qazanmağa başladı. Hər
bir uğurun arxasında isə bayaq dediyim kimi, gərgin məşqlər,
ağır zəhmət və bir də tələbkarlıq
dururdu. Məşqçilər korpusunun yeni taktikası və
orijinal metodu zaman-zaman özünü doğrultdu. Rinqə
çıxan hər bir boksçumuz son ana qədər
döyüşdü və rəqibə qalib gələrək
mötəbər turnirin qızıl medalını
qazandı. Məgər bunlar asanlıqla əldə edilib?! Hər
bir qələbə üçün məşqçilər
və idmançılar olmazın əzab-əziyyəti ilə
üzləşirlər.
- Axır vaxtlar Sərhədçi İdman Kompleksində
keçirilən yeniyetmələr və gənclə
arasında ölkə çempionatı çox şeyə
aydınlıq gətirdi. Yəni gələcəkdə bu
boksçular yığmamızın beynəlaxq turnirlərdə
şərəfini qoruya biləcəklər. Siz onlara ümid
bəsləyirsinizmi?
- Artıq
yığmamızın bir çox yaşlı və normadan
artıq çəkisi olan boksçuları idmandan
uzaqlaşıblar. İstər-istəməz həmin
boksçuların yeri görünməyə başlayır.
Ölkə birinciliyinin keçirilməsində elə əsas
məqsəd də ondan ibarətdir ki, bu cür yeniyetmələri
və gəncləri həmin yarışlarda seçməklə
biz onları gələcəkdə yığmaya gətirəcəyik.
Onların hər birinin üzərində məşqçilər
gərgin işləməli, fiziki və psixoloji cəhətdən
bu boksçuları gələcəkdə keçirilcək
yarışlara hazırlamalıdırlar.
- Ağacan müəllim, siz Azərbaycan boksunun həm
dünənini, həm də bu gününü
görmüsünüz. Azərbaycan boksunun gələcəyinə
böyük ümidlər bəsləyirsinizmi?
- Mən həmişə
yığmamızın ən çətin vaxtında belə
inamımı və ümidimi itirməmişəm.
İnanmışam ki, hansısa beynəlxalq yarışda
uğursuzluğa düçar olsaq da, növbəti Avropa
çempinatında mütləq boksçularımız
qızıl medal qazanacaq. Necə fikirləşmişəmsə,
elə də olub və boksçularımızın bir
neçəsi beynəlxalq turnirdə o qızıl medalı
qazanıb. Qarşıdan gələn Olimpiya oyunlarında və
Avropa çempionatında boksçularımızın
möhtəşəm qələbə qazanmasına
böyük inamım var. Ən azından ona görə ki, bu
gün Azərbaycan boksu daha yüksək sürətlə
inkişaf edir. Buna görə də Azərbaycan
boksçularının mötəbər yarışlarda
uğur qazanmasına nəinki mən, hətta Boks
Federasiyasının rəhbərliyi böyük ümid və
inamla baxır.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 7 avqust.- S. 4.