Musiqinin Qəbələdəki qələbəsi

 

Və ya qədim diyar, yeni ənənə haqqında sonata

 

Qəbələdə ikinci Beynəlxalq Musiqi Festivalı başa çatsa da bayramın səs-sorağı hələ də eşidilməkdədi. Bütün nüfuzlu festivallar belə olur. İştirakçılar, qonaqlar dağılışıb ölkələrinə, evlərinə qayıdırlar. Müzakirələr, mübahisələr, dəyərləndirmələrsə uzun müddət davam edir.

 

Yazının üvertürası

 

Adından göründüyü kimi, Qəbələdəki musiqi festivalının beynəlxalq statusu var. O da bəllidir ki, musiqi bayramı sayca ikinci dəfə keçirilir.

Ötən il startı verilən Qəbələ Beynəlxalq Musiqi Festivalı həm yüksək təşkilatçılıq baxımından, həm də iştirak edən musiqiçilərin "çəkisinə" görə fərqləndi, diqqət çəkə bildi. Dünyanın 15 ölkəsindən dəvət olunan tanınmış musiqiçilər, virtouz sənətkarlar bayrama rəng qatdılar. Gənc ifaçıların onlarla birgə səhnəni bölüşmələri festivalı daha baxımlı etdi. Onların arasında azərbaycanlı gənclərin olması xüsusi vurğulanmalıdı. Bizim gənclərdən söz düşmüşkən, 15 yaşlı Toğrul Hüseynlinin Qəbələ festivalındakı uğuru yəqin ki, hələ uzun müddət yaddan çıxmayacaq. Dünyanın ən tanınmış musiqiçilərindən təşkil edilən münsiflər heyəti Toğrulun istedadına heyran qaldı. Gənc pianoçu artıq dünyanın müxtəlif musiqi festivallarında Azərbaycanı təmsil edir.

Bir il öncə ilk dəfə təşkil olunan Qəbələ Beynəlxalq Festivalı sənət aləmində yetərincə müsbət qiymət aldı. İlk addımı uğurlu alınan tədbirin ənənəvi olacağı elə o vaxtdan dəqiqləşdi.

Bu yerdə tədbirin təşkilatçılarının adını xatırlatmağın əsl məqamıdı. Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir. Uğurda payı olanlarla bir daha tanış olmaq yerinə düşdü. Çünki bu təşkilatlar artıq bir neçə uğurlu layihələrə birgə imza atıblar. Beynəlxalq Muğam Festivalının, Rostropoviç adına Musiqi Festivalını, Üzeyir Hacıbəylinin, Dmitri Şostakoviçin, Bülbülün yubileyləri ilə bağlı təşkil olunan tədbirləri xatırlamaq görülən işin səviyyəsindən xəbər verir.

 

 

"Qəbələ dastanı"ndan etüdlər

 

Qəbələnin belə nüfuzlu bir sənət tədbirinə ev sahibliyi etməsi heç kim üçün təəccüblü olmadı. Son illərdə sürətlə dəyişən və inkişaf edən bu rayon Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilib. Müasirləşən qədim Qəbələnin bu gün artıq mədəniyyət mərkəzlərindən biri olması təbiidi. Paytaxtdan sonra belə möhtəşəm festival ünvanını dəqiq tapıb.

Bir qədər Qəbələnin tarixinə nəzər salmağa nə deyirsiz? Qəbələ rayonu indiki mərkəzindən 20 km. cənub-şərqdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin adını daşıyır. Buranın 600 il ərzində Qafqaz Albaniyasına paytaxt olmaq təcrübəsi var. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi taixi və məşhur şəhərləri ilə müqayisə ediləcək dərəcədə mühüm siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri hesab edilib.

Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olub. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə Yalovlu mədəniyyəti adlanır.

Ötən əsrin 50-ci illərinin sonunda ərazidə aparılan arxeoloji qazıntılardan sonra qədim şəhərin mühüm bir hissəsi aşkar edilib. Alimlərin hesablamalarına görə, buranın tarixi eradan əvvəl IV- bizim eranın I əsrlərinə gedib çıxır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücuma keçsələr də, Qəbələni işğal edə bilməyiblər.

XVIII əsrdə Qəbələ ərazisində Qutqaşen sultanlığı yaradılıb. Sovetlər isə 1930-cu ildə Qutqaşen adlı rayon formalaşdırıblar. 1991-ci ildə rayon qədim adına- Qəbələ adına qovuşub.

İkinci Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva qədim tarixlə müasirliyin qovuşduğu Qəbələni mədəniyyət paytaxtı kimi xarakterizə etdi: "Bu gözəl şəhər dünyanın ən qədim sivilizasiyalarından birinin-Qafqaz Albaniyasının paytaxtı olmuş və hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoymuşdur. Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir".

 

YUNESKO-dan Qəbələyə "İldırımlı yollarla"

 

Budəfəki festivalda YUNESKO-nun Baş Direktoru xanım İrina Bokovanın iştirak etməsi bayramı daha da şərəfləndirdi. Baş Direktor Qəbələnin belə nüfuzlu beynəlxalq tədbir üçün əsl möhtəşəm səhnə adlandırdı: "Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır və bu festival da həmin mədəniyyətləri ən yüksək səviyyədə təqdim edəcək. Xalqların və mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəsilə keçən zəngin musiqi ənənələridi. YUNESKO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridi, onların qorunub saxlanması və populyarlaşması üçün bütün tədbirlər görülməlidi".

Qəbələdəki bayrama təşrif buyuran YUNESKO rəsmisi əliboş gəlməmişdi. Xanım İrina Bokova bu nüfuzlu təşkilatın xoşməramlı səfiri,Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya "Qızıl Motsart" medalı təqdim etdi.

 

Yazının epiloqu

  

   Qəbələ ikinci Beynəlxalq Musiqi Festivalında səhnəyə yenə ulduzlar çıxdı. Özü sənətləri ilə bu sözü doğrultmuş ulduzlar. Yuri Başmet, Dmitri Yablonski, Emilio Ponsı, Xloe Hanslip Azərbaycanı dünya musiqisində təmsil edən Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Rauf Abdullayev, Azad Əliyev, Yalçın Adıgözəlov, Murad Hüseynov, Səidə Tağızadə, Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, Yeganə Axundova, Cavid Səmədov...

Musiqinin dili Azərbaycanı, Amerikanı, Rusiyanı, İngiltərəni, Fransanı, İtaliyanı, Kubanı daha neçə-neçə yaxın-uzaq ölkəni Qəbələdə birləşdirdi.

London Kral Flarmonik Orkestrinin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin köməyi ilə Motsartın, Şubertin, Çaykovskinin, Raxmaninovun, Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun musiqisi Qəbələdə ifa olundu.

10 gündən çoxdur ki, Qəbələ ikinci Beynəlxalq Musiqi Festivalı başa çatıb. Amma bu möhtəşəm musiqi bayramı haqqında müzakirələr davam edir. Bütün nüfuzlu müsabiqələrdə olduğu kimi...

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2010.- 14 avqust.- S. 4.