Açılmayan çətir
(Hekayə)
Neçə
gündən bəri davam edən yuxusuzluq məni o
qədər əldən salmışdı ki, guppultu ilə
döşəmənin üstünə yıxılan
atamın səsi, bacımın
qara-qışqırığı belə məni ayılda
bilmirdi. Anamın ayaq səsləri eşidildi. Bir azca
yuxu çimiri deyəsən bu gecə də mənə
qismət olmayacaqdı. Yuxudan ayılıb özümü
divara, qapıya çırpa-çırpa atamın
otağına keçdim. Yazıq anam həmişəki kimi
atamı döşəmədən qaldırmağa
çətinlik çəkirdi. Anamla köməkləşib
onu birtəhər çarpayısına uzatdıq. Anam məni gözləyirmiş kimi dərhal otaqdan
çixdı. Atamın uç ildən bəri
süzülüb cırığı çıxmış
söyüşləri başlanmışdı. Artıq bu
söyuşlər və qışqırıqlar mənim
üçün o qədər adiləşmişdi ki, elə
bil heç nə eşitmirdim. Atama yaxınlaşıb
çırmanıb yuxarıya qədər qalxmış
köynəyini çəkib qarnının üstünü
örtdüm, ağzından köpüklənib sinəsinə
axmiş suyu təmizlədim. Əllərimdən
yapışıb bərk-bərk tutdu. Tezliklə
söyə-söyə yuxuya getdi. Bacım gəlib atamın
əlini əlimdən aralamaq istədi. Atam o dəqiqə
tərpəndi, göz qapaqları səyridi. Onun
ayılacağından qorxub bacımı kənara
itələdim. O donqquldamağa başladı:
-Belə
özünə öyrəşdirirsən, sən işdə
növbədə olan günləri evi az qalır
basımıza uçursun.
Sonra kinli-kinli atama baxıb dedi;
-Axır yatışın
olsun.
Atamın
üzünün rəngi ağarmışdı,
xəstəliyinin bütün əzabları üzünə
sirayət eləmişdi.
Yuxum qaçmış,
keçmis günlərimiz yadıma
düşmüşdü. Atam ali təhsilli həkim idi. Əvvəllər təcili yardımda, sonralar
isə özəl klinikaların birində həkim kardioloq
kimi isləmişdi. Hər şey atamdan
yaşca balaca əmimin evlənməsindən sonra
başlandı. Atamgil iki qardaş
idilər. Onlar balaca olanda valideyinlərini
itirmişdilər. Əmimi atam
böyütmüş, oxutmuşdu. Ancaq
əmim nədənsə yaşamaq üçün
Moskvanı özünə məkan seçmişdi. Üç
il bundan öncə atam onu yaxın
qohumlarımızın qızı ilə nişanlayıb,
toylarını etdi. Toydan sonra əmim
tələm-tələsik iş üçün Moskvaya
qayıtdı. Və onu heç cür geri
qaytara bilmirdik. Hər dəfə nə
vaxt gəlirsən soruşanda bəhanələr
gətirərdi. Beləcə beş
aydan sonra onun qayıtmayacağını görüb atam
özü onu gətirmək üçün Moskvaya
getməli oldu. O gedən günün səhəri əmim
zəng vurub atamın beyin qansızması keçirdiyini
xəbər verdi. Biz bu
hadisənin məgzini sonralar oyrəndik. Sən
demə, atam Moskvaya çatanda əmimə zəng vurub
gəldiyini xəbər vermək istəyir. Ancaq nə qədər zəng vurursa telefon
məşğul olduğundan, xəbərsiz əmimgilə
getməyə məcbur olur. Qapını
əmimdən yaşda xeyli böyük olan, qucağında
3-4 yaşlarında sarı oğlan uşağı tutmuş
bir rus qadın açır. Atam
əvvəlcə səhv gəldiyini zənn edir, geri
qayıtmaq istəyir. Bu zaman o biri otaqdan
çıxıb gələn əmimi görən atama
hər şey məlum olur. Atam
gördüklərinə dözə bilməyib əmimlə
bərk dalaşır, geri qayıdanda başını tutub
pilləkanların üstünə yıxılır. Atam
oradakı həkimlər tərəfindən yaxşı
müalicə olub qayıtdıqdan sonra iki il
normal həyat tərzi keçirtdi. Iki ildən
sonra təkrar olaraq beyin qansızması keçirdi və
yatağa düşdü. Indi isə sinir
sistemi qəbul etdiyi dərmanlar nəticəsində pozulub.
Bütün günümüz atamın
söyüşləri, bacımın
çığırtıları ilə ötüb
keçir. Mən və anam bu
vəziyyətə öyrəşmişik. Bir tək öyrəşməyən bacım və
qonşularımız idi. Günlər
keçir, onun vəziyyəti daha da pisləşirdi. Evimizdə bir dənə də olsun salamat
qab-qaşıq, gözə dəyəsi əşya
qalmamışdı. Atam
hamısını sındırıb,
dağıtmışdı. Dəfələrlə
bacımla, anamla əlbəyaxa olub onları boğmağa
çalışmışdı. Qonşularımızın
şikayətləri, həkimin təkidi ilə ertəsi
gün ruhi xəstəxanadan gəlmiş həkimlər
atamı maşına mindirib apardılar.
O gündən sonra
evimizdə çox şey dəyişməyə
başladı. Anam ilk günlər
sıxıntılı, fikirli dolaşsa da sonralar pis
günlərini unutmağa çalışdı. O tez
bir zamanda uşaq baxçasında tərbiyəçi
işləməyə başladı. Atamın
otağını yenidən təmir elətdirib,
içinə yeni əşyalar aldı. Aylarla
qapımızı açmayan qohum, qonşularımız
tez-tez bizə qonaq gəlirdilər. Bacım
rəfiqələri ilə şəhərə
gəzməyə gedir, saatlarla evdə tapılmırdı.
Beləcə gözlərim qarşısında
bütün bu baş verənlər məni bir daha əmin
edirdi ki, insan hər kəsdən öncə özünü
sevir, sonra başqalarını. Insan
yaşadığı ömür boyunca yalnız və
yalnız öz rahatlığını, dincliyini qoruyub
saxlamağa cəhd göstərir. Bir
də ki, boğulmamaq üçün saman
çöpündən yapışan, kömək uman insandan
axı nə gözləmək olardı?
Aradan beş
aydan çox vaxt keçdi. Bacım halı
vəziyyəti yaxşı olan imkanlı bir oğlanla
nişanlandı. Bütün
ciddi-cəhdlə atamı oğlan evindən gizlədirdik.
Bacım bütün təzə qohumlarına
atamın ağır xəstə olduğunu və yanına
heç kəsin buraxılmadığını demişdi.
Bir dəfə bacıma nişanlısından
heç nəyi gizlətməməsini atamızın
xəstəliyi barədə hər şeyi açıb
nişanlısına deməsini təklif etdim. Bu sözlərim onu o qədər əsəbləşdirdi
ki qışqırıb ağlamaqdan halı xarab oldu. Həmin günü anam mənim qarama dayanmadan
deyinirdi.
-Nə istəyirsən o
yazıq qızdan, qoymayacaqsan xöşbəxt olsun.
Bacımın
əsəbləşməsinə özüm də pis olub,
peşmançılıq hissi duyurdum.
Bacım
keçmişindən qorxurdu, həm də lap çox. Sanki atam
bacımın keçmişindən qoparılıb onun
arxasınca atılan böyük bir daş parçası
idi. O həmin daş parçasının gec-tez
möhkəm zərbə ilə başına dəyib onu
yerə yıxacağını hiss edirdi. Bunun
üçünsə o tez bir zamanda qara daşlı
keçmişindən, keçmişinin izləri olan
evimizdən və bizdən yaxasını qurtarmağa
calışırdı. Ancaq o bir şeyi
unudurdu ki, keçmiş heç vaxt insanı tərk etmir.
Çünkü keçmiş
gələcəyə bağlıdır. Dunyanın
harasına gedirsən get fərqi yoxdu keçmişin ən
vəfalı köməkçiləri olan xatirələr,
yaşantılar, mütləq sənin qarşısına
çıxıb gözlərini qırpmadan sənə
baxacaqlar. Nə qədər qəribə
səslənsə də keçmiş
gözqamaşdıracaq qədər bəyaz olan
parıltılı, atlas qadın libasının arxasından
uzanan ətəyə bənzəyir. Libas
hara gedirsə getsin ətək də onun arxasınca
sürünüb gedir. Atlas daima
gözqamadırıcı parıltısı və
tərtəmiz bəyazlığı ilə insanların
gözünü qamaşdırır. Ətək
isə əksinə daim nəzərə çarpmadan
sürünür, toz-torpağa bulaşıb, ayaq altında
qalır. Lakin bəzən də dediyim kimi
atlanıb önə keçir və hər kəsə deyir
mənə yaxşı-yaxşı baxın. Mən keçmişəm, unudub
həyatınızdan qoparıb, atmaq istəiyiniz
keçmişəm.
Qoy
keçmiş mənim bu sozlərimdən inciməsin. O daim
gələcəkdən yapışıb ona yük olur. Və daim sürünməkdən toz qoxuyur. Çox vaxt keçmiş xöşbəxt,
toy-düyünlü günlərdən, seviml, məsum
səkillərdən, isti ana qucağından ibarət
xatirələri ilə öyünür. Ancaq
yaxsı olar ki, vaxtsız və acımasız
ölümlərlə, nakam məhəbbətlərlə,
nisgilli ayrılıqıarla, dolu olan dərtlər
yığınına da nəzər salsın.
Atamın
xəstəliyində heç nə
yaxşılaşmadı. Əksinə
səhhəti get-gedə pisləşdi. O qədər
arıqlamışdı ki, bir tək gözlərinə
baxanda bilmək olurdu ki, bu həmin o adamdı. Günlərlə
çörək yemir, bir qaşıq su belə içmirdi.
Bacımın toyuna iki gün vaxt
qalmışdı. Anamla bacım evdə
yox idilər. Toy hazırlıqları
ilə əlaqədar olaraq harasa getmişdilər. Dərsdən gəlib təzəcə yuxuya
getmişdim ki, telefonun cingiltili səsinə yuxudan
ayıldım. Dəstəyi qaldıranda
atamı mualicə edən həkimin səsini eşitdim.
O atamın vəziyyətinin pisləşdiyini və
ailəmizdən bir adamın xəstəxanaya gəlməsini
istədi. Ağlıma pis fikirlər
gəlsə də həkimin təmkinli
danışığı məni fikrimdən
yayındırdı. Evdə heç
kəs olmadığı üçün tələsik
ayaqqabılarımı geyinib xəstəxanaya getdim. Ora çatanda atamın otağındakı
çarpayının boş olduğunu gördüm. Məni zəif işıqlı dəhlizin
sonundakı soyuq, divarları sovet dovründən
rənglənmiş bir otağa apardılar. Dəmir çarpayının üstünə onun
cansız bədənini uzatmışdılar. Üstünə örtülmüş
mələfəni qaldırdım. Tam
örtülməmiş kipriklərinin arasından qara
rəngli gözləri işıldayırdı. Sifətində dərindən ah çəkib
rahatlaşmış insanlara məxsus ifadə
əmələ gəlmişdi. Daha o yox
idi, canı bu dünyanın bütün iztirablarından,
dərdlərindən, xəstəliklərindən
həmişəlik qurtulmuşdu. Evə
gəlib çatanda gecə saat on bir idi. Qapını
anam açdı anamın qolları üstünə necə
düşdüyümü xatırlamıram. Ayılandan
sonra hönkürtü ilə ağlayıb atamın
öldüyünü onlara dedim. Anamın
gözlərində bir damla yaş parladı və tezcə
də yox oldu. Bacım çox
soyuqqanlılıqla mənə baxırdı, sonra o heç
nə olmayıbmış kimi ayağa qalxıb
yarımçıq qoyduğu işini davam etdirdi. Anamın gözü yol cəkirdi. Sükutu mən pozdum.
- Sabah gedib atamın
meyidini xəstəxanadan götürməliyik.
Bacım sanki bu
sözü gözləyirmiş kimi mənə baxıb ilan
kimi fısıldadı.
- Sabah olmaz. Toydan sonra
nə istəsəniz edərsiniz. Ancaq toya
qədər olmaz.
Mən
esitdiklərimə inanmadım.
- Sən nə
danışdığını bilirsənmi, o bizim
atamızdı, özgəsi deyil.
O mənə
yaxınlaşıb əsəbiliklə gözlərini
bərəltdi
-Qoymaram ki, ata-bala
mənim toyumu məhv edəsiniz, eşidirsənmi? Elə bu dəqiqə
özümü öldürərəm.
Onun bu sözləri
sanki bayaqdan yatmış olan anamı yuxudan ayıltdı. O qorxa-qorxa ayağa qalxıb
bacımı məndən aralaşdırdı. Mənim sual və ümüd dolu
baxışlarım anamın üzünə dikildi. Anam
mənim qəlbimdən keçənləri duyub dedi;
- Sabah gedib baş
həkimlə danışıb, bir az hörmət
edərəm iki gün orda saxlayarlar, toydan sonra gətirib
dəfn edərik.
Anam yenə nəsə
danışırdı, mən isə heç nə
eşitmirdim, nəsə demək istəyirdim,
bacarmırdım, başım fırlandı, ürəyim
bərk bulanırdı. Özümü birtəhər vanna
otağına çatdırıb qapını arxadan
bağladım. Gecə saat 2-də onlar yatandan sonra
əşyalarımı götürüb ömrümün
iyirmi ilini keçirdiyim evdən həmişəlik
ayrıldım.
Atamın
məzarı üstünə gəlib çatanda
yağış ordan-burdan damcılayırdı. Yarım saat
bundan oncə atamın dərman qoxuyan cansız bədənini
gətirib bu soyuq, lakin etibarlı torpağa tapsırdılar.
Dedilər, ey torpaq biz insanların bəd
əməllərinin qurbanı olan bu cansız meyitdən
muğayat ol, ona yaxsı bax, qoyma qurd böcək canına
daraşsın, ilanlar gözünü oysun. Yoxsa gəlib sənə elə toy tutarıq ki,
dünya durduqca sənə dərs olar.
Qəbristanlıqdan
çıxıb dayanacağa gedəndə leysan
yağış yağmağa başladı. Hamı
tələsik addımlarla qaçıb canını
islanmaqdan qurtarırdı. Mən isə
əlimdəki çətiri açmadan yağışdan
islanıb ağlaya-ağlaya gedirdim. Göz
yaşlarım yağışa qarışmışdı.
Ətrafdan keçənlər
təccübblə mənə və əlimdə tutmuş
olduğum bağlı çətirə baxırdılar.
Samirə Şükürova
Ədalət.- 2010.- 14 avqust.- S. 13.