ONLARIN DÜNƏNİ: ABBAS
ABDULLA - 1
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq
olmaz ki, bizim bu günümüz
ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim idi,
hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
kərəkli və daha qabarıq görünməkdədi.
Bu gün proektimizin
davamı olaraq şair və tərcüməçi Abbas
Abdullanın DÜNƏNKİ KİMLİYİNDƏN söz
açmaq istərdik.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
Və...
Beləliklə
ŞAİR, TƏRCÜMƏÇİ, TƏNQİDÇİ,
AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ
RESPUBLİKASINDA BAŞ KONSULU, bütün bunlardan əlavə
mənim otuz illik dostum, evimin ən yaxın adamı...
Bir arayış:
Elçiliyimi eləyib. Ağacavad Əlizadə və İsa
İsmayılzadə ilə birlikdə. Yetmiş
altıncı ildə toyumda dedi ki, ən xoşbəxt atayam,
otuz altı yaşım var, BÖYÜK OĞLUMUN toyunu eləyirəm.
Bu, zarafat deyildi, ciddi söhbət idi. Mən ona ilk dəfə
nə vaxt DƏDƏ demişəm, yadımda deyil, ancaq o, mənə
həmişə övladı kimi baxıb, məsləhətlər
verib, gözü üstümdə olub, uğurlarıma
sevinib...
... Abbas Abdulla
Hacaloğlu ilə söhbətimiz çox əsəbi,
özü demişkən, sinirli başladı. Buna mən
sevindim, düşündüm ki, "açacaq
sandığı, tökəcək pambığı". O
saat da yadıma İsa İsmayılzadə ilə söhbətim
düşdü. İsa da ilk sualımı eşidən kimi sərtləşdi,
əsəbiləşdi və mən məsələni
çətinə salmamaq üçün tez ayağa durub,
otaqdan çıxdım.
Bu dəfə də eyni
əsəbilik...
Ancaq bu dəfə
otaqdan çıxa bilməzdim, ona görə ki, mənim
evimdəydik, yemək süfrəsi hazırlanırdı, onun
- Hacaloğlunun çox sevdiyi xəngəl bişirilirdi. Əsəbilik
ordan başladı ki, mən yenə də həmişəki
kimi deyəsən, "ağzımın
sözünü" bilməmişdim, baltanı daşa
vurmuşdum. Əsəbilik ordan başladı ki, artıq Hacaloğlu
"Ulduz"un baş redaktoru deyil, onun yerinə seçilən
Ələkbər Salahzadənin və başqa əməkdaşların
adından dedim ki, Abbas, deyəsən sən öz yerinə
Sabir Azərini qoymaq istəyibsən, ancaq alınmayıb. Bunu
da xüsusi vurğuladım ki, şəxsən Ələkbər
Salahzadə səndən "Ulduz"a intervü
götürməyi tapşıranda məhz bu redaktorluq
seçkisinin niyə belə alındığını da
soruşmağı tapşırdı.
Əsəbiləşdi,
necə əsəbiləşdi, söyüşün biri bir
qəpiyə. Özünü söydü, Ələkbəri
söydü, məni söydü, həyatının bizimlə
bağlı keçən günlərini lənətlədi...
Və birdən
yumşaldı. "Poz, poz", - dedi, - o söyüşləri.
Sən düzələn adam deyilsən. Siz düzələn
adamlar deyilsiniz...
Siqaret yandırdı. Mən
maqnitafonun düyməsini basıb dayandırdım. Susdum,
qorxumdan susdum. Sorğu alınmayacaq, deyə yox, sadəcə,
son vaxtlar, adətən bizim evdə söhbət zamanı o,
tez-tez əsəbiləşir, az qala dözülməz olub,
tez özündən çıxır... Bu vəziyyət onu
da, məni də bezdirib. Hər dəfə də belə əsəbi
söhbətlərdən sonra evin xanımından üzr istəyir,
oğlumun-qızımın gözlərindən öpür,
"Siz Allah, bağışlayın, - deyir, - bu Tofiq düzələn
deyil..."
Mən heç istəmirdim
ki, bu dəfə də belə olsun. Şükür ki, yenə
də tez soyudu və deyəsən söhbətimiz
alınacaq.
... Və beləliklə...
HACALOĞLU: - Mən
bunu namərdlik sayıram. Ona görə ki, otuz ildir
tanıdığım bir adam, səmimiyyətinə
inandığım bir adam qəddarcasına şübhəyə
düşür mənim haqqımda. Cümə axşamı
idi, həftənin dördüncü günü.
Hamısını (əməkdaşları nəzərdə
tutur - T.A.) otağa topladım. Dedim, mən gedirəm, siz
qalırsız, bir adam baş redaktor olmalıdı. İntriqa
düşməmək üçün, başa
düşürsənmi, Tofiq, intriqa düşməmək
üçün dedim, gəlin heç bir ciddi dəyişiklik
etməyək. Mən gedirəm, onsuz da redaktor müavini
ştatı artıqdı, onu ixtisara salaq, hər biriniz Ələkbər,
sən də, Əhəd, sən də, Nemət, sən də,
Nizaməddin, sən də baş redaktor olmağa layiqsiniz. Onu
da deyim ki, Seyran həmişə olduğu kimi, yenə də
işdə yox idi... Hə, dedim ki, Sabir Azəri təcrübəli
yoldaşımızdı, üz-gözümüz öyrəşib,
kənardan adam gələ bilər, o adamın kim
olacağı da bəlli deyil, maaşınız da çox
aşağıdır. Nizaməddin iş tapıb redaksiyadan
gedir, onun maaşını, Sabir baş redaktor keçir, onun
müavinlik maaşını öz aranızda bölün,
indi icazə verirlər, az da olsa durumunuz yaxşı olsun... Qəribədi
ki, bu söhbətdən sonra hamısı, Sabirin dediyinə
görə, onun otağına girib razı
qaldıqlarını söyləyiblər. Elə ayrıca
yanıma gələnlər də oldu, dedilər, qoy belə
olsun. İndi belə çıxır ki, mən Ələkbər
Salahzadəni istəməmişəm. Belə
düşünənlər bir şeyi bilməlidirlər ki, mən
hər hansı bir əməkdaşın bu vəzifəyə
seçilməsinə razı olmasaydım, irəli
sürdüyüm namizəd keçməyəndə Ələkbərin
də, Əhədin də təkidilə katiblərdən
birinin iştirakını tələb etdiyini bəhanə gətirib
yığıncağı qapadardım. Sonrası necə
olacaqdı, bir Allah bilir, bir də Ələkbər təxminən
bilər. Nə isə...
TOFİQ ABDİN: - Deməli
belə, abi, artıq "Ulduz" jurnalından
ayrılırsan, ayrılmaq deyəndə ki, gedirsən, nə
bilmək olar, bəlkə bir də buralara qayıtmadın. Bu
taleyin işidi. Bax, bu gedişin özündə sən nə
düşünürsən? Bu sənin üçün nə
dərəcədə ağırdı, bunu sənin irəliliyişmi
hesab edirsən?
HACALOĞLU: - Söhbətimizin
əvvəli elə səfeh başladı ki, mənə elə
gəlir, bizim danışığımızın
EMOSİONAL tərəfi baş tutmayacaq. Məni yaxından
tanıyanların biri də sənsən. Mən heç vaxt
RƏSMİ MƏQAM üçün, RƏSMİ VƏZİFƏ
üçün can atmamışam. Amma bilirsən də, mənim
əlimdə çox böyük imkanlar olub. Vaxtilə məni
Mərkəzi Komitənin ideoloji şöbəsində işə
çağırıblar.
TOFİQ ABDİN: -
Şıxəli Qurbanovun vaxtında?
HACALOĞLU: - Yox,
sonralar. Şıxəli müəllimin vaxtında məni
baş redaktor qoyurdular, baş tutmadı. Altmış yeddinci ilin əvvəlində
mən redaktor qoyulurdum
"Ulduz"a. Bir məclisdə rəhmətlik Şıxəli
söz açıb. Mən o məclisdə olmamışam. Rəhmətlik Salam Qədirzadə
və rəhmətlik Rauf İsmayılov
danışdılar mənə o məclisdə
olanları. Nəbi Xəzri Şıxəliyə deyib ki, mən də Abbas Acalovun xətrini istəyirəm,
amma çox gəncdir.
Şöbə müdiri kimi
"Ulduz"da işə
başlamışam, sonra Akif
Hüseynovla sözümüz düz gəlməyib, getmişəm "Ədəbiyyat
qəzeti"nə şöbə müdiri,
sonra o qəzetdə xüsusi müxbir olmuşam, sonra təzədən
"Ulduz"da ədəbi
işçi işləmişəm, iki ay sonra
məsul katib olmuşam,
bir-iki ay sonra aparıblar "Ədəbiyyat qəzeti"nə
baş redaktorun müavini, ordan da "Ulduz"a gətiriblər baş redaktor. Mən araya heç bir xüsusi adam
salmamışam, vəzifə üçün
əldən-ayaqdan getməmişəm. Heç
kimdən xahiş eləməmişəm.
Bunlar hamısı mənsiz olub.
TOFİQ ABDİN: - Abi,
sənin Azərbaycanda kifayət qədər hörmətin
var. "Mən taleyimdən narazı deyiləm" (Bunu
Hacaloğlu deyir). İstər ədəbi mühitimizdə,
istərsə də ədəbi mühitdən qıraqda səni
ağsaqqal kimi, çox adama əl uzadan, kömək göstərməyə
can atan adam kimi tanıyırlar. Bayaq
deyirsənki, mən heç vaxt vəzifəyə can
atmamışam. Sənin ki,
ədəbi aləmdə bu qədər
şöhrətin var, Ukraynadan
beləsinə səni tanıyırlar, Türkiyədə səni
türk dünyasının ən
tanınmış yazarlarından biri kimi təqdim edirlər, onu
da deyim ki, bu ifadələri mən
bir az qabaq
Çingiz Aytmatov haqqında
oxumuşdum, necə oldu
ki, sən birdən-birə
İCTİMAİ XADİMLİK iddiasına düşdün?
HACALOĞLU: - ... Yüz
faiz başa düşürəm, yüz faiz başa
düşürəm sənin sualını, yəni məşhurlaşmaq
xatirinə... Maraqlıdı, sən otuz ildi məni
tanıyırsan və sənə elə gəlir ki, mən
birdən-birə ictimai xadimlik iddiasına
düşmüşəm. Mən ictimai xadimlik iddiasına
düşməmişəm, sadəcə bu İŞİ
GÖRMÜŞƏM. Ömrüm boyu görmüşəm.
Gəl, lap əvvəldən başlayaq... Mənim böyüyüb boya-başa
çatdığım Kəpənəkçi kəndindən
iki kilometr yuxarıda
erməni kəndi Xaçın, iki kilometr aşağıda isə gürcü kəndi Dəli Xaç
vardı. Xaçından keçib Binəyə
gedərdim, Dəli Xaçdan keçib Faxralıya oxumağa
getmişəm. Və hər dəfə birincidən keçəndə
dığalar üstümə cumub
qışqırardılar: Turka, turka... İkincidə isə bicolar
qışqırardı: Tatari, tatari... Gürcü
uşaqlarının bir mahnıları da vardı: Tataro, Tataro, şeni tavi kavtaro... Biz də borclu
qalmırdıq, bir meyvənin
nübarını yeyəndə atdanıb düşə-düşə
oxuyardıq: BAŞIM-DİŞİM AĞRIMASIN, AĞRISA DA
ERMƏNİYƏ, GÜRCÜYƏ... Bax
beləcə, cocuqluq, yeniyetməlik illərindən
mən özümü və özümlə
birlikdə sövq-təbii millətimi savunmaq-qorumaq
zorunda qalmışam. Onu da deyim ki, yeniyetməlik, gənclik
illərimdən nə ermənilərlə, nə də
gürcülərlə yumruq davam olmayıb, amma az qala yumruq
savaşına çevriləcək mübahisələrimiz olub, onlar özlərinin,
mən bizim üstünlüyümüzü
isbata çalışmışıq. Əslində
bu ictimai xadimlik nə olan şeydi, bilmirəm, amma sənin
dediyin anlamda mənim ictimai xadimliyim Kəpənəkçidə
başlayıb, Bolnisdə, Tiflisdə, Gümrüdə,
İrəvanda, Bakıda davam edib... Bir siyasətçi
kimi isə Ukraynaya borcluyam. Hətta Azərbaycan ədəbiyyatında
özümü tanımağım da Ukrayna (!) ilə
bağlıdır. Az qala
əllərindən tutub redaksiyalara
apardığım yoldaşlarım nədənsə istəmirdilər
ki, mən ədəbi mühitdə şair kimi tanınım.
Deyirdilər ki, sən
yaxşı tənqidçisən, yaxşı tərcüməçisən,
nə bilim, daha nələr,
mənsə, öz növbəmdə konkret olaraq deyirdim ki, bax,
mənim bu şeirimi götürün, deyin ki, bu şeir
zəifdi, sonra söhbət eləyək.
Sonra elə oldu ki, mən rəhmətlik Şıxəlinin təklifi
ilə aspirant kimi Ukraynaya təcrübə keçməyə getdim. Orda gördüm
ki, istər mənim yaşıdlarım,
istərsə də məndən yaşlı sənətçilər
Ukraynanın milli azadlığı uğrunda mübarizə aparırlar. Gizli. Mən o mübarizənin
içində bişdim. Mənim
onda vardı neçə yaşım? İlk dəfə Ukraynaya,
Kiyevə gemişəm altmış dördüncü
il, noyabr ayının
iyirmi səkkizində. İyirmi
dörd yaşım vardı. Ona qədər də müəyyən milli məsələlər, universitetdə oxuyanda beynimdə fırlanırdı.
Yaxınlıq etdiyim tələbə
yoldaşlarım, yaddaşlarını qurdalasalar,
xatırlarlar, o vaxtlar
deyirdim ki, bu sovet sosializmi
hər nədirsə, bizim millət üçün deyil. Bir də deyirdim ki, sovet hökuməti
2017-ci ildə dağılacaq. Sonra Ukraynada İvan Draçla, Dmitri
Pavlıçko ilə neçə-neçə ukraynalı
mücahidlərlə tanışlıqdan gözüm
açıldı, onların apardığı milli azadlıq hərəkatında daha da yetkinləşdim. O
illərdə Ukraynada bir-ikisi
Səməd Vurğunu
tanıyırdı, bir-ikisi Rəsul
Rzanı, Süleyman Rüstəmi... Şəxsi
şeylər idi bunlar.
Millət olaraq, toplum olaraq
tanımırdılar. Şıxəli müəllim güldü və dedi ki, bəs sən bu iki ayda nə
qayırmısan Azərbaycanın tanınması üçün, nə yazmısan, hansı iclasda çıxış eləmisən,
hansı toplantıda söz demisən?
Başa düşürsənmi? Elə bil ayıldım ki, mən
Ukraynada elmi
araşdırmalar aparmaqla bərabər Azərbaycan
adlı bir ölkənin
tanınmasında nəsə bir iş görməliyəm. Və
mən hər il Ukraynanın bir neçə ədəbi bayramında iştirak eləyirdim, müxtəlif şəhərlərdə
görüşlərdə olurdum, iyirmi beş vilayətin iyirmi üçündə olmuşam
və bütün bunlar
səncə, mənim ictimai fəaliyyəti
deyilmi? Allah evini yıxmasın, Tofiq,
adamı məcbur edirsən ki, demək
istəmədiklərini də desin...
***
Abbas Abdulla Hacaloğlu
(Acalov) - şair, tərcüməçi, tənqidçi. Azərbaycan
Yazarlar Birliyinin üzvü (1977), Azərbaycan Respublikası Əməkdar
Mədəniyyət işçisi (1984)
1940-cı ildə
doğulub. Gürcüstan SSR-nin Bolnisi rayonun Bolus Kəpənəkçi
kəndində. Orta məktəbi bitirib, Bakıya gəlib,
ADU-nun filologiya fakültəsində təhsil alıb (1958-63).
EA Nizami adına İnstitutun aspiranturasında oxuyub (1964-66).
Kiyevdə Ukrayna SSR Elmlər Akademiyasının
Şevçenko adına Ədəbiyyat İnstitutunun
"Şevçenkoşünaslıq" şöbəsində
təcrübə keçib.
Şevçenkoşünasdır.
Müxtəlif yerlərdə
işləyib. Xüsusilə qəzet və jurnallarda fəaliyyət
göstərib. "Ədəbiyyat və incəsənət"
qəzetində redaktor müavini, "Ulduz" jurnalında
baş redaktor olub.
"Ata yurdu"
(şeirlər) 1970, "Ağlı-qaralı dünya"
(şeirlər) 1980, "Üzü dan yerinə" (şeirlər)
1984, "Azərbaycan-Ukrayna ədəbi əlaqələri"
(1982) kitablarının müəllifidir. Ukrayna və ruscadan
V.Pekqobit, İ.P.Kotlyarevski, M.F.Rıliski, İ.Pivovarova,
L.Ukrainkanın kitablarını azəricə çevirib.
1980-cı illərin
sonlarında başlayan demokratik hərəkatda yaxından
iştirak eləyən və bu hərəkatın yaradıcılarından
biri olan Abbas Abdulla Xalq Cəbhəsinin ən öncül
sıra nəfəri olmaqla, həm də bu cəbhənin
aparıcı qüvvələrindən sayılır. Bütün
yaradıcı və fiziki qüvvəsini bu yolda sərf eləyən
Abbas Abdulla bir siyasətçi kimi hadisələrin içində
püxtələşmiş və təsəvvürəgəlməz
dərəcədə siyasi əqidəsinə görə
diqqəti çəkmişdir. Buna görə də Demokratik
qüvvələrin hakimiyyətə gəlişi ilə Abbas
Abdulla Azərbaycan Respublikasının İstanbulda Baş
konsulu təyin olunmuşdur.(1992-ci ildən).
Tofiq Abdin
Ədalət.- 2010.- 14 avqust.- S. 15.