QƏBİRDƏ DİNCƏLƏCƏYİNİ
DÜŞÜNƏN ADAM...
Onu da
tanıyırdılar. Necə deyərlər, məşhurluğun
yanından yel olub
keçməsə də bir
çoxları üçün o hətta istedadlı heykəltaraş,
bacarıqlı bir rəssam idi. Əslində bu
adamın yaradıcılığında maraqlı cəhətlər
doğrudan da az deyildi. Amma
istedadı və yaratdıqları yaşadığı
şəhərdən başqa dünyada tanınması üçün
görünür bəs etməmişdi. Bunun üçünsə daha
böyük şeylər gərək idi. Lakin bununla
belə onun adı hər tərəfdə
tanınmağa, məşhurlaşmağa məhkum imiş. Bu ad
milyonların yaddaşına yazılmalıymış. Özünün deyil oğlunun - eynən onun
adını və soyadını daşıyan Robert de Nironun
simasında.
İtalyan və irland
kökənli Robert De Niro (böyük) 1922-ci ildə anadan
olmuşdu, Amerikada yaşamışdı. 1942-ci ildə
damarlarında həm alman, həm fransız, həm də
danimarkalı qanı axan bir qızla - Virciniya Admiralla
tanış olmuşdu və evlənmişdi. Və bir il sonra
təsviri sənətlə
məşğul olan bu qadından bir oğlu - Robert De Niro (kiçik) anadan olmuşdu.
ROBERT DE NİRO
1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. İstedada malik valideynlərin
övladı olsa da demək mümkündü
ki, uşaqlıq dövrlərindən onun üçün heç də parlaq xatirələr qalmayıb.
Əksinə balaca Robert cürbəcür
sıxıntılar yaşayıb.
Üç yaşı olar-olmaz
atası ilə anası ayrıldılar və onun uşaqlığı
Manhettendə "Balaca
İtaliya" adlanan məhəllədə keçdi.
Və Robertin təlim-tərbiyyəsi
ilə bütövlükdə
anası məşğul
oldu. Həmin dövrlərdə o, digər uşaqlardan seçilmirdi, arıq, sısqa bir oğlan idi. Əksər uşaqlar kimi Robert də məktəbə getdi. Dərslərində həmyaşıdlarından o qədər seçilməsə
də kiçik De Niro məktəbdə, həm də küçə teatr truppalarınin hazırladığı
tamaşalarda iştirak
edirdi. Və bütün bunları
gələcək şedevrin
ilk rolları da adlandırmaq olardı.
Oxuduğu məktəbdə bu xoş simalı,
arıq, ağbəniz
Roberti "Südlü Bobbi" adlandırırdılılar. Məhz elə həmin illərdə kiçik Robert hiss edirdi ki, aktyor olmaq
istəyir və bu arzusunun qarşısına
dayana bilmir. Və bu duyğular onu öz arxasınca
çəkib apardı.
O, on altı yaşında
məktəbi atıb
özünü bu yola həsr etmək üçün fəaliyyətə başladı.
Bununla da uşaqlıq və yeniyetməlik həyatına əlvida demək məcburiyyətində
qaldı.
Yetkinlik yaşlarınadək
yaşadığı sıxıntılar onun
yaddaşında dərin izlər buraxdı. Valideynləri
ayrıldığından o, atası ilə az-az
görüşərdü. Robert De Niro həmin dövrləri
belə xatırlayırdı. "Atamla çox nadir hallarda
görüşərdik və bu heç vaxt qabaqcadan
planlaşdırılmazdı. O mənimlə küçədə
rastlaşanda biz gəzməyə çıxar, bəzi
hallarda isə kinoya, ya da muzeyə gedərdik. Həmin vaxtlar
atamın hansısa çardaqda sərsəri həyat yaşamasına,
daimi iş yerinin olmamasına görə sıxılardım.
Mənim dostlarımın heç birinin atası elə
deyildi. Bir də atam heç vaxt mənə incəsənəti
öyrətməyə cəhd etməmişdi. O deyərdi, bu
elə bir şeydi ki, baxdığın zaman ya xoşuna gələ
bilər, ya da gəlməyə bilər. Amma bütün
bunlara baxmayaraq mənə elə gəlir ki, atamın bəzi
xarakterləri mənə miras qalıb. Məsələn, tez
özümdən çıxmağımda yəqin ki, ona
oxşamışam".
SƏNƏTƏ GEDƏN YOL
Robert 16 yaşında
incəsənət məktəbinə daxil oldu. Və bununla
da onun aktyorluq dünyasına cığırı
başladı. O, iki ildən sonra aktyorluq studiyasına gəldi
və burada yorulmaq bilmədən, usanmadan
çalışmağa başladı. O inanırdı ki,
bütün bu əziyyətlərinin nəticəsi olacaq.
Oldu da. Nəhayət düz dörd ildən sonra o, rejissor
Brayn de Palmanın filmində özünün ilk rolunu
oynadı. "Manhettendə üç otaq"da onu epizodik
rola çəkdilər. De Niro yolunu düz seçmişdi,
tale onu bu yolda aparacaqmış. Belə ki, üç ildən sonra De Niro yenidən ekranda göründü. Bu dəfə "Salamlaşma"da
Con Rubin obrazında. İlk rolları
ilə sənətdə
partlayış etməsə
də artıq belə demək olar ki, onun
önü açılmışdı,
yalnız yorulmadan çalışmaq lazım
idi. O belə də etdi. Və
növbəti il yeni bir
filmə - "Semin nəğməsi" lentində
Sem Nikoletti rolunda çəkildi.
İlk rollarından
sonra gənc aktyorun oyun maneraları, istedadı, fərdi
aktyorluq keyfiyyətləri yavaş-yavaş rejissorların diqqətini
cəlb etməyə başlamışdı. Onun
çıxışlarına diqqət edənlər bu gəncin
daxilində gizlənən, parlamaq üçün fürsət
gözləyən aktyorluq istedadını görməyə
bilməzdilər. Bundan başqa, De Niro özü də üzərində
işləyir, hətta bədən quruluşunu daha
yaxşı formalaşdırmaq üçün idmanla da məşğul
olurdu. Məhz elə bu səbəblərdən idi ki, qısa
müddətdən sonra rejissorlar demək olar ki, ona yeni rol
gözlətməyə macal vermədilər və De Niro
1970-ci ildə biri-birinin ardınca filmlərə çəkilməyə
başladı. "Qanlı ana"da Lloyd Barker, "Hi
Mom"da Con Rubin, 1971-ci ildə "Cenefer haqda
düşünmək"də Mardician, "Qələbə
üçün doğulan"da Denni, "Güllələməyi
bacarmayan banda"da Mario Trantino obrazlarını yaratdı. Və
bununla da hər kəsin diqqətini özünə cəlb edə
bildi. Sonrakı iki ildə o cəmi iki filmdə çəkildi.
Sonra isə...
ŞÖHRƏTİN BAŞLANĞICI...
1973-cü ildə Robert
De Niro "Xaç atası-2"də çəkildi. Filmdə
De Niroya həvalə olunan Vito Karleoni obrazını aktyor
çox böyük ustalıqla, bacarıqla yaratmaqla demək
olar ki, şöhətin qapılarını öz
üzünə açdı. Milyonlarla
tamaşaçının sevimli aktyoruna çevirdi. İndi
hamı ondan danışırdı. Robert sanki sənətdə
özünü təsdiqləmişdi. Bu parlaq obraz kinonun
"boss"larının da diqqətini çəkməyə
bilməzdi. De Niro məhz bu roluna - ikinci plandakı rol
nominasiyasına görə "Oskar" mükafatına layiq
görüldü. Artıq o, dünya kino ulduzuna
çevrilmişdi. Adlı-sanlı rejissorlar onu filmə
çəkmək istəyirdilər, təkliflər səngimirdi.
Böyük yaradıcı enerjiyə malik De Niro isə
imkanı yol verdiyi şəkildə bu təklifləri dəyərləndirməyə
çalışıırdı. Bununla yanaşı, aktyorun
şəxsi həyatı da dəyişmişdi. Maddi
imkanları düzəlmiş, maraq dairəsi artmış,
qadınlarla münasibətində də "rekord" əldə
etməyi "bacarmışdı". Hətta zərif cinsin
nümayəndələri ilə manasibətləri haqda əfsanələr
də dolaşmağa başlamışdı. Robert De Nironun
ilk evliliyi müğənnilik və aktrisalıq edən Dayenn
Ebbotla baş tutdu. Sənətdə elə də məşhur
olmayan xanım Ebbotun artıq bir evliliyk
yaşamşıdı. Bunda bir problem görməyən De
Niro aktrisanın qızını da övladlığa qəbul
etdi. Sonra onun özünün bu nigahdan Rafael adlı bir
oğlu oldu. Amma bu evlilik çox da uzun sürmədi, 1988-ci
ildə onlar ayrıldılar.
De Nironun 1976-cı ildəki
yaradıcılığını məhsuldar hesab etmək
mümkündü. Belə ki, bu il ərzində o üç
filmdən təklif aldı və hər üçündə
uğurla çəkildi: "Taksiçi",
"İyirminci əsr" və "Sonuncu maqnat".
İstedadlı aktyorun uğurları da davam edirdi. 1980-cı
ildə onu tamaşaçılara bir də sevdirən,
dünyadakı məhşurluğunu daha da artıran bir filmə
çəkildi. Martin Skorsezin
"Vəhşi öküz"
filmində Robert De Niro
yenidən əvəzsiz
bir ifaya imza atdı. Yaratdığı obraza görə o, "Ən yaxşı aktyor" nominasiyası üzrə yenidən
"Oskar" mükafatına layiq görüldü.
O, artıq Böyük
aktyor, Hollivudun
"boss aktyor"larından biri olmuşdu. Yalnız onun iştirakı hər hansı bir filmin uğurunun
qabaqcadan tən yarısı demək idi. Elə bu üzdən
də o, təkliflərdə
seçim etməliydi.
Amma aktyor üçün əsas meyar rolun böyüklüyü
və ya kiçikliyi deyildi, kifayət idi ki, De Niro özünü
həmin rolda görə biləydi.
De Niro uzun müddətli
aktyorluq karyerasında
75-dən çox filmdə
çəkilib. Onun 37 yaşında çəkildiyi
və ona şöhrətin ən uzaq şirinliklərini belə daddıran "Bir dəfə Amerikada" filmindəki Devid Aaraonson (Lapşa) rolu aktyorun şedevrlərindən
sayılır. Yaratdığı bu obrazla təkrarsız
bir ifa sərgiləyən
De Niro həqiqətən
də aktyorluq sənətini, sözün
ən yaxşı mənasında, silkələdi.
Kino mütəxəssisləri
etiraf edirlər ki, De Niro rejissorun,
ssenaristin, prodüsserin
obraz üçün
unutduqları, və ya tapa bilmədikləri
ştrixləri, xarakterik
xüsusiyyətləri özü
kəşf edir, standart ölçüləri
dağıdır, rolu
tamaşaçının yaddaşına
həkk etməyi bacarır. Doğrudan
da hər kəs onun obrazlarının
hər birini öz xarakterində, fərqli-fərqli detallarla
görürdü...
MƏHƏBBƏT ROMANLARI
Sənətə olan sevgisindən, sədaqətindən fərqli
olaraq De Niro məhəbbətdə qətiyyən
belə deyildi. Debor Lya Motta, Helen Lissandrello, mulat Tuni Smit,
Nayomi Kempbel, Uma Turman, fransız
maniken Anna Mari Foks, Maykl Ceksonun bacısı Cannet, məşhur müğənni
Uitni Hyuston, boks üzrə çempion Mayk Taysonun keçmiş arvadı Robin Qvines və başqa qadınlarla ciddi sevgi əlaqələri olmuşdur. Hətta "Dəmir Mayk"ın keçmiş arvadının
üzündən boksçu
tərəfindən az qala əzişdiriləcəkmiş
də. Amma qəribə də olsa demək lazımdır ki, De Nironun məhəbbət romanları rəngarəng
keçsə də
o, 20 ildir ki, ilk arvadı Dayan Abbotla dostluq və yaxın əlaqələri
saxlamağı davam etdirir. Övladlığa götürdüyü həmin qadının qızı Drena öz atalığının
yolu ilə getməkdədir. Kinoda hələlik
böyük uğurlar
əldə etməsə
də filmlərə çəkilir. Bu nigahdan olan oğlu
Rafael isə atasının
biznes işlərinə
daha çox meyl edib.
YAŞLILIĞI
O hazırda
elə doğulduğu
şəhərdə yaşayır.
Sanki həyat onu çox az
dəyişib. Xüsusən də fəaliyyətində.
Üzündəki qırışlar
bir az
dərinləşsə də,
çoxalsa da, saçları ağarıb
seyrəlsə də,
hərəkətlərində ləngər yaransa da işləmək, yaratmaq enerjisi onu sanki heç
tərk etməyib.
Bəlkə də həyatın ironiyasıdırmı, ya
təsadüfdürmü Robert De Nironun uşaqlığından
fərqli olaraq hər şeyi - pulu, zəngin evi, adı-sanı, şöhrəti, saysız-hesabsız
pərəstişkarları, çoxlu dostları, sevənləri olsa da o gündəlik həyatını Manhettendəki
Qrinviç-Villacda təklikdə
keçirir. Amma yenə də
nəyisə axtarırmış
kimi hərəkətdədir.
Bəzən adama elə gəlir ki, o ümumiyyətlə sənətdə heç
nə eləməyib və hansısa uğura can atır. Əslində isə De Niro
kinoda hər şeyi əldə edib. Onun hətta rejissoru
və ya prodüsseri olduğu filmlər də indi dünyanı dolaşmaqdadır. İstedadına
və zəhmətinə
görə onlarla qiymətli mükafatların
sahibidir, özünün
restoranı və digər biznes strukturları da var. 67 yaşı olmasına rəğmən müsahibələrinin
birində deyib: "Mən öləndən sonra istirahət edəcəyəm". Bəs onu
belə tələsdirən
görəsən nədir?
Sənətdə daha
nə etməyi düşünür, - suallarına
Robert De Niro belə cavab verib: "Mən öz keçmişimlə əlləşmirəm.
Artıq
baş vermişlər
haqqında düşünmək
mənasızdır. Düşünürəm ki, mənimlə ən yaxşısı hələ baş verməyib. Hiss edirəm
ki, nəsə çox maraqlı bir şey edəcəyəm".
Robert De Niroyasa necə inanmayasan?
O, köməksiz,
pulsuz, şöhrətsiz...
olanda heç kəsin inanmadığı
uğurlara imza atmağı bacardı... Uğursuz bir nigahın övladı idi... Amma indi
onun hər şeyi var...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 17 avqust.- S. 3.