Ramazan ayında necə qidalanmalı?
Ramazan ayının yay fəslinə
düşməsi, xüsusilə havaların həddindən
artıq isti keçməsi müsəlmanlar
üçün çətinlik
yaradır. İsti, uzun
günlü avqust
ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi
adamları isə ən çox qorxudan da məhz isti və uzun gündür. Lakin şüurlu şəkildə qaydalara
əməl etməklə hər şeyin
öhdəsindən gəlmək mümkündür.
Milli.Az bu dəfə Orucluq ayında, xüsusilə isti
günlərdə sağlam qidalanmaq tərzindən, orucun
faydalarından yazacaq.
Oruc tutmağın orqanizmə nə kimi faydaları
vardır?
İslamın təməl
ibadətlərindən biri olan orucun məhz Ramazan ayında
tutulması vacib buyurulmuşdur. Qurani-Kərimin "Bəqərə"
surəsinin 183-cü ayəsində bu barədə belə
buyurulmuşdur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən
əvvəlki ümmətlərə vacib olduğu kimi sizə
də vacib edildi. Bəlkə pis əməllərdən
çəkinəsiniz". İbadət etmək insanın
xeyrinə olan bir əməldir. İslamın beş şərtindən
biri olan orucun da insana heç bir zərəri olmaz. Əksinə
mədəyə, eləcə də digər
orqanlarımıza sağlamlıq baxımından çox
faydalıdır. Bu müasir tibb mütəxəssisləri tərəfindən
açıq və qəti bir şəkildə isbat
edilmişdir. Elm orucun insana faydasını təzəcə kəşf
edib. Amma Peyğəmbər əfəndimiz, "Oruc tutun,
şəfa tapın" hədisi şərifi ilə 1400 il əvvəl
bildirmişdi. Mədəsindən şikayəti olan, hamilə
və süd verən qadın, xəstəliyinin
artacağından qorxan kəslər, hərbdə olan əsgər
və uzun səfərə çıxanlar oruc tutmaya bilərlər.
Orucun sağlamlığa zərərli deyil, əksinə
çox faydalı olduğuna bir neçə misal:
Ramazan ayında insanlar necə qidalanmalıdırlar?
İctimai həyatımızda
önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi
üçün imsak və iftar yeməklərinə
xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar
isə axşam yeməyindən daha zəngin
hazırlanmalıdır. Buna görə də, Ramazan ayı
ilə birlikdə bəslənmə vərdişlərində
də dəyişikliklər edilir. Oruc tutarkən bəslənməyə
daha çox diqqət göstərilməli, yağlı yeməklərin
qəbulundan çəkinməliyik. Yeməklərin
ağır olmamasına, az yağlı və yağda
qızardılmayan yeməklərin seçilməsinə diqqət
yetirilməlidir. Oruc tutan kəslərdə təzyiq yüksəkliyi,
yorğunluq, unutqanlıq, diqqətsizlik, durğunluq, həzm
çətinliyi, yuxuya meyl, əsəbilik və baş
ağrısı kimi problemlər yarana bilər. Ona görə
də, şüurlu olaraq bəslənmə tərzini və
düzgün qidalanma üsullarını bilmək
lazımdır.
Hansı nemətlərdən daha çox istifadə
etməli?
Ramazanda iftar süfrələrinə
qoyulan qidaların kalorili, insan sağlamlığı
üçün lazımlı qida elementlərini özündə
birləşdirən, vitamin və minerallarla zəngin
olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz
və ya qatıq ilə hazırlanmış şorbalar,
süd və süd məhsullarından istifadə etmək
sağlamlıq baxımından daha yararlıdır.
İftarda kefir və qatıq qəbulu həzmdə yaranan
çətinliyi aradan qaldırır. Ət və əti əvəz
edənlər: yağsız qırmızı ət, toyuq,
balıq, quru paxlalılar, yumurtadan istifadə məsləhətdir.
Çörək və taxıl məhsullarına gəlincə
isə tam dənəli taxıldan hazırlanan çörəklər,
çovdar, kəpək, yulaf xeyirlidir.
Susuzluğa necə tab gətirməli?
İnsan bədəninin
yüzdə 70 faizini su təşkil edir. Buna görə də,
su insanlar üçün həyati əhəmiyyət
daşıyır. Susuz insan orqanizmində proseslərin baş
verməsi, ürək, qan dövranı və həzm
sisteminin fəaliyyəti mümkün deyil. Orucluq
ayının isti yay günlərinə düşməsi də
insanlar üçün çətinlik yaradır. Avqust
ayının qızmar günəşi insanların tərləməsinə,
tez-tez susamasına səbəb olur. Gün ərzində
mayenin az qəbul edilməsi isə su tarazlığını
pozur və insan orqanizmində, xüsusilə həzm sistemində
bir çox problemlər yaradır. Ona görə də,
insanlar qida seçimində diqqətli olmalı, duzlu və
ağır, qızartmalı yeməklər, sosiska, kolbasa kimi
duz məzmunlu qidaların yerinə tərəvəz və
meyvədən hazırlanmış zəngin, sulu yeməklər
seçməlidirlər. Şirin məmulatların həddən
artıq qəbul edilməsindən çəkinmək
lazımdır.
İftarda su və sulu
yeməklər, ayran və kompotun daha çox qəbul edilməsi
faydalıdır. Qəhvə, çay, kola kimi içkilərdən
uzaq olmaq məsləhətdir. Dişləri sürtmək
üçün lazım olan diş pastalarının da
seçiminə diqqət etmək lazımdır. Tərkibində
soda olan diş məcunlarını işlətmək olmaz.
Çünki onlar insanı susadır. Flüorlu diş məcunlarını
seçmək məsləhətdir. Sübh yeməyini isə
bir az tez qurtarmaq lazımdır. Çünki dişləri təmizlədikdən
sonra insan susayır. Su içməyə vaxt qalmalıdır.
İmsakda su çox içilməlidir.
Gündə 12 stəkan su içilməlidir!
Orqanizmin gündəlik
su ehtiyacı 2-2,5 litrdir. Çalışmaq lazımdır
ki, bu ehtiyacın çox hissəsi sübh zamanı mənimsənilsin.
Xüsusilə isti havalarda, ağır işlərdə tərləyən
insanlar susuz qalmamağa çox diqqət yetirməlidir.
Normalda içməmiz lazım olan 2 litr suyu Ramazanda daha da
artırmaq və 10-12 stəkana çıxarmaq
lazımdır. Bütün oruc tutanlar iftar sonrası səhərə
qədər 2 litrə qədər su içməlidirlər. Ən
azından 2 stəkan bitki çayı, bol-bol ayran, qatıq və
vişnə kompotu içmək vacibdir.
Sahura qalxmadan oruc tutmaq sağlamlığa zərərlidir!
İmsakda, sübh
vaxtı yalnız su içərək orucu tutmaq və ya gecə
yatmadan əvvəl yemək son dərəcə zərərlidir.
Əgər sahur (sübh) payında ağır yeməklərdən
istifadə edilərsə, gecə maddələr mübadiləsi
zəiflədiyi üçün yeməklərin yağa
çevrilmə sürəti yüksələr və kökəlmə
riski artar. Gün ərzində çox maye itirildiyi
üçün maye tarazlığını qorumaq da son dərəcə
əhəmiyyətlidir. İmsakda yemək yeyildikdən ən
az yarım saat sonra yatmaq, suyu yatmadan dərhal əvvəl
içmək məsləhətdir. İmsakda mütləq
çoxlu su içilməlidir ki, orqanizmin axşamadək olan
su tələbatı ödənilmiş olsun. Mütəxəssislər
oruc sayəsində qaraciyər, mədə və həzm
sisteminin istirahət etdiyini, bədənin toksinlərdən təmizləndiyini
deyirlər.
İftara necə başlamalı?
Günün ilk payı
olan iftar bir şorba ilə açılmalı və bir
müddət ara verildikdən sonra yeməyə keçilməlidir.
İftara xurma, zeytun, su kimi yüngül qidalarla
başlamalı, normal yeməyə bir müddət sonra
keçilməsi daha doğrudur. Sonra ətli və ya ətsiz,
çox yağlı olmayan bir tərəvəz yeməyi,
qatıq, meyvə qəbulu sağlam bəslənmə
baxımından vacibdir. Başlanğıc üçün
beyinə toxluq hissi verən şorba ən uyğun yeməkdir.
Orucluq ayında birdən-birə boş mədəyə
çox yeməyin yeyilməsi orqanizm üçün çətinlik
yaradır. Bunu önləmək üçün iftarda yavaş-yavaş
və az miqdarda yemək yeyilməlidir. Gündə ən az 2
boşqab meyvəni çiy və ya kompot şəklində qəbul
etmək lazımdır. İftar vaxtı birdən-birə
çox yemək boş olan mədənin yüklənməsinə
səbəb olur. Bu halda həzm prosesi çətinləşir,
mədədə ağırlıq, göynəmə hissi, gəyirmə,
bağırsaqlarda köp müşahidə olunur.
Bütün bunların qarşısını almaq
üçün yaxşı olar ki, iftar yeməyi hissələrə
ayrılsın. Yüngül yeməkdən sonra 15-20 dəqiqə
fasilə verilməlidir. Bu müddət ərzində şam
namazı qılına bilər. 15-20 dəqiqəlik aradan sonra
iftar yeməyi nisbətən tutumlu, kalorili yeməklərlə
(dolma, aş, buğlama və s.) davam etdirilə bilər.
İftarda çaydan istifadə necə
olmalıdır?
İftar yeməyindən
dərhal sonra çay və kofenin içilməsi məsləhət
deyil. Belə ki, çay və kofenin tərkibindəki kofein dəmirin
mənimsənilməsinin qarşısını alır. Buna
görə də çay, kofe yeməkdən 2 saat sonra
içilməlidir. Əsasən də bitki çaylarından
istifadə xeyirlidir. Yaxşı olar ki, çay keks, pirojna ilə
deyil, meyvə quruları- kişmiş, xurma, qaysı, əncir
qurusu ilə içilsin. Çünki bədəni təmin
edən vitaminlər onlarda daha çoxdur.
İftardan dərhal sonra çəkilən siqaret
infarkt riskini təxminən10 dəfə artırı
Mütəxəssislər
Ramazan ayında siqaretdən istifadə edənləri diqqətli
olmağa çağırırlar. Çünki siqaret Ramazan
ayında digər dövrlərə nisbətən insan
orqanizmi üçün daha çox risk yaradır. Gün
boyunca adam ac qalır. İftar yeməyi ürək
döyüntülərini sürətləndirir. Buna görə
də, qan dövranı sərbəst şəkildə həyata
keçməlidir. Bu zaman ərzində siqaret qana
qarışsa qan tündləşər. Damarlar üzərində
böyük təzyiq yaranar. İftardan dərhal sonra çəkilən
siqaret infarkt və damar tıxanıqlığı, beyin
qanaması, iflic olma riskini təxminən 10 qat artırır.
Ona görə də, siqaret istifadəçiləri bu aylarda
daha çox diqqətli olmalıdırlar. Siqaret alüdəçiləri
yemək bitəndən 15-20 dəqiqə sonra bədənin
yüngülləşməsini gözləməlidirlər,
yalnız ara verəndən sonra çəkə bilərlər.
İftardan sonra mütləq gəzmək
lazımdır!
Ramazan aylarında qəbizlik
şikayətinin qarşısını almaq üçün
iftardan bir-iki saat sonra meyvəyə üstünlük vermək
lazımdır. Hər axşam 2-3 porsiya meyvə qəbulu
günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvəni
yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək məsləhətdir.
Ağız və diş
sağlamlığının qeydinə qalmaq daha vacibdir
Oruc tutmaq gün ərzində
uzun müddət ac qalmağı tələb edir. Tüpürcək
ifrazının azalması ilə əlaqədar tüpürcəyin
dili təmizləyici və yuyucu təsiri də azalır.
Ramazanda dişlər fırçalanmadığı zaman
imsakdan iftara qədər keçən uzun vaxt ərzində
ağızda tez çoxalan bakteriyalar pis qoxuların yaranmasına
səbəb olur. Eyni zamanda bu qoxu diş çürümələrinə
də yol açır. Bunun üçün ağız
qoxusuna səbəb olacaq sarımsaq və soğanlı və
çox ədviyyatlı qidalardan uzaq durmaq məsləhətdir.
Həkimlər bunların yerinə lifli və su tərkibli nanə,
reyhan, cəfəridən bol istifadə etməyi məsləhət
görürlər. İftar ve imsak vaxtlarında çoxlu su
içilməli, imsak yeməyi tamamlandıqdan sonra mütləq
dişlər və dil təmizlənməli, mümkünsə
ağız yaxalayıcısı ilə qarqara eləmək
lazımdır.
Ədalət.- 2010.- 20 avqust.- S. 4.