Ərə gedən oğlan
(hekayə)
Elgün yuxudan yenicə oyanmışdı. Əl-üzünü yumaq üçün hamama girdi. Sınıq-salxaq əlüzyuyanın kranını burdu. Köhnə kranın suyu da lilli olur. Kran xəstə kimi 2 dəqiqə yaxın bir müddətdə ancaq fınxırmağa başladı. Anası həmişə şikayət edərdi bu krandan. Əllərinə gələcək ilk yaxşı məbləğə hamamı abıra salacağı ilə bağlı gülməli bəyanatlar verərdi tez-tez. Elə inamla bu sözü deyərdi ki, sanki yarım saata evlərinə pul gətirəcəkdilər, ya da göydən düşəcəkdi pul. Hər dəfə də Elgünün gülməyi gələrdi bu sözə. İndiki durumlarına qalsa yaxın bir ilə də kranı düzəltdirə bilməyəcəkdilər. Haradan düzəltsinlər? Hansı pulla?
Hər səhər olduğu kimi bu səhər də o eyni şeyləri fikirləşməyə başlamışdı. Sonra yenə avtomatik
olaraq "eh, cəhənnəm olsun hər şey" deyib
güzgüyə baxdı. Baxan kimi üzünü
qaşımağa başladı. Üzünü tük
basmışdı, şirin-şirin geyişən
üzünü xırt-xırt salaraq qaşımağa
başladı. Birdən nəzərlərini gözlərində
saxladı. Dodaqlarına baxdı. Gözünün altı
qaralmışdı. Dodaqları sallanmışdı. "Ay aman bu nə sifətdir.
Toy günü bu nə idi?" Bərkdən dediyi kəlmələr
onun özünü ürkütdü. "Doğrudan axı,
bu gün mənim toyumdur. Lənət olsun, mən nə
gündəyəm. Kül mənim kimi bəyin başına.
Yetimdən bəy olaaar."
Birdən Elgünün
qulağına atasının səsi gəldi. "Ay bala, bir
saatdır girmisən bu xarabaya, çıx də. Bizim də
işimiz var axı. Belə də bəy olar? Kül sənin
kimi bəyin başına. Sən indi gərək bir qızgilə
dəyib gələydin. Ay axmaq, kül o qızın
başına olub ki sənə gedib də".
Anlaşıldı. Atası başlayıbsa susmaq bilməyəcək.
Elgün yetim-zad deyildi.
Atası da vardı, anası da. Amma bütün kasıb gənclər
kimi özünü yetim adlandırırdı. "Pulun
olmadı yetimsən də. İstəyir yüz atan olsun, iki
yüz anan". Gözü xeyli zəif görən Eldar əmi
korluğun astanasında idi. Heç bir işə
yaramırdı. Evdə oturub anasının gününü
göy əskiyə bükməkdən, hər işə
qarışmaqdan, arvadı çərlətməkdən, elə
hey deyinməkdən savayı bir işlə məşğul
olmazdı.
Elgün tez bütün
fikri-xəyalı unudub tez-tez əl-üzünü yudu,
dişlərini fırçalamağa başlayanda
özünü düşünməkdən saxlaya bilmədi.
Yəqin Taleyə də hazırlaşmağa başlayıb.
Amma indi o, harada hazırlaşır, mən haradayam. O
cakküzidə yəqin kef edir indi, mənsə krandan su
damcılamağını gözləyirəm. Bircə
canımı qurtarsaydım bu geri qalmışlıqdan.
Elgün elə bu fikirlə
alırdı Taleyəni. Kasıbçılıqdan, itin
zülmündən qurtulmaq üçün. Taleyə
dövrünün ən gözəl müğənnilərindən
idi. Elə bir gənc tapa bilməzdin ki telefonunda onun
mahnılarını oxutmasın. Hansı kanalı
açırdın ya Taleyə oxuyurdu, ya haqqında informasiya
oxuyurdular, ya viktorina verilişlərində haqqında sual
verirdilər, ya çəkildiyi kino efirdə idi. Bir sözlə
efir idi qız. Düzdür mahnılarından başqa Taleyənin
bəzi video kadrları da bir ara dəbdə idi. Amma Allaha
şükür Taleyə artıq tövbə eləyib.
Özü də ona söz verib ki, bir də belə işlər
görməyəcək.
Əslində, Taleyə elə
gözəl qız deyildi. Heç özü də bilmirdi ki,
onun arxasınca yanında yüz dəfə danışan
adamlar bu qızı görəndə niyə lal olurdular. Elə
onun özünün də, bax bu dəqiqə zəhləsi
gedirdi o qızdan. Amma əmin idi ki, üzünü görəndə
fikrini dəyişəcək, elə biləcək məlaikə
görür. Əsl yetim Taleyə idi. Atası uşaq
vaxtından atıb bir ana, bir bala onları qoyub getmişdi,
yetimçiliklə böyümüşdü. Əvvəl
anası rəqsə qoymuşdu onu. İstedadlı qız idi.
Toylarda rəqs edə-edə böyümüşdü.
Bütün restoran dəllalları onu yaxşı
tanıyırdı. Sonra birdən oxumağa başladı
restoranlarda. Belədə çox pul verirdilər ona.
Elə onlar da restoranda
tanış olmuşdular. Bədbəxt Elgün ölkənin
bir sıra gənc oğlanları kimi maşın yuyurdu əvvəllər,
böyrəkləri bir ildən sonra yay-qış buz kimi soyuq
suyun altda qaldığından sıradan
çıxmışdı. Sonra gözətçilik elədi
bir tikinti sahəsində. Gecə özünü saxlaya bilməyib
yatmışdı. Sahədən bəzi tikinti materialları
oğurlamışdı qonşuluqdakı həyət evinin
sakinləri. Heç kimə heç nə sübut edə
bilmədi. Çanaq onun başında çatladı.
Tolazladılar bayıra. Sonra Allah razı olsunmu,
olmasınmı? Sinif yoldaşı Rüfət ona
yaxşı bir iş təklif elədi. Əli-ayağı
quru, gəliri də babat. Restoranda fotoqraf. İş metodunu da
ona başa saldı dostu. "Heç nə etməyəcəksən.
Şəkil çəkəcəksən vəssəlam.
Çəkdiyin 10 şəkildən 1 manatı sənindir.
Çox çək çox qazan". Nə isə. O da evdəkilər
də yaman sevinmişdi bu işə. "Cəhənnəmə
olsun. Ofisiantlıqdan ki yaxşıdır. Özündən hər
alçaq adamın qabağına yemək gətirməkdənsə
bir dəfə çık edəcəksən vəssəlam".
Elə Taleyəni də ilk dəfə
burda görmüşdü. Bəxtindən ondan bir neçə
gün sonra restoranın administratoru bütün heyətə
xəbər elədi ki, "Uşaqlar, xoşbəxt, pul
qazanan günləriniz çatdı. Xüsusən şəkil
çəkənlərin. Şef yüksək məbləğə
Taleyəni restorana müğənni kimi dəvət edib.
Şəkilin sayını itirəcəksiniz, buna görə
də şef belə qərara gəlib ki, sizə 1 manat yox, 50
qəpik verək". İşçilər öz
aralarında mızıldansalar da razı olmağa məcbur
idilər. Öz fərasətlərinə də arxayın
idilər. Birtəhər müştərini çox
yığarıq deyə razılaşdılar. Guya ayrı əlacları
nə idi ki?
Bir-iki gün desələr də
Taleyə bir aya gəldi restorana. Amma əməkhaqları
artıq 50 qəpiyə enmişdi. Taleyə gəlməzdən
qabaq manıslardan biri telefonda onun bir neçə erotik
videosunu onlara göstərmişdi. Hətta iddia etmişdi ki,
bu videonu özü verib ona. Bunu görəndən sonra
Elgün ona lap nifrət etməyə başladı. Amma elə
həmin günün axşamı Taleyə restorana gəldi.
Onu ilk dəfə lap yaxından gördü. Qətiyyən qəşəng
deyildi. Amma ilahi bu qızda nə vardı? Adama elə gəlirdi
ki, bu küftə burunlu qızdan gözəli yoxdur
dünyada. Açıq-saçıq, əzilib-büzülən,
guya özünü sadə aparan, şıltaq qız rolu onda
gözəl alınırdı. Bir dəfə adama
yaxınlaşdımı ətrinin iyi adamı dəli edirdi.
Allahın ucaltdığı bütün adamlar kimi qəribə
bir cazibə vardı qızda. Elgün hələ də bunun
nə olduğunu dərk edə bilmirdi.
Eldar kişi qapını
çəliyi ilə əməlli-başlı
dağıtmasaydı Elgün yəqin ki, xəyal
ekskursiyasından dönməyəcəkdi. Atası öz
belinə, onu doğana, öz taleyinə söyə-söyə
dayanmadan danışırdı. Elgün tələsik
hamamxanadan çıxıb başını atasının
çəliyindən qoruyaraq özünü mətbəxə
saldı. Anası ona qaynatdığı 2 yumurtanın
qabığını soyurdu. Onu görən kimi "Ay bala,
kişi düz deyirdi də. Bir saatdır çıxmaq bilmirsən.
Başıma xeyir, belə bəy olar. Saat 11-dir e, a bala. Bəs
sən bəy deyilsən?" Elgün "nifrət edirəm
hər şeyə. Cəhənnəm olsun bəylik.
Tüpürüm belə bəyliyə. Atam indi yaxşı
bir yerdə işləyib mənə bir gün
ağlasaydı mən indi o qancığın bəyi
olmazdım". Elgün ilk dəfə idi ki, belə sözlər
danışırdı. Üzündə elə bir ifadə
vardı ki, bunu görmək hər bir anaya ölüm demək
idi. Ana gözünün yaşını saxlaya bilmədi.
"Neyləyək ay oğul, yaşın keçir. 32
yaşın var. Sənin tay-tuşların çoxdan evlənib.
Sən də evlənməlisən də. Pulumuz olmadı ki,
bir halal süd əmmişə elçi gedək, toy eləyək.
Bunun bir dünya xərci var. Elçisi, nişanı,
bayramı, hədiyyəsi, qız toyu, oğlan toyu. Ev təmir
olunmalıydı. Ay bala, anan ölsün". Tükəz
xala heç nə demədən elə hey
ağlayırdı. Dilində də "anan ölsün, ay
bala. Allah, heç bir anaya övladının belə xoş
gününü göstərməsin. Allah
kasıbçılığın üzünü qara eləyib
ki, üzümüz qara olub da ay bala" kəlmələri.
Elgün heç nə demədən
dodaqlarını çeynəyirdi. Gözünə
atasının "Kent" siqaret qutusu dəydi. Uzun illər
dilinə siqaret dəyməmişdi. Ürək
çatışmazlığı vardı deyə həkim
qadağan eləmişdi. Qutunu yavaşca götürüb
arxa eyvana çıxdı. Siqaretin birini
alışdırdı. Əvvəlcə bir az boğuldu, zəhər
içini qovurdu, amma içindəki dərdi onu daha çox
qovururdu deyə, fikir onu elə apardı ki siqaretin acı
dadını daha hiss eləmədi.
İlk
tanışlıqları yadına düşdü. Necə
dava etmişdilər. Az qala işdən bayıra atacaqdılar
onu. Taleyə gələn gündən fotoqrafların qəniminə
çevrilmişdi. Onunla toyda, şənlikdə şəkil
çəkdirmək istəyən qonaqlara razılıq
vermirdi. Daha çox da Elgünü yaxına buraxmırdı.
Bir dəfə az qalacaqdı ki, Elgün onu
öldürsün, cangüdənlər hərəsi ona elə
bir təpik vurdu ki, heç bilmədi fotoaparat hara yox oldu,
özü hara getdi. Yaxşı ki, zərbçalan
fotoaparatı camaatın ayağı altından vaxtında
götürmüşdü. Amma Taleyə ayıq qız idi.
Yaxınlaşıb fotoaparatı zərbçalandan aldı,
toyun axırına kimi qaytarmadı. Toyun axırına
yaxın isə Elgünə yaxınlaşıb: "Sənə
demədim çəkmə, ay avara? İndi gör mən
neynirəm. O balaca fotoaparatı meyvə şirəsi ilə
dolu qədəhin içinə salıb çıxıb
getdi". Oğlanın bəxti onda gətirdi ki, Taleyə tez
getdi. Fotoaparatın fokusu bağlı idi. Qədəh də
dar idi, çox yaş olmamışdı. Fotoaparat salamat
qalmışdı. Onun gəlişinə hamıdan çox
sevinən uşaqlar indi ona nifrət edirdilər. Qazancları
isə yenə 50 qəpik olurdu.
Fotoqraflar dərdlərini
administrator Faiqə danışdılar. Faiq gəlirin
azaldığını başa düşürdü. Birtəhər
eləyib bu qancığı yola gətirmək lazım idi. O
da problemi şefə dedi. Şef də çox
düşündü. Taleyənin əvvəlki vaxtları
olsaydı onu saçından sürüyüb bayıra tullayardı.
Amma indi bu əvvəlki Taleyə deyildi. Bu ilk dəfə toyda
rəqs etməklə yanaşı oxumağa izn vermək
üçün ona öz qızlığını təklif
edən Taleyə deyildi. İndi hamı ona xanım deyirdi.
Dövlət tədbirlərində oxuyurdu. Dövlət
adamlarının balaları onun xəstələri idi. Bu
restoranda oxumağa onu güclə razı salmışdı.
Böyüdüyü bu restoranla bağlı onun nostaljik hisslərini
oyadıb, bir az içirib ağlatmaqla onu yola gətirmişdi
Şan-şöhrət Taleyəni
yaman qudurtmuşdu. Pulla indi o bu restoranı da ala bilərdi.
Restoranın şefi Alik çox fikirləşdi ki neyləsin.
Yenə çarəni içkidə gördü. Toy bitən
kimi Alik özünü zala yetirdi. Taleyə elə də
yorğun görünmürdü. Bütün toyboyu
"minusovkalarını" oxutmuşdu. Prodüseri Nino
özündən çox yorulmuşdu. "Ay qız, bu bədbəxt
millətə bir canlı da nəsə oxuyaydın də"
deyə Nino yaman deyinirdi. "Bunların ağlı yoxdur,
vallah sənə pul verir. Elə bu disklərini qoyub oxutsalar sənə
heç ehtiyac olmaz. Bu millət səfeh, sən də
bic". Taleyə: "Külü qoyum onların
ağlına, onlarda ağıl olsaydı, məndə pul
haradan olardı. Deyəsən yenə gözün
götürmür a, məni. Yoxsa ürəyindən yenə
biabır olmaq keçir?". Söhbətin bu məqamında
Alik yekə qarnı ilə içəri girmişdi. 56 kiloluq
Taleyənin ayağını yerdən üzüb,
"öldürərəm gözəlimin xətrinə dəyəni.
Sən bu axmağa fikir vermə. Sən Allah, bura gələndən
işin o qədər çox olur ki, yorulursan ki,
üzünü də görə bilmirəm. Mən
ölüm, gedək əla gürcü çaxırı gətiriblər
mənə. Yüz-yüz vuraq sonra get. Qurban olaram sənə,
sən Allah gedək. Vallah, darıxmışam. Yüz
müğənni görmüşəm, özün bilirsən
də, heç biri sənin qədər ruhuma işləməyib.
Səni kəşf etmişəm e mən, a nankor, gedək
ürəyimi qırma". Taleyə məst kimi
"yaxşı, yaxşı. Yalvarıb baş-beynimi 5
gün aparacaqsan, xasiyyətini bilirəm. Gətir bura,
keçib, otağa keçsəm qorxuram bir şey qalmaya məndən,
ay öküz. Göndər gətirsinlər". Alik: "Nə
danışırsan, sənə qurban. Heç
başqasını qoyaram. Özüm, özüm, bədbəxt
aşiqin gətirəcək onu sənə". Alik
çıxan kimi Taleyə Ninoya tərəf döndü:
""Alçağın dal ayağıdır bu. Görəsən
nə istəyir yenə? Guya mən bunu tanımıram. Gör
necə yalvardacam onu, yaxşı bax. Ağzımdan
çıxanı deyirəm ona. Məni bu əclaf bədbəxt
edib. Gün verib işıq vermirdi mənə. Pulumu az verirdi.
Məni çox işlədirdi. Üstəlik də, istədiyini
almamış məni oxumağa qoymadı. Ömürlük bədbəxt
elədi məni. Daha heç vaxt ailə qura bilməyəcəm.
Nifrət edirəm ona. İndi səbəbimə pul
qazanır. Guya mən ulağam anlamıram. Ulaq özünsən,
gəl bura. Sən yaxşı izlə". Alik Taleyənin ən
yaxşı mahnılarından birini oxuya-oxuya, qızıl
dişlərini parıldada-parıldada əlində qədəhlər
və şüşə dolu padnos onlara yaxınlaşdı.
(ardı gələn şənbə sayımızda)
İradə İSAQ
Ədalət.- 2010.- 21 avqust.- S. 5.