ÖLÜM SON DEYİL...

 

və yaxud ƏBƏDİYYƏT NƏĞMƏSİ...

 

AZƏRBAYCANIN BİR QARANLIQ YAY GECƏSİNİN SABAHI ONUN İGİD BİR ÖVLADININ GÜNƏŞ KİMİ PARLAYAN QƏHRƏMANLIĞININ ŞƏFƏQLƏRİ İLƏ AÇILDI...

 

Böyük türk şairi Nihal Atsız "Qəhrəmanlıq" adlı şeirini aşağıdakı misralarla tamamlayır:

Qəhrəmanlıq o nə yalnız bir yüksəliş deməkdir,

Nə də Günəşlər kimi parlayıb sönməməkdir.

Bununçün döyüşə bir atılış gərəkdir,

Atıldın bir daha geriyə dönməməkdir.

Bu odlu, təlatümlü, insanı təpədən-dırnağa silkələyən, onun qəlbini qəhrəmanlığa, cəsurluğa, fədakarlıq göstərməyə, şirin canından belə "uf" demədən keçməyə ruhlandıran misralar sanki onun da adına, əməlinə, boyuna biçilmiş deyimdir.

O da döyüşə dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissilə atıldı. Atıldı, məqsədinə çatdı, etmək istədiyini etdi, amma geriyə dönmədi... O, bir qaranlıq gecədə Günəş kimi parladı. Azərbaycanın bir qaranlıq yay gecəsinin sabahı onun igid bir övladının Günəş kimi parlayan qəhrəmanlığının şəfəqləri ilə açıldı.

Acı xəbərin atı kimi, qəhrəmanılğın da atı çox yeyin olur. Qorxmaz bir Vətən oğlunun göstərdiyi rəşadətin sorağı dalğa-dalğa yayıldı Vətənin aranına, dağına, mərkəzinə, ucqarına. Qəlblər riqqətə gəldi, ürəklər atlandı. Yaralanmış, paralanış Vətənin qəddi daha da dikəldi əbədiyyətə qovuşan bir oğlunun qəhrəmanlığından!

Yağı düşmən tapdağında inləyən torpaqlarımızın tutulmuş qulaqları açıldı bu qəhrəmanlıq nəğməsinin səsindən. Ona sahib çıxacaq oğullarının həmləsini gözləyən, artıq murdar nəfəsdən tıncıxmış, cana doymuş, can üstə olan torpaqlarımızın üzünün nisgil pərdəsi çəkildi. Neçə illərdən bəri əsarətdə boynu bükülmüş, boyu kiçilmiş dağlarımızın alın qırışları çəkildi. Gəlir, doğma insanlarım gəlir qoynuma, əhsən, sənin kimi oğlun şəninə!-dedi,-ulu dağlarımız!

Suyu qurumuş Xaçın, Qarqar, Tərtər çaylarının məcralarına suyu axan bol sulu bulaqların tutulmuş gözləri sulandı bu qəhrəmanlığın sədasından! Sular çağladı bu çeşmələrin gözlərindən!

Bu qəhrəmanlığın doğulduğu yer Ağdərə rayonunun ərazisi, tarixi 19 iyun 2010-cu ildir. Qəhrəmanlığın sahibi isə Mübariz Ağakərim oğlu İbrahimovdur.

Bəlkə də ad seçəndə valideynləri bu adı ona təsadüfən qoymuşdular. Onun böyüyəndə nə qədər mübariz və mərd, vətənsevər, igid bir oğul olacağından bixəbər idilər. Ancaq ata-ana himayəsində ürəkli, tərbiyəli böyüyən Mübariz çox erkən yaşlarından bu adın mənasını doğrultdu. O, mübarizliyini, mərdliyini, cəsarətini və vətənpərvərliyini yetərincə doğrultdu əməlləriylə.

 

ŞƏHİDLİYƏ GEDƏN YOL...

 

Həyatda hər kəsin tutduğu bir ömür yolu var. Onun tutduğu ömür yolu isə şəhidlik yolu idi. Xalq məhəbbətindən, Vətən sevgisindən, yurd istəyindən doğmuşdu bu yolun yolçusu olmaq istəyi. Bu yolda onun qarşısında heç bir keçilməz bənd yox idi. Bu yolun sonuna çatmaq həsrəti onu yaman tələsdirirdi. Sanki sövdələşmişdi şəhidlik zirvəsi ilə! Döyüş bölgəsinə gələndən bəri Mübariz İbrahimov işğal altında qalan torpaqlarımıza tərəf boylandıqca ürəyi parça-tikə olurdu. Damarında qanı donurdu. Nə vaxtsa dözməyib alçaq düşmənin üzərinə atılacağı barədə düşünüb-daşınırdı. Bu onun müqqədəs amalına çevrilmişdi bu. Bunun üçün o, məqam gözləyirdi.

Ermənilər son aylar mütamadi olaraq bu istiqamətdə atəşkəsi pozur, dincliyə qənim kəsilirdilər. Hər dəfə də Azərbaycan əsgərləri tərəfindən layiqli cavablarını alıb susdurulurdular. Düşmən həmlələrinin dəf olunmasında gizir Mübariz İbrahimov əsl fədakarlıqlar göstərir, nümunə olurdu. Komandirləri onu adla deyirdilər.

Həmin gün gecə saat 23.30 radələrində ermənilər yenə atəşkəsi pozdular. Əsgərlərimizin mövqelərinə hər növ silahlardan atəşlər açılır, güllələr yağış kimi yağırdı. Mübariz bir neçə gün əvvəl artıq öz-özlüyündə qərar qəbul etmişdi. Düşmən yenə həmlə edərsə, təkbaşına belə onların səngərinə doğru gedəcək, gücü çatan qədər düşmən əsgərini məhv edəcəkdi...

Onun ata və anasına yazdığı son məktubda da həmin hiss və duyğuların təsiri hiss olunmaqdadır:

 

"Atama və anama məktub

 

Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşərik. Mənim üçün bol-bol dualar edin. Vətənin dar günündə ürəyim dözmür, Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin, çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdü, Vətən sağ olsun!

Oğlunuz Mübariz. Haqqınızı halal edin.

İbrahimov Mübariz. 7 iyun 2010-cu il".

 

O, VƏTƏN UĞRUNDA ÖLMƏK YOX, ÖLDÜRÜB ÖLMƏYİ GÖSTƏRDİ...

 

...Az sonra ermənilərin atəş səsləri səngidi. Mübariz silahını yoxladı. Patron mağazinlərini doldurub çantasına yığdı. Bir neçə qumbara da götürdü. Gecənin zil qaranlığında ehtiyatla təmas xəttini keçdi. Tanrı onu arzularına yetmək üçün qanadlarının altına alıb qorudu. O, minalanmış ərazini cəsarətlə adladı.

Ermənilərin üzərinə gözünü qan örtmüş, pələngləşmiş, şirləşmiş, düşmənə olan qisas və nifrətinin tüstüsü başından çıxan bir ər oğul ər irəliləyirdi. O, irəliyə quduz ermənilərin neçə illərdən bəri doğma torpaqlarımızda törətdiyi faciələrdə qurban getmiş insanların qanını almaq, bir təskinlik tapmaq eşqiylə atılmışdı. Bu cəsarətin qarşısında artıq ölüm-itim onun gözlərinin önündən yoxa çıxmışdı.

Düşməni ağır itkilərə məruz qoyan gizir Mübariz İbrahimov qəhrəmancasına həlak olaraq şəhidliyə-müqəddəsliyə qovuşdu... Əbədiyyət nəğməsinə döndü. Elə bir nəğməyə ki, bu gün hər kəsin dilindən düşmür, əbədi olaraq düşməyəcək də!

Gizir Mübariz İbrahimovun məhv etdiyi ermənilərə görə düşmən tərəf matəmə qərq oldu. Vətən fədaisinin cəsədi isə onun qəhrəmanlığının qarşısında heyran qalan erməni tərəfdə qaldı. Və artıq 50 gündür ki, varlıqları ilə bəşəriyyətə utanclıq gətirən, insanlıq normalarını tanımayan, insan qanından doymayan ermənilər qəhrəman Azərbaycan əsgərinin hətta qollarını bağlayıb onun meyidini təhqir etməklə qisaslarını alırlar. Bu isə qisas almaq deyil, nifrətə, şərəfsizliyə layiq olmaqdır.

 

ŞƏHİDİN MÜBARƏK, ŞƏHİD ATASI...

 

...Biləsuvar rayonunda bir kənd var-Əliabad kəndi. Bu kənddə bir ocaq var-Ağakərim kişinin ocağı. Bu ocaqda bir oğul böyüyüb boya-başa çatmışdı-Mübariz İbrahimov.

50 gün bundan qabaq bu kəndi, bu ocağı, bu oğulu tək-tək adamlar tanıyardı. Amma, bu gün Əliabad kəndini, Ağakərim kişinin ocağını və oğlu Mübariz İbrahimovu bütün Azərbaycan tanıyır. İndi bu kənd, bu ocaq bir qəhrəmanın pöhrə verib boy atdığı ünvandır. Bu ocaq bir müqəddəs ziyarətgahdır, qürur və iftixar yeridir.

Hər gün buraya sel kimi insan axını gəlir. Yüzlərlə insan Azərbaycanın qəhrəman bir oğlunun qoynundan pərvazlandığı ata beşiyinə ayaq döyür, Ağakərim kişinin el-obasını tanıdan oğlunun şərəfli ölümündən duyduğu qürura şərik olurlar.

Biz də bu qürura şərik olmaq üçün o müqəddəs məkana baş çəkdik. Şəhərə daxil olan maşın karvanımız nə qədər böyük ehtiram və hörmətlə qarşılanırdı. Biləsuvar şəhərinin küçələrində hər bir tikilinin ən görkəmli yerində Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın fəxri Mübariz İbrahimovun şəkilləri bərq vururdu. İstər-istəməz adamın ürəyindən bax belə şəhid olmaq hissi keçirdi.

Biləsuvar-Salyan magistral yolunun on kilometrliyində yerləşən Əliabad kəndinə dönürük. Bura bir zamanlar Mübarizin hərbi xidmətə yollandığı rizin-şəhidlik zirvəsinə gedən yolun başlanğıcıdır. Onun atası-məğrur bir kişi, əsl ata, vətənpərvər bir insan Ağakərim kişinin, anası Həcər qeyrətli Şamama ananın ocağına dönürük. İsti yay havasında sanki bu kəndi qatı bir nisgil dumanı bürüyüb. Küçə boyu yolun sağ sol tərəflərində qapı darvazalarında Mübarizin şəkilləri asılıb. Yolboyu insanlarla qarşılaşırıq. Hər biri karvanımız qarşısında dayanır, ehtiramını bildirir, üzündəki kədəri silib onu qürur sevinci ilə əvəz etməyə çalışır. Mənim gözlərimdə isə ürəyimdə keçirdiyim iftixar hissindən doğan yaş gilələnir... Hönkür-hönkür ağlayıram. Bu sevinc yaşlarıdır. Şəhid verməyi bacaran, onu ancaq indi urvatlı tutmağı özünə borc bilən bir xalqın məğrurluğunun fərəhindən doğan göz yaşları...

Ağakərim kişi ilə görüşürük. Dağı dəlib keçən oğlu dərdit onun dağ vüqarını əsla əyməyib. Təkcə gözlərinin dərinliyindən nəsə oxumaq mümkündür. Bu da təbiidir. Axı, oğul itkisi ağır itkidir.

Ağakərim kişinin dediklərindən:

 

-Oğul Vətən üçündür. Oğul düşmən çəpəridir. Vətənin dar günündə o yurduna edilən həmləyə sipər olmayacaqsa, elə oğuldansa kor qız əfzəldir. Mübariz körpə yaşlarından vətənpərvər idi. O, Qarabağ müharibəsinin başladı ilk günlərdə dünyaya gəlmişdi. Həmişə Qarabağ faciələrindən oxuyurdu. Onu ən çox ağrıdan Xocalı faciəsi, bu faciənin dəhşətli ağrıları idi. Mübarizin əyilməz, dönməz xarakteri vardı. Onu tutduğu yoldan ancaq ölümüm döndərə bilərdi...Bu gün Mübarizin qəhrəmanlığı dastana dönüb. Mən bir atam kimi bundan fərəh duyuram. İnanın ki, onun ölümü məni əymir. O, qanın alıb. Onlarla ermənini məhv edib. Bu gün onun meyidi düşmən əlindədir. Bu da məni yandırmır. Mübariz öz arzusuna qovuşub. Əməliyyata getməzdən bir neçə saat əvvəl mənə zəng vurub, xeyir-dua verməyimi istəyib. Mən də ona xeyir-dua vermişəm. Onun ölüm xəbərini soyuqqanlıqa qarşıladım. İndi ermənilər oğlumun meyidini göstərirlər. Onlar məni, Azərbaycan xalqını əymək, sinsitmək istəyirlər. Lakin bu murdarlar buna nail ola bilməyəcəklər. Mən yeri gələrsə, digər oğullarımı da Vətənə qurban verməyə hazıram! Təki Vətən yaşasın! Vətənin başı dik olsun!

...Mən Ağakərim kişi ilə görüşümün əvvəlində çıxış edəndə ilk sözüm, onunla sağollaşıb ayrılanda da son sözüm belə oldu:-Şəhidin mübarək, şəhid atası!

 

OĞLUM TURQUT ANASININ BOYNUNA SARILARAQ:

 

-ANA, MƏN DƏ MÜBARİZ KİMİ ŞƏHİD OLMAQ İSTƏYİRƏM!-DEDİ.

 

Mübarizin şəhid adı ən uca addır. Onun bu şəhidliyi ürəyinin, canının, qanının hökmüdür. Vicdanının buyruğudur. Bu şəhidlik insan ömrünün şah zirvəsidir, Mübarizin ömrünün varlıq səsidir. Onun Vətənə tac töhfəsidir.

Mübarizin ruhuyla Tanrı da görüşəcəkdir. Xalqımız bu şəhidi ilə vüqarlanır, yağı bunu görüb ölüşüyür, canı çıxır. Bu gün Mübariz kimi şəhidin qəmini Vətən, bütöv bir xalq bölüşür.

Əziz şəhid qardaşım, sənin yerin həm müqəddəs peyğəmbərin qolları arası, həm də Vətənin ürəyidir! Sən xoşbəxtlərin xoşbəxtisən! Bu xoşbəxtlik çoxumuza nəsib olsun! Mən də bu xoşbəxtliyə qovuşmaq istərdim. Heyhat, nəsib olmadı...Təki nəsib olsun!

Əziz şəhid qardaşım, Azərbaycanın başının tacı, xalqımızın vüqarı, iftixarı, sabaha uzanan əli, bu gündən sabaha deyəcəyi sözü, qürür tarixinin səhifəsi, sən öz ölçüyə-biçiyə gəlməz qəhrəmanlığınla, rəşadətinlə xalqımızın qəhrəmanlıq tarixini təzələdin. Bir döyüşkən, məğrur, dönməz xalqın doğma torpaqları uğrunda çarpışıb-vuruşmaq, əzəli yurd-yuvasına sahib durmaq hiss və duyğusunun sönməkdə olan közünü alovlandırdın! Təkbaşına göstərdiyin fədakarlıqla yatmış mübariz, əzmkar ruhları oyatdın!

Sənin ayaq açıb yeridiyin, böyüdüyün, tərbiyə olunduğun doğma evinizi ziyarət edib evə dönərkən mənimlə birlikdə olan oğlum Turqut anasının boynuna sarılaraq :

-Ana, mən də Mübariz kimi şəhid olmaq istəyirəm!-dedi.

Onda bu hissi sənin qəhrəmanlığın, hünərin, şərəfli ölümün oyatdı.

Sənin ruhun qarşısında, ata-ananın məğrurluğu önündə baş əyirəm, doğulduğun torpağa diz çökürəm, onu öpürəm!

 

 

Baxşeyiş ABBASOĞLU

 

Ədalət.- 2010.- 21 avqust.- S. 8.