"Ürəklə söhbət"lərdə
həyat həqiqətləri
Xalqımızın zəngin
poetik irsində qadın şairlərimizin də böyük
yeri var. Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan,
müasir mərhələdə Mirvarid Dilbazi, Nigar Rəfibəyli,
Mədinə Gülgün, Hökumə Billuri, Mahirə
Abdulla və başqalarının yaradıcılıqları
haqlı olaraq Azərbaycan poeziya tarixinə daxil olmuş,
şeirsevərlərin rəğbətini
qazanmışdır. Xalqımızın həyatında
baş verən önəmli hadisələr, onun istək-arzuları,
yüksək mədəniyyəti, estetik idealları qadın
şairlərimizin yaradıcılığında da öz
yüksək bədii ifadəsini tapa bilmişdir. Həyatı
qadın gözü ilə görmək, buradakı fərəhverici
hadisələri və acıları həssas qadın qəlbi
ilə duymaq, şeir dili ilə ifadə edə bilmək, bəlkə
də qadın şairlərimizin
yaradıcılıqlarını fərqləndirə bilən
ən mühüm xüsusiyyətlərdəndir.
Gerçəkdən də
qadın şairlərimizin yaradıcılığında
müxtəlif həyat hadisələri ilə birlikdə bu
hadisələrə qadınlarımızın spesifik
münasibətləri, bizim görə bilmədiyimiz, hiss edə
bilmədiyimiz tərəfləri də öz bədii həllini
tapa bilir. Əslində bu qəbildən olan
yaradıcılıq nümunələri, eyni zamanda toplum
nüfuzunun yarıdan çoxunu təşkil edən
qadınlarımızın psixologiyasını,
dünyagörüşünü, yüksək mənəviyyatını,
həyat təcrübəsini, sosial - mədəni həyatımızda
iştirak etmək səviyyəsini və s. ifadə etməkdədir.
Son zamanlar Batı
ölkələrində, həmçinin ABŞ, Kanada, Rusiya
kimi ölkələrdə qadınların haqlarını
müdafiə edən Cender hərakatının öz
nüfuz dairəsini genişləndirməsini söyləmək
mümkündür. Qadınların kişilərlə bərabər
hüquqa malik olmaları sosial - mədəni həyatın
bütün sahələrində bərabər hüquqa malik
olmalarını müdafiə edən Cender hərəkatı
mümayəndələri qadınların bütün
dünyada, xüsusilə də bir çox Afrika və Asiya
ölkələrində əsasən bu hüquqlardan məhrum
olduqlarını vurğulamaqla birlikdə müasir mərhələdə
belə bir vəziyyətin dözülməz olduğunu da
dünya ictimaiyyətinə çatdırmağı zəruri
bilirlər. Xatırlatmaq lazımdır ki, Cender hərəkatından
yüz illər və sonra da adlarını zikr etdiyimiz
qadın şairlərimizin yaradıcılığında
qadın azadlığı ideyası, onların sevib-sevilmək
hüquqları, sosial-mədəni həyatda erkəklərlə
birlikdə iştirak etmələri kimi məsələlər
daima diqqət mərkəzində olmuşdur. Bu mütərəqqi
meylin günümüzdə də davam etdirilməsinin
şahidi oluruq.
Bu yaxınlarda
çapdan çıxmış Nailə xanım İbrahimovanın
"Ürəklə söhbət"(Avropa nəşriyyatı,
Bakı, 2010) adlı şeirlər kitabı bir daha söylədiklərimizə
gözəl misal ola bilər. İlk öncə elə bir
fikir yarana bilər ki, kitabdakı şeirlər şairənin
öz intim, məlhəm fikir və düşüncələrini,
özü ilə olan fərdi söhbətlərini içinə
almaqla yaranır.
Lakin şeirləri bir -
bir oxuduqca anlayırsan ki, bu intim, ilk öncə subyektiv
görünə bilən fikirlər, mülahizələr əslində
real həyat hadisələri ilə, xalq həyatı və məişəti
ilə qırılmaz əlaqələrlə bağlı
olduğuna görə daha çox fərdi çərçivələri
aşıb milli - bəşəri məna kəsb edə
bilir. Zənnimizcə, belə bir poetik səviyyəyə
yüksəlmək yolunda şairənin istedad və bilgi dairəsinin
geniş olması ilə birlikdə, onun bədii təsvir
vasitələrindən, ana dilimizin saflığından,
xalqımızın müdrik kəlamlarından, mənəvi
- tarixi dəyərlərindən yaradıcılıqla istifadə
edə bilməsi də mühüm rol oynamaqdadır. Şairənin
meydana gətirdiyi zəngin assosiasiya
(çağrışımlar) çalarları təbii ki,
bu yolda, həmçinin şeirlərin bədii - ideya məzmununun
oxucuları tərəfindən qavranılmasında da önəmli
rol oynaya bilir. Çünki bu assosiasiyalar heç bir vaxt
sırf fərdi, subyektiv, real varlıqdan tamamilə təcrid
olunmuş assosiasiyalar deyil. Şairənin bir məharəti də
ondadır ki, o bu assosiasiyaları başqalarında da oyada
bilir.
Nailə xanım
İbarahimovanın ikinci şeir kitabı olan "Ürəklə
söhbət" kitabında biz artıq zəngin həyat
yolu keçmiş ( O Azərbaycan Dövlət Tibb
Universitetini bitirmiş, gənc yaşlarından müxtəlif
mətbuat orqanlarında yazılarını çap
etdirmişdir.), geniş maraq dairəsinə malik bir müəlliflə
rastlaşırıq. Daha çox lirik xarakterdə
yazılmış şeirlərində müəllif əsasən
qadın taleyi, onun istək və arzuları, həyəcanları,
sevgisi, nifrəti, ailə haqqındakı fikirləri və s.
yer almaqdadır. Bu şeirlərin səmimiliyi şairənin
qələmə almış olduğu hadisələri şəxsən
yaşaması, onlar üzərində uzun bir zaman
düşünməsi ilə bilavasitə əlaqədardır.
Ümumiyyətlə, Nailə xanımın heç bir
şeirini canlı həyat hadisəsi olmadan və ya onu bir sənət
adamı kimi həyəcanlandırmayan, eyni zamanda real prototipi
olmayan hadisələrdən kənar qələmə
alması imkansız görünür. Onun şeirlərinin
çoxu sevgi mövzusuna həsr olunmuşdur. Şeirlərdə
bu əbədi mövzunun müxtəlif anları, mərhələləri,
tərəfləri yüksək bir bədiiliklə ifadə
olunmaqdadır. Sevgidən doğan
qısqanclıq, intizar vəfadarlıq, xəyanət,
facıəvi anlar, ümidsizlik
kimi hisslər və əhvali - ruhiyyələr
bu şeirlərin ideya
- məzmununu təşkil etməkdədir. Şair
bu hadisələrin zahiri
tərəfindən çox onların daxili tərəflərini,
pisxologiyasını açmağa
çalışır, daha doğrusu bu hadisələrin
doğurduğu hissləri, emosiyaları statik, donmuş halda deyil, daima
hərəkətdə, inkişafında ələ ala bilir. Bəlkə də
bu səbəblərdən dolayı onun şeirlərində ifadə olunan hiss - həyəcanların
yetkin və ümumiləşdirilmiş bir şəkildə olmasına nail ola bilir.
Yəni, əslində sevgi
anlarının bu yuxarıda da sıraladığımız tərəflərinin
- intizar, ümidsizlik,
küskünlük, xəyanət, tənhalıq,
fədakarlıq, ana sevgisi
və s. kimi fenomenlərinin
ayrı -ayrılıqda emosional, hissi - duyğulu ümumiləşdirilmiş
ifadəsini verə bilir.
Kitabda bu hiss və
duyğuların ifadəsinə ayrılmış son dərəcə
təsirli şeirləri örnək vermək
mümkündür.
Nailə xanım sevgi
mövzusunu da geniş planda ələ alır, yəni, iki gəncin
və ya ümumiyyətlə bir - birilərinə sevgisi olan
insanların mürəkkəb münasibətləri çərçivəsində
qalmamış, ailə sevgisi, ailə içi münasibətlər,
övlad sevgisi, nəvə sevgisi, eyni zamanda vətən
sevgisi anlayışı ilə əlaqələndirməyi
xüsusilə önəmli sayır.
Təsadüfi deyil ki, həcmcə
o qədər də böyük olmayan şeir kitabında
müəllif bu qeyd etdiyimiz mövzuların təsnifatını
belə verməyi də lazım bilir. Onun bu şeirlərində
də səmimilik, mövzulara içdən hakim olma
bacarığı və professionallıq bir daha
özünü göstərməkdədir. Bu şeirlərdə
Nailə xanımın əsrlərdən gələn poeziya sənətimizin
klassik ənənələrinə sadiq qalması , onları
düşündürən əbədi fəlsəfi - etik
mövzuları davam etdirmək istəyi aydın bir şəkildə
özünü ifadə etməkdədir.Klassik aşıq
poeziyası, Aşıq Ələsgər
yaradıcılığı, həmçini Vidadi, Vaqif,
Aşıq Veysəl (Ömür), Səməd Vurğun (Bəlkə
həyat bir yuxudur) və s. kimi böyük sənətkarlarımızın
yaradıcılığının Nailə xanımın
estetik görüşünə, yaradıcılıq yolu və
metoduna dərin və mütərəqqi təsirini hiss etmək
o qədər də çətinlik törətmir.
Nailə xanımın zəngin
təbiətimizin vəsfinə həsr edilmiş şeirləri
də az deyil. "Bənövşə" "Bil Həyatın
qədrini" , "Nərgiz gülü", "Bahar gəlir",
"Günəş çıxır", "Dan
ulduzu", "Çox sevirəm Baharı", "Külək"
kimi şeirlərində Nailə xanımın poetik təfəkkürü,
təbiət sevgisi son dərəcə inandırıcı, təsirli
görünür. "Bahar"a (təşəkkür eyləmək
üçün , bir qarış yuxarı qalxır göy
otlar- deyir), Bahardan güc almışam, Yüz yaşım
olsa belə, Demərəm qocalmışam"-
misralarını işlədir.
Təbiətə həsr
edilmiş şeirlərində müəllif haqlı olar
heç də təbiət hadisə və lövhələrini
sözlər - anlayışlar vasitəsilə olduğu kimi təqdim
etmir, hər zaman onlarda insanı təsirləndirən
xüsusiyyətlər axtarır, sanki onlarla canlı
varlıqlar olaraq söhbət edir, onlara öz ürək
sözlərini söyləyə bilir, hətta onlardan mənəvi
güc aldığını belə bəyan edir. "Günəş
çıxır" şerində müəllif etiraf edir
ki:
Günəş çıxır....
Ruhum qəlbim təzələnir.
Bütün aləm gözəlləşir.
Gözlərimdə işıq saçır.
Ürəyimdə çiçək açır,
Ürəyimdən günəş baxır,
Ürəyimdən günəş axır!
"Dan ulduzu"
şeirində isə şairə Dan ulduzu ilə həyəcanlı,
səmimi "söhbət" aparır.
"Ulduzların" içində sən,
Niyə təksən dan Ulduzu?
Nədən belə seçilirsən?
Nə göyçəksən
"dan ulduzu!"- sözləri ilə ona müraciət
edir.
Nailə xanımın
şeirlərində insan amili, mürəkkəb
dünyamızda onun yeri və önəmi xüsusilə
mühüm məna kəsb edir. Əslində hiss edirsən
ki, təbiətdən də, sevgidən də, şeir və
sənətdən də yazanda onu hər zaman insan amili, şəxsiyyət
amili, xalqına, millətinə mənfəətli olan
yaradıcı və mükəmməl insan idealı
düşündürür.
Kitabın "Sizi sevirəm
ey insanlar" bölümündə şair heç bir kəsin
xətrinə dəyməyən, heç bir gülü,
budağı sındırıb, əyməyən,
dünyanı məzarlığa döndərmək istəməyən
və yalnız yaxşılıqlar arzusu, xeyirxah əməllərlə
yaşayan bir insan dünyasını düşünür.
Şair həmçinin
müsbət mənəvi- etik keyfiyyətlərin antipodu olan
mənəvi həyatımızı zəhərləyən,
sosial - mədəni inkişafımıza əngəl olan mənfi
əxlaqi keyfiyyətlərin tənqidinə də xüsusi
diqqət yetirir, eybəcər mənfi keyfiyyətlərdən
uzaqlaşmaq yollarını bədii bir dillə tənqid hədəfinə
tutur.
Kitabın "Yalanlar
ayaq açanda" bölümündə isə müəllif
nadanlıq, paxıllıq, ikiüzlülük, yaltaqlıq,
hiyləgərlik, acgözlük, qiybətçilik,
kütbeyinlik, kələkbazlıq, pulgirlik, xəbislik kimi mənfi
mənəvi keyfiyyətlərin ifşasına xüsusi
şeirlər ayırmış, bu qeyd etdiyimiz eybəcər
keyfiyyətləri özündə ehtiva edən insanlardan uzaq
gəzməyi tövsiyə etməkdədir:
Bivec, soyuq, buz ürəkli,
Pis arzulu, pis niyyətli,
İnsanlardan uzaq olub,
Tənhalıqda qalsan yaxşı.
Bununla belə həyatda,
cəmiyyətdə, insan münasibətində hər zaman
adilik arayan müəllif insanları sevməyə
çağırır.
"Özündəndə
artıq sev insanları" deyir.
Nailə xanım
şairin, söz ustasının sosial məsuliyyət hissini də
heç bir zaman unutmur, müasir mərhələdə
xalqımızı düşündürən, rahatsız edən
problemlərə cavab axtarır, hər zaman xalqının
yanında olduğunu sübuta yetirməyə
çalışır. Zənnimizcə onun Qarabağın
erməni qəsbikarları tərəfindən işğal
olunması, həmçinin bu səbəbdən dolayı
insanlarımızın acı psixoloji vəziyyətləri ilə
əlaqədar yüksək vətənpərvərlik və
nikbin ruhda yazılmış şeirləri bir daha yuxarıda
söylədiklərimizi təsdiqləyə bilər. Şairənin
"Azad edək torpaqları", "Bənövşə"
, "Sevinməsin yağı düşmən" kimi
şeirlərində biz müəllifin qələbəyə
inam səsini, nikbin iradəsini aydın bir şəkildə
görə bilərik.
Ərşə qalxsın qüdrətimiz,
Bütövləşsin vətənimiz.
Düşmənə sipər sinəmiz,
Qovaq tazı yaltaqları,
Azad edək torpaqları.
Nailə
İbrahimovanın "Ürəklə söhbət"
şeirlər kitabı inanırıq ki, tez bir zamanda şeir
həvəskarları və oxucularımızın rəğbətini
qazanmaqla birlikdə, müasir Azərbaycan poeziya sənətində
öz layiqli yerini tuta biləcək, həmçinin qadın
şairələrimizin realist ənənələrini və
prinsiplərini davam etdirə biləcəkdir.
Babək Qurbanov
Ədalət.- 2010.- 21 avqust.- S. 12.