"YAZIÇI" OLJAS
SÜLEYMENOVA HƏSR OLUNUB
"Oğuz eli" qəzetinin
ayrıca buraxılışı türk dünyasının
ümumi yazarı Oljas Süleymenova həsr olunub. Azər
Abdullanın redaktorluğu ilə nəşr olunan növbəti
"Yazıçı" dərgisi həmişə
olduğu kimi orijinal yazılarla ədəbiyyatsevərlərin
diqqətini cəlb edib. Dərginin üz qabığında
Elman Mustafanın tərcümə etdiyi "Diləklərin
yerinə yetdiyi gecə" şeirini oxumaq kifayətdir ki,
onun müəllifi Oljas Süleymenovun nə qədər
möhtəşəm düşüncə adamı
olduğunu görəsən.
İnsanlar Allahı
gətirirlər
Haqlı diləklərini
İnsanlar inadla
diləyirlər
Gecədəki dualarının
Yerinə yetməsini,
Yalvarıb alırlar
müsəlmanlar
dünya səadətindən
bir azını.
Leylətülqədir
gecəsindən
İşığa bürünüb
yer üzü.
Oljas Süleymenovun arzusu
bütün yer üzünün işığa bürünməsidi.
"Yazıçı" dərgisində isə
imzasını tanıdığımız azərbaycanlı
yazarlar Oljas Süleymenovun işığına
toplaşır, onu bizə bir daha tanıtdırırlar. Dərgidən
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin
şair Oljas Süleymenova yubiley münasibəti ilə təbrikini
oxuyuruq: "Sizin ədəbiyyat sahəsindəki elə ilk
addımlarınız nadir istedadınızdan xəbər
verirdi. Hələ gənclik illərindən
qazandığınız populyarlıq Sizi tanınmış
bir şəxsiyyətə çevirmişdi. Sovet
dövrünün intellektual elitası poeziya, nəsr, tarix, ədəbiyyatşünaslıq
sahəsində yaratdığınız bütün əsərlərinizə
eyni dərəcə valeh olurdum". Əlbəttə, belə
bir önəmli şəxs Azərbaycanın "Şöhrət"
ordeni ilə təltif olunmalı idi, prezidentin sərəncamı
ilə olundu da.
Dərgidə
Yazıçılar Birliyinin sədri görkəmli
yazıçı Anarın da Oljas Süleymenov barəsində
yazısı dərc olunub. Türk dünyasının nəhəng
insanının Anara Parisdən yazdığı məktubu isə
bu cümlələrlə bitir. "O dövrdə belə bir
zərb-məsəl də yaranıb: "Sonuncu dəvənin
yükü daha ağır olur". Ona görə ki,
uzaqlaşan karvandan düşən yükləri də sonuncu
dəvəyə yükləyiblər. Anar, səninlə biz hələ
çox belə yükləri qaldırmalı olacayıq -
keçib gedən nəsillər karvanından
düşüb qalan yükləri. Bizim vəzifəmiz
xalqlarımızın yaşaması üçün, təbiətin
"həm sən, həm mən" qanuna riayət etmək üçün
bu yükü daşımaqdı.
Səni qardaşcasına bağrıma basıram.
Sənin Oljas Süleymenovun!
Yəqin ki, bu məktubdakı
səmimiyyəti hiss etdiniz. Aydınlığı ilə hiss
etdiniz.
Dərgidə Əkrəm
Əylislinin, Məmməd İsmayılın, Sabir Rüstəmxanlının,
Kamil Vəlinin, Tariyel Azərtürkün, Kamal Abdullanın,
Cabir Novruzun, Tural Rzayevin, Nizami Cəfərovun, Nazif Ələkbərlinin,
Sərvaz Hüseynoğlunun, Tahir Aydınoğlunun, Tovuz
Teymurovanın, Ziyadxan Əliyevin, Ağa Abdullaoğlunun, Əjdər
Fərzəlinin, Mixail Perovun, Samirə Behbudqızının,
Ədalət Əsgəroğlunun və Azər Abdullanın
Oljas Süleymenov haqqında yazdığı məqalələr,
şeirlər də dərc olunub. Anar Oljasın köhnəlməyən
şeirlərini belə xatırlayır:
Biz arxayınıq.
At belində çapan
bizlər yüyürərək
yaşamaqdan
usandıq.
Atlarımızı yorduq
İndi piyada qayıdırıq
Və nəhayət səmimi
bir etiraf:
Belə davranırdım,
and olsun
Yardım istəyənlərin
hamısına yardım
edə bilmədim
Axı Allah deyiləm.
Tənha şairin əlindən
nə gəlir ki,
Bütün suallara
cavab tapmadım.
Amma insanlara
yalan demədim.
Halbuki deyə
bilərdim
Oljas belə Oljasdı.
Dərgidə Oljas
Süleymenovun azərbaycanlı yazıçı və
şairlərlə çəkdirdiyi şəkillər oxucuya
xüsusi zövq verir. Türk dünyasını əks etdirən
səhifələrdəki bədii rəsmlər də
orijinallığı ilə seçilir.
Necə gözəl
fikirdi: "Şair gərək Allah qədər gözəl
olsun bu dünyada". Əlbəttə, bu fikri Oljas
Süleymenov deyə bilərdi. Dərginin sonuncu səhifəsində
Azər Abdullanın ""Az i Ya" əhvalatı"
başlıqlı yazısı dərc olunub. Yazı olmuş
hadisəyə həsr olunub. Hansı hadisəyə? Bax, bunu
"Oğuz eli" qəzetinin iyul ayı
buraxılışında oxuya bilərsiniz.
Oljas Süleymenovun
dünyaya necə car çəkdiyni də bu dərgidən
oxumaq mümkündü:
Hamıya, hamıya,
hamıya!
Car çəkirəm
dünyaya,
Eşitsin obalar, ellər
Üzümüzə açılan hər
gün səhər,
Hər gün səhər,
o başdan,
Sökülər-sökülməz
dan-
Dəstə diksinir
səsdən
Yola düzəlir dəstə.
Kimsə oxuyur
pəsdən
Ölümə məhkum
Olanın
"Mehriban ana
torpağı"nı
Dəstə yeriyə-yeriyə
Yatır hələ də
Yuxulu-yuxulu çəkir
ayağını.
Günəş boylandı
üfüqdən,
Gözlər qamaşdı
şəfəqdən.
Günəşə tuşlandı
tüfənglər.
Atəş, bir də atəş!
Günəşə
tuşlanmasın tüfənglər! Olmasın atəş,
olmasın atəş - bu arzu Azər Abdullanın bu günə
qədər dərc etdirdiyi "Yazıçı" dərgilərinin
hamısına hakimdi.
VÜSAL MƏMMƏDLİ
Ədalət.- 2010.- 21 avqust.- S. 16.