Sənətkarın səssiz ölümü
Məhəbbətin qüdrətini mən belə bilməmişdim,
Ana...
Bəli, məhəbbətin
qüdrətini belə bilməyən Aşıq
Xanış.... O məhəbbət
səni yaratdı, yaşatdı, ilham verdi, yandın, eşq
oduna pərvanə tək dolandın və aramızdan getdin.
Şamaxıdan gələndə
eşitdim ki, Aşıq Xanış dünyasını dəyişib,
Allah rəhmətinə qovuşub. Həmişə onun ilk dəfə
Alim Qasımov tərəfindən ifa olunmuş "Məhəbbətin
qüdrəti" mahnısını dinləyərkən əhvalım
qalxır, ruhum təzələnir, qəlbimdə isə ilk məhəbbətə
düşəndə keçirdiyim döyüntülər
sanki təkrarlanır. Balaban ustası və ən əziz
dostum olan Şirzadla birlikdə Bakıya çatana yaxın bu
xəbəri eşitdim. Ürəyimə od kimi
düşdü, başa düşən üçün
Aşıq Xanış yaradıcılığının nə
demək olduğunu uzun uzadı danışıb təhlil etməyə
ehtiyac yoxdur.
Maşında Alim
Qasımovu dinləyirdik, onun ardınca isə diskdə növbədə Zabit Nəbizadənin
ifasında Aşıq Xanışın az qala şlyaqerə
çevirilmiş, bir çox sənətkarlarımız və
sənətə iddialı müğənnilər tərəfindən
oxunmuş həmin- "Məhəbbətin qüdrəti"
mahnısı gəlirdi. Mahnı başladı və biz səssiz-səmirsiz
o mahnıya qulaq asaraq şəhərə
çatırdıq. Bu dinləməyimiz həmişəki
dinləməyimiz kimi deyildi. Bu dəfə o mahnını
eşidəndə qəmlənirdik, təəsüf hissi ilə
"Allah sənə rəhmət eləsin, Ustad
Xanış" deyirdik.
Şəhərə
çatdıqdan sonra iş stolumun arxasında
əyləşdikdən sonra qulağıma Aşıq
Xanışın həmin mahnısı elə bil hardansa səslənmiş
kimi gəlirdi. Həmin mahnının qoşub adətim
üzrə internetdən xəbər portallarını bir-bir
vərəqləməyə başladım. Bir yerdə də
olsun Aşıq Xanış gözümə dəymədi,
çox təəsüf. Axtarış saytı olan
"google" vasitəsi ilə "Aşıq Xanış
Məhəbbətin qüdrəti" yazıb
"enter" düyməsini vurdum. Fikirləşirdim ki, indi
qarşıma "Aşıq Xanış vəfat etdi",
"Azərbaycan aşıq sənətinə ağır
itki üz verdi", "Aşıq Xanış aramızdan
getdi" kimi xəbərlər görəcəm. Amma
yalnız "zəngimsel" xidmətlərinin kommersiya
reklamlarından başqa bir şey dəymədi.
Çox ağır dərddir,
elin ozanı, elin aşığı rəhmətə getsin,
onun haqqında bir cümlə belə tapmayasan. Bu boyda
xalqın internet məkanında bir dənə də olsun bu
itki haqqında xəbər olmasın. Hansı ki, Aygün
Kazımovanın dodaqlarının silikonlarının
çıxarılması, Zamiqin YPX tərəfindən cərimə
olunmasını, Zaurun avtomobil qəzasına düşməsini
TV-də və bütün KİV-lərdə manşet eləyib
gözümüzə soxanlar bu gün Aşıq
Xanışın rəhmətə getməsi haqqında
yazmırdılar. Heç elə bil Aşıq Xanış
bu dünyaya gəlməyibmiş. Yəqin ki, bu biganəliyi
Aşıq Xanış bilsəydi, nə yazardı, nə
yaradardı. Ümumiyyətlə, bu dünyaya gəlməzdi.
Aşıq
Xanış, yerin behişt olsun, Allah sənə qəni-qəni
rəhmət eləsin. Yəqin ki, sən bizi görürsən
və bu biganəliyə, sağ olsaydın, öz
sözünü deyərdin.
Amma məni eşidib,
duyursansa, sənə bir şey demək istərdim. Mən
Laçın bir də bu dünyaya gəlmərəm.
Söz qanana güllədən də çətindir
Qanmayana güllə nədir, söz nədir ?
Gözəllərə hər cür paltar yaraşar
Çirkinlərə xara nədir, bez nədir?
İnsan ömrü keşməkeşli dərindir,
Ana torpaq onu sevənlərindir.
Məhəbbətin hər məramı şirindir.
Eşq əhlinə dərə nədir, düz nədir?
İlham mənə tərəddüdü
at deyir,
Qazan bu dünyada yaxşı ad deyir.
Xanış, həyat "durma, yaz yarat"
deyir.
Yaradana güllə nədir, söz nədir?
Laçın Məmişov
Ədalət.- 2010.- 25 avqust.- S. 4.