KÜLÜ PARKA SƏPİLƏN
YAZIÇI...
Çox qədim dövrlərdən
ta 18-ci əsrin
sonlarınadək dünyada belə bir fikir
mövcud idi ki, qadınlar kişilərdən heç
vaxt irəlidə ola bilməzlər, qadınlar kişilərdən
yaxşı düşünə, yaxşı işləyə,
yaxşı idarə edə bilməzlər. Ümumiyyətlə,
uzun yüzilliklər, hətta
minilliklər boyu qadına
ikinci dərəcəli insan
kimi baxmışlar. (Heç şübhəsiz
bəzi hallarda hakimiyyətin ən
yuxarı pilləsində duran bir çox qadınlar və
tarixçilərin yazdığı kimi qısa madərşahlıq
dövrü istisna olmaqla) Zərif cinsin nümayəndələri bir
çox yerlərdə
danışmaq, söz demək, nəyisə
həll etmək, hətta öz həyatlarını belə
istədikləri kimi qurmaq
hüququndan məhrum idilər. Bütün dövrlərdə
bu düşüncə tərzi o dərəcədə
möhkəmlənmiş, "qanuniləşmişdi" ki, qadınların özləri belə bunun əksini ötəri də
olsa ağıllarına
gətirmirdilər. Amma zaman
keçdi, əsrlər dəyişdi, tarix sübut etdi ki, əslində
bütün bunlar səhv imiş. Bu proses çox
ləng, çox əzablı
getsədə də nəhayət ki, getdi.
İnsanlıq
qadının gözəlliyini, bacarığını, qabiliyyətini, ağlını... qəbul
etdi. Məhsətilərin, Aləmşahbəyimlərin, Jorj
Sandların, Mariya Kürilərin, Şarlotta Brontelərin,
Janna Darkların, və adlarını bu sırada çəkmədiyimiz
saysız böyük istedad və təfəkkür
sahibi olan qadınların hesabına bəşəriyyət həm
də onların böyüklüyünün şahidi oldu.
Xanım Etel Lilian Voyniç də gözəl
əsərləri ilə Avropanı heyran etmədimi?..
Əslində isə bəşəriyyət
qadına daha çox minnətdar olmalıymış...
ETEL LİLİANIN UŞAQLIĞI
Etel Lilian 1864-cü il
may ayının 11-də İrlandiyanın Kork
qraflığının Kork şəhərində, çox
məşhur ingilis riyaziyyatçı Corc Bulun ailəsində
dünyaya göz açdı. Kiçik Liliana demək olar
ki, atasını tanımaq belə nəsib olmadı.
Çünki bu tanınmış elm adamı
qızcığazın altı aylığında vəfat
etdi. Atasının erkən yaşlarında həyatdan getməsinə
baxmayaraq elmdə əldə etdiyi nailiyyətlərə
görə onu böyük elm xadimi kimi Böyük Britaniya
ensiklopediyasına daxil etdilər. Lilianın
ana tərəfi də tanınmış elm xadimlərindən
idi. Onun anası Meri Everestin atası tanınmış yunan
dilçiliyi üzrə alim,
professor idi. Yeri gəlmişkən, diqqətli oxucu
"Everes" soyadının da məhşur olduğunun fərqində olmaya bilməz. Qeyd edək
ki, dünyanın Himalay
dağlarında yerləşən ən hündür zirvəsi
məhz Etel Lilianın anasının əmisi - Corc Everestin
şərəfinə adlandırılmışdır. (Hərçənd
Corc Everest heç vaxt Himalaya gedən ekspedusiyada iştirak etməmiş,
nə Nepalda, nə də Tubetdə olmuşdu). Bu ziyalı
haqqında yazılanlardan o da məlum olur ki, Corc Everest 19-cu əsrin
ortalarında İngiltərə topoqrafiq idarənə
başçılıq etmişdir.
Atasız Etelin
uşaqlığı çox çətin və kədərli
keçdi. Ərinin ölümü ilə asanlıqla
barışa bilməyən anası psixoloji gərginliklərdən savayı həm
də maddi sıxıntılar içərisində beş
kiçik qızcığazın tələbatlarını ödəmək
məcburiyyətində idi. Meri Bul bacardığı işlərin
hamısı ilə məşğul oldu - riyaziyyat fənnindən
dərs deməyə, qəzet və jurnallara məqalələr
yazmağa başladı. Amma bununla
belə o bir sıra hallarda üzərinə düşən
bütün işlərin öhdəsindən fiziki cəhətdən
belə gələ bilmirdi. Hətta Etel səkkiz yaşı
olanda möhkəm xəstələndi, amma anası lazım
olan qulluğu göstərə bilmədiyindən məcbur
qalıb onu həmin dövrlər şaxtada rəis işləyən
əmisinin yanına göndərdi. Və bu ilk "səfər"
Etelin xatirəsində dərin izlər buraxdı. Onun evinə
gəldiyi qohumu fanatik həddə dindar, puritanlar kimi əxlaq
və davranış məsələlərində çox tələbkar
bir şəxs idi. Və o, uşaqlarının tərbiyyəsində
məhz bu qaydalardan istifadə edirdi. Balaca Etel də təbii
ki, bu sərt adamın qaydalarına uymalıydı. Bunlar isə
uşaqlar üçün çox da asan şeylər deyildi.
İllər
keçdi... Qızcığaz çətinliklərlə də
olsa böyüdü. 18 yaşına çatarkən ona ən
yaxın qohumlarından kiçik həcmdə miras qaldı.
Maddi vəziyyəti nisbətən düzələn Etel ilk
növbədə arzusunda olduğu Berlindəki konservatoriyada oxudu, eyni zamanda Berlin
Universitetində slavyanşünaslıq leksiyalarının
dinləyicisi oldu. Amma görünür tale onun
üçün tamam başqa bir həyat yolu
hazırlamışdı. Çünki o, musiqi təhsili alsa
da əllərində müəyyən problemlər
yarandığı üçün onunla məşğul ola
bilmədi.
DOSTLARI, TANIŞLIQLARI VƏ...
Etel Lilian gənclik illərində
Londonda onun həyatında dəyişikliklər yaradacaq
insanlarla maraqlanmağa başlamışdı. Həyatın,
insanların ən dərin çalarlarını, cizgilərini
öyrənməyə çalışan Lilian ölkələrini
tərk edərək İngiltərənin paytaxtında sığınacaq tapmış bir
sıra siyasi emiqrantlarla tanış oldu. Onların əksəriyyəti
siyasi baxışlarına görə təqib edilən polyak
və rus inqilabçıları idi. Bu emiqrantların
arasında yaradıcı insanların da olması Eteli
ümumiyyətlə bu insanlara ürəkdən
bağlamışdı. Bunlardan başqa, bu həmin dövr
idi ki, inqilabi mübarizənin romantikası ziyalılar
üçün ən dəbdə olan "məşğuliyyət"
hesab edilirdi. Və onsuz da dünyanın ədalətsiz
düzəninə yasın tutulmasının rəmzi olaraq
qara paltarlar geyinən Etel Lilian üçün bu "əzabkeşlər"
hər kəsdən fərqli görünürdü. O, bu
çağlarda Londonda yaşayan "Gizli Rusiya" əsərinin
müəllifi, inqilabçı, emiqrant-yazıçı
S.M.Stepnyak-Kravçiniski ilə tanış oldu və bu
tanışlıq onda sehirli təsəvvürlər yaradan həmin
ölkəyə getmək istəyi oyatdı.
Nəhayət 1887-ci ilin avqustunda Etel bu istəyini
reallaşdırdı. Onun Rusiyadakı həyatı təxminən iki il sürdü.
Etel bu illər ərzində
bəzi ailələrin
uşaqlarına ingilis
dilindən və ya musiqi
dərsləri verməklə,
dayəlik etməklə
keçindi. Etel
Lilian 1889-cu ilin yayında yenidən vətənə qayıtdı,
elə həmin ildə S.M.Kravçiniskiyə
qoşularaq "Azad Rusiya"
jurnalının redaksiyasında
və "Rus azadlığının dostları
Cəmiyyəti"ndə işləməyə
başladı. Və bu
arada Etelin Rusiyada gördükləri,
apardığı müşahidələri
onda nəsə yazmaq, dövrün bütün keşməkeşlərini
təsvir etmək arzusu oyatdı. Və o, özünün ən məşhur romanını
- "Ovod"u yazmağa
başladı. O, tezliklə
əsərini bitirdi və roman Londonda, ardınca ABŞ-da çap olundu. İçtimaiyyət tərəfində çox böyük maraqla qarşılanan əsər qısa müddətdə Etelə
istedadlı yazıçı
şöhrəti gətirdi.
Heç bir il çəkmədi
ki, "Ovod" rus dilinə tərcümə olunaraq Rusiyada da nəşr
edildi. Və burada da inanılmaz populyarlıq qazandı.
VOYNİÇ VƏ MÜƏMMALI ƏLYAZMA
Siyasi fəaliyyətinə
görə sərt şəkildə - kotorqa ilə cəzalandırılmış
məşhur polyak inqilabçısı Vilfred Mixael
Voyniç Sibir katorqasından qaçmağa müvəffəq olmuş, çox
böyük çətinliklərlə Londona gəlib burada
yaşamağa başlamışdı. Etel Lilian başqa
ziyalı emiqrantlar kimi Vilfred Voyniçi də yaxından
tanıyırdı. Gənc yazıçı Etel Lilianın
Vilfredlə bu tanışlığı 1890-cu ildə
onların evlənməsi ilə nəticələndi. Evliliklərinin ilk vaxtları hər
şey yaxşı təsir bağışlasa da bir neçə
ildən sonra uğursuzluqla nəticələndi. Gənclər
bu nigahı sürdürə bilmədilər və
ayrıldılar. Amma maraqlıdır ki, Etel Lilian
ömrünün sonunadək ərinin familyasını
özü üçün qoruyub
saxladı, ondan imtina etmədi.
Bunun əsl səbəbini
heç kəs bilməsə də belə təxmin edilir ki,
burada 1831-ci ildə ərinin ölümündən sonra
"Voyniçin Manuskripti" kimi adlandırılan sirli əlyazmaya
Etelin sahiblənməsi əsas rol oynayıb. Deyilənlərə
görə, Vilfred Voyniç bu əlyazmanı 1812-ci ildə
İtaliyada olarkən köhnə bukinistdən
alıbmış. 17-ci əsrə aid bu qədim məktubdakı
göstərilən əlyazmanın müəllifi ingilis
alim-ixtiraçı, filosof və əlkimyagər, məşhur
Rocer Bekonun olması o vaxt Vilfred Voyniçi çox
maraqlandırmışdır. Bəs onda əlyazmanın sirri
nə idi? Məsələ orasında idi ki, o, Yer kürəsində
heç kəsə məlum olmayan bir dildə
yazılmışdı, habelə burada bir çox
illüstrasiyalarda müəmmalı əsrarəngiz bitkilər
təsvir edilmişdi. Və şifrəli yazıların
açılması üzrə ən təcrübəli
mütəxəssislərin belə mətni açmaq cəhdləri
heç bir nəticə verməmişdi.
Bəziləri belə hesab edirdi ki, əlyazma sadəcə
oyundan başqa bir şey deyil, amma digərlərinə görə,
dünyanın ən gizli və sirli
açılışları məhz bu əlyazmada gizlənib.
Hətta o Manskripti (qədim əlyazma) iradələrindən
asılı olmadan Yerdə qalmağa məcbur olan
inoplanetiyanların yaradıcılığı hesab edənlər
də vardı. Düzdür, sonradan Yel universitetinin professoru
Robert Brambonun uzun axtarışları sirli Manuskriptin
açılışına müəyyən qədər
yaxınlaşsa da mətnin əsas hissəsi hələ də
sirri açılmamış qalmaqdadır. Dəqiq olmayan məlumatlara
görə, Vilfred Voyniç əlyazmanın
açılışı üçün əlindən gələni
eləmişdi və Etel Lilian da bunun əsl nüsxə
olduğunu təsdiqləyə biləcək yeganə
şahid idi. Voyniçin katibi və ən yaxın dostu Enn
Nill də mətnin açılışı
üçün edilən cəhdlərin və
materialların nəşrində iştirakçı ola bilərdi.
Axı o da kitabxanalar və kolleksiyaçılarla
yazışmaları həyata keçirmişdi. Və məlumdur
ki, Etel Voyniçin vəfatından sonra məhz Enn Nill
Manuskriptə sahiblənmişdi. Amma o da xanım Voyniçdən
bir il sonra vəfat etdiyi üçün əlyazma olduğu
kimi Yel universitetində
saxlanılır.
O, HƏYATI YAZIRDI
Həyatın ən
müxtəlif üzünü, gəzib-gördüyü yerləri,
şahidi olduğu hadisələri Etel Voyniç böyük
yazıçı ustalığı ilə
yaradıcılığına gətirə bilirdi. "Ovod"dan bir qədər sonra - 1891-ci ildə o, "Cek Reymond" romanını yazdı. Bu romanı da oxucular tərəfindən
böyük maraqla qarşılandı. Sonra yaradıcılığında
kiçik bir fasilə yaşayan yazıçının 1894-cü ildə qələmə aldığı "Oliviya
Letem" romanı işıq üzü gördü ki, çoxları bu əsərdə təsvir
edilən obrazda Etel Lilianın özünü təsvir etdiyini söyləyir.
Hər halda Etel Voyniçin
qələmindən çıxan
əsərlər artıq
dünyanın ən müxtəlif dillərində,
ən müxtəlif yerlərində oxunmaqdaydı.
Əslində Etel Voyniçin
yazdığı əksər
əsərlər arasında
müəyyən qədər
fasilələr olmuşdur.
Onun yazdığı
"Rusiya yumoru" kitabı 1895-ci ildə yazılsa da "Qırılmış dostluq"
romanı təxminən
beş ildən
sonra tamamlandı. Və qeyd edək ki, Etel Lilian
Voyniç növbəti
dəfə də oxucularının zövqünü
oxşaya bildi. Bu əsəri də
digər dillərə
tərcümə olundu.
Onun şəxsi
həyatında da bəzi yeniliklər baş verdi.
Belə ki 1896-cı ildə Böyük Britaniyanın
gələcəkdə "as xəfiyyəsu" adlandırılacaq
Sidney Reyli Etel Liliana aşiq olduğunu bildirir. Və onlar xeyli müddət
birlikdə olurlar.
Hətta
yazıçı onunla
altı aylıq İtaliya səfərinə
çıxdı. Amma
bu münasibətlər
yazıçının həyatında
uzun müddət qalmadı...
NYU-YORKDA
...1931-ci ildə Etel
Lilian əsərləri dəfələrlə çap
olunmuş Birləşmiş Ştatlara köçmək qərarına
gəlir. Və çox çəkmir ki, o, Nyu-Yorka yerləşir.
Burada yazıçının dahi polyak bəstəkarı
Fredrik Şopenin məktubları kolleksiyalarından etdiyi tərcümələr
işıq üzü görür. Onda artıq
yazıçının 67 yaşı var idi. Maraqlıdır
ki, Voyniç bədii tərcümələrlə də
intensiv şəkildə məşğul olub və N.V.Qoqolun,
M.Y.Lermontovun, F.M.Dostoyevskinin M.Y.Saltıkov-Şedrinin,
Q.İ.Uspenskinin... əsərlərini tərcümə edib.
Taras Şevçenkonun şeirlərini ingilis dilinə
uğurla çevirib. Məhz Voyniç bu tərcümələriylə
İngiltərədə heç tanınmayan şairi ingilislərə
tanıtdı. Onu qeyd edək ki, məhz bu şeirlərin tərcüməsindən
sonra Etel Voyniç bir müddət yaradıcılıqdan
çəkildi və özünü bütünlüklə
musiqiyə həsr etdi. Bu illərdə
yazıçının musiqi əsərləri də
yarandı. Bunlar çox böyük uğur qazanmasa da
onların sırasında "Vavilyon" oratoriyası daha
gözəl hesab edilir. Bu, təxminən 40-cı illərədək
sürdü və sonradan oxucular Etel Voyniçin yalnız
1945-ci ildə yeni, həm də sonuncu romanını - "Sən
ayaqqabıları çıxar" əsərini
qarşıladılar. Roman Makmillan nəşriyyatında nəşr
olundu.
Sonra o yazmaq istəsə
də bunu etmədi. Daha doğrusu, edə bilmədi. Artıq
o çox qocalmışdı. Ölüm onun 96 yaşında
qonağı oldu və Etel Lilian Voyniç 1960-cı il 28
iyulda Nyu-Yorkda gözlərini əbədi yumdu.
Özünün vəsiyyətinə görə, onun bədəni
yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına
səpildi. Və beləliklə bir böyük qadın həyatı
sona yetdi. Sona yetdi ki, digərləri doğulsun deyə...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 24 avqust.- S. 3.