Ərə gedən oğlan

 

(hekayə)

 

(əvvəli ötən şənbə sayımızda)

 

Taleyə: "Oooo, hörmətli ulaq, bayaq sənin haqqında danışırdım Ninoya. Deyirdim ulaqsan. Səhv eləyirəm?" Alik: "Qətiyyən. Tamamilə haqlısan. Mən ulaq olmasaydım sənin kimi istedadı 3 il özümdən ayrı saxlamazdım. Gərək sənə çoxdan yalvaraydım. Hesabıma hər axmağa burada pul qazandırmışam". Taleyə: "Ay eşşək, bəsdir gəvələdin. De görək nə istəyirsən?" Alik: "Sənin varlanmağını, özüm ölüm. Elə bilirsən özüm gətirmişəm səni bura? Billah yox. Camaat yalvar-yaxar edib. Vallah, hamı sənə görə gəlir. Mənə görə yox ki. Mən kiməm ki, keçəlin biri?!" Taleyə: "Uzatma, keç mətləbə. Mən onları sənsiz də bilirəm. Gecdir. Sabah "Səhər" verilişində olmalıyam. Yuxum gəlir, yatacam. Sözünü de, ulaq". Alik: "Taleyə, bilirsən ki, səni ilk sevən mən olmuşam, bədbəxt pərəstişkarın olmuşam. Yüzlərlə mənim kimi pərəstişkarın var. Hamı səninlə şəkil çəkdirmək istəyir. Ona görə gəlirlər vallah. Sən də qoymursan. Bəs, bu bədbəxtlər neyləsin?". Taleyə: "Nədir, səsimdən az qazanırsan? Keçmisən görüntümə? Bilirsən, niyə qoymuram? Açıq deyim. İstəmirəm çox qazanasan". Alik halını pozmadan: "Qələt edərəm, sənsiz pul qazanaram. Prodüserin fikir versin. Nə qədər şəkil çəkilir, özü icazə versin, saysın. Pulun 40 faizi sənin, 60 faizi mənim". Taleyə: "Sən qələt eləyərsən, qazanc yarıbayarı olmasa". Alik: "Ay canım, bəs mənim xərcim? Fotoqrafların pulu, cihazın pulu, çıxarmaq pulu". Taleyə: "Onda uç burdan". Alik: "Yaxşı, daha neyləmək olar. Qurban olsun sənin bir kəlmənə hər şey. Oldu, korolevam mənim". Taleyə bir qurtum çaxırdan alıb "Dedin bu 20 ilin çaxırdır. Onda al gəldi". Taleyə şüşəni baş-ayaq eləyib tərsinə çevirdi. Bir anda hər tərəf qırmızı çaxır oldu. Taleyə: "Sana kırmızı çok yakışıyor" oxuya-oxuya prodüserinin qoluna girdi və sağollaşmadan: "Ulağa belə lazımdır" deyib qapıdan çıxdı. Qapıdan çıxanda Elgünlə rastlaşdı. Onun yaraşıqlı üzünə, boyuna ehtirasla baxaraq "yakışıklı, səhər şəklimi ancaq sənə çəkməyə icazə verirəm, başqa heç kim çəkə bilməz. Borcumu ödəməliyəm axı. Mən elə qızlardan deyiləm" deyib ona göz vurdu.

Elgünün artıq ona hörməti qalmamışdı. O, hər şeyə nifrət edirdi. Onu fikirdən mətbəxdə yenidən atasının deyinməyi ayıltdı. "Bu alçaq, it oğlu it hara baxır belə? Gəl zəhərlən, saat 12 oldu. Sənin kimi bəyin başına kül. Çıx rədd ol evdən. Ay arvad, bunu rədd elə. Mən də gedim siqaret alım. Siqaretim qurtarıb. Görəndə dəli oluram, zalım oğlunu".

Elgünün mətbəxə girəndə anasının qıpqırmızı qızarmış gözlərini gördü. Onlara bir də baxmamaq üçün soyulmuş yumurtaları qabağına çəkdi. Başını aşağı salıb yeməyə başladı. Anası: "paltarları ütüləyim, a bala. Sən də ye, çay da tökürəm iç. Allah kərimdir, bala. Bəlkə elə beləsi yaxşıdır. Allah bilən məsləhətdir".

Elgün anasının çəkdiyi ahı yaxşı başa düşürdü. Onlar 2 qardaş idi. Qardaşı Elvin ağıl xəstəsi idi. Əməlli-başlı dəlixanada yatırdı. Elə böyük ailə də deyildilər. Amma yenə qazandıqları heç nəyə çatmırdı. Valideynlərinin təqaüdü qardaşının iynə-dərmanına gedirdi. Onun qazancı isə gündəlik yemək-içməyə güclə çatırdı. Əhalinin ərzaq səbəti ilə bazardakı qiymətlər fantastik fərqlə bir-birindən ayrı olduğundan keçmiş mühasib olan atası Tarif Şurasının qoyduğu qiymətləri hər gün söyürdü. Anası qiymət qoyanlara nə qədər qarğış edirdi. Əvəzində qarğış onun özünü tutdu. Kasıbı xəstəlik də, qarğış da tez tutur. O indi, bu gün ölkənin ən əxlaqsız qadınlarından biri sayılan, bütün saytlarda porno şəkilləri baş alıb gedən bir müğənni ilə evlənir. Bir vaxtlar o, belələrinə lağ edərdi. Bir vaxtlar. Onda ağzı isti yerdə idi. İndi 32 yaşı var. Bütün namuslu yollardan istifadə edib, pul qazanmağa çalışıb. Amma 32 ildir əvvəlki cizgidən bir addım da qabağa gedə bilməyib. İndi onu ac qoyan bu namusa tüpürmək istəyir. Bütün pul qazananların müxtəlif şəkillərdə binamus olduğunu görür. Artıq özü də bu yola başlamaq istəyir.

Elgün vicdanını susdurmaq istəyirdi. "Cəhənnəm olsun, hər şey. O məndən nə istəyib ki? Məni al deyib. Bir uşağım olsun, yaşım keçir. Daha heç nə istəmirəm. Bir də mənimlə işin olmasın. Söz, daha şəkillər, videolar görməyəcəksən. Amma oxuyacam, bir buna razı ol. Çörəyimiz bundan çıxır. Sən də prodüserim olacaqsan. Mən də belə həyatdan bezmişəm. Yaxşı ailə istəyirəm. Vallah, pul hamının ağzını yumacaq, əmin ol. Ən hörmətli kişi olacaqsan. Bir vaxt öz doğma əmimoğlu mənə tüpürürdü. Amma onu mənə görə polisə işə götürəndə gəldi əl-ayağımı öpdü. Hətta mənə evlənmək təklif etdi. Bu dəfə mən ona tüpürüb qovdum. Gördüm mən yüz elə kişidən qeyrətliyəm".

Taleyəni Elgün ona görə çox istəyirdi, çox səmimi idi. Yalanı yox idi. Söyürdüsə də ürəkdən söyürdü. Necə var elə idi. O biri üzü yox idi. Beləsi indi azdır. Hətta ev qızlarının yüz sifəti var. Onda isə pis də olsa bir sifət idi.

Taleyənin o sözündən sonra Elgünün üzünə gün doğdu, normal pul qazanmağa başladı. Bütün fotoqraflar ona paxıllıq edirdi. Taleyə isə sözünün üstündə durdu. Şəkilləri ancaq o çəkməli idi. Vəssəlam. O işə gəlməyəndə bir dəfə də olsun şəkil çəkilə bilməzdi. Amma Elgün zəmanə adamı deyildi. Bir dəfə də qıza "sağ ol" deməmişdi. Yaltaqlıq etməmişdi. Əlinə pul gəldikcə isə qəşəngləşir, yaxşı geyinir, özünə yaxşı baxırdı. Onun bu xüsusiyyətləri nədənsə Taleyəyə xoş gəlirdi. Özü də səbəbini bilmədən ondan xoşlanırdı. İlk dəfə kiminləsə puluna, mövqeyinə görə maraqlanmırdı. Özünə, sadəliyinə, qüruruna görə maraqlanırdı. Hamı əməlli-başlı ona paxıllıq edirdi.

Bir gün Taleyə restorana gəlmədi. Məlum oldu ki, o, öz deyingən prodüseri Ninonu işdən qovub, ondan başqa da heç kimlə işləyə bilmir. Şef Alik yenə onun əl-ayağına düşməyə getdi. Alik insanları gözündən oxuyan tülkü idi. Hiss etmişdi ki, Elgün qızın xoşuna gəlir. Özü ilə Taleyəgilə gətirmişdi onu. Gözəl, amma sadə bir ev idi. Taleyə divanda oturmuşdu. Gözləri axırdı. Alik nə qədər şirin dilini işə salsa da Taleyə axıra qədər ona "dur, burdan cəhənnəm ol" sözündən başqa heç nə deməmişdi. Alik Taleyəni tanıyırdı. Yox, deməli yox. Qapıdan çıxmaq istəyəndə Taleyə Elgünə "sən qala bilərsən?" demişdi. Elgün Alikə baxanda Alik gözü ilə "qal" demişdi. Alik qapıdan çıxar-çıxmaz Taleyə vəhşi kimi Elgünün üstünə atılaraq "nə yaxşı gəldin, darıxmışdım sənin üçün" deyib onu ilk dəfə öpüşlərə qərq etmişdi. Sonra ağlaya-ağlaya "özümü tək hiss edirəm, sən mənim prodüserim olarsan?" deyə soruşmuşdu. Bir siqaret yandırıb: "Bu nə azardır biz müğənnilərdə bilmirəm, prodüserimizə dədəmiz-nənəmiz kimi bağlanırıq. Onlar olmayanda özümüzü bədbəxt hiss edirik. Heç nə də etmirlər. Pulumuzu, sirrimizi almaqdan başqa. İstəyirsən gəl mənim prodüserim ol. Bilirəm işi bilmirsən, amma mən səni öyrədərəm. Həm də indi mənim prodüserim elə də çox işləmir. Təkliflər özləri gəlir. O, ancaq telefonlara cavab verib məndən soruşandan sonra hə, yox deyirdi. İndi hamı mənə özü yalvarır ki, gəl konsertini keçirim, verilişimə çıx reytinq yığım, toyuma gəl. Asandır. Yaxşı da pul qazanarsan. Yox demə. Canın qurtarar qəpik-quruşdan, Alikdən. Əslində mən də o alçaqdan fərqlənmirəm, dəliyəm, amma sənə qarşı yaxşı olacam. Sadəcə mənə fikir vermə. Ən az mənim qədər tanınacaqsan. Nə deyirsən?" Elgün: "Sənə köməyim dəyəcəksə, niyə də yox?!". Sevinən Taleyə heç nə demədən oturduğu kreslodan onun yanına divana gəldi. Elgünü divanın üstünə yıxıb yanına qısıldı, beyni bütün gün tarıma çəkildiyindən tez və sakitcə yuxuya keçdi.

Onda da Elgünü fikir götürmüşdü. Qızın xətrinə dəymək istəmirdi. Amma prodüser də olmaq istəmirdi. İndi mavilər bu işdə işləyirdi. Onun haqqında qara camaat pis fikirləşə bilərdi. Amma nədənsə o Taleyəni atmaq istəmirdi. "Cəhənnəm olsun hamı, təki o xoşbəxt olsun" dedi və razılaşdı.

Tükəz xala əlində ütülənmiş paltarlar içəri girəndə oğlunun gözündən yaş axdığını gördü, əlindəki stəkana axırdı göz yaşları, özü isə bundan xəbərsiz idi. Ananın bağrı yenə odlandı. Yaxına gəlib: "oğlum axı sən o qızı sevirsən, niyə əzab çəkirsən?" dedi. Həmişə təmkini ilə seçilən Elgün qəfildən sıçradı: "Bilmirsən, ay mama. Bəs tənəli baxışları, arxamca deyilən atmacaları, ünvanıma olan söyüşləri, qeyrətsiz damğasını hara qoyum, kimə necə başa salım? Ana, bu insanlar mənim sevgilimi niyə belə edib? Nə olardı müğənni olanda, niyə cəmiyyət onu belə korlanmağa məcbur edib. Bilirsən özü nə qədər əziyyət çəkir? Əslində mən onu sevmirəm, o, məni sevir. İlk dəfə sevir o. Mənim ona yazığım gəlir. Bu vəhşi insanlar onu öldürəcək. Mən onunla ailə qurmasam o lap bədbəxt olacaq. Əslində, mən başqa bir qızı sevirəm. Tamam namuslu, ağıllı. Amma kasıb bir qızı. Mən həm də Taleyə ilə puluna görə evlənirəm. Sən də, dədəm də buna görə evlənməyimi istəyirsiniz. Sevən bircə odur. Biz hamımız əclafıq. Ondan istifadə etmək istəyirik. Mənim həm ona yazığım gəlir, həm də kasıbçılıqdan qurtulmaq istəyirəm. Ondan ayrılsam yenə aclıqdan gəbərəcəyik. Mağıl indi əlim pula dəyir. Adam kimi geyinirəm, işləyirəm. Kim mənə toy edəcək o biri qızla? Deyirsiniz belə də bəy olar? Mən də belə deyirəm. Özümdən zəhləm gedir ona görə. Bir bəyin ki, 32 yaşı ola, amma öz toyunu etməyə pulu olmaya. İndi hər şeyi mənim üçün o edir. Gəlin maşınına qədər onun tanışlarıdır. Bərbərə qədər. Restorana qədər. Gəlin mənəm, əslində. Qonaqlar da pulu ona görə salacaq, onun evində yaşayacam. Mənim nəyim var, yaraşığım, bir az yaxşı xasiyyətim? Gözüm də başqasında. Mən əclafam, neyləyim ay Allah?! Hara köçək gedək. Hansı ölkədə yaşasam yaxşı olar. Kişilər niyə belə qeyrətsizləşdi. Bu pul nə zibildir axı hamımızın axırına çıxıb. Ana, mən neyləyim?"

Tükəz xala, savadsız arvad idi. Oğlunun dediklərindən bir şey anlayırdı ki, oğlu o qız gəzənti olduğu üçün onunla evlənmək istəmir. Ürəyində haqq da verirdi oğluna. Başqa mətləbləri heç anlamırdı da. O da dünyanı belə dərk edirdi.

Ağlaşan ana-balanı bu ab-havadan Elgünün telefonunun Taleyə oxuyan mahnısı ayırdı. Zəng vuran da o idi. Səsi çox sevincli idi. "Aşkım, hər şey hazırdır. Arxanca maşın göndərirəm. Get salona, mən də gedirəm. 6-ya qalmış arxamca gəl. Qoy zurna-balaban səsi bizim də evdən gəlsin. Anam yazıqdır. Bütün maqazin şoularını çağırmışam. Atana da yaxşı paltar aldın danışdığımız kimi? Yalandan demişəm ki, atan iş adamıdır. Neynim, xəstə cəmiyyətimizə belə lazımdır. Yaxşı, səni səbirsizliklə gözləyirəm, krasavçik, öpdüm". Telefon qapandı.

Elgünün danışmağına da imkan qalmadı. Taleyə hətta onun adından da danışmışdı. 5 dəqiqədən sonra maşın siqnal səsi ilə bəyi çağırırdı. Bahalı salondan çıxanda Elgün özünü tanımadı. Səhərki sallanan sifətdən, şişmiş gözdən əsər-əlamət yox idi. Bahalı paltar, səliqəli saç düzümü onsuz da gözəl olan oğlanı lap gözəgəlimli etmişdi.

Vaxt elə sürətlə ötürdü ki artıq gəlinin arxasınca getməli idi. Anası-atası da bahalı paltarlarda lap dəyişmişdilər. Atası elə iş adamına oxşayırdı. Qohum-əqrəba hamısı çox sevincli idi. Çünki toyun əla keçəcəyinə əmin idilər. Onlar toya yox, konsertə getdiklərini düşünürdü. Gəlinin bütün rəfiqələri müğənnilər idi. Hamısı ilə şəkil çəkdirəcəkdilər. Amma çox az adama deyilmişdi. Qız evindən 25, oğlan evindən 25 adam.

Elgün ilk olaraq telefonunu keçirdi, o təbrik mesajlarına da inanmırdı. Heç kim səmimi deyildi. Kimin nə düşündüyü gözündən görünürdü. Kişilər ona söyürdü, gənc qızlar həsəd aparırdı, anası yükdən azad olmuşdu, tay-tuşları isə bolluca onun keçmişdə kim olduğunu yada salıb ona tüpürürdülər, Aliksə telefonda elə danışdığı kişiyə "bizim artığımızı da aldılar" dedi. Gerçəklər belə idi. Hamı maskalı yalanlar danışırdı. Bir tək gəlin sevincli idi, dünya-aləm vecinə deyildi. Onun da ailəsi, balaları olacaqdı. Bundan yaxşı nə vardı ki?! Daha pul qazanmaq, efirə çıxmaq üçün yox, sevdiyi üçün ona kişi lazım idi. Allah ona hər şey verdi, sağ olsun, naşükür olmağa dəyməz.

Beləcə toy bitdi. Hər kəs öz evlərinə dağılışdı.

P.S. Və belə ailələr indi cəmiyyətimizdə yaşamağa çalışır. Heç kimə heç nə olmadı və olmayacaq mənim hekayəmdə. Sadəcə, belə anormal ailələrin sayı çoxalır durmadan şəhərimizdə. Hamısı da bir tikə çörəyin, adam kimi yaşamağın uğrunda. Buna adam kimi yaşamaq demək olarsa. Qızlarımız vardı belə dözürdük. İndi oğlanlarımız var bu cür. Hələ ki vicdan əzabı çəkirlər ərə getdikləri üçün. Deməli, hər şey itirilməyib. Allah bizi o oğlanların vicdan əzabı çəkməyəcəyi gündən saxlasın.

 

Axirət deyəsən yaxınlaşır, əzizlərim. Allaha pənah!

 

 

İradə İSAQ

 

Ədalət.- 2010.- 28 avqust.- S. 5.