Lütfdən payı olan
("Bu gün dünəndən başlayır"
silsiləsindən)
Kərəm
Kürqıraxlının 1994-cü ildə çapdan
çıxmış "Sayası haqdan mayası eldən"
adlı ilk kitabına ön sözü şair Zəlimxan
Yaqub yazıb. Ancaq mən Kərəmi daha öncələrdən
tanımışam - hələ ötən əsrin 70-80-ci
illərindən. Onda Azərbaycan Dövlət radiosunun məşhur
"Bulaq" verilişinin redaktoruydum və Zərdabın
Otmanoba kəndində Kərəm Müslümov adında
(Kürqıraxlı ləqəbini sonradan götürüb)
bir şairin varlığından redaksiyamıza gələn
dinləyici məktublarından xəbər tutmuşduq.
Sonralar şeirləri ilə də tanış olduq. Yenə də
dinləyicilərin sayəsində.
Təbii ki, o şeirləri
səsləndirir, həm də özünü görmək,
dilləndirib səsini eşitmək istəyirdik. Axı, radio
həm də səs deməkdir. Sonra özünü də
gördük, çıxışını lentə aldıq,
öz səsiyləcə şeirlərini yaydıq. Və
gördük ki, Kərəm bütün varlığı ilə,
yəni görünüşü, boy-buxunu, xasiyyəti, sadəliyi,
səmimiyyəti ilə şeirlərinə oxşayır.
İsnişdik və bir növ o bizim ştatdankənar
müxbirimiz oldu. Əlbəttə, şeir üzrə. Bundan
sonra o özü yaşadığı doğma kəndindən
tez-tez şeirlərini göndərməyə başladı.
"Bulağ"ın əvəzsiz ifaçısı Səməndər
Rzayev onun şeirlərini xüsusi şövqlə
oxuyardı. Deyərdi ki, biz tərəfin adamıdı,
yazısından yulğun kollarının ətri gəlir.
Bizimlə tanışlığından sonra Kərəm elə
bil ki, daha çox, daha sürəkli şeirlər yazmağa
başlamışdı. Bəlkə də həyatında ilk
dəfə rast gəldiyi bu təmənnasız
iltifatımız onun ilhamına qanad taxmış, ehtizaza gətirmişdi.
Bəli, Kərəm qələmə,
yaradıcılığa daha möhkəm inamla
sarılmışdı. Günü-gündən Kərəm
Kürqıraxlı adında bir el şairinin
sözü-söhbəti daha uzaqlara yayılır, el şənliklərindən,
toy mağarlarından qoşmaları, təcnisləri
aşıqlar, xanəndələr dilindən pərvazlanırdı.
Kərəm
Kürqıraxlını bu balaca, heyrətamiz dərəcədə
unikal məmləkətimizdə, adları dillər əzbəri
olmuş, düzüb-qoşduqları nəyə görəsə
yüzlərlə, minlərlə yazarların
yazılarından seçilən Məzahir Daşqın,
Alqayıt, Bəhmən Vətənoğlu, Sücayət, Əli
Qurbanov, Məmməd Aslan, elə Zəlimxan Yaqub kimi el
şairləri səfinə aid etmək olar. O da adları sadalanan
sənətkarlar misallı sözü təmiz deyir, bəzək-düzəksiz,
kəsəsinə deyir. Bir də sərt, boz, nəştər
kimi iti. Və görünür tükü tükdən
seçməyi bacaran xalqımız da məhz bu üslubu, bu
tərzi ta əzəldən qəlbinə, ruhuna, milli boyuna tən
bilib. Onun üçün Füzuli babamız, Vaqif, Dədə
Ələsgər, Aşıq Alı, Aşıq Şəmşir
dillərin təkindən düşmür, Əli Kərim
demişkən zamana yanıqlar veribən gələcəyə
doğru addımlayırlar.
Qoşma Kərəm
Kürqıraxlıda daha uğurlu alınır, odur ki, ən
çox yayılan da onun qoşmalarıdır. O, bu
üç-dörd bəndlik şeirlərində
el-camaatın ən ümdə arzularından, dərd-sərindən,
problemlərindən ustalıqla söz açır. Onu daha
çox əhatəsində yaşadığı bəzi
insanların xislətindəki naqisliklər, deformasiyalar,
çatlar narahat edir. Kərəm dost
etibarsızlığına yanıb-yaxılır,
unutqanlığa dözmür, milli dəyərlərin ayaqlar
altında tapdanmasına darılır, rüşvətxorluq mərəzinə
qarşı üsyan edir, kişilərə vicdanlı,
qadınlara ləyaqətli olmağı tövsiyyə edir. Və
bütün məqamlarda Kərəmi biz bir ağsaqqal,
dünyanı görüb dərk etmiş müdrik qismində
görürük. Bu mövzularda qələmə
aldığı şeirlər insanların ürəyindən
xəbər verdiyinə görə tez də qavranılır,
yaddaşlara hopur, məclislərdə
ağızdan-ağıza dolaşır.
Kərəmin
yaradıcılığını sərf-nəzər eləyəndə
şairin boy artımı mənasında bir elə dəyişiklik
hiss olunmur. Yəni Kərəm 70-80-ci illərdə, hələ
yeniyetmə, gənc ikən nə yazıbsa, hansı templə,
hansı vüsətlə yazıbsa bu gün də elə
yazır. Bəlkə də bəziləri indicə dilimə
gətirəcəyim müqayisəni yersiz sayacaq, amma
vallah-billah, istər Füzulimizin, istər Vaqifimizin, istərsə
də Dədə Ələsgərimizin
yaradıcılığını da izləyəndə bu
halın şahidi olmaq mümkündür. Yəni onlar da gəncliyində
nə sayaq yazıblarsa, ixtiyar çağlarında da o
cür yazıblar. Bu, vergi məsələsidir, atam-anam, uca
Allahın seçib-sonaladığı bəndələrinə
lütfüdür. Zənn edirəm Kərəm
Kürqıraxlıya da həmin lütfdən bir qırıq
pay düşüb. Və sovetin bərk gedən dönəmlərində,
ölüm-zülümlə olsa da Kərəmin öz səsiylə
yazıb efirə ötürdüyümüz bu şeirlərə
diqqət kəsilsəniz, o lütfdən işartıları
siz də hiss edəcəksiz.
QOYULMASA
Ağlada bilməzdi
zamana məni
Gözümə
qüdrətdən
yaş qoyulmasa
Hamı həqiqəti
düzgün
görərdi
Vicdan ürəklərdə
çaş qoyulmasa.
Niyə həqiqətin
meydanı dardı
Qabaq kişilərdə
kişilik vardı
Bahar əzəlki tək
bahar
Olardı
Baharın yerinə
qış qoyulmasa.
Bir qiymətdə durur
alim ilə
Bic
Bürüyüb
dünyanı səfeh, nadan,
Gic
Nə infakt olardı, nə də ki
iflic
Oğrular doğruya
tuş qoyulmasa.
Qanun imkan vermir
gələni yazam
Şeirimlə namərdin
quyusun qazam.
Qəti pozulmazdı
nizam,
İntizam
Qanun yuxarıdan
boş qoyulmasa.
Deyirlər nahaq qan
gizlində
Qalmaz
Haqqın qüdrətiylə
açılan
Solmaz
Belə zəmanədən
baş açmaq olmaz
Adama ikinci baş
Qoyulmasa
Kərəm həqiqəti
tapmadı,
gəzdi
Hayıf ki, böhtanlar
qəlbini
əzdi
İnsan bir-birindən
heç inciməzdi
Kənardan böyrünə
quş qoyulmasa.
İNDİ
Vaxtında hörmətlə
öldü
kişilər
Yoxsa gələrdilər
amana indi
El dərdi çəkənlər
möhtac olardı
Yetimdən beş manat
umana indi.
Gördüyün
yabılar
daha nərdilər
Müqəddəs
olanlar böhtan,
şərdilər
Atlar arpa yeyib
kişnəşərdilər
Yazıqlar həsrətdir
samana indi.
Ocaqlar qaralıb,
közmü
qalıbdı?
Ədaləti görən
gözmü
qalıbdı?
Kişilərdə vəfa,
sözmü
qalıbdı?
Baxan yox ilqara,
imana indi.
Düzlüyüm
ömrümə
şöhrətdi,
şandı
Oğul var atanın
haqqını dandı
Bəşərə
verdiyi
nuru yalandı
Günəş həsrət
çəkir
dumana indi.
Könül,
düyün vaxtı
nə boşal, nə
dol
Yerə gül əkmişdin
dönüb
oldu kol
Yaşaya bilmirsən Kərəm,
yaxşı yol
Bax belə dəyişib
zəmanə
indi.
GÖRƏSƏN
Baxt sınadım,
o gün söndü
çırağım.
Bu əzaba baxt nə
deyir
görəsən
Kəmfürsətlər
taxta çıxıb
şah oldu.
Şah kor oldu, taxt nə
deyir
görəsən.
Başımıza
göydən
yağan daş oldu.
Gözümüzdən
axan
qanlı yaş oldu.
Şər xeyirə,
xeyir şərə
tuş oldu
Bəs bu işə haqq
nə deyir
görəsən.
Başa düşən
çıraq kimi
əriyir
İçin-için
hey ağlayıb kiriyir,
Bu haqsızlıq ayaq
tutub
yeriyir,
Buna zaman, vaxt nə deyir
görəsən.
Cib kəsənlər
canımıza
Daraşdı
Rüşvətə
bax, görün
necə
yarışdı
Halal-haram alt-üst
oldu,
Qarışdı
Sinəmdəki ox nə
deyir
görəsən.
Zalımların kəməndinə
düşmüşük.
Görə-görə
dərd odunda
bişmişik.
Kərəm, sağkən
cəhənnəmə
Köçmüşük
Ədalətsiz şah nə
deyir
görəsən.
ALIB GEDİR
Nə bir
qocalmışam
nə
qarımışam
İndidən
gözümü yaş alıb
Gedir
Şeir çəmənzarım
çiçək
Açmamış
Ömür gülşənimi
qış alıb
gedir.
Hikmətli bilməyir
nadan hər
Sözü
Acı yel əsəndə
kül örtür
Közü
Qoca dəyirmandı bu dünya
Özü
Dolan xəzinələr
boşalıb
gedir.
Yoxdu bir çarəsi
istər alış,
Yan
Hər tərəfdə
qırğın,
hər tərəfdə
qan
Dəllal bazarına
dönüb
bu dövran
Nadanlar, satqınlar
baş alıb
gedir.
Hanı yeri, göyü
satın alanlar
Bürüyüb
dünyanı gedir
Yalanlar
Kəsilir alim tək
başı olanlar
Pulun göstərənlər
"beş" alıb
gedir
Nə qədər etsək
də sözü,
söhbəti
Kimsə alverindən
qalmayır
qəti.
Varlının evində
qırqovul əti
Yoxsul ordan-burdan leş
alıb gedir.
Kürqıraxlı Kərəm,
fikir ver
Çağa
Qananlar qul olub
qanmazlar ağa
Bir belə zülümə,
bu haqsızlığa
Dinənlər on beş
il iş
alıb gedir.
İntiqam Mehdizadə
Ədalət.- 2010.- 28 avqust.- S. 12.