ONLARIN DÜNƏNİ: ABBAS ABDULLA - 3

 

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni.

 

Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar

 

Yeni ədəbi nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.

Bu gün proektimizin davamı olaraq şair və tərcüməçi Abbas Abdullanın DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.

Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.

...Təbii ki, arvadım "yox" dedi. Qızlarım balaca idi. Ağladılar ki, biz orada eləyəcəyik, sən orda necə yaşayacaqsan? Mən gülə-gülə dedim ki, əşi, TÜRKİYƏDƏ MƏN OVUC-OVUC ZİBİL ???? DAŞIYACAĞAM, AMMA ÖZÜMÜ MƏNƏVİ CƏHƏTDƏN AZAD HİSS ELƏYƏCƏYƏM, ORA MƏNİM VƏTƏNİMDİ. İki il qabaq məni Türkiyəyə çağırırdılar ki, burda bir dərgi buraxmaq istəyirik, istəyirik ki, sən BAŞ YAZAR olasan. Yəni BAŞ REDAKTOR. Onlara dedim ki, mən indi gələ bilmərəm. Mən indi gəlsəm FƏRARİ olacağam, QAÇQIN olacağam. Belə çıxacaq ki, Azərbaycanı dar gündə qoyub qaçıram. Mənəvi rahatlığım olmayacaq. On il qabaq məni çağırsaydınız, başım üstə gələrdim, - dedim. - Amma indi Azərbaycansız, Bakısız, mücadilə arkadaşlarımsız ölərəm, yaşaya bilmərəm. Gələk bu təyinata. Baş konsul təyinatına. Bilirsən , elə hey söhbət gedirdi. Ay bilim, Ukrayna, bilim Gürcüstan. Bunlar öz yerində. Mən PREZİDENTİMİZLƏ söhbət elədim. Mənim Ukrayna xalqına böyük hörmətim var. Ancaq oralar da bizim gündədi. Hələlik, daxili, xarici siyasəti bəlli deyil. Buna baxmayaraq, göndərərlər gedərəm. Bu tapşırıqdı. Cəbhənin tapşırığıdı. Bu mənada konsulluq söhbəti çıxanda içimdən bir sevinc keçdi ki, candan, ürəkdən sevdiyim Türkiyəyə canım, varlığım qədər sevdiyim Azərbaycanın elçisi gedirəm. Bu sevinc, sənə deyim ki, çox az çəkdi. Mən həmişə deyirəm ki, kədər insan ömründə daha yaşlı olur, nəinki sevinc. Sevinc gəlir də, gedir də. Və TOFİQ ABDİN, mən başladım içimdə bir nisgil daşımağa. Birinci nisgilim bu oldu ki, mən sınır keçirəm, dövlət sınırı, sərhəddi keçirəm, kəndimi qoyub gedirəm, bütün bunları düşündükcə içimdə çox qərib bir nisgil oyandı. Və həmin nisgil indi də səninlə danışdığım anda da var və həmin nisgil bildiyin kimi məni kəndimizə çəkdi apardı, gedib o gördüyün balaca evimizin həyətində ehsan verdim, dedilər ki, anasına ehsan verir, dedim yox. O uçuq evin qarşısında, mən doğulduğum o uçuq evin qarşısında topladım qohumlarımı, köylülərimi, xeyli adam vardı, dedim ki, bax, bu uçuq evdə kimin ruhu yaşayırsa, mən onlara ehsan verirəm. Ulu dədəm Hacı Əmirastan ağadan üzü bu yana. Əslində atama ehsan verirdim, deməyə qorxurdum, bacılarım vay-şivən qoparacaqdı, geri dönəndə əmim qızlarından, bacılarımdan halallıq istədim... Görürsən ki, o qədər də sevinə-sevinə getmirəm. O sevinc yoxdu. Azərbaycandan nigaran gedirəm. Torpağımızdan, Naxçıvanımızdan, Gəncəmizdən, Qarabağımızdan nigaran gedirəm. Dövlətimizdən nigaran gedirəm. İndi hakimiyyətə gələnlər mənim mücadilə arkadaşlarımdı. Əbülfəz bəyin müdrikliyinə çox böyük inamım var. Ancaq o da var ki, Əbülfəz bəyin ətrafındakıların çoxunun görüb-götürdüyü KOMMUNİST İŞ ÜSULUDU. Çoxunun dövlətçilik təcrübəsi yoxdu. Ona görə də mən nigaran gedirəm. Başa düşürsənmi? Allah axırını xeyir eləsin. Bu adamların çoxuna Əbülfəz bəyə inandığım qədər inana bilmirəm. Sən söhbətimizin əvvəlində dəqiq bir şey dedin: dedin ki, elçilik zahiri dəbdəbə vəd edən bir sənətdir, əslində isə... Çingiz ağa ilə məni eyniləşdirməyinə gəldikdə, onu deyim ki, mən onu çox sevirəm, milli məsələdə bir sıra kiçik xataların gözardı edə bilsək, türkün 20-ci üzildə dünyaya verdiyi ən böyük yazardır, deyə bilərik. Birunutma ki, Çingiz onun Qırğızıstanını həmişə öz hegemonluğu altında tutmaq istəyən bir dövlətin - Rusiyanın elçisidir, mən isə baxımsız, yəni müstəqil Azərbaycan cümhuriyyətinin.

TOFİQ ABDİN: - Abi, son vaxtlarda mən səndə qəribə bir şey tutmuşam. Ola bilsin, səhv eləyirəm, ancaq lap o gecə bizdə oturub söhbət eləyəndə mən səndən qəribə şeylər eşitdim. O şeylər ki, sən əvvəllər bu barədə tamamilə başqa cür düşünürdün, başqa cür danışırdın. Lap elə Nazim Hikmətə olan münasibətini götürək. Mən bilirəm ki, Türkiyədə Nazimə münasibət sən deyən, o qədər də yaxşı olmayıb. İndinin özündə də müxtəlif dairələrdə belədi, ancaq sənin də başqa cür düşünməyin mənə birtəhər gəlir və hardasa, bir vaxtlar qəribə etinasızlığın və hardasa ikrahın yarandığının şahidi olmuşam. Sən doğrudanmı dəyişmisən bu bir neçə ay ərzində, DOĞRUDANMI UNUDA BİLƏRSƏN ÇOX ŞEYLƏRİ? Doğurdanmı, sən ayaqlaya bilərsən keçənləri? Müqəddəs günləri? Əgər sənin fikrincə bu müqəddəs günlər olubsa. Yoxsa elə ən müqəddəs günlərin bu xalq hərəkatı başlanandan sonra peyda oldu. Axı bilirsən ki, sənin ən kiçik hərəkətin belə, ən ilıq münasibətin belə, soyuq demirəm ha, ilıq münasibətin belə mənim xətrimə toxunur və mən bunu sənə bağışlaya bilmirəm. Ola bilsin ki, indi sən BAŞ KONSULSAN, mən sadəcə Tofiq Abdin. Sənin otuz illik dostun. Özün demişkən, böyük oğlun. Sən ayaqlaya bilərsənmi keçənləri?

HACALOĞLU: - Əsəbiləşib, nə demişəm yadımda deyil. Rəhmətlik Vidadi Məmmədov sağ idi, o şahid ola bilərdi. Mən bilən İsmayıl Məmmədov da orada idi; qara İsmayılı deyirəm. On beş-iyirmi il bundan qabaq mən NAZİM HİKMƏT HAQQINDA DEMİŞƏM: Nəcib Fazil Qısakürək mənim üçün Nazimdən daha böyük şairdi. Nazimi kommunistlər satın aldılar. Aldatdılar. Nazim böyük şairdi, ancaq böyük VƏTƏNDAŞ DEYİL (?)

TOFİQ ABDİN: - Bunları çap üçün götürəcəyik ha...

HACALOĞLU: - Getsin, mən bunu televiziyada demişəm, Türkiyə mətbuatında yazmışam (əsəbiləşir). Nazim böyük şairdi, böyük VƏTƏNDAŞ deyil. İstəyir yer göyə qovuşa, böyük vətəndaş deyil, başa düşürsənmi, Nazim Rusiyaya üz tutanda bilməliydi ki, SÜRGÜNƏ GEDİR VƏ HƏR HANSI SÜRGÜNDƏN DÖNÜŞ VAR, BU SÜRGÜNDƏN DÖNÜŞ OLMAYACAQ. O bunu bilməliydi. Başa düşürsənmi? Bütün bunlarla bərabər mən Nazimin ruhunu rəhmətlə və fatihələrlə anıram. Niyə? Bax, bu dəhşətdi. Bu bayaq sənə dediyim şeylərdi ki, Abbas səmimidi, səmimi deyil. Nazim Sovet Türk cümhuriyyətlərində böyük türk ideoloqu kimi çıxış eləyirdi. Bu gün Millətçi Çalışma Partiyasının Türkiyədə elədiyi işlər KOMMUNİST NAZİM Sovetlər Birliyində KOMMUNİST REJİMİNDƏ həyata keçirirdi. Bax, Nazimə bütün bunlara görə mən rəhmət deyirəm. Mən türklüyümü sizin çoxunuzdan öncə dərk elədiyimə görə bir ANAMA rəhmət deyirəm, bir də şair Nazim Hikmətə. Qəribədi, mənim hər kitabımda Nazimə bir şeirim çap olunub. Özümdən asılı olmayaraq. Gördüm ki, hər kitabımda Nazimə bir şeir gedib. Niyə? Ona görə ki, Nazim mənim üçün Türkiyənin SİMVOLU idi. Nazim küçə ilə yürüyərkən mən elə bilirdim ki, qos-qocaman Türkiyəyə yürüyür. Nazimə belə baxırdım. Və bir gün gözümü açdım, Türkiyəyə ədəbiyyatı, məhz Türkiyədə yaşayan türklərin ədəbiyyatı ilə tanış oldum, gördüm ki, Nazim Hikmət heçnadir şair deyil (?) Nazim kimi şairlər orda var. Ancaq Nazimin o böyük şairlərdən bir fərqi olub ki, o, kommunist olub. Unutmayaq ki, Nazim kommunist olmağa məcbur deyildi. Rəsul Rza kommunist olmağa məcbur idi. Ən azı yaşamaq üçün. Kommunist dövlətdə yaşayırdı. Kommunist rejimində yaşayırdı. Nazim iyirmi yeddinci ildə Vala Nurəddinə deyirdi ki, KİÇİK BALIQLAR BÖYÜK BALIQLARIN QARNINDA ƏRİDİYİ KİMİ MƏNİM TÜRKLƏRİM RUSLARIN QARNINDA ƏRİMƏKDƏDİ. Bunu deyən Nazim əllinci ildə yenidən qayıdır Rusiyaya. Əriməyəmi gəlirdi? Əgər rus şpionu deyildisə, Parisə gedəydi. "NEREDE ÖLMƏK İSTƏYİRDİN, HİKMƏTİN OĞLU? PARİSDƏ". Bunu yazıb o. Gedib öləydi. Amma Rusiyaya gəldi. Rus eli vardı, rus şpionajı vardı. Nazim Türkiyədə sizin düşündüyünüz kimi yasaq edilməyib. Kimin nəsinədi Nazim Hikmət?! (bu sözləri deyəndə Hacaloğlu bir az əsəbi ağzını əyir. Deyim ki, bu onun ən çox yadda qalan xüsusiyyətlərindən biridir. Bunu ancaq o eləyə bilir) Mən Türkiyəyə getdim gördüm ki, orda onun səkkiz cildliyi çap olunub. Haqqında elmi monoqrafiyalar var. Nazimin əvvəllər söydüyü, kötülədiyi şeyləri sonralar milliyyətçi türklərin özləri də başladlılar söyməyə. Başa düşürsənmi? Qısakürək də başladı söyməyə. Qısakürək də həbs edildi, amma Türkiyədən qaçmadı. Nazim, mənə elə gəlir ki, Allah günahımdan keçsin, daha çox ŞÖHRƏT ƏSİRİ kimi sığındı bu xaraba Rusiyaya. Nazimin böyüklüyü bir TÜRK olmasında və ŞAİRLİYİNDƏDİ!!! Amma VƏTƏNDAŞ deyil!!!

TOFİQ ABDİN: - Mənə elə gəlir ki, öz nəslinin arasında bu dəqiqə irəli çıxmış bir adamsan. (Başını bulayır). Yox, sənin elə deməyinlə deyil.

HACALOĞLU: - İrəli getmək sən nəyə deyirsən?

TOFİQ ABDİN: - Yox də, bir dayan görək. Sən Bakıya kimsəsiz gəlmisən. Bir yetim oğlan idin. Hər halda mən səni tanıyandan bilirəm bunları. Bir nurani ana vardı, əlbəttə, qohumları demirəm, nurani bir qadın idi, səni o böyüdüb. Mən o günləri xatırlayıram, qaldığın otaqları da xatırlayıram, dolanışığın da gözlərimin önündədi lap deyim ki, günü bu gün məndən tez-tez borclar aldığını da bura əlavə eləsək, çox çətin həyat tərzi yaşamısan yaşayırsan. Belə deyək , bu dəqiqə kənardan baxan adam üçün, yəni onlar görürlər ki, gündə televiziyada çıxış eləyirsən, meydanlardan tanıyırlar, şeirlərini oxuyublar . Hər gün "Ulduz" redaksiyasının qapısında səninlə görüşə neçə-neçə adam gəlir, bunlar faktdı , xoşbəxtsən. Sən bütün bu qazandıqlarını xoş təsadüf hesab eləyirsən, yoxsa kiminsə burda möhkəm rolu olub? Bu sualın bəzi məqamları mənə məlumdu. Ancaq istəyirəm, oxuyanlar da bilsinlər.

HACALOĞLU: - Yetim kəlməsindən xoşum gəlmir və mənə yetim deyilməsinə heç vaxt imkan verməmişəm, bir söz var: "ac gəzib, tox sallanmışam". Mən sənə açığını deyirəm: əlli üç yaşında ölüb-eləyə bilərəm, istəyirsən lovğalıq hesab elə, istəyirsən nə hesab eləyirsən elə... Bu günə qədər nə qazanmışamsa, nəyə nail olmuşamsa, öz əməyimin bəhrəsidi. Və hətta bu nail olmaq nədi, bunun özünü mən ayırd eləyə bilmirəm. Sadəcə, bir ömür yaşamışam, Abdulla ağanın oğlu Abbasın ömrünü...

TOFİQ ABDİN: - Nail olmaq nədi, nail olmağın necə deyərlər, buynuzu yoxdu ki... Sən heç bir diplomat məktəbini bitirmədən (ümumiyyətlə, bizdə diplomat məktəbi yoxdu, bu heç) Baş konsul gedirsən. Nəzərə al ki, bu müqayisədə sənin yaşıdların burda heç...

HACALOĞLU: - İndi burda ayrı söhbət çıxa bilər. Onsuz da bizdə, sən özün dediyin kimi, heç bir diplomat yoxdu, olanları da rusa qulluq eləyən bir məktəbin nümayəndələridir. Bu heç. İkincisi, yadındadı ki, mən söhbətimin bir yerində dedim ki, millətə QULLUQ EYLƏMƏK MƏNİM TALEYİMDƏDİ. Mən uşaqlıqdan gürcünün içində böyümüşəm. Elə məclis olub ki, beş gürcü olub, bir mən olmuşam. Başa düşürsənmi? Mən onda hiss eləmişəm burda Azərbaycan türkünün, müsəlman dünyasının nümayəndəsiyəm. Görünür, bu mənim taleyimə yazılıb. Bu belə. Sualına qayıdıram. Mənsənə deyim, Tofiq, mən elə adamam ki, kim hardasa mənə bir stəkan su veribsə, mən bunu çox böyük ürəyi açıqlığı ilə deyirəm və həm də qəti bu fikirdəyəm ki, özünə olan KÖMƏKLƏRİ, YARDIMLARI DANAN ADAM ÇOX İSTEDADSIZ VƏ KÖMƏKSİZ BİR ADAMDI. (Abbas bu sözləri çox ləngərlə və qətiyyətlə deyir). O adamlar ki, ona olunan köməkliyi gizlətmədən, utanmadan etiraf eləyir, bu adamlar normal adamlardır. Bütün həyatım boyu, nə əmidən, nə dayıdan, nə də başqa bir qohumdan CİDDİ YARDIM görməmişəm. Bilirsən də bu Axalovlar çox böyük nəsildi. (Burda bir maraqlı məqam yadıma düşür. Təxminən iyirmi il qabaq, bəlkə də daha çox Kəpənəkçi kəndinə getmişdim, Abbasın doğulduğu kəndə, kimlə tanış olurdumsa, hamısı demək olar ki, Acalov idi və doğrudan da hansı kolun dibindən, hansı ağacın altından bir şagird dəftərinin üzünü götürüb baxırdımsa, Acalov famili gözümə dəyirdi). Bir epizod deyim sənə. Altmış dördüncü ilin noyabr ayında Bakıda bir həyətdə mən özümə toy eləmişəm. Anam bu toya gəlmədi. Və bu da onunla bağlı idi ki, öz ömür-gün yoldaşını itirəndən sonra heç bir toya getmirdi. Bu toya da gəlmədi. Osman Sarıvəlli toyumda tamada idi. Osman əmi bu Acalovlar nəsli barədə böyük nitq söylədi, naxçıvanlılar da qaldı məəttəl ki, a balam, bu nədi, bilirsən də, mənim arvadım naxçıvanlıdı, bunlar nə boyda nəsildi, nə boyda xalqdı ki, Osman Sarıvəlli kimi adam belə tərifləyir. Birdən Osman əmi dedi ki, Acalovlardan kim var, ayağa dursun, bu Arifin atası durdu ayağa - Mikayıl müəllimi deyirəm (tanıyıram, yaxşı tanıyıram - T.A.) məlum oldu ki, bu məşhur nəsildən bu toyda Mikayıldan başqa heç kəs yoxdu. Bu mənim NƏSLİMİN MANA MÜNASİBƏTİDİ. Ancaq onu da deyim ki, nəslimdə bir adam olub, uğurlarımı həmişə onun adı ilə bağlayıram. Bu adam ALMAZ EMİNAĞA OĞLU ACALOVDU (gözəl tanıyıram - T.A.)

 

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 28 avqust.- S. 15.