İTKİNLƏR GÜNÜ
Biz onsuz da hər gün itiririk
Qubadlının işğalından 17 il keçdi
Nə qədər inanmaq istəməsək də həqiqət qaçılmazdır,
faktdan üz çevirmək mümkün
deyil. Özü də elə
bir faktdan ki, onu gizlətmək
də, üstünü
ört-basdır etmək
də elə onun varlığı qədər ağrılı
və üzücüdü.
Bu mənada 17 ilin həsrəti insanın ömrünə
çalınan bir baltadı. Elə bir balta ki,
onun hər zərbəsi dünyanı
gözündə qaraldır,
həyata, yaşama olan inamını büdrədir...
Mən bu yeri uşaqlıq
illərimdən tanımışam. Çünki kəndimizin söykəndiyi
Kirs dağının
bir üzündə Ərgünəş silsiləsində
öz yeri olan Qubadlı rayonu və onun Başarat kəndi əslində özünün havası
ilə, suyu ilə mənim kəndimin havasına, suyuna qarışmışdı.
Aramızda olan meşə
örtüyü və
bir də ermənilərin yaşadığı
bir kəndi çıxmaq şərti
ilə demək olar ki, Qubadlı-Hadrud-Tuğ
arası elə bil bir müstəvi
kimi idi. Hətta digər bir tərəfdəki Alıcanlı
kəndi də bu yerləri birləşdirən, adamlarını
bir-birinə doğmalaşdıran
varlıqlardan, əlamətlərdən
biri hesab olunurdu. Və mən yaxşı
xatırlayıram ki, kəndlərimiz arasındakı
münasibət, qohumluq
əlaqələri də
bizim Qubadlıya tez-tez üz tutmağımıza səbəb
olurdu. Çox vaxt elə düşünürdüm ki,
nə vaxtsa Tuğ kəndi də Qubadlının yerləşdiyi həmin o
uca yerdən, dağların ən yüksək zirvəsində
mövcud olubdu. Və bu cür düşünməyimin
nəticəsində də
kəndimizin ağsaqqallarından
maraqlı bir məlumat aldım. Sən demə, Tuğun qədim yaşayış
ərazisi elə Qubadlının üç
addımlığında, yəni
Ərgünəş dağının
ən yüksək nöqtəsində olubmuş. Bu xəbərin izinə
düşüb həmin
yerə çox çətinliklə də
olsa baş çəkə bildim.
Kəndimizin köhnə ünvanındakı
yaşayışdan xəbər
verən özüllər,
uçmuş divarların
qalıqları, bir sözlə, tarixə yaxşı bir mənbə olacaq kəndin ilkin ünvanı göz önündə idi.
Bütün bunları elə- belə xatırlamadım. Çünki avqustun
30-u, yəni bu yazını yazdığım
gün BMT-nin qərarı ilə təqvimə itkinlər Günü kimi düşüb. Və dünya
yaxşı-pis, lap elə
"quş qoymaq"
xatirinə itkinlər
gününü qeyd edir. Görəsən, dünyada nə
qədər itkin var? Mən təkcə insanları
nəzərdə tutmuram.
Elə insanlığın ünvanı
olan yerləri - yaşayış massivlərini,
əraziləri də
yada salmaq, onların da sayını bilmək istəyirəm. Amma deyəsən bu mümkün olası iş deyil. Çünki təkcə bizim
itkin yerlərimiz son
20 ildə yetərincədi.
Söhbət təkcə onda
deyil ki, biz nəyisə əlimizdən
salıb itiririk.
Yox, söhbət həm də ondadı ki, bizim yeni
nəsil zaman-zaman itirilmiş torpaqların adını da, ünvanını da unudur, itirir. Bax, faciə budur.
17 il əvvəl heç ağlıma da gəlmirdi... səmimi etiraf edim ki, heç
xəbərim də yox idi ki,
dünyanın itkinlər
günü var. Amma indi həmin tarix yadımda qalıb. Özü də lap mismarlanmış
şəkildə qalıb.
Çünki itkinlər gününün
ertəsi, yəni avqustun 31-i Qubadlını
itirdiyimiz gündü.
Təzada baxın, itkinlər günündən
sonra daha bir itki!..
Düz 17 ildi ki, Ağdam
kimi, Füzuli kimi, Laçın kimi Qubadlını da yuxularda görürük. Düz 17 ildi
ki, itirdiyimiz Qubadlının geri qayıdacağına içimizdə
bir ümid yaşadırıq. Hər məclisdə,
hər bayramda növbəti görüşü,
növbəti xeyir işi, növbəti bayramı Qubadlıda keçirməyi Tanrıdan
dilək kimi diləyirik. Amma hələ
ki, diləklərimiz hasil olmur. Bilmirəm, Tanrı bu diləklərimizdən
bezib bizi dinləmir, yoxsa biz hələ itkilərimizə
qovuşmağa layiq və hazır deyilik. Hər halda çətin
bir durumdu. Dünyanın gedişatı, baş
verən siyasi olaylar, ən vacibi isə düşmənlərimizin havadarları
bizim 17 illik Qubadlı həsrətimizin
ömrünə ömür
calayır. Bizim qovuşmaq istəyimizin qarşısına keçilməsi
çətin olan daşlar yumalayır...
Bəli, biz 17 ildi gözləyirik. 17 ildi də ki,
Qubadlı bizi gözləyir. O bizim
qayıdacağımız yollara
baxır. Biz qayıdıb
gedəcəyimiz yolları
xəyalımızda canlandırırıq.
Qubadlı bizim görüşümüzə
gələsi deyil.
Bu məlum bir
həqiqətdi. Deməli, xəyalımızda
qurduğumuz yolların
çətinliyinə, problemlərinə
baxmayaraq, o yolları
biz keçib getməliyik.
Necə deyərlər,
başqa bir yol yox!..
...Hə,
bilmirəm qubadlılar
indi nə fikirləşir. Və onu da bilmirəm ki, Qubadlı özü indi nəyin həsrətini çəkir.
Yeganə bildiyim odur ki, itirdiklərimizi qaytarmaq bizim şərəf borcumuzdu, namus məsələmizdi.
Bunun üçün
bütün itkilərin
geri alınması barədə düşünməklə
yanaşı, iş görmək
də vacibdi. Özü də, hətta dünyayla üz-üzə gəlmək
qorxusu olduğu bir anda da!..
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 31 avqust.- S. 3.