Gənc Tamaşaçılar Teatrı
yeni layihədə
Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan İctimai-Siyasi Universitetinin birgə layihəsi əsasında "Teatr, təhsil və mənəviyyatımız" mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri teatrın direktoru Mübariz Həmidov açaraq, Gənc Tamaşaçılar Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, maraqlı yaradıcılıq yolundan danışıb. Onun sözlərinə görə, gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünya görüşünün formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında Gənc Tamaşaçılar Teatrının rolu əvəzsizdir.
Tədbirdə çıxış edən teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova teatrın mənəvi və tərbiyəvi əhəmiyyəti haqqında məlumat verib. O qeyd edib ki, böyük ənənələrə malik bu teatr bütün zamanlarda tərbiyəedici mövqedə olub. Daha sonra Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev çıxış edərək teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən təqdirəlayiq işlərindən söhbət açıb. Rasim Nəbiyev məhz belə mədəniyyət ocağında müntəzəm olaraq birgə layihələrin keçirilməsini tövsiyə edib. Tədbirdə Rasim Nəbiyevə teatrın "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təbliğində, kollektivə göstərdiyi diqqət və qayğıya görə" Fəxri Diplomu təqdim olunub. Sonra universitetin müəllim və tələbə heyətinə K.Hamsunun "Viktoriya" tamaşası göstərilib.
Ədalət.- 2010.- 23
dekabr.- S.8.