Cəfakeş
alim, gözəl insan
Azərbaycanın ədəbi fikir tarixində özünəməxsus dəsti-xətii ilə seçilən yorulmaz tədqiqatçı, ədəbiyyatşünas alim, tənqidçi, publisist, naşir, ictmai xadim, filologiya elmləri doktoru, professor Teymur Əhmədov xüsusi yer tutur.
Ədəbi yaradıcılığa kiçik hekayələr, oçerk, məqalə və digər müxtəlif janrlarda yazdığı bədii-nümunələrlə gələn gənc jurnalist sonradan sanballı tədqiqat əsərləri ilə ictimaiyyətin diqqətini özünə cəlb etmişdir.
Onun bir-birinin ardınca çap etdirdiyi rəngarəng, elmi dəyərləri ilə seçilən xalqımızın ədəbi-bədii fikir tarixində həmişə qalası fundamental əsərləri yuxusuz gecələrin, gərgin elmi axtarışların layiqli nəticələri kimi olduqca dəyərlidir.
Azərbaycan ədəbiyyatının və ictimai-siyasi fikir simalarından olan Abdulla Şaiq, Nəriman Nərimanov, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm və onlarla başqaları barədə tədqiqatçı alimin dəyəri həcmindən qat-qat üstün olan rəngarəng elmi-publisistik əsərləri bu gün qiymətli elmi məxəz kimi çoxsaylı ədəbi-elmi araşdırıcıların müraciət etdikləri olduqca dəyərli mənbələrdir.
Tədqiqatçı alimin "Azərbaycanda kim kimdir", "Azərbaycan yazıçıları" adlı böyük həcmli ensiklopedik məlumat kitabları ən dəyərli mənbə kimi geniş oxucu rəğbəti qazanıb.
Professor Teymur Əhmədovun ədəbi- elmi araşdırmaları, başqa sözlə desə, onun çoxşaxəli yaradıcılığında xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan, onun yolunda başı olmazın münasibətlər çəkmiş, millətin var olmasında min bir əzab -əziyyətə qatlaşaraq nəhayət bu yolda sözün həqiqi mənasında şəhid olmuş böyük siyasi xadim Nəriman Nərimanov xüsusi yer tutur desək, yəqin ki, səhv etmərik.
Bu tarixi şəxsiyyətin ədəbi-elmi, siyasi fəaliyyətini Teymur Əhmədov qədər uzunmüddətli tədqiqat obyekti seçmiş ikinci tədqiqatçı tapmaq zənnimizcə müşgül məsələdir.
Ömrünün iyirmi ildən artıq bir hissəsini böyük siyasi xadim Nəriman Nərimanovun təqqiqinə həsr edən Teymur müəllimin taleyi həmişə məşəqqətli tarixi -siyasi bəlalar burulğanından keçmiş, Nəriman Nərimanovun həyatının tədqiqi ilə əlaqədar Moskvada Mərkəzi arxivdə aylarla böyük alim-vətəndaş inadkarlığı ilə keçirdiyi günlər barədə söylədiklərinin dəfələrlə şahidi olmuşam.
Məhz bu uzun və səmərəli araşdırmalar ürəyi həmişə Vətən sevgisi, Vətən həsrəti ilə döyünmüş Nəriman Nərimanov barədə fundamental, tarixi faktlara, tutarlı dəlillərə əsaslanan dəyərli elmi-siyasi sənədlərə əsaslanan tədqiqat əsərlərinin ortaya çıxmasına səbəb olmuşdur.
Adı müxtəlif dövrlərdə müxtəlif şəkildə səslənmiş, hətta tarixdən xəbərsiz bəzən söz xatirinə söz söyləmək arzusuna düşənlərin belə "qınaq", "tənqid", "obyekti" olmuş Nəriman Nərimanov barədə ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevi heç nə ilə ölçüyə gəlməyən tarixi qərarı Nəriman Nərimanovun 100 illik yubileyi ilə əlaqədar paytaxtımızın ən görkəmli, baxımlı guşələrindən birində Nəriman Nərimanovun əzəmətli abidəsinin ucaldılması barədə göstərişi millətin yolunda şəhid olmaq zirvəsinə ucalmış insana, daim əqidəsinə, inamına sadiq qalan vətən oğluna, böyük bir tarixi şəxsiyyətin, böyük vətəndaşın, xalqının ağgününü görmək üçün yaranmış dahi bir insanın verdiyi misilsiz, tarixi və əbədi dəyər idi. Azərbaycan dövlətinin tarixində onlarla, yüzlərlə bu və buna bənzər əvəzolunmaz xidmətləri olan böyük dövlət xadimi, ədəbiyyatın, mədəniyyətin, incəsənətin, bir sözlə bütün millətin cəfakeşi olmuş ulu öndərimizin Nəriman Nərimanovun xatirəsini əbədiləşdirməsi barədə qiyməti heç nə ilə ölçüyə gəlməyən bu addımı çoxlarının arzusunu gözündə qoydu.
Bu tarixi hadisəni təsadüfən qeyd etmədik. Böyük siyasi və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 illik yubileyi münasibətilə professor Teymur Əhmədov geniş oxucu kütləsinə "Nəriman Nərimanov kitabını - mükəmməl, qiymətli tarixi sənədlərlə zənginləşmiş bir qiymətli kitabını da təqdim etdi.
Bu tarixi əsər xalqımızın böyük oğlu Nəriman Nərimanov barədə alimin bir tərəfdən növbəti araşdırması, oxucularla yeni görüşü, digər tərəfdən onun öz andına, əhdinə, tədqiqat obyekti kimi seçdiyi, uzun illər ədəbi elmi, siyasi fəaliyyətini böyük hörmətlə, sevə-sevə yorulmaq bilmədən araşdırdığı tarixi şəxsiyyətə--insana sədaqətini nümayiş etdirir. Sədaqətdən söz düşmüşkən: Teymur müəllim bir tədqiqatçı alim kimi elmi araşdırmalar zamanı ona doğru yol göstərən, düzgün məsləhətlər verən insanları heç vaxt unudan adam deyil. Onun həyatında az və ya çox fərqi yoxdur--rol oynamış bu şəxslər barədə heç vaxt keçmiş zamanda danışmağı da xoşlamır.
Bir neçə ilin söhbətidir. Teymur müəllimin "Mirzə İbrahimovun həyat və yaradıcılığı" adlı olduqca nəfis şəkildə tərtib olunmuş miniatür kitabı çapdan çıxmışdı. Kitabdan birini də mənə hədiyyə etdi. Böyük hörmətlə hədiyyəni qəbul edəndən sonra minnətdarlığımı bildirdim, gözəl kitabdır-dedim. O özünəməxsus xəfif bir təbəssümlə gülümsəyərək dedi: -kişi, ləyaqətli insan idi. Beləcə söhbətimiz özümüz də bilmədən xeyli uzandı. Mən hələ onda bildim ki, Teymur müəllim Mirzə müəllimin ilk aspirantı olub. Onun dəyərli elmi məsləhətlərini dinləyib, xeyir-duasını alıb. Sonra onu da dildim ki, aralarındakı elmi münasibət sonradan özünün ən yüksək səviyyəsinə yüksəlib, o Teymur müəllimin öz övladı kimi xətrini istəyib, onun xeyirxahlarından olub. Bu gün, öz müəllimi barədə böyük, fundamental əsərlərinin müəllifi olan Teymur Əhmədov Azərbaycanın, azərbaycançılığın, milli birliyin, dilimizin və milli mədəniyyətimizin əsl çəfakeşlərindən biri olan akademik Mirzə İbrahimovdan söz düşəndə böyük hörmət və ehtiramla danışır, onun ailə üzvləri ilə əlaqəsini bu gün də kəsmir.
Bu sözləri onun həyatda özünə yaxın bildiyi xalqımızın ədəbi, ictimai, siyasi həyatında mühüm rol oynamış, şəxsiyyətlərin--böyük əbədiyyatşünas alim Feyzulla Qasımzadə, gözəl yazıçı və insan Qılman İlkin, əqidəli şəxsiyyət, böyük ziyalı və siyasi xadim Vəli Məmmədov, Azərbaycanın fəlsəfi fikir tarixində özünəməxsus rolu olan Fuad Qasımzadə, akademik Şəfaət Mehdiyev, akademik Tofiq Köçərli daha neçə-neçə dəyərli ziyalılarımız barədə söyləmək mümkündür.
Tanıdığım illər ərzində bir həqiqətin də şahidi olmuşam -Teymur müəllim üçün dostun keçmiş zamanda olanı yoxdur.
Dünən dost-qardaş deyib ünsiyyət qurduğu hər kəs onun üçün həmişəlikdir-istər o bu dünyadadır-istərsə də haqq dərgahında.
Bütün həyatı boyu sadəliyi, təvazökarlığı özündən gen düşməyə qoymayan və bu ali hissləri ilə hamıya örnək olmaq səviyyəsinə yüksəlmiş Teymur müəllim həlim, sığallı, asan, səmimi və sadə olduğu qədər də yeri gələndə sərt, əqidəsini məsləkini, andını heç nəyə dəyişməyən bir şəxsiyyətdir. Onun üçün həyatda iki xarakter yoxdur. O ya dostdur, ya da ki düşmən! Elə zənnimcə onu tanıyanların gözündə Teymur müəllimi ən uca zirvədə saxlayan keyfiyyətlərdən biri də budur-desəm yəqin ki, yanılmaram.
Tam səmimi şəkildə etiraf edim ki, onunla ünsiyyətdə olduğum bütün illər ərzində bir şeydən qorxmuşam: mənə bəslədiyi hörmətə-izzətə, ata-övlad məhəbbəti səviyyəsinə qalxan ünsiyyətə xələl gəlməsin! Şükürlər olsun ki, mənimlə əbədi qalası bu mizan-tərəzinin heç bir gözü əyilməyin qurbanı olmayıb.
Azərbaycan ədəbiyyatşünaslığın ağsaqqallarından biri olan Teymur Əhmədov, tam cəsarətlə demək istərdim ki, milli mətbuatımızın da dəyərli simalarından, ağsaqqallarından biridir.
Ömrünün 60 ilə yaxın bir dövrünü bu sahəyə həsr etmiş, böyük bir jurnalist nəslinin yetişməsində çəfakeşlik göstərmiş, sözün tam mənasında hamımızın müəllimi olan professor Teymur Əhmədov 15 ilə yaxındır ki, dövlətin rəsmi qəzetlərindən biri olan "Respublika"ya rəhbərlik edir.
Ulu öndərimiz, xalqımızın ümumilli lideri Heydər Əliyevin xeyir-duası ilə həyata vəsiqə alan "Respublika" qəzetini formalaşdırmaq, onun maddi-texniki bazasını yaratmaq üçün Teymur müəllimin nə böyük çətinliklərlə üzləşdiyinin canlı şahidiyəm.
Bu illər ərzində bütün gərginliklər, çətinliklər ona görə dəf oluna bildi ki, redaksiyanın mayasında halallıq, təmizlik və saflıq dayandı. Hər kəs öz işinə, səriştəsinə, canyanğısına görə qiymətini aldı. Teymur müəllimdən gələn bu ab-hava bütün kollektiv üzvlərinə sirayət elədi, hamı özünü ona baxıb düzəltdi. Başqa əqidədə olmaq xülyasına düşənlərin isə yolu çox qısa oldu.
Başlanğıcda əvvəlcə həftədə bir, sonra iki, sonra isə gündəlik nəşrə çevrilən "Respublika" qəzeti bu gün dövlətimizin aparıcı ictimai-siyasi, sosial-iqtisadi qəzetlərindən biri kimi böyük oxucu auditoriyasına malikdir.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gedən uğurlu təntənəsi, ölkə həyatının bütün sahələrini əhatə edən geniş çoğrafi-əraziyə malik abadlıq-qurucluq işləri, mədəni sosial layihələrin həyata keçirilməsi yolunda əldə olunan uğurlar qəzetin səhifələrində böyük səriştə və operativliklə işıqlandırılır.
"Respublika" qəzeti və onun çoxsaylı əməkdaşları üçün bu günlər əvvəlki illərdə olduğundan qat-qat əlamətdardır.
Xalqımızın çəfakeş alimlərindən biri, bütün həyatını milli ədəbiyyatımızın və mətbuatımızın tədqiqinə həsr etmiş, böyük bir alimlər dəstəsinin görə bilməyəcəyi işin bu illər ərzində təkbaşına öhdəsindən ləyaqətlə gəlmiş Teymur müəllimin anadan olmasının 80 ili tamam olur.
İndi hamı-onun çoxsaylı dostları, tələbələri, ailə üzvləri xeyirxahlıq müçəssəməsi olan, sağlığında axirətini qazanmış bir şəxsiyyətin doğum gününü-25 dekabrı səbirsizliklə gözləyir.
Həm də onun ən layiqli "əsərlərindən" biri olan "Republika" qəzetinin fəaliyyətə başlamasının 15 ili tamam olmaq üzrədir.
Bütün elm və mətbuat aləmi üçün əziz olan bu gündə xalqımızın dəyərli ziyalısına, cəfakeş alimi və milli dövlətçilik ənənələrinin qorunmasında layiqli yeri olan ictimai xadim, filologiya elmləri doktoru, professor Teymur Əhmədova Ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı arzulayır və deyirik,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir!
İlham PƏNAHOV,
Pedaqogika
üzrə fəlsəfə doktoru,
Azərbaycan jurnalistlər birliyinin
Ədalət.- 2010.- 24 dekabr.- S.6.