Xalqın Məmməd Araz
əmanəti
"Məmməd Araz
qələmi uzun illər sonra da qılınc kimi
vuruşacaq"
"Xalq Bank"ın ideyası ilə hazırlanan böyük şair Məmməd Arazın "Seçilmiş əsərləri"nin təqdimat mərasimi keçirildi.
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Xalq artisti, aktyor Nürəddin
Mehdixanlının ifasında Məmməd Arazın
"Vəsiyyət" şeiri ilə başlanan tədbirin
aparıcısı, Yazıçılar Birliyinin katibi
Rəşad Məcid dedi ki, bu kitabda hələ kiçik
yaşlarımızdan oxuyub sevdiyimiz, gəncliyimizdə
isə vətənpərvərlik ruhunda kökləndiyimiz
şeirlər toplanıb: "Hər birimiz bu kitabı
vərəqlədikcə bir daha uzun illərdən bəri
sevə-sevə oxuduğumuz Məmməd Araz
poeziyasının həyatımızda,
mənəviyyatımızda yaratdığı hisslər
xatırlayacağıq. Təxminən 25 il əvvəl
Filarmoniyada Məmməd Arazın yaradıcılıq
gecəsi keçrilirdi. Görkəmli alimimiz, Məmməd
Araz poeziyasının vurğunu Aydın Məmmədov
çıxışında çox-çox uzaqlardan
danışdı. İslamın gəlişi və onun
gətirdiyi adlara diqqəti çəkdi. Məhəmməd
Füzulidən, Məhəmməd Hadidən və bu
sırada dayanan böyük yazarlardan sonra Məmməd Araz
poeziyasından danışdı. Düşünmürəm
ki, bu sadəcə qurulmuş bir çıxış idi.
Həqiqətən də Məmməd Araz poeziyasının
kökləri çox-çox dərinliklərə
işləyib. Nə qədər dilimiz, xalqımız
yaşayacaqsa, bu dildə şeirə, poeziyaya maraq
göstəriləcəksə, o qədər Məmməd
Araz poeziyası yaşayacaq. Azərbaycan dilində ən
gözəl nümunələrlə yaradılan bu poeziya
nümunələri uzun illər sonra da xalqımızın
hər bir nümayəndəsinin poetik, mənəvi
dünyasına kömək olacaq. Keçid dövrü çətin
olduğundan bir çox hallarda insanlar depressiyaya
düşürlər. Məhz depressiyalardan
çıxmağın ən yaxşı yolu belə
böyük şairlərin kitablarını oxumaqdır".
Rəşad
Məcid bu kitabın ərsəyə gəlməsi
ideyasının müəllifi olan "Xalq Bank"ın
rəhbərliyinin böyük bir işə imza
atdıqlarını bildirdi. Bundan
əvvəl böyük rəssam Böyükağa
Mirzəzadənin rəsmlərindən ibarət kataloqunun
təqdimatının keçirildiyini bildirdi. "Xalq
əmanəti" layihəsini uğurla həyata
keçirdiyinə görə "Xalq Bank"ın
rəhbərliyinə minnətdarlıq etdi:
"Ömür boyu tufan
əydim, su yardım, Xətainin qılıncını
suvardım", - deyən Məmməd Araz uca
çinarların qürurundan ruh alıb, Arazın suyu ilə
böyümüşdü. Həqiqətən
də Məmməd Araz qələmi Xətai
qılıncından yaranmışdı. Heç
şübhəsiz, Məmməd Araz qələmi uzun illər
sonra da qılınc kimi vuruşacaq. Onun
ən dəyərli əsərlərindən biri də
övladları-qızlarıdır. "Vəsiyyət"
şeirini də Məmməd Araz qızlarına yazıb.
Bu yaxınlarda Azərbaycanın dəyərli
publisisti, Məmməd Arazın qızı İradə
Tuncayın "Sarı odalar" kitabının
təqdimatı keçirildi. Həmin
kitabda İradə xanımın intellekti, dünyaya
baxışı ilə yanaşı, Məmməd Araz
poeziyasının gücü, dərinliyi hiss olunmaqdadır.
İnanıram ki, o kitab da uzun illər sonra
Məmməd Araz poeziyası kimi Azərbaycanın
bütün gerçəkliklərindən xəbər
verəcək, əbədi yaşayacaq".
Məmməd Arazın
seçilmiş əsərlərinin təqdimatının
çox maraqlı bir dövrə- XXI əsrin ilk on illiyinin
başa çatdığı ərəfəyə
təsadüf etdiyini vurğulayan tanınmış publisist
İradə Tuncay dedi ki, biz hamımız hər zaman zamana
tabe olsaq da elə şəxsiyyətlər var ki, zaman onlara
tabe olur. Onlar zamanın fövqündə dayanır:
"Məmməd Araz çox insanların mənəvi
atası və bütöv bir xalqın müstəqilliyə
gedən yolunda mənəvi dəyərləri
aşılayan, o yükü çiyinlərində
daşıyan bir şəxsiyyət olub. Bir
neçə aydır ki, biz bu layihə üzərində
işləyirdik. Bu kitabın qara cilddə olması,
üzərində soy adının ağ
hərflərlə yazılması birgə iş prosesinin
nəticəsi idi. Həm də kitabın
üzərində Məmməd Arazın
"Vəsiyyət" şerindən bir bəndin əksini
tapması da təsadüfi deyil. Biz onun Veb
səhifəsini hazırlayanda da bu şerini
yerləşdirmişik. Çox
qəribədir ki, 35 yaşında çox cavan olan bir
şəxs "Vəsiyyət" şeirini yazıb və
bu şeirində də özünün bütün həyat
proqramını açıb, gələcək nəsillərə
nə deyəcəyini açıqlayıb. Layihənin ərsəyə gəlməsində
əməyi keçən hər bir kəsə
təşəkkürümü bildirirəm. Maddiyyatın mənəviyyatı
üstələdiyi, mənəviyyatın diqqətdən
kənarda qaldığı, əhəmiyyət verilmədiyi
bir dövrdə Məmməd Araz kimi ağırlıqlı
bir şairin poeziyasına diqqətin yetirilməsi böyük
hadisədir. Məmməd Araz
kitabının qara cilddə nəşrini vəsiyyət
etsə də mənə elə gəlir ki, əsl
şairlərin qara kağızı olmur. Onlar
hər zaman xalqı irəliyə aparan bir
işıqdırlar. Arzu edərəm ki,
xalqı həmişə nurlu gələcəyə aparan
insanların adı rəmzi olsun".
Məmməd Arazın
seçilmiş əsərlərinin redaktoru olmasından
qürur hissi keçirdiyini deyən Səlim Babullaoğlu xalq
rəssamı Böyükağa Mirzəzadədən sonra
Məmməd Arazın kitabının təqdimatının
keçirilməsinin təsadüf olmadığını
vurğuladı: "Bu xalqın mənəvi sərvətinin
özünə qaytarılması yolunda atılan böyük
addımdır. Məmməd Araz və onun
çapında olan yazarlar barəsində iki dəfə fikir
səsləndirilir. Biri onların
sağlığında, digəri isə dünyalarını
dəyişdikdən sonra. Bu fikirləri deyənlərin
də bir hissəsi onu şəxsən tanıyanlar, digəri
isə əsərlərindən oxuyub tanıyanlar olur. Təəssüf ki, bu gün böyük
şairimiz bizimlə birlikdə deyil, amma onun şeirləri
Azərbaycan durduqca bu xalqın mənəvi sərvəti
olacaq və yetişməkdə olan gənc nəslin ürəklərini
fəth edəcək. XX əsr Azərbaycan
poeziyasında çox az şair tapılar
ki, onların yaratdığı dillə xalqın dili
arasında bərabərlik işarəsi qoyula bilər. O
şairlərdən biri də böyük Məmməd
Arazdır".
"Böyük
Məmməd Araz, Siz bu gün təkcə qayaların altında
deyil, məzarda, ürəklərdə, duyğularda,
yaddaşlarda, sevib-sevilənlərin
pıçıltısında, yeni açılan
güllərin rəngində yaşayırsınız",- deyən xalq şairi Zəlimxan Yaqub qeyd etdi
ki, Məmməd Araz hər külək ağzında bir
səmtə varmadı. Yönü xalqa,
millətə, dağlara, daşlara, təbiətə,
əbədiyyətə doğru oldu.
Söz
gərək qılınc keçməz qayadan keçə.
Yoxdursa
sözüyün kəsəri yazma.
Özün
sevməyincə, sevilməyincə
Özgədən
məhəbbət əsəri yazma.
- deyən
Məmməd Araz sevdi və sevildi. Yazdığını
da sevə-sevə yazdı, ölə-ölə yazmadı.
Yaza-yaza öldü, əbədi dirilmək
üçün. Qayalardan
danışa-danışa məzarının
üstündəki heykəli də qayaya bənzədi.
Bu gün 50 milyonluq azərbaycanlının yaddaşında
Məmməd Araz adlı bir qaya, əbədiyyət, poetik
təfəkkür obrazı var. Məmməd Araz, onun
sözü, şəxsiyyəti, ədəbi təsir
qüvvəsi böykdür. Böyük
Məmməd Arazın bu kitabı minlərlə, milyonlarla
artıb çoxala-çoxala, əldən-ələ,
dildən-dilə, könüldən-könülə,
yaddaşdan-yaddaşa yayıla-yayıla gedəcək".
Xalq şairi Söhrab
Tahir təqdimatı keçirilən kitabı poeziyanın
bayramı kimi xarakterizə etdi: "Məmməd Araz
ürəyin tac damarlarının partlayışı
şairidir. Onun hər bir misrası ürəyin tac damarının patlayışını
bizə göstərir. Həqiqətən
də Məmməd Arazın Filarmoniyada keçirilən
yaradıcılıq gecəsində Aydın Məmmədov
Məmməd və Məhəmməd sözlərini çox
gözəl müqayisə etdi. 55 il
əvvəl Məmməd Araz üçün
yazdığım şeiri bu toplantıda demək
istəyirəm".
Qardaşım bir
axşam sən
məni
qonaq saxladın
Yaramı
yaranla duyub bağladın.
Mənim
gözlərim də bəzən ağladı.
Qoymadın
gözlərim dola qardaşım.
Toyuna
gəlmişəm hər yan xonçadır.
Boş
əlim bükülü qanlı xonçadır.
Bircə ürəyim var
parça-parçadır
O sənə çatacaq
al qardaşım.
Növbəti söz alan professor
Qəzənfər Paşayev dedi ki, Məmməd Araz ilk
gördüyüm diri şair olub: "1957-ci ildə ilk
dəfə onunla keçirilən görüşə getdim
və o vaxtdan da onun yaradıcılığına vuruldum. Sonradan dostlaşdıq. O, xalqının
böyük oğlu, ona baş ucalığı
gətirən şairimizdir. Mən
bugünkü tədbiri Məmməd Arazın bayramı
bilirəm. Kitab bəşəriyyətin
ən böyük kəşfidir. Bu
gün təqdim olunan Məmməd Araz kitabı ilə biz onun
özünü görürük. Keçid
dövründə bizim yaradıcı insanlara belə bir
münasibətin göstərilməsi həm də onların
yaşadılması deməkdir".
Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa dedi
ki, Məmməd Araz Vətəndən əvvəl
insanlarımızı Vətəni sevməyə hazırlayan
şairdir. Məmməd Arazın öz gəlişi ilə
Azərbaycanın poeziya mühitində hadisə yarada
biləcək şairlərimizdən olduğunu vurğulayan
deputat qeyd etdi ki, onun ölümündən bir neçə
il keçməsinə baxmayaraq, Məmməd Araz
şeirləri eyni ruh ilə sevilir, oxunur: "Bu günün
ən maraqlı cətəhlərindən biri odur ki,
Məmməd Araz qədər iztirablı, səhhəti ilə
bağlı ağır həyat keçirən çox az
şairlər olub. Amma onun şeirlərində
fiziki cəhətdən xəstə ruha rast gəlmək
mümkün deyil. Onun
şeirlərində yalnız sağlam bir gözəllik,
insanı müqəddəs missiyaya hazırlayan ruhu duymaq
mümkündür. Ona görə
Məmməd Araz böyükdür ki, o qədər
ağrı-acı içərisində öz
missiyyasını unutmayaraq, həmişə ona əməl
edərək Azərbaycan insanını hər şeyə
hazırlaya bildi. "Atamın
kitabı"ndan, "Əlifba"dan başlayaraq
bütün şeirlərində insanlarımızı
Azərbaycanın müstəqilliyi, gələcəyi
üçün çalışan topluma çevirə
bildi. Biz bu cilalanmış sözün
içərisində yetişən insanlarıq və ona
görə də bu gün Məmməd Araz adı,
gündəmə gələndə Azərbaycanın
müstəqilliyinin əsasını qoyan insanlarla bir
sırada dura biləcək bir şəxsiyyət
gözlər önündə dayanır. Hesab edirəm
ki, Məmməd Əmin Rəsulzadə Azərbaycan
cəmiyyətinə nə verə bilibsə, Məmməd
Araz da onu şeirdə verənlərdəndir".
"Qalx ayağa
deyən Məmməd Arazın hər bir misrası, hər bir
şeiri Azərbaycandır",- deyən Demokratik İstiqlal
Partiyasının sədri, deputat Asim Mollazadə qeyd etdi ki,
Məmməd Arazın kitabı hər bir azərbaycanlı
ailəsinin mənəvi sərvəti olaraq qəbul
olunmalıdır. Çünki, bizim nəsil
Məmməd Arazın kitabları ilə böyüyüb.
Onun Azərbaycan sevgisi ilə də
gələcək nəsillərimiz böyüyə bilər.
Əminəm ki, "Xalq Bank" bu ideyası ilə
böyük bir iş görüb. İnanıram
ki, bu ənənə davam etdiriləcək.
Bütövlükdə azərbaycanlılar öz
əməlləri ilə millətin birliyinə nail olacaq
və onu təcavüzdən də azad edib dövlətini
qüdrətli bir ölkəyə
çevirəcək".
"Mən hansısa bir
kitabda oxumuşdum ki, kitab zamanın dalğaları
üzərində gələcək nəsillərə
çatdırılan gəmidir",-
deyən Məmməd Arazın həyat yoldaşı
Gülxanım xanım həm kitabların nəşrinin,
həm də onların oxunmasının zəruri olduğunu
bildirdi: "Kitabın verdiyi biliyi, tərbiyyəni heç
nə verə bilməz. Sözün dara
düşdüyü indiki vaxtda Məmməd Araz kimi
şairlərin əsərlərinin nəşrinə maraq
göstərilməsi təqdirəlayiq haldır. Buna görə bu işdə əməyi
keçən bütün insanlara təşəkkür
edirəm".
Millət vəkili Aqil
Abbas dedi ki, bu təqdimat təkcə Məmməd
Arazıın günü deyil, bütünlüklə
poeziyanın günüdür: "Əgər bu gün
sözün qüdrətdən düşdüyü bir vaxtda
bu qədər ziyalı sözün başına
yığışırsa, deməli, söz bir o qədər
də qiymətdən düşməyib. Bu
insanların hər biri də poeziyamızda əksini tapan missiyanın
davamçılarıdır. Həm də böyük
şairlərimizin əsərlərinin yeni, nəfis
şəkildə dərcinə böyük iş
adamlarının maraq göstərməsi alqışlanan
haldır. Bu həm də Azərbaycanın
inkişafına xidmət etməkdir, onun mənəvi
sərvətinin xalqa çatdırılmasında
böyük rol oynamaqdır. Azərbaycanın milli,
mənəvi sərvəti isə Nizami, Füzuli, Üzeyir
Hacıbəyov, Xudu Məmmədov, Qara Qarayev, Tahir Salahov
və bu sırada dayanan kifayət qədər böyük
şəxsiyyətlərdir. Əgər bu
sərvəti qoruya bilsək, Azərbaycanın sabahına da
böyük ümid yaranar. Sözə
qiymət verəni, Allah da qiymətləndirər".
Tədbirin
sonunda Nurəddin Mehdixanlı və Ağalar Bayramovun
ifasında Məmməd Arazın şeirləri
səsləndi.
Gültəkin
Qəhrəmanlı
Ədalət.- 2010.- 29 dekabr.-
S.4.