Milli mətbəximiz musiqimiz Kiyevdə

 

Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı və təşəbbüsü ilə Ukrayna paytaxtında fəaliyyət göstərən etnik cəmiyyətlərin folklor nümunələrinin, milli mətbəx musiqilərinin növbəti ənənəvi nümayişi - Folklorama festivalı keçirilib.  

Ukrayna Azərbaycanlıları Konqresindən Lent.az-a verilən məlumata görə, administrasiyanın sütunlu zalında keçirilən tədbiri Kiyev şəhər Dövlət Administrasiyası sədrinin müavini Leonid Novoxatko açaraq festival iştirakçılarını salamlayıb, paytaxtın mədəni həyatında fəallıq göstərən etnik cəmiyyətlərin nümayəndələrinə diplomlar təqdim edib.  

Festivalda Azərbaycan icmasını Ukrayna Azərbaycanlıları Konqresinin "Azərbaycan" ansamblı, Ukraynanın xalq artisti Qurban Abbasov, beynəlxalq müsabiqələr laureatı Təranə Məmmədova təmsil ediblər. Soydaşlarımızın çıxışları sürəkli alqışlarla qarşılanıb. Zəngin Azərbaycan mətbəxinin peşəkar səviyyədə təqdim olunması isə tədbir iştirakçılarının böyük marağına səbəb olub. Festivalda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasov və Ukraynadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.

     

 

Ədalət.- 2010.- 17 dekabr.- S.8.