Minskdə Azərbaycan dili Mədəniyyəti Mərkəzi açıldı

 

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılışının 10 illiyini qeyd edən Bakı Slavyan Universiteti xalqlar arasında dostluq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin xarici ölkələrdə tədrisi və təbliği istiqamətində növbəti addımını atmışdır.  

Yubiley ilinin 9 dekabr tarixində Belarus Respublikasının paytaxtı, qəhrəman şəhər Minskdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Bakı Slavyan Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Əli Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, səfirlik nümayəndələri, Minsk Dövlət Linqvistik Universitetinin rektoru prof. Natalya Baranova, Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayev, BDPU-nun rektoru prof. P.D.Kuxarçik, prorektorları dos. Aleksandr Andralo, prof. Vasiliy Buşik, dos. Svetlana Kopteva, dos. Valeriy Zelenkeviç, ümumuniversitet kafedra mudirləri, BDPU-da fəaliyyət göstərən Litva Polşa dil mədəniyyət mərkəzlərinin əməkdaşları, BSU nümayəndə heyətinin üzvləri - elmi işlər üzrə prorektor prof. Məmməd Əliyev, tərbiyə işləri üzrə prorektor dos. Oktay Səmədov, mərkəzin rəhbəri vəzifəsini icra edəcək prof. Rafiq Novruzov, BDPU-nun professor-müəllim ve tələbə heyətinin üzvləri, ölkənin bir neçə televiziya şirkətinin, o cümlədən, Ümummilliİkinci Milli televiziya kanallarının nümayəndələri iştirak edirdilər. 

70-dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş təntənəli yığıncağı giriş sözü ilə açan BDPU-nun rektoru, professor P.D.Kuxarçik BSU-nun nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayaraq, Belarusun təhsil sistemində xüsusi çəkiyə malik BDPU-da Azərbaycan guşəsinin yaradılmasını təkcə universitetin deyil, həmçinin ölkə paytaxtının elmi və mədəni həyatında əlamətdar bir hadisə kimi qiymətləndirdi və BSU-nun bu addımından məmnun olduğunu bildirdi.

Tədbirin ilk dəqiqələrində BDPU-nun rektoru prof. P.D.Kuxarçik Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayevi "BDPU-nun inkişafına töhvəyə görə" (Za vklad v razvitie BQPU) döş nişanı ilə təltif etdi.

Mərkəzin açılışı ərəfəsində 4-cu Ümumbelarus Milli Yıgıncağında iştirak etmiş BSU rektoru prof. K.M.Abdullayev tədbir iştirakçılarını və ilk növbədə BDPU kollektivini Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yaradılması münasibətilə təbrik etdi və Azərbaycanı Belarusda təbliğ edəcək bu Mərkəzə uğurlar arzuladı.  

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Ə.Nağıyev və Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov universitetdə Mərkəzin yaradılmasını yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində böyük müvəffəqiyyətlər arzuladılar.

Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlıq edən Minsk Dövlət Linqvistik Universitetinin rektoru prof. Natalya Baranova rəhbərlik etdiyi kollektiv adından həmkarlarını Mərkəzin yaradılması münasibətilə təbrik etdi və BSU rektoru K.Abdullayevə Azərbaycanın ilk tədris-mədəniyyət mərkəzinin yerləşdiyi Rusiya ali məktəbinin rəhbəri, Moskva Dövlət Linqvistik Universitetinin rektoru, BSU-nun dostu prof. İrina Xaleyevanın salamlarını çatdırdı. BSU-nu maraqlı və məzmunlu bir ali təhsil ocağı kimi qiymətləndirən N.Baranova bu mərkəzin açılışı ilə BDPU kollektivini gələcəkdə ən cazibədar və ən zəngin Qafqaz mədəniyyətlərindən biri ilə tanış olmaq, "daim irəli hərəkət etmək şüarı ilə yaşayan və yaradan universitetlə sıx əməkdaşlıq etmək imkanı əldə etmələri münasibətilə səmimi qəlbdən təbrik etdi.

Azərbaycan şairi Süleyman Rüstəmin şeiri və belarus xalqının folklor nümunələri ilə tədbirə xüsusi çalar verən tələbələrin çıxışından sonra yekun sözü ilə mərasim iştirakçılarına müraciət edən prof. K.M.Abdullayev bu əlamətdar hadisə ilə bağlı Belarus Respublikasının Təhsil naziri, Xarici İşlər Naziri, həmçinin Azərbaycan Respublikasının Təhsil Naziri, Belarusun      Azərbaycandakı səfirinin BDPU və BSU kollektivlərinə ünvanlanmış təbriklərini auditoriyanın diqqətinə çatdırdı.  

Sonra Mərkəzin təntənəli açılışı keçirildi və qonaqlar buradakı kitab fondu, eksponatlar, əyani vəsaitlər, zəngin fonoteka ilə, rəngarəng fotolardan ibarət böyük sərgi ilə tanış oldular.  

Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Əli Nağıyev, BDPU-nun rektoru prof. P.D.Kuxarçik və BSU rektoru K.Abdullayev xatirə kitabına öz ürək sözlərini yazdılar.

    

 

ƏBÜLFƏT

 

Ədalət.- 2010.-11 dekabr.- S. 22.