Namiq Sultanov:
"Klassik musiqi Azərbaycanın tanıdılmasında əvəzsiz
rol oynaya bilər"
Dekabrın 6-dan 10-dək Bakıda Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara
Qarayev adına pianoçuların I Beynəlxalq
elmi-ifaçılıq müsabiqəsi və
pianoçuların "Fortepiano Qara Qarayev
yaradıcılığında" I Beynəlxalq
elmi-ifaçılıq konfransı keçirilir. Konfrans Bakı
Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas
musiqi məktəb-studiyasının 30 illiyinə həsr
olunub.
Müsabiqə və
konfransın 2010-cu
ili "Mədəniyyətlərin
beynəlxalq yaxınlaşması
ili" elan edən
UNESCO-nun himayəsi
altında keçirilməsi
ilə əlaqədar
olaraq müsabiqənin
şərtlərindən
biri iştirakçılar
tərəfindən
Qara Qarayevin əsərləri
ilə yanaşı, öz
ölkələrinin
musiqi əsərlərini
də ifa etmələridir.
Müsabiqənin keçirilməsində əsas
məqsəd ABŞ, Rusiya, Gürcüstan, Türkiyə,
Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan
və Türkmənistandan olan pianoçular sayəsində
Qara Qarayevin fortepiano musiqisinin interpretatorları və tədqiqatçılarının
sayının artırılmasıdı. Müsabiqə iki
turdan ibarətdir. Birinci turda
iştirakçılar ifa etdikləri əsərlərin obraz
və emosiya cəhətdən məzmununu, əsərə
qarşı şəxsi münasibətlərini və
nöqteyi-nəzərlərini, ifa interpretasiyası məsələlərini
əks etdirən məruzə ilə çıxış
edirlər, ikinci turda isə həmin musiqi əsərlərini
ifa edirlər.
İştirakçıların
çıxışlarını
qiymətləndirən
münsiflər
heyətinin tərkibində
San-Xose Universitetinin professoru Namiq
Sultanov da var.
N.Sultanov 9 ildir ki, ABŞ-ın Kaliforniya
ştatının San-Xose şəhərində fəaliyyət
göstərir. 1991-ci ilə kimi Bakı Musiqi Akademiyasında
müəllim kimi çalışan N.Sultanov elə həmin
il dəvət əsasında Türkiyəyə gedib və
Bilkənt Universitetində kafedra müdiri və dekan
müavini kimi fəaliyyət göstərib. 2002-ci ildən
isə ABŞ-a fəaliyyət göstərir. Artıq
neçə ildir ki, San-Xose Universitetində müəllim kimi
çalışan N.Sultanov mütəmadi olaraq sözügedən
şəhərdə konsert proqramı ilə
çıxış edir. Artıq 8 ildir ki, San-Xose şəhərində
keçirilən Beynəlxalq Piano Müsabiqəsində
münsiflər heyətində Azərbaycanı təmsil
edir.
N.Sultanov kiçik
yaşlarından
fortepianoya, musiqiyə böyük
maraq göstərib:
"Bizim ailədə
musiqiçi yox
idi və heç
vaxt da olmayıb. Yadımdadır ki, 5 yaşımda valideynlərim
qardaşım üçün piano aldılar və bundan
sonra o, evdə musiqi dərsləri almağa başladı. Mən
də dərslərdə qardaşımın yanında
oturaraq ona verilən dərsdən nəsə öyrənməyə
çalışırdım. Müəllim gedəndən
sonra isə oturub özüm məşğul olurdum. Valideynlərim
bu həvəsimi görüb məni Bülbül adına
Musiqi Məktəbinə apardılar. Lakin orada piano sinfi
olmadığı üçün məni skripka sinfinə
götürdülər. Daha sonra bir daha piano sinfinə
keçmək istədim, lakin yerlər dolu olduğu
üçün fleyta sinfinə yazıldım. 1958-ci ildə
Moskvada keçirilən Pyotr Çaykovski adına birinci musiqi
müsabiqəsində amerikalı pianoçu Van Kliverin 1-ci
yeri tutması sensasiyaya çevrildi. O,
Çaykovskinin fortepiano ilə orkestr üçün 1-ci
konsertini ifa etmişdi. Biz Bakıda oturaraq onun
triumfal çıxışlarına baxırdıq. Elə o vaxt mən qərara gəldim ki, dahi bəstəkarın
həmin əsərini ifa edim. Lakin 1958-ci
ildə hələ piano sinfinə getmirdim. Buna baxmayaraq, müəllimlərimə söyləmədən
gizlicə bu konserti öyrənməyə başladım.
O vaxtlar bizim Filarmoniyanın baş dirijoru Əhəd
İsrafilzadə idi və mən əsəri onun
üçün ifa etdim. İfam Əhəd
müəllimin xoşuna gəldi və o, qərara aldı ki,
Filarmoniyada orkestrin müşayiəti ilə
çıxış edim. Belə də
oldu, afişalar çap edildi və konsert baş tutdu. İfam çox uğurlu alındığı
üçün məni dərhal piano sinfinə və dəyərli
müəllim, professor Brenerin bölməsinə keçirdilər.
Bir ildən sonra Moskva Konservatoriyası
yanında orta ixtisas musiqi məktəbinə girdim. Ümumilikdə Moskva şəhərində
keçirdiyim 11 il ərzində Konservatoriyanı və onun
aspiranturasını bitirməyə müvəffəq
oldum". Artıq 30 ildən çoxdur müəllimlik
edən və Azərbaycan (sovet), Türkiyə və ABŞ tədris
üsullarına yaxşı bələd olan professorun dediyinə
görə, Türkiyənin təhsil sistemi ABŞ-da
mövcud olan sistemə daha yaxındır: "Rus (sovet)
sistemi bir az fərqlidir. Hər bir sistemin öz
üstün cəhətləri var. Sovet təhsil sisteminin mənəvi
tərəfləri daha yaxşı qurulmuşdu. Müəllimlər bizimlə çox işləməyə
çalışırdılar, təkcə musiqi deyil,
ümumən incəsənət barədə ətraflı
biliklər verirdilər. Amerikada isə tələbələri
stimullaşdırmaq üçün digər vasitələr
mövcuddur. Məsələn, bu ölkədə
çoxlu sayda müsabiqələr, yarışlar təşkil
olunur. Özü də bu yarışlar
üç mərhələdə - yerli, ölkə və
beynəlxalq miqyasda keçirilir. Eyni
zamanda ABŞ-da təhsil pullu olduğu üçün tələbələrdə
təhsil qrantları udmağa maraq yaranır. Belə qrantların sayı da kifayət qədərdir".
N.Sultanov qeyd edir ki, o daim San-Xose və digər
şəhərlərdə ustad dərsləri də
keçir. Bu dərslərdə iştirak edənlərin
sayı isə kifayət qədərdir: "Mən San-Xose
Universitetində də ustad dərsləri keçirəm. Hazırda bu universitetdə mənim çoxlu sayda
istedadlı tələbələrim var. Onlar daim regional və
beynəlxalq müsabiqələrdə iştirak edib
mükafatlar, diplomlar qazanırlar. Tələbələrimin
uğurları ilə bağlı mənə təşəkkürnamə
və minnətdarlıq məktubları ünvanlanır.
Mən tələbələrimə Azərbaycan
bəstəkarlarının musiqisi haqqında da ətraflı
məlumat verirəm. Onlar bizim musiqiyə
böyük maraq göstərirlər". Professor deyir ki, o, artıq bir neçə ildir ki,
ABŞ-ın Ümummilli Müəllimlər
Assosiasiyasının üzvüdür: "Bilirsiniz ki,
ABŞ-da müəllim kimi işə düzəlmək
çox çətindi. San-Xose Universitetində
müəllim kimi işə düzəlmək də mənə
asan başa gəlməyib. Bir neçə
mərhələni keçdikdən sonra 75 namizədin
içindən seçilmişəm. Ən
başlıcası keçdiyim ustad dərsləri münsiflər
heyyəti tərəfindən bəyənildiyi
üçün məni San-Xose Universitetinə müəllim
götürüblər". N.Sultanov
vurğulayır ki, o, mütəmadi olaraq Sanfransisko şəhərində,
San-Xose də konsert proqramları ilə çixış edir.
Konsertə gələn dinləyiciləri Azərbaycan musiqisi
ilə yaxından
San-Xose şəhərində keçirilən və
münsif olduğu Beynəlxalq Piano Müsabiqəsi barədə
danışan N.Sultanov bildirir ki, San-Xose şəhərində
keçirilən müsabiqə yüksək səviyyəli
müsahibə kateqoriyasına aiddir. Münsiflər heyətində
klassik musiqinin beşiyi sayılan Fransa, Avstriya, İtaliya,
İngiltərə, yeni qitədən Amerika, Kanada kimi ölkələrin
tanınmış elm mərkəzlərinin nümayəndələri
yer alır: "Mən orada azərbaycanlı musiqiçi kimi
təmsil olunuram. Əlbəttə, belə nəhəng
ölkələr arasında vətənimi təmsil etmək
mənə qürur verir. Bu, bizim ölkəyə,
eyni zamanda Azərbaycanda klassik musiqiyə verilən qiymətin
təzahürüdür. Digər tərəfdən,
bir necə cümlə müsabiqənin şərtləri haqqında
demək istərdim ki, azərbaycanlı oxucuda müəyyən
fikir yaransın. Mövcud qaydalara görə,
mən öz tələbəmi yarış
iştirakçıları sırasına daxil edə bilmərəm.
Bu, mənim qeyri-obyektivliyim barədə rəy
yarada bilər. İfaçılara da
müəllimləri barədə danışmaq qadağan
olunur. Ehtimal edilir ki, münsiflər heyətində
oturan insan müsabiqə iştirakçısının
müəllimini tanıyarsa, ona daha çox qiymət verə
bilər. Eyni qayda təkcə münsiflər
heyətinə deyil, təşkilat komitəsi üzvlərinə
də şamil olunur. Yəni Amerikada
keçirilən istənilən beynəlxalq səviyyəli
müsabiqədə nəzarət sistemi və obyektivlik ən
yüksək səviyyədə qurulub. Azərbaycan
bəstəkarlarının əsərlərinin ABŞ-da təbliğinə
gəldikdə isə, burada çox böyük imkanlar var. Məsələn,
Kaliforniyada tez-tez radioda Xaçaturyanın əsərlərinin
səsləndirildiyinin şahidi oluram. Lakin Qara Qarayevin
"Yeddi gözəl"i, "Leyli və Məcnun"u Fikrət
Əmirovun "1001 gecə"si digər bəstəkarların
əsərlərindən heç də geri qalmır. Əminəm ki, bizim dahi bəstəkarlarımızın
əsərləri ABŞ-da tez-tez ifa olunsa, yerli əhalidə
ölkəmizin musiqi səviyyəsi haqqında təsəvvür
yaranar. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun,
Arif Məlikovun bəstəkarlıq dili o qədər
müasir, rəngarəngdir ki, Amerika dinləyicisi ona laqeyd
qala bilməz. Bizim çox böyük sərvətimiz
olan milli musiqimiz - muğamımız var. Xüsusən son illər
muğamın təbliğatı yüksək səviyyədə
aparılır. Mən özüm də
Bakıda keçirilən muğam yarışmalarına
maraqla baxırdım. Bu sahə
qorunmalı və inkişaf etdirilməlidir. Eyni sözləri milli rəqslərimiz, folklorumuz
haqqında da deyə bilərəm. Lakin Azərbaycanın
digər ölkələrlə müqayisədə bir vacib
üstünlüyü var və biz ondan istifadə etməliyik.
Bizim klassik musiqi əsərlərimiz dünya səviyyəsinə
çıxmağa layiq əsərlərdir. Azərbaycanı sevdirmək üçün birinci
növbədə vətənimizi tanıtmaq lazımdır.
Klassik musiqi isə bu prosesdə əvəzolunmaz
rol oynaya bilər".
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara
Qarayev adına pianoçuların I Beynəlxalq
elmi-ifaçılıq müsabiqəsi barədə
danışan N.Sultanov qeyd edib ki, bu irimiqyaslı layihənin
müəllifi, Azərbaycanın əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor Tərlan
Seyidovdur. İştirakçılar arasında beynəlxalq
müsabiqələrin qaliblərinin və milli
mükafatların sahiblərinin olması müsabiqənin
yüksək səviyyəsindən xəbər verir:
"Müsabiqənin müsbət cəhəti isə
ABŞ, Rusiya, Gürcüstan, Türkiyə,
Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan
və Türkmənistandan olan pianoçular sayəsində
Qara Qarayevin fortepiano musiqisinin interpretatorları və tədqiqatçılarının
sayının artması olacaq. Mənimlə yanaşı
iştirakçıların
çıxışlarını Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli (sədr),
prorektor Oqtay Abbasquliyev, BMA məktəb-studiyasının
direktoru Tərlan Seyidov (sədr müavini və layihənin
müəllifi), Kazan Konservatoriyasının rektoru Rubin
Abdullin, Moskva Konservatoriyasının prorektoru Aleksandr
Bonduryanski, Eskişehir Konservatoriyasının professoru
Zöhrab Adıgözəlzadə, İstanbul Universitetinin Mədəniyyət
və İncəsənət Mərkəzinin fortepiano
şöbəsinin müdiri Züleyxa Bağırova, həmçinin
BMA-nın fortepiano fakültəsinin dekanı Nərminə
Quliyeva, məktəb-studiyanın fortepiano şöbəsinin
müdiri Aişə Əliyeva və Bakı Musiqi
Akademiyasının məktəb-studiyasının direktor
müavini Sevda Məmmədova (məsul katib) qiymətləndirəcək.
Müsabiqənin laureat və diplomantları pul
mükafatları və Bəstəkarlar İttifaqının,
Azərbaycan musiqi xadimləri İttifaqı və digər təşkilatların
xüsusi mükafatlarına layiq görüləcək.
Elmi-ifaçılıq konfransının
bütün iştirakçılarına sertifikatlar veriləcək".
Sevinc
QARAYEVA
Ədalət.-
2010.- 10 dekabr.- S. 6.