Etibarlı ömrün davam edən akkordları

 

Etibar Babayev-60

 

Etibar Babayevin çox qiymətli sərvəti var

 

Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda tanınmış şair Adil Babayevin ailəsində dünyada gəlib. Hüseyn Cavid adına 132 nömrəli orta məktəbi bitirəndən sonra 1968-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. 1973-cü ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. 

1971-ci ildən Azərbaycan Teleradio Verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlığa başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi, populyar verilişlərin müəllifi və aparıcısı olaraq, tamaşaçıların rəğbətini qazanıb. ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarstan, Avstriya, Rumıniya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Kuba, Çin, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər? " adlı kitabların, " Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", " Çiçək yağışı" kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin müəllifidir.  

Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-79), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsində təlimatçı (1979-821), 1981-88-ci illərdə Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışıb. Dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti təyin olunub.  

Sənətşünaslıq namizədi E.Babayev həm də pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən İncəsənət və Mədəniyyət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən dosent E.Babayev BSU-nun jurnalistika kafedrasının müdiridir. 2010-cu ilin iyul ayından Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.

Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir. "Hacı Zeynalabdin Tağıyev" milli mükafatına, "Qızıl qələm" mükafatına, Yusif Məmmədəliyev medalına layiq görülüb. 

Bunlar tanınmış ziyalının 60 illik ömrünün rəsmi statistikasıdı. Təyinat aldığı vəzifələr, qazandığı mükafatlar, titullar Etibar müəllimin alnının təri, gözünün işığı ilə qazandıqlarıdı.

"Ədalət" qəzeti Etibar Babayevi özünə doğma müəlliflərdən sayır. Redaksiyanın qapısı və qəzetin səhifələri bu istedadlı yazarın üzünə həmişə açıqdı. Etibar Babayev bu sayımızda yenə çoxsaylı oxucuları ilə görüşür. Amma bu dəfə müsahib kimi. Etibar müəllimin 60 illik yubileyi ərəfəsində hazırladığımız müsahibəni sizlərə təqdim edirik.

 

Arxada yaşanmış 60 il, qarşıda yaşanacaq hələ nə qədər illə  

 

- Bəxtinizə dövlət başçıları, məşhur sənət və söz adamları ilə görüşmək, onlardan müsahibələr almaq xoşbəxtliyi düşüb. Yəqin ki, müsahiblərinizin arasında 60 illik yubileyini qeyd etməyə hazırlaşanlar da olub. Onlarla söhbəti hansı sualla başlayırdız?

 

- Söhbəti hər cür başlamaq olar. Bir sual var ki, onu heç vaxt müsahibimə verməmişəm. Amma təəssüf ki, çox eşitmişəm. Bəzən soruşurlar ki, bir də dünyaya gəlsəydiniz həmin ömrü necə yaşayardınız? Əvvəla, ikinci dəfə dünyaya göz açan adam olmayıb. Olmayan, xəyali bir ömür haqqında danışmağın da heç bir mənası yoxdu. 60 yaşlı insandan soruşarlar ki, gələcəyə necə baxırsınız? 

- Hesab edin ki, bu sualı sizə verdik...

- 60 yaşın pilləsindən ömrümün qalan hissəsinə və dünyaya baxışımı belə ifadə edərdim. Dünyanın ölçüləri yerində qalsa da, özü insanların gözündə kiçilməyə başlayıb. Bu bəlkə də dünyanın dərdlərinin, qayğılarının artması ilə bağlıdı. Hər bir insanın həyatındakı şəxsi problemləri, şəxsi qayğıları dünyanın dərdlərini bir qədər də artırır. Bütün bu qayğıları sadalayıb, onların əhatəsində bədbinliyə qapılmaq təhlükəsi var. Bu təhlükə isə insan ömrünün sonudu. Ona görə də heç vaxt bədbinliyə qapılmaq lazım deyil. İnsan daim nikbin yaşamalı, gələcəyə ümidlə baxmalıdı. Tarixdə olub-keçənlərlə maraqlansaq, ən yeni tariximizə baxsaq, görərik ki, bundan da çətin günlərimiz olub. Amma bəşəriyyət bununla varlığını itirməyib, əksinə, həmişə irəliyə gedib. Müasir texnologiyalar məsafələri aradan qaldırıb, lakin bəzən bir ailədə hərə öz "dilində" danışır. Ən əsası odur ki, insanların bir-biri ilə ünsiyyəti qırılmasın. Qırılan qəlbləri heç bir texnika birləşdirmək gücündə deyil.

- Keçmiş iş yoldaşlarından biri haqqında yazırsız ki, ondan obyektlər yox, obyektivlik qaldı. İndiki zamanda obyektiv olmaq çətin deyil?

- Xatırlatdığınız fikirləri Naim Fətəliyev haqqında yazmışdım. Həqiqətən çox obyektiv insan, etibarlı dost idi. İndi elə bir zamanda yaşayırıq ki, hansısa bir insanın obyektə sahib olması təbii haldı. Buna heç pis baxmaq lazım deyil. Amma gərək obyekt də onun haqqı, ləyaqəti ilə üst-üstə düşsün. Dünya tarixində şahlar, xaqanlar, varlı sülalələr olub. Lakin onların heç də hamısı tarixə yaxşı əməllərinə görə düşməyib. Şah İsmayıl Xətai tarixdə var-dövləti, sərvəti ilə deyil, dövlətçilik ideyaları, şeirləri ilə qalıb. Bu gün Hacı Zeynalabdin Tağıyev insanların yaddaşında nəcib əməllərinə görə yaşayır. Heç kim ona neft buruqlarının, zavod və fabriklərinin, gəmilərinin sayına, xarici banklardakı pullarının miqdarına görə hörmət etmir.

 

Baxdığımız televiziya haqqında danışaq

 

- Televiziyanın incəliklərini yaxşı bilən, teleşirkətə rəhbərlik etmiş Etibar Babayev bu sualın cavabını yaxşı bilər. Bu gün bizə nikbin, yoxsa reallığı göstərən televiziya lazımdı?

- Biz deyəndə kimi nəzərdə tutursuz? Çünki bunu müəyyənləşdirmək əsas şərtdi.

- Yəni bütün tamaşaçılara...

- Fərd olaraq kiminsə televiziyadan tələbi ola bilər. Bir də var tamaşaçı kütləsinin televiziyadan gözlədiyi məsələlər. Bizim zövqümüzü uzun müddət bir televiziya formalaşdırıb. Həmin televiziya da öz dövrünün ideoloji xəttinə, dövlətin maraqlarına xidmət edirdi. Bu gün isə tamam başqa bir mühitdə yaşayırıq. Şəxsi telekanallar, özəl radiolar fəaliyyət göstərir. Onların hamısından eyni şeyi gözləməkdə yanılırıq. Çünki həmin özəl telekanallar, digər informasiya vasitələri bir adamın əlində deyil. Üstəlik, yayım taktikasını mənsub olduqları şəxsin maliyyə imkanlarına uyğun qururlar. Bu gün ölkə qanunları, Milli Teleradio Şurası yeni televiziya kanalı açan qarşısında müəyyən tələblər qoyur. Bu tələblərin necə yerinə yetirilməsi isə kanalın sahibindən, onun telekanala rəhbər təyin etdiyi şəxsdən və həmin rəhbərin bacarığına görə ətrafına yığdığı komandadan asılıdır. Bazar iqtisadiyyatı şəraitində kanalın sahibi televiziyaya ideoloji rupor kimi baxır, yoxsa gəlir mənbəyi kimi? Bu da əsas məsələdi. Reklam vericidən asılı olan televiziyalar həmişə sıxıntı çəkirlər. Bu hər yerdə. Rusiyada da, Türkiyədə də belədi. Əksər ölkələrdə televiziyalar böyük holdinqlərin tərkibindədi. Sahibkar başqa istehsal sahələrindən qazandığının müəyyən hissəsini telekanalın fəaliyyətinə yönəldir, onun reklamvericidən asıllığını azaldır. İndi ən böyük problem televiziya məhsulunun olmamasıdı. Televiziya məhsulunu isə vacib deyil televiziya özü hazırlasın. Bunu prodakşınlar etməlidi. Bu münasibətlər tənzimlənməlidi. Dediyim münasibətlər tənzimlənsə, televiziya məhsulu ortaya çıxacaq. Televiziya məhsulu ortaya çıxandan sonra onun keyfiyyəti və digər vacib məsələləri haqqında müzakirə aparmaq olar. Başqa kanalları təkrarlamaqla, verilişləri mədəni şəkildə oğurlamaqla, ancaq tərcümə edilən filmləri göstərməklə milli ideologiyaya xidmət etmək mümkün deyil. Biz uzun müddət televiziyaya norma kimi baxmışıq, oradan səslənən hər fikri doqma kimi qəbul etmişik. Amma indi bəzi kanallar bu fikrin yanlış olduğunu sübut etmək üçün əlindən gələn nə varsa onu da edir. Bu gün bizim telekanallarımızın peşəkar kadrlarla, aparıcıların nitqi və digər məsələlərlə bağlı problemi var.

- Sizin rəhbərliyinizlə AZ.TV-də yeni yaradılan Televiziya Akademiyası bu problemlərin həllinə nail olacaqmı?

- Belə bir akademiyanın yaranması mühüm hadisədi. Azərbaycan teleməkanı üçün gərəkli kadrların hazırlanması yolunda gözəl bir imkan qazanmışıq. Amma bir var Televiziya Akademiyası yarandı demək, bir də var Televiziya Akademiyasını yaratmaq. Belə bir akademiyanın yaranması ciddi prosesdi. Akademiya üçün dünyanın istənilən yerindən ən yeni texniki avadanlıq almaq, xaricdən mütəxəssis dəvət etmək olar. Lakin efirə çıxacaq insanlar burada hazırlanmalıdı. Milli düşüncəni hansısa xarici məmləkətdə hazırlamaq mümkün deyil. Həmin milli ideologiyanın daşıyıcıları olan kadrların hazırlanması üçün də xeyli zaman lazımdı.   

 

Bağda ərik var idi...

 

- Mühüm vəzifələrdə çalışmısız, işsiz qaldığınız günlər də olub. Bağda ərik var idi misalına münasibətiniz necədi?

- Bağda təkcə ərik yox, başqa nemətlər də olur. Kim ki, yalnız əriyə görə o bağa ayaq açırsa, bu həmin şəxsin problemidi. Mənim düşüncəmə görə, ən böyük vəzifə insanlıqdı. Əgər bu səndə varsa, bu vəzifəni heç kim sənin əlindən ala bilməz. Böyüklü-kiçikli qalan bütün vəzifələr müvəqqətidi.

İnsanlıq vəzifəsini ləyaqətlə yaşayan insanların bağında həmişə ərik yetişir, onun qapısını döyənlər də tapılır. İnsan gərək bağdakı əriyə görə qapısını döyənlərdən uzaq olmağı bacarsın. Bağdakı əriyə görə yaşayan, münasibət quran zümrə bütün dövrlərdə olub. Yəqin ki, hələ olacaq da. Ona görə də belələrinə arxayın olmayasan, onlara bel bağlamayasan.

- Etibarlı dostlarınız çoxdu? 

- Xoşbəxtliyim ondadı ki, çoxlu belə dostlarım var. Dostlarımı ən böyük sərvətim sayıram. Dostluğu dəyərləndirmək lazımdı. Cəmil Əlibəyovun 1968-ci il sentyabrın 10-da mənə verdiyi "Azərbaycan gəncləri" qəzetinin vəsiqəsini bu günə kimi saxlayıram. Bunun özü də bir növ dostluğa sədaqət nümunəsidi. Bəzən 40 yumurtanın qayğanağını yeyənin adını "Ginnesin rekordlar kitabı"na daxil edirlər. Amma 40 il dostluq etməyi bacaranı qeyd etmirlər. Elə insanlar var ki, onlarla dostluğumun 30-40 illik yubileyini qeyd edə bilərəm. Onlarla əlaqələrin qorunmasına çalışmağın özü də bir mədəniyyətdi. Təəssüf ki, bu mədəniyyətin çatışmazlığı özü də bu gün bir problemə çevrilib.   

 

Bakı başkənd deyil...

 

- Bəzi yazılarınızda paytaxtımıza xüsusi məhəbbətinizi duymaq çətin deyil. Həmin yazılarda Bakıya sevgi ilə yanaşı onun üçün narahatlıq da var...

- Bakı bizim paytaxtdı, başkənd deyil. Bir var kənddən gələn, bir də var kəndçilik. Bakını kəndçilik anlamından qorumalıyıq. Bakı kimi meqapolislərdə problemlər həmişə olur, olacaq da. Amma şəhərin idarəçiliyi bacarıqsız adamlara həvalə olunanda Bakı doğrudan da bizim üçün yadlaşır.   

Bakı haqqında saatlarla danışa bilərəm. Çünki Bakı mənim doğulduğum, insan kimi formalaşdığım şəhərdi, dövlətimizin paytaxtıdı. 

- "Susan heykəlləri eşitmək lazımdır" məqaləsinin müəllifi bu gün Bakıda kimin heykəlini görmək istəyir?

- Bakı həm də heykəllər şəhəridi. Türk dünyasının böyük sənətçisi Barış Manço 1992-93-cü illərdə Azərbaycanla bağlı verilişlər hazırlamaq üçün Bakıya gələndə şəhərdəki heykəllərə valeh olduğunu bildirdi. Dünyanı qarış-qarış gəzən Barış bəy deyirdi ki, sənət adamlarına bu qədər heykəl qoyulduğunu heç yerdə görməyib.   

İndi müxtəlif səbəblərdən götürülən bəzi heykəlləri də sındırıb saxlamağın yox, sənət əsəri kimi hardasa sərgiləməyin tərəfdarıyam. Çünki həmin heykəllər də bizim tariximizin bir dövrünü əks etdirir. Ümumiyyətlə, heykələ daş parçası kimi baxmaq olmaz. Sualınızın cavabına gəlincə, Bakıda Koroğlunun, Məhəmməd Əmin Rəsulzadənin heykəllərini görmək istərdim. 

 

Şair oğlu şair olmaya da bilər...

 

- Şair Adil Babayevin övladı atasının yolunu niyə davam etdirmək istəmədi? 

- Çünki bu istəklə yox, istedadla bağlı olan məsələdi. Düzdü, mən də şeirlər yazmışam. Bəzilərini atama da oxumuşdum. Atam rəhmətlik dedi ki, sən yaxşı şeir yazsan, deyəcəklər atan kömək edib, pis şeir yazsan, deyəcəklər Adil zəif şeirlərini oğlunun adı ilə çap etdirir. 

Şeirə, poeziyaya hissin ifadəsi kimi baxıram. Amma özümdə atamın yolunu şair kimi davam etdirmək qədər istedad hiss etməmişəm.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Nizami Cəfərov

(Milli Məclisin komitə sədri, akademik):

 

Etibar Babayev əsl ziyalı, söz, sənət dünyası olan ailədə böyüyüb. Onun özü də istedadlı insandı. Etibar Babayev müxtəlif sahələrdə, xüsusi ilə televiziyada özünü, imzasını sübut etməyi bacarıb. Hazırladığı verilişlərdə novatorluqla yanaşı millilik hiss olunurdu. Televiziya rəhbəri olarkən də ətrafındakı yaradıcı insanların gücünü bir yerə toplaya bildi. "Space" kanalının tarixində bir Etibar Babayev imzası var.   

Etibar Babayev həmişə ziyalıların ətrafında olmağı sevən, onları ətrafına toplamağı bacaran təvəzökar insandı. Publisist kimi də, müəllim kimi də sevilir. O, hər hansı işi başlamaq istədisə, heç bir çətinlikdən qorxmur. Başladığı işi uğurla sona çatdırmağı bacarır.  

 

Aqşin Babayev

(filologiya elmləri doktoru, professor):  

 

Etibar Babayevi Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor işləyən vaxtlarından tanıyıram. Sonralar Dövlət Televiziyasında Baş redaktor, "Azərbaycan telefilm" Yaradılıcılıq Birliyinin direktoru, Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb. Etibar Babayev zəngin həyat təcrübəsinə malik bir ziyalı, Azərbaycanın televiziya məkanında təkcə təşkilatçı kimi deyil, eyni zamanda mahir bir teleaparıcı kimi tanınmış jurnalistdi. İstər yüksək dövlət vəzifələrində, istərsə də "Space" teleradio şirkəti kimi mühüm yaradıcılıq sferasına başçılıq etdiyi dövrdə öz prinsipiallığı ilə seçilib, əqidəsinə həmişə sadiq qalıb". 

 

İradə Tuncay (publisist):

 

Tanıdığım vəzifə adamları arasında o, mənim üçün həmişə istisna olacaq. O, mənim düşüncəmdəki qəlbləri sındırdı, icimdəki "məni" yox. Onun bəzi keyfiyyətləri var ki, indiyə qədər rastlaşdığım vəzifə adamlarında görmədim - sözə hörmət, mənsub olduğu xalqın dəyərlərinə hörmət, zövq, qadınlara münasibətdə gözütoxluq. Şadam ki, yaradıcılıq bioqrafiyamda Etibar Babayev imzası olub.

 

 

Ədalət.- 2010.- 11 dekabr.- S. 12-13.