ONLARIN DÜNƏNİ
: TÜRKİYƏ və TÜRKİYƏLİLƏR – 5
3500 KİLOMETR YOL BOYUNCA MƏNİM
GÖRDÜYÜM TÜRKİYƏ
Nə
qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz DÜNƏNdən başlayıb.Dünənimizdə
Kimlər və Haralar var. Bu Kimlər orlarda nələr
yaşayırdılar? Görmədiyimiz o yerlər və o
yerlərin insanları necəydi? Yeni nəsl üçün
ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN
və O DÜNƏNİN ölkələrinin yaşam tərzi,
keçdiyi yol, bu gün üçün son dərəcə
gərəkli və daha qabarıq görünməkdədi.
Proektimizin
davamı olaraq Türkiyə haqqında yazılarımıza
başlayırıq. Əslində bu mənim
gördüyüm Türkiyədir. Bir qədər sadəlövh,
tərtəmiz düşüncəylə görünən və
yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr
olacaq. İzləməyə dəyər.
Bizə
verilən izahat vərəqində buranın daha dəqiq
adı belədir: Yeraltı şəhər. Bunu ona görə
deyirəm ki, lağımla yeraltı şəhərin fərqi
seçilsin: bura həqiqətən yeraltı şəhərdi.
Yerin dərin qatlarına endikcə, dediyim kimi bütün
şərait nəzərə alınmış və hətta
buranın havasının dəyişdirilməsi
üçün də hər şey nəzərdə tutulmuşdur.
Səfərimizin
beşinci günüdür. Ankaradan bir az da
uzaqlaşırıq və İstanbula
yaxınlaşırıq. Hələ çox var İstanbula.
İndi məşhur Konya şəhərindəyik.
Səfərdi
də. Biz də ki, turistik. Arada bəzi şeylərlə, əşyalarla
da maraqlanırıq. Və mən bizim çox istiqanlı,
mehriban və hətta bizdən ayrılanda rusların belə
ağlamaq dərəcəsinədək sevdiyi
sürücümüz Həsəndən Ankarada
soruşmuşdum ki, "Quran"ı tapmaq
mümkündümü? Həsən çox güman ki, bizdən
əvvəllər də turistləri gəzdirib və
soruşan kimi dedi: Məsləhət görürəm ki,
Konyada axtarın.
Aydındı.
Konya. Mövlana məscidinin yerləşdiyi şəhər.
Müsəlman təriqətinin əsasını qoyan
fırfıra dərvişlərin fəaliyyət göstərdiyi,
qürub çağlarında məscidi min rəngə boyanan
Konya şəhəri.
Ankara
ilə Konya arasındakı şosse yol o qədər rahat və
o qədər genişdir ki, hətta bu yolla təyyarə də
düşə bilər. Bu da Türkiyənin strateji
mövqeyi ilə bağlı bir faktdı. Bu yol daha uzundu.
Ancaq rahatdı. Çox rahatdı (arada bir bunu da deyək).
XI əsrdən
başlayaraq Konya Səlcuq dövlətinin paytaxtı olub.
Konyanın
ilkin adı İkonium olmuşdur və bu şəhər
göz işlədikcə uzanan quru səhralardan sonra
insanın qarşısına çıxan ilk yaşıl bir
sahədir ki, dənizdən çox uzaqda olmağına
baxmayaraq elə bu yaşıllığına görə də
buranı şəhər salmaq üçün münasib
biliblər. Konya öz şöhrətinin yayılmasında səlcuqlara
daha çox borcludur. 1116-cı ildə səlcuq
sultanlarından biri olan Birinci Qılınc Arslan bu yeri zəbt
eləmiş və onu paytaxt elan etmişdir. Qılınc
Arslan öz ölkəsini Rum adlandırmışdır.
Başqa
bir səlcuq sultanı Ələddinin vaxtında (1219-1236)
Konya bir daha tanınmış və çoxlarının diqqətini
çəkmişdir. Ələddinin hakimiyyəti olmasına
baxmayaraq, həmin dövrdə Bəhəddin-vələd daha
məşhur olmuş və o öz oğlu Cəlaləddin
Rumi ilə Konyaya gəlmişdir. Bir müddət sonra həmin
bu adam Mövlanə adı ilə daha da məşhurlaşmış
və fırfıra dərvişlərin Qardaşlıq
birliyini yaratmışdır. İslam dünyasının ən
görkəmli nümayəndəsi olan bu şəxsiyyət
indinin özündə də dahi şair və filosof kimi məşhurdur.
Doğrudur
1926-cı ildə Atatürk dərvişlərin fəaliyyətinin
qarşısını almağa cəhd etmiş və bir
müddət onların fəaliyyəti
dayandırılmışdır. Qeyd eləyək ki, Ramazan
ayı hər il dəyişir, başqa aylara keçir, bu
heç də Konyada yaşayan insanların nə maddi, nə
də mənəvi çətinliyinə səbəb ola bilmir.
Konya
Türkiyənin ən böyük əyalət şəhərlərindən
biri hesab olunur. Şəhərin əhalisinin sayı yeddi
yüz minə yaxındır (1974-cü il hesabına görə).
Şəhərdə Səlcuq dövlətinin tikililərinin
qalıqları saysız-hesabsızdır. Burada Koratay mədrəsəsi,
Səlcuqların sarayları, Ələddinin məscidi və
başqa tarixi abidələr boy verməkdədir. Konya Mövləvi
başçılığının təriqətinin
paytaxtı olub, buna görə də hər ilin dekabr
ayında Mövlanə məscidinə xüsusi gəzinti
başlanır.
Ümumiyyətlə,
Türkiyədə yetmiş yeddi min məscid var. Bunlardan 15
minə yaxını İstanbulda yerləşir. Bu məscidlərin
çoxu Aya Sofya üslubunda inşa edilmişdir.
Türkiyədə
ən adlı və tanınmış məscidlərdən
biri də Ələddinin məscididir ki, həmin məscid
XIII əsrdə inşa edilmişdir.
Bu məscidin
ən qabarıq xüsusiyyətlərindən biri odur ki,
burada cəmisi altı dayaq sütunları, dirəkləri
vardır. Osmanlı imperiyası zamanında tikilən məscidlərin
girəcəyində, qapının üst tərəfində
qılınc rəsmlərinə rast gəlmək olar.
Qılınc - döyüşkən, vuruşqan
osmanlıların həyat və yaşayış emblemi
olmuşdur.
Səlcuqların
özlərinin belə bir deyimi qalır: gəz, bütün
dünyanı gəz, ancaq ən əvvəl Konyanı
gör!"
"Gəldik. Gördük. Sevdik!"
"Gəldik Gedirik"
Yolumuz
Dənizli şəhərinədi. Dənizliyə qədər
yol nə az, nə çox 440 kilometrdir. Gedirik bu yolu,
inanın ruhumuz da incimir. Ruhumuz incimir ona görə ki, yol
yoldu. Bunu əvvəllərdə də dedik. Bir də ruhumuz
incimir ona görə ki, gedəcəyimiz şəhərin lap
elə adının özü də bizi çəkir: Dənizli.
Dənizlidə
bir qoca Gierapolis şəhərinin qalıqlarının
memarlıq izlərinə baxırıq. İzləri deyirəm
ona görə ki, artıq bu şəhər yoxdu.
Böyük zəlzələlər nəticəsində yerlə-yeksan
olmuşdur.
Şəhərin
ən gözəl yerlərindən biri olan teatr
binasının qalıqlarına baxırıq. Bizi
müşayiət eləyən Əfşan xanımın məlumatına
əsasən bu teatr Türkiyənin ən gözəl
teatrlarından biri olub.
Dediyim
kimi, Dənizliyə gedən yol uzun və uzun yollar boyu uluslar
keçirik, kəndlər keçirik, şəhərlər
keçirik. Əfşan xanım bu keçdiyimiz şəhərlər
və uluslar haqqında geniş olmasa da gözəl məlumat
verir. Danışır yol boyu. Əlbəttə, mən
yazımın əvvəlində dediyim kimi hər məlumatı
yazmaq imkanı olmasa da, bəzi şeyləri qeyd eləyirəm
və diktafonu da qurmuşam, lap elə maşın gedə-gedə
yazıram.
Hələ
Dənizliyə var. Ona görə də mən istəyirəm
yolüstü dayandığımız bir kiçik qəsəbədəki
görüşüm barədə danışım.
İstirahət
üçün bizə vaxt ayrılır. Hərənin
öz imkanı var istirahət üçün. Hərə
bir şey seçir. Mənim jurnalist damarım atdanır.
Yenə də kaset axtarmağa gedirəm
və hardansa qulağıma musiqi səsi gəlir. Türk
mahnısı oxunur. Yəni başqa mahnı səsi də gələ
bilərmi? Bu səsi tuta-tuta gedirəm və gəlib bir
geniş sahəyə çıxıram. Bizim dayanacaqdan bir o
qədər də uzaqda deyil və hələ bir saatadək
vaxtımız var. Baxıram ki, toydu. Heç şübhəsiz
türk toyudu. Adamlar dəstə-dəstə durublar. Bir tərəfdə
qadınlar. Yuxarı başda musiqiçilər əyləşib,
onun da yanında mənə elə gəlir ki, sərpayı
var. Musiqi çalınır. Oxuyanlar professional, peşəkar
deyillər. Bu o saat diqqəti çəkir. Peşəkar
olmasalar da şirin oxuyurlar. Ləhcə gözəldi, musiqi
yapışıqlıdı. Çəkilib bir kənara xeyli
tamaşa eləyirəm.
Ortada ağ donlu qız oynayır. Onun ətrafında
beş-altı cocuq var. Onlar (bu qız şübhəsiz gəlin
idi) bu qızın başına fırlana-fırlana
oynayırlar. Rəqs eləyirlər. Bir mahnı başqasını
əvəz eləyir. Gəlin hələ də
ortalıqdadı. Çox maraqlıdı ki, özü
musiqiçilərə yanaşır, havanı dəyişdirir
və sakit rəqs eləyir. Bir ağırlıq var rəqsinlə.
Təbiidi ki, xatun rəqsidi, gəlin rəqsidi. Beləcə
də olmalıdı. Mən bu mahnılardan bir neçəsini
lentə alıram.
Bu toy hələ yəqin ki, uzun
çəkəcək. Uzun çəkəcək ona görə
ki, hələ saat üçdür... Hələ o qədər
adam gəlsin ki, Hələ o qədər mahnılar oxunsun ki,
Layiqdi türklər bu toya, bu sevincə. Layiqdi bütün
xalqlar, bütün insanlar kimi.
Sonra kaset ardınca bir mağazaya
girirəm. Ağzımı açan kimi satıcı (o,
piştaxtanın arxasında idi) gülümsünür və
məni lap yanına dəvət eləyir. Soruşur: hardan gəlmisən?
Deyirəm və elə buna bəndmiş kimi stul çəkir:
otur, otur, - deyir. Tələsmə, bir söhbətləşək.
Otururam.
Yaxından
Tofiq Abdin
Ədalət.- 2010.- 11 dekabr.- S. 15.