HAMIYA XATIRLADILAN CAVAB
ATƏT-in bu gün
başlayacaq və iki gün davam edəcək Astana sammiti
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan danışıqlar haqda irəli
sürülən versiyaların, proqnozların hamısına
nöqtə qoyacaq. Şərhçilərdən fərqli
olaraq vasitəçilər bu danışıqlara bir qədər
nikbin baxırlar. Onların ümumi rəyinə görə,
Astana sammiti proseslərin sürətlənməsi
üçün təkan ola bilər. Əlbəttə,
çox ehtiyatla söylənmiş proqnoz olsa da bunu ən
doğru qiymət kimi dəyərləndirmək
lazımdır. Amma bütün bunlarla bərabər ermənilər
hiss edirlər ki, onların prosesi uzatmaq üçün siyasi
oyunbazlıqları üçün meydan çox daralıb.
Bunu hətta praqmatik düşünə bilən erməni
politoloqları da etiraf etmək məcburiyyətinədir.
Amma düşünmək
olardı ki, erməni hiyləgərliyi susub oturmayacaq. Və
dediklərimiz özünü doğrultdu. Sammit ərəfəsində
Ermənistan siyasətçiləri yeni bir ideya ilə
çıxış etməyə başlayıblar. Bununla
bağlı mətbuata açıqlama verən Ermənistan
Marksist Partiyasının lideri David Akopyan bildirib ki, Ermənistan
indi bütün gücü ilə
çalışmalıdı ki, Dağlıq Qarabağ və
əhatəsində olan rayonlarla birlikdə Rusiyaya birləşdirilsin.
Bunu referendum yolu ilə həyata keçirmək
lazımdır. Akopyan bildirib ki, bu cür variant artıq Cənubi
Qafqazda Cənubi Osetiya və Abxaziya simasında mövcuddur.
Bu, ideya real
görünməsə də Gürcüstandan zorla
qoparılmış ərazilərinin Rusiya tərəfində
tanınması və orada hərbi bazaların genişləndirilməsi
artıq bir faktdır. Hadisələrin inkişafı onu
göstərir ki, artıq hər bəhanədən əli
üzülən ermənilər bu qəbil versiyaları ortaya
atacaq. Amma unudurlar ki, Moskva nə qədər onların
havadarı rolunda çıxış edirsə-etsin Azərbaycanla
iqtisadi əlaqələrdən əldə etdiyi böyük
mənfəətin əlindən çıxmasına getməz.
Həm də Dağlıq Qarabağın Rusiya ilə quru əlaqələri
olmadığı üçün bu inanılmaz
görünür. Bütün bunlardan başqa Azərbaycanın
Gürcüstanla eyni cür dəyərləndirilməsi
absurd düşüncədən başqa bir şey deyil.
Əslində Astana
sammiti ərəfəsində ermənilərin cürbəcür
iddialarla çıxış etməsi, havadarlarına "ip
ucu vermə" təşəbbüslərinə Azərbaycan
prezidenti İlham Əliyev öz qətiyyətli mövqeyini
bir daha xatırlatdı. Azərbaycan Prezidenti, Ali Baş
Komandan srağagün Milli Məclisin yeni tərkibinin ilk
iclasında iştirak edərkən öz ətraflı nitqində
bu məsələyə də toxundu. Başqa iddialara düşənlərin
hamısına öz qətiyyətli mövqeyini yenidən
bildirdi:
"...Ölkə
qarşısında duran əsas problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Biz bu istiqamətdə
böyük səylər göstəririk ki, bu məsələ
öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq
normalarına uyğun şəkildə tapsın. Bildiyiniz
kimi, uzun illərdir ki, danışıqlar aparılır. On səkkiz
ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç
bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan
torpaqları işğalçılardan azad ediləcəkdir.
Nəticə odur. Danışıqların fəallığı,
yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə
sayıla bilməz. Biz nəticə görmək istəyirik.
Biz istəyirik ki, məsələ beynəlxalq hüquq
normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq
təşkilatların - ATƏT, Avropa Parlamenti, Avropa
Şurasının qərar və qətnamələri icra
olunsun. Bu qərarlar və qətnamələr ona görə
qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər
onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq
hüquq normalarına məhəl qoymursa və beynəlxalq
birlik öz növbəsində buna qarşı heç bir tədbir
görmürsə, onda məsələ çətinləşə
bilər.
Biz başa
düşürük, bu gün Ermənistan
çalışır ki, məsələni süni şəkildə
uzatsın, özünü danışıqlarda konstruktiv tərəf
kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici
anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl
razılaşdırılmış məsələlərdən
geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün
olmayan təkliflər irəli sürür. Beləliklə,
danışıqlar prosesini müddətsiz və sonsuz etmək
istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz
danışıqları torpaqlarımızı azad etmək
üçün aparırıq. Biz danışıqları
Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış ərazi bütövlüyünün bərpa
edilməsi üçün aparırıq. Ümid edirik ki, bu
məsələ ilə məşğul olan qurumlar, tərəflər,
vasitəçilər nəhayət, öz kəskin
sözünü deyəcəklər. Bunun vaxtı çoxdan
çatıbdır. Əgər belə olmasa, onda bu
danışıqların mənası tamamilə itəcəkdir.
Danışıqlar nəticə üçün
aparılır, sadəcə görüntü
üçün deyildir. Ona görə, bir daha demək istəyirəm
ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq
normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir,
Azərbaycanın haqq işidir və ədalətli
yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi
hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq
siyasi maraqlar da bu məsələ ilə məşğul olan
tərəfləri sövq etməlidir ki, məsələ
tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bölgədə
böyük təhlükədir. Bu, real təhlükədir.
Bu münaqişə dondurulmuş münaqişə deyildir.
Biz başa
düşürük, böyük dövlətlər istəyirlər
ki, bu bölgədə sabitlik, sülh olsun, müharibə
olmasın. Biz də bunu istəyirik. Kim istəyər ki,
sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək
deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə
qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə
gedən proseslər, güclər nisbəti və əlbəttə,
Azərbaycanın son illər ərzindəki uğurlu
inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun
müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik.
Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları
azad olunmalıdır. Bizim vətəndaşlar doğma
torpaqlarına qayıtmalıdırlar. O ki qaldı
xalqların öz müqəddəratını təyin etməsinə,
bu məsələ ölkələrin ərazi
bütövlüyü çərçivəsində
uğurla həll oluna bilər. Helsinki Yekun Aktı da məhz
bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə
bağlı olan müsbət təcrübə Azərbaycanda
da tətbiq olunmalıdır.
Mən bir daha demək
istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən bir
addım geri çəkilməyəcəkdir. Azərbaycanın
ərazi bütövlüyü heç vaxt müzakirə
mövzusu olmayıbdır və olmayacaqdır. Heç vaxt Azərbaycan
dövləti onun əzəli torpağı olan Dağlıq
Qarabağa müstəqillik verməyəcəkdir. Bu,
mümkün deyildir. Qarşı tərəf bunu bilir.
Ümid edirəm ki, biz danışıqların
inkişafında müsbət meyilləri görəcəyik.
Ancaq bununla bərabər,
başa düşürük ki, məsələni həll etmək
üçün biz daha da güclü olmalıyıq. Bizim
indiki gücümüz kifayət qədər
böyükdür. Amma bütün mənalarda daha da
güclü olmalıyıq. Azərbaycanın iqtisadi və
siyasi addımları, ordu quruculuğu sahəsində
atılmış addımlar bunu göstərir ki, biz hər
gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən
daha da güclənirik. Bölgədə artan rolumuz əlbəttə
ki, bizə bu məsələnin həlli üçün də
imkan verəcəkdir".
Həqiqətən də
belə konkret, qətiyyətli mövqe bütün
ünvanlara digər iddialara düşməmək
üçün əsaslı, böyük bir xəbərdarlıqdır.
Çox yəqin ki, sammit ərəfəsində Azərbaycanın
sözünü eşidən tərəflər, hətta Ermənistan
hadisələrin nə ilə nəticələnə biləcəyini
anlaya bildi. Bunun başqa bir yorumu yoxdur. Azərbaycan haqlı
olduğu üçün yalnız beynəlxalq hüquq
normalarından danışır. Ermənistan isə
düzgün yolda olmadığı üçün cürbəcür
hoqqalara, cürbəcür fırıldaqlara əl atmağa məcburdur.
Və bunun da onlara nə vaxtsa bir fayda verəcəyi
mümkün deyil...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 1 dekabr.- S. 4.