Cənnət sevdalısı
O, dünyaya gələndə anası Allahı
çağırdı. İlk dəfə Allah kəlməsi
eşitdi. Gözünü açanda göyə baxdı,
ayaq açanda üzü yuxarı qalxdı, dil açanda
AngAr...AzgAlg söylədi.
O, dağlar qoynunda
böyüdü. Həmişə yuxarıya, ucalığa
baxdı. Uşaqkən ən uca dağların, ən uca zirvəsinə
qalxdı. Ucalığa qalxanda göz gəzdirdi
ayağının altına, ayağının altında qalan
olmasın. Ucalıqda olanda çoxları onun kölgəsi
altında qaldı. Çoxları onun kölgəsini
üstünə çəkdi. O, ən uca zirvədən
üzü aşağı baxmadı, daha uzağa baxdı,
daha ucaya.
O, kəndini tərk edəndə
dağlara, daşlara, qayalara, dumana, çənə söz
verdi. KƏNDİNİ heç vaxt heç zaman unutmayacaq.
"Salamat qal"- dedi. Bir daha dönməyəcəyinə
inandı.
O, hər
qalxdığı dağı bir boy ucaltdı. Uca
çıxdı kənddən, uca gəldi şəhərə.
Duruşu ilə, yerişi ilə, baxışı ilə
yaraşıq gətirdi şəhərə. Çox
qadın onu görəndə ürəyində
yaraşıqlı kişi dedi. Çox qadın onu görəndə
peşman oldu, çox qadını peşman etdi. Çox
qadın onu görəndə gözlərini yumdu, gözlərini
açanda görmədilər onu, çox qadının
ürəyində yeri var idi. Onunsa ürəyində bir yer
var idi...
O, heç vaxt arxaya
dönmədi. Arxasınca danışdılar. Səhər-səhər
arxasınca daş atdılar. O dönməz idi. O təbiətdən
doğulmuşdu, təbii idi. Kürəyini dağa
dayamışdı, kürəyi enli idi. Sinəsini önə
vermişdi, sinəsi böyük idi. Külək
saçını arxaya daramışdı, O əyməzdi
başını. Kürəyinin acığını sinəsindən
çıxdılar, amma çıxa bilmədilər o
çıxan ucalığa, qalxa bilmədilər o qalxan
ucalığa.
Böyük şəhər balacalarla dolu idi. O, böyük
şəhəri bir
boy da böyütdü.
Bir boya yenidən can verdi.
Bir boyu poeziyada yenidən yaratdı, yenidən qurdu.
Çox kimliyi olan şəhərə
milli kimlik gətirdi. Çox dili olan şəhərə
milli dil gətirdi. Çoxlarının qorxudan çəkmədiyi
adı, Vətənini
ikiyə bölən adı adında bütövləşdirdi. ARAZ onun adında
dayandı...ARAZ onun adı gələndə söyləndi, onun adı gələndə anıldı.
Göy guruldayanda qorxurdular bu şəhərdə. O isə
içində bu şəhərə göy
səsi gətirdi. Onun səsi gur idi.
Onun sinəsi dolu idi.
Bu şəhərdə
insanların ayağı üzülmüşdü yerdən,
torpaq qaçmışdı bu şəhərə yad
olanların ayaqları altından. Torpaq üstündə
böyüyənləri, torpaq üstündə ayaqyalın gəzənləri
bu şəhərdə başa düşmürdülər,
sevmirdilər. O, ayaqları torpaqda, əlləri göydə
böyümüşdü. Onun ayaqları yerdə, əlləri
göydə idi.
O, yerlə
göyün dostu idi. O, yerlə göyü dost görmək
istəyirdi. O, göyün
səsini, sözünü
yerə gətirdi. Yerdən sözü qaldırdı.
Göydəki sevərdi onu.
O, da göydəkinə
inandı, yerdən əlini üzdü. Yerlə göyün arasına girənlər onu sevməzdilər.
Göy səsini dinləmək,
göy sözünü danışmaq, göy sözünü
yazmaq çətin idi. Bilirdi, bədəlini ödəyəcək.
Hazır idi ödəməyə... Gözləyirdi... Bilirdi,
yerdəkilər bağışlamayacaq...
O,
yıxıla-yıxıla böyüdü.
Yıxıldığı yerdən qaxdı. Çoxları
onunla üz-üzə gəlməkdən qorxdu. Çoxları
onu görəndə qaçdı. Çoxlarının
üzü qalmadı söz deməyə. Çoxlarıyla o
sözə görə üz-üzə gəldi, sözə
görə üz-göz oldu. O, söz götürmədi,
söz altında qalmadı. O, sözü necə deməyi
öyrətdi. O, söz demədi, söz
çatdırmadı. Öz sözünü
danışdı. Çoxları onun ağzından söz
oğurladı. Sözünü kəsənlər sonra söz
aldılar, söz saldılar ondan.
Əli-ayağı
yüngül idi. Sözü, daşı ağır idi.
Sözü, daşı ağır gəldi. Çoxlarının
başı onun sözünə görə deyildi. Onun
sözü çox böyük idi. Çəkə bilmirdilər
onun sözünün yükünü. Ayağının
altını çəkdilər, qazdılar. Torpaq daşa
çıxdı. Torpağı qazıq-qazıq etdilər.
Sonda namərdlər, namərdlər yatan tərəfdən
qazdılar quyunu...
Çoxları hər
gün evdə ət yesinlər deyə onun ətini yedilər.
Çoxları adlarını əyilib götürdü,
sınıb götürdü. O, adını qalxıb,
ucalıb götürdü.
O, heç vaxt qabaqda
dayanmadı. Özünü gözə soxmadı, gözə
girmədi. Həmişə arxada dayandı, arxadan
qaçmadı. Şah duran cərgədə dayandı, durdu.
O, heç
kimin yanında durmadı. Kimisə uca, kimisə
alçaq göstərmədi.
O kiməsə üstdən-aşağı,
altdan-yuxarı baxmadı.
O, gözünün boyundan
baxdı insanlara. Kimisi gözündə uca idi, kimisi gözündə
alçaq.
Əli uzunlar tutmuşdular bu dünyanı. Onun dünya malında
gözü yox idi. Kim nə
aparmışdı bu
dünyadan? Ona çatan
tanrının ətəyi
idi. Onun da əli qısa. Tanrının ətəyinə əl ata-ata yüyürürdü arxasınca.
Tanrının ətəyi keçəndə
əlinə, tanrıdan
bu dünyanı yox, o dünyasını istədi.
Tanrı çox sevirdi
onu. Tanrı, mənzilində yer ayırdı ona. Tanrı mənzilində
yer aldı. Tanrı çoxlarının çəkə
bilmədiyi dərdi verdi ona. Sona qədər çəkdi...
Dərdi də böyütdü, dərdi də qaldırdı
ucalığa.
İnsanlar gileylənirlər
tanrıdan. Tanrı da pisləri qoyub yaxşıları tez
aparır, pisləri qoyub yaxşılara dərd verir, əzab
verir. Niyə gileylənir insan? Axı hansı insan bu günə
qədər yaxşını qoyub, pisi götürüb, pisi
seçib?
Tanrı verdiyi
ömrü vaxtında, zamanında alır. O da tanrı verən
ömrü, tanrı istədiyi kimi yaşadı, ödədi.
O, öz
dövrünün, poeziyasının aynası oldu. Çoxları
o aynada sındı. Çoxları o aynanı sındırmaq
istədi. Bir nəsli qətl etdi. Ondan başqa kimsə
oxunmadı, kimsə sevilmədi. Sözün də ən
yaraşıqlı kişisi oldu. O söz sevənlərin
sevimlisi oldu.
O, doğulduğu məkanın
xarakterini, təbiətini poeziyaya gətirdi. Əyilməzliyi
qüruru, dönməzliyi, doğru sözü. Sözün
düzünü dedi. Sözü üzə dedi. Poeziyanın
xarakterini qaytardı özünə. Özü olmayanlar
başa düşmədilər, sevmədilər onu.
O, qələmi əlinə
alıb nə yazacağını düşünmədi. Ürəyi
istəyəndə qələmi əlinə aldı, ürəyi
yazdı. O, qələmi barmaqlarıyla tutmadı, ürəyiylə
tutdu. Onun qələmi heç vaxt ürəyinə xəyanət
etmədi.
Onun üçün
dünyanın ən uca yeri Azərbaycan idi. Onun ürəyinin
ən uca yerində Azərbaycan idi. Ürəyində kiməsə,
nəyəsə yer saxlamamışdı. Ürəyində
boş yer yox idi. Bütün ürəyi Vətənə, Azərbaycana
sevgiylə dolu idi. O, dünyaya Azərbaycan dünyasından
baxırdı.
Tikəsini
böldüyü insanlar, tikəsi ürəyində qalanda
vurmadılar kürəyindən.
Yaşamağı
üçün heç nə etməyənlər, kəfən
almaq üçün növbəyə
dayanmışdılar.
Böyük insanlar, uca
insanlar bu dünyaya dərd, əzab çəkməyə gəlirlər,
doğulurlar. Çəkdikləri dərdlərlə, əzablarla
ödənilir böyüklükləri. Çəkdikləri
dərd, əzab böyük edir onları. Artıq tarixin yeri
daralıb, sıxılıb. Hər kəsi tarix yanına
almır, yaddaşında saxlamır. Artıq Allah mənzilində
yer alanlar azalıb. Allahın seçimi çox azdır. Artıq
cənnət yolu gedənlər çox azdır.
Çoxları cəhənnəmin yolunu seçib. CƏNNƏT SEVDALILARI BU
DÜNYADA CƏHƏNNƏM ƏZABI YAŞAYACAQLAR, ƏBƏDİ
CƏNNƏTİ QAZANMAQ ÜÇÜN. O CƏNNƏT
SEVDALISI İDİ...QAZANDI CƏNNƏTİNİ...TUTDU
YERİNİ...
Rza Rzayev
Ədalət.- 2010.- 1 dekabr.- S. 5.