Məhsuldar dialoq
Başa çatmaqda olan
noyabr ayı bir sıra amillərlə yanaşı həm də
Azərbaycanın paytaxtı Bakıda Xəzəryanı
dövlətlərin zirvə görüşünün
keçirilməsi ilə də yadda qaldı. Qeyd edək ki,
sözügedən sammit sahilyanı dövlət
başçılarının Xəzər dənizində təhlükəsizlik
sahəsində əməkdaşlıq sazişinin
imzalanması ilə başa çatıb. Bu sənədə Azərbaycan,
İran, Türkmənistan, Qazaxıstan və Rusiya prezidentləri
imza atıblar. Təhlükəsizlik əməkdaşlığı
sazişi terrorçuluq və mütəşəkkil cinayətkarlıq,
silah və narkotik qaçaqmalçılığı, icazəsiz
balıq ovuna qarşı, habelə xilasetmə əməliyyatlarında
qarşılıqlı əməkdaşlığı nəzərdə
tutur. Bundan başqa, Azərbaycan, İran, Türkmənistan,
Qazaxıstan və Rusiya prezidentləri birgə bəyannamə
qəbul ediblər. Zirvə görüşünün
açılış mərasimində Azərbaycan prezidenti
İlham Əliyev bəyan edib ki, Xəzər dənizinin
dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və
Qazaxıstan arasında imzalanmış ikitərəfli
müqavilələr Xəzərin hüquqi statusunun müəyyən
edilməsində əsas kimi götürülə bilər.
Xəzər sammitinin
yekunlarına bir sıra siyasi və iqtisadi ekspertlər
tərəfindən yüksək qiymətləndirilməklə
yanaşı, həm də müxtəlif aspektlərdən
şərh olundu. Xatırladaq ki, sammitdə dövlət
başçıları bəyan etdilər ki, Xəzərin
statusunun müəyyən edilməsi ilə bağlı məhsuldar
söhbətlər aparılıb. Belə ki, əgər əvvəl
məsələnin həlli ilə bağlı konkret müddət
göstərilmirdisə, bu dəfə dövlət
başçıları bildirirlər ki, bu problemi Xəzəryanı
dövlət başçılarının il ərzində Həştərxanda
keçiriləcək sammitinə qədər həll etmək
olar.
Digər bir tərəfdən
də sammitdə Xəzəryanı dövlətlərin
İqtisadi Əməkdaşlıq Təşkilatının
(XİƏT) yaradılması ilə bağlı da məsələ
gündəmə gəlib. Lakin siyasi ekspertlər XİƏT-lə
bağlı verdikləri açıqlamalardan onların
pessimist mövqedə olduqları da bəlli oldu. Söhbət
ondan gedir ki, 5 dövlətdən 4-ü onsuz da MDB-də təmsil
olunub. Əgər MDB daxilində onlar öz məsələlərini
həll edə bilməyiblərsə, İranın orada
iştirakının da nəsə dəyişəcəyi
inandırıcı görünmür. Özü də burada
İranın izilə edilmiş halda
olması nəzərdən
qaçırılmamalıdır. İranın orada nəzərdə
tutulan qurumda iştirakı çətin ki, XİƏT
daxilində əməkdaşlığı məhsuldar etsin.
Ekspertlər hesab edirlər ki, beş dövlətdən
dördü həm də MDB-nin İqtisadi Əməkdaşlıq
Təşkilatına üzvdürlər. Lakin elə orada da əməkdaşlıq
yüksək səviyyədə deyil. Bu mənada
sözügedən qurumun yeni əməkdaşlıq
forması olduğunu da düşünmək olmaz. Söhbət
ikitərəfli əməkdaşlıq istiqamətində irəliləyişdən
gedir.
Onu da bildirək ki, bəzi
siyasi müşahidəçilərin sözlərinə
görə Bakı sammitindən sonra Türkmənistanın
da dəniz sərhədləri ilə bağla mövqeyində
digər üç postsovet ölkələrinin mövqelərinə
yaxınlaşmasına böyük
ümidlər bəslənilir. Bu qənaəti
bölüşən siyasi ekspertlər Xəzəryanı
dövlət başçılarının zirvə
toplantısında iki mühüm addımın
atıldığını da vurğulayıblar. Bunlardan biri
təhlükəsizlik haqqında əməkdaşlıq
müqaviləsi, digəri isə birgə imzalanan Bakı bəyannaməsidir.
Təhlükəsizlik haqqında əməkdaşlıq
müqaviləsi ilə Xəzərdə mütəşəkkil
cinayətkarlıq, qeyri-qanuni miqrasiya, silahlanma kimi təhlükələrə
qarşı razılıq əldə edildiyini vurğulayan
ekspertlər qeyd edirlər ki, bundan sonra 5 Xəzəryanı
ölkələr əlaqələndirilmiş şəkildə
fəaliyyət göstərəcəklər. Qeyd edək ki,
Bakı zirvə toplantısı Xəzər problemlərinin həll
edilməsi istiqamətində sayca üçüncü böyük
toplantı olduğunu vurğulayan ekspertlər birinci
toplantının 2003-cü ilin noyabr ayında keçirildiyini
xatırladıb. Həmin vaxt beş ölkə
Xəzərdə təbii mühitin qorunması ilə
bağlı konvensiyaya imza atıblar. Buna diqqət yönəldən
analitiklər təhlükəsizliklə bağlı əməkdaşlıq
müqaviləsini irəliyə doğru atılmış
növbəti bir addım kimi dəyərləndirirlər.
Mövqelərin yaxınlaşması
Ölkəmizdə
keçirilən Xəzəryanı ölkələrin
başçılarının III Zirvə
toplantısını Xəzərin statusu ilə əlaqədar
problemin həlli istiqamətində çox ciddi bir addım
olduğunu vurğulayan ekspertlər qeyd edirlər ki, Tərəflər
arasında fikir mübadilələrinin aparılması
mühüm amildir. Çünki müzakirələr əsnasında
dövlət nümayəndələrinin ortaq mövqeyə gəlmələri
mümkündür və həm də danışıqlar nəticəsində
prezidentlərin ortaya gətirdikləri məsələlərlə
bağlı öz rəylərini də bildirirlər. Digər
bir tərəfdən də bu danışıqlar ölkələr
arasındakı mövqeləri müəyyən qədər
yaxınlaşdıra bilər. Bütün bunlara rəğmən siyasi müşahidəçilər
hələ də müəyyən fikir
ayrılıqlarının qalmaqda olduğunu bildirirlər. Hələ
də Xəzərin statusu ilə bağlı tam qərara gəlindiyini
demək olmaz. Amma tərəflər bu problemin həlli
üçün bundan sonra da səy göstərəcəklərini
bildiriblər. Bir faktor da var ki, bu tip görüşlər təkcə
hüquqi status məsələsinin müzakirəsi ilə məhdudlaşmır.
Dövlət başçıları bir-biri ilə
görüşərək ikitərəfli münasibətləri
müzakirə edir və artıq digər sahələrdə
olan problemlərin həlli ilə bağlı müəyyən
addımlar atırlar. Bundan əlavə, Xəzər bölgəsinin
hüquqi statusu ilə bağlı bu gün həll ediləsi
kifayət qədər məsələ var ki, bura Xəzərin
təbii ehtiyatlarından istifadə, ekologiyanın
qorunması, humanitar və digər məsələlər
daxildir. Bu məsələlər isə daima gündəlikdədirlər.
Beynəlxalq tədbir praktikası
Sözügedən
toplantının yekun sənədlərinə gəlincə,
analitiklər bildirirlər ki, yekun bəyanata əsasən, tərəflər
qısa bir zamanda hüquqi statusun müəyyənləşdirilməsi
ilə bağlı təkliflərini qətiləşdirəcəyini
bildirəcəklər. Onlar hesab edir ki, sammit Xəzərlə
bağlı olan problemlərin həlli üçün
geniş imkanlar açıb. Belə bir sammitin Azərbaycanda
keçirilməsinin ölkəmiz üçün
böyük əhəmiyyətinə toxunan siyasi təhlilçilərin
sözlərinə görə, bu cür toplantıların
Bakıda reallaşması Azərbaycanın bir ölkə
kimi yüksək siyasi nüfuzunun artmasını və beynəlxalq
tədbirlər keçirilməsində müəyyən təcrübəsi
olduğunu ortaya qoyur.
Ölkələr
arasında iqtisadi birliyin yaranma ehtimalı ilə bağlı
fikirlərini açıqlayan şərhçilər onu da
bildiriblər ki, bu ölkələrdən ibarət birliyin
yaradılması ilə bağlı ideya çoxdandır
gündəlikdədir. Bu beş sahilyanı ölkələr
arasında iqtisadi əməkdaşlıq da
günü-gündən artır. Azərbaycan qalan 4 ölkə
ilə həm siyasi, həm də iqtisadi əməkdaşlığa
dair daima öz addımlarını atır və qarşı
tərəfdən də eyni münasibət görür. Məhz
bu beş ölkəni birləşdirəcək təşkilatın
yaranması ölkələrin siyasi iradəsindən
asılı məsələdir ki, onun da reallaşmasını
gələcək göstərəcək.
İranla Rusiyanın üst-üstə düşən
mövqeləri
Amma sammitdən sonra Xəzərin
status məsələsində özünəməxsus
mövqeyi ilə seçilən İran rəsmilərinin
açıqlamaları verilən proqnozları alt-üst
etmiş kimi görünür. Onu da bildirək ki, hələ
sammitöncəsi rəsmi Tehranın mövqeyi üzündən
tədbirin baş tutmayacağı ilə bağlı fikirlər
üstünlük təşkil edirdi. İran prezidentinin sammitdən bir gün əvvəl Bakıya
səfəri verilən rəylərin üstündən xətt
çəkdi və bununla rəsmi Tehran ekspertlərin
heç də həmişə həqiqəti əks etdirmədiyini
sübut etməyə çalışdı. Bununla həm də
siyasi təhlilçiləri çaşdırmış oldu
desək bəlkə də yanılmarıq. Bu günlərdə
İran rəsmiləri yenə dilə gəlib. Belə ki, rəsmi
Tehran İranın xarici işlər nazirinin müavini Məhəmməd
Mehdi Axundzadənin diliylə Bakı və Aşqabada öz
mesajını ünvanlayıb. Yəni rəsmi Tehran İran
tərəfinin Xəzərin dibinin bölünməsilə
bağlı Türkmənistan və Azərbaycan arasında
ikitərəfli sənədin imzalandığı halda bunu
tanımayacağını göstərməyə
çalışır. Rusiyanın "Regnum" agentliyinin məlumatına
görə, İranın yüksək rütbəli məmuru
öz müsahibəsində bildirib ki, İranın prinsipial
mövqeyi onunla bağlıdır ki, Xəzər dənizinin
gələcək statusu ilə bağlı bağlanılan
istənilən müqavilə konsensus və ədalətlə
həll olunmalıdır. Əks halda, İran Xəzərlə
bağlı olan heç bir müqaviləni və
razılaşmanı qəbul etmir və tanımır. Xarici
işlər naziri müavininin fikrincə, hətta bu
müqavilə Rusiya, Azərbaycan və Türkmənistan
arasında bağlanılsa belə, bu razılaşmanı
İran heç vaxt tanımayacaq.
Bütün oyunlar
"NABUCCO"nun başındadır
Xatırladaq ki, bu
günlərdə Bakıda keçirilən Xəzəryanı
ölkələri başçılarının 3-cü
sammitində Türkmənistanın dövlət
başçısı Qurbanqulu Berdiməhəmmədov əsas
diqqətini Xəzərdə bir sıra həllini hələ
də tapmayan məsələlərə yönəltdi və
ölkəsinin Xəzərin hüquqi statusuyla bağlı
mövqeyini bir daha açıqladı. Onun sözlərinə
görə, Türkmənistan əmindir ki, "Nabucco" qaz
kəmərinin çəkilməsi, ancaq bu layihədə
iştirakçı ölkələrin və kəmərin
keçəcəyi ölkələrin razılığı
ilə həyata keçirilməlidir: "Təbii ki, burada
bütün beynəlxalq ekoloji standartlar və normalar yüksək
səviyyədə nəzərə alınacaq".
Rəsmi Moskva isə hələ
də Türkmənistan dövlət
başçısının bu cür
çıxışlarına heç bir açıqlama verməyib.
Hətta ötən ay Rusiya prezidenti Dmitri Medvedyevin Türkmənistana
səfərindən sonra bu ölkənin baş nazirinin birinci
müavini İqor Seçin də Avropanın əsas enerji
layihəsi olan "Nabucco" qaz kəməri layihəsini
perspektivsiz adlandırmışdı.
Onu da deyək ki,
"Nabucco" layihəsinin reallaşmasında maneə
yaradan faktorlardan biri də Avropa dövlətlərinin bu məsələ
ətrafında vahid mövqe nümayiş etdirməməsidir.
Bu məqamdan məharətlə yararlanan Rusiya isə Avropa
dövlətləri vasitəsilə "Nabucco"nun
reallaşmasını sıradan çıxarmaq səylərini
gücləndirməkdə davam edir. Almaniyanın sabiq kansleri
Gerhard Şröder yenidən Avropanın Rusiya qazına
bağlı olacağını deyib. Gerhard Şröder onu da
bildirib ki, qitənin alternativ enerjilə təchizi resurs
çatışmazlığına dirənir. Onun sözlərinə
görə, Avropa İttifaqının marağında olan
"Nabucco"nun reallaşması üçün kifayət
qədər qaz olmaya bilər. Bu da layihənin icrasının
sual altına düşməsi deməkdir. Qeyd olunan arqumenti əsas
gətirən Şröder "Şimal axını" və
"Cənub axını" kimi layihələrin dəstəklənməsini
daha vacib sayıb. Herhard Şröder onu da qeyd edib ki,
"Nabucco"ya İrandan da əlavə qaz təchizatı
lazımdır: "Lakin buna nail olmaq üçün Avropa
İttifaqı bu prosesdə bir çox siyasi çətinlikləri
aşmalıdır".
Fars kəməri
Yeri gəlmişkən
onu da xatırladaq ki, "Şimal axını" beynəlxalq
müşahidə şurasının rəhbəri Gerhard
Şröderdir. Hazırda perspektiv üçün
"Nabucco"nun əsas qaz təminatçıları
sırasında adı çəkilən İranın bu layihədən
uzaq durması yönündə əsas fəaliyyət də
məhz Şröderə məxsusdur. Öz növbəsində
rəsmi Tehran Rusiya ilə yaxınlığı olmasına rəğmən
həm də "Nabucco" layihəsində iştirakda
maraqlı olduğunu gizlətmir. Əlində iri qaz
ehtiyatları olan bir ölkə kimi tanınan İran Avropa
üçün də mühüm əhəmiyyət kəsb
edir. Rusiya ilə sıx enerji əlaqələrində olan,
"Şimal axını" qaz layihəsinin dəstəkçisi
kimi Almaniya Tehranın hər bir addımını diqqətlə
izləyir. İranın "Nabucco"ya maraq göstərməsi
isə, təbii olaraq, almanları qane etmir. Rəsmi Tehran beynəlxalq
sanksiyalardan qorunmaq üçün Avropa ilə münasibətlərini
pisləşdirmək istəmir. İranın neft naziri
Qulamhüseyn Nozərinin Dəməşqdə verdiyi
açıqlamasından da aydın görünür ki, Tehran
Suriya və İraq üzərindən Avropaya qaz ixrac etməyi
planlaşdırır.
İranlı nazirin
sözlərinə görə, İran-İraq-Suriya boru xətti
ilə daşınacaq mavi yanacaq daha sonra Aralıq dənizilə
Yunanıstan və İtaliyaya çatdırılacaq.
Qulamhüseyn Nəzari layihənin həyata keçirilməsi
üçün yaxınlarda İran, Suriya və İraq
arasında üçtərəfli sazişin imzalanacağını
dilə gətirib. Hələ üstəlik
Bölgədə çəki dərdi
Rəsmi Tehranın bu məsələ
ilə bağlı mövqeyinə gəlincə
iqtisadçı ekspertlər İranın qazını
Türkiyə ilə deyil, İraq və Suriya üzərindən
nəqlinə daha çox üstünlük verdiyinə diqqət
çəkirlər. Ekspertlərin fikrincə, bununla İran
qaz ixracında bütünlüklə Türkiyəyə
bağlı olmaq istəmədiyini, bölgədə
özünün də çəkisinin artmasına
çalışır. Tehran gələcəkdə Türkmənistanın
da bu layihəyə qoşulacağına ümidlidir. Söhbət
türkmən qazının həmin xətlə Avropaya
daşınmasından gedir. İran bu layihəni həyata
keçirməyə başlayarsa, onsuz da müəammalı
duruma sürüklənən "Nabucco" boru xəttini
birdəfəlik unutmaq lazım gələcək.
Məsələyə
münasibət bildirən politoloqa gəlincə, əksər
siyasi şərhçilər hesab edirlər ki, Məhəmməd
Mehdi Axundzadənin timsalında İran növbəti dəfə
sərsəmləyib. Qeyd edək ki, 2008-ci ildə
İranın xarici işlər naziri Möhtəki
"Nabucco"ya qoşulmaqla bağlı ölkəsinin
maraqlı olduğunu bildirmişdi. Amma layihənin iştirakçı
dövlətləri buna qarşı çıxmış,
öz mövqelərini bildirmişdilər. Maraqlıdır
indi nə baş verdi ki, İran "Nabucco"ya qarşı
çıxır? Siyasi təhlilçilər onu da qeyd edirlər
ki, istər "Nabucco", istərsə də Xəzərlə
bağlı məsələlərdə İranın qərəzli
mövqe nümayiş etdirməsi ona heç də şərəf
gətirmir.
Özgəsinin payına iddia
Digər bir tərəfdən
də Türkiyə ərazisində raketdən müdafiə
sistemlərinin quraşdırılmasına razılıq,
ABŞ-ın Qəbələ RLS-i birgə istifadə etməklə
bağlı rəsmi Bakıya müraciəti kimi məsələlər
rəsmi Tehranın birmənalı
qarşılamadığı məqamlardır. Bütün
bunlar İranın ovqatını təlx etdiyindən belə
sərsəm bəyanatlar səsləndirir. Siyasi
müşahidəçilərə görə İranın
özü Beynəlxalq Daxili Dəniz Konvensiyasına
qoşulub, amma bu konvensiyadan irəli gələn prinsiplərə
əməl etmir. İran neçə illərdən bəri iddia edir ki, Xəzər
beş bərabər hissəyə bölünməlidir. Bunun
o, həm də Azərbaycana düşən 14 faizə də
gözünü dikdiyini faş etmiş olur. Amma Azərbaycanla
müqayisədə Qazaxıstana düşən 29 faizlə
hansısa işinin olmadığı bəllidir.
Prosesləri izləyən
analitiklərin diqqətini çəkən əsas məqamlardan
biri də odur ki, İran hakimiyyətində təmsil
olanların böyük əksəriyyəti mədrəsə
səviyyəsində təhsil aldıqlarından beynəlxalq hüquq normalarından xəbərsizdirlər.
Danılmaz faktdır ki, İranda dövlət siyasəti
şəriət qaydaları ilə idarə olunur, beynəlxalq
hüquq normaları onlar üçün əhəmiyyət
kəsb etmir. İranın növbəti dəfə şantaja
əl atdığını bəyan edən təhlilçilər
hesab edir ki, bütün olanlara rəğmən Azərbaycan həmişə
birmənalı şəkildə ona qarşı şəffaf
mövqe nümayiş etdirir. Bununla da rəsmi Bakı qonşu
İrana öz yerini göstərmiş olur.
GÜLTƏKİN
Ədalət.- 2010.- 1 dekabr.- S. 6.