Məşhur Leonardo Da Vinçi

 

Da Vinçinin anası türk kökənlidir

 

Onun adı çəkiləndə ilk öncə gözlər qarşısına ecazkar Mona Liza portreti gəlir. Rəssam, heykəltaraş, memar, bəstəkar, mühəndis, alim... Bəşəriyyət var olduqca var olacaq, sənəti ilə İntibah dövrünün ən xaruqüladə simalarından birinə çevrilən, həyatından bəhs edən əsərlərin müəlliflərini milyarderlərə döndərən Leonardo Da Vinçi bu gün milyonların sevimlisi olduğu kimi gələcəkdə də eləcə olaraq qalacaq. Bu böyük insanın uzun illər bəşəriyyətə bəxş etdiyi əsərlərin müəllifi olması yaxşı mənada həmişə qibtə hissi doğurmuşdur. Şübhəsiz, sənəti və sənətkarı qiymətləndirməyi bacaran və yaradılan şah əsərləri duyan istənilən kəs böyük müəlliflərin məhz onun xalqına mənsub olması və yaxud da onun xalqının içərisindən çıxmasını hər zaman arzu edir. Bir çox hallarda qəribə hadisələrin də şahidi olmaq mümkündür. Yəni arzu etdiyin hansısa bir məsələ müəyyən zamandan sonra aydın olur ki, elə sənə məxsusmuş. Necə ki, son illər İtalyan intihabının ən dəyərli sənətçisi kimi tanınan Leonardo Da Vinçinin Azərbaycandan olması barədə məlumatlar ictimai rəydə özünə yer almaqdadır.

 

Avropa və ABŞ alimlərinin araşdırmalarında

 

Qeyd edək ki, məşhur rəssamın anasının kimliyi ilə bağlı məsələ indi Avropa və ABŞ alimlərinin ən çox araşdırdıqları, müzakirə etdikləri məqamlardan biridir. Araşdırmalar isə maraqlı faktların ortaya çıxması ilə nəticələnir. Məşhur tarixçi yazar Robin Maksvellin "Xanım Da Vinçi" ("Signora Da Vinçi") adlı əsəri də dahi şəxsiyyətin soykökündən bəhs edir.

R.Maksvellinin yazdığına görə kəndli qız olan Katerinanın oğlu Leonardonun yetişməsində və bəşəriyyət tarixində ən möhtəşəm dühalardan biri kimi yer almasında müstəsna rolu var. Məlumatlara əsasən Leonardo Da Vinçi dünyaya gələndən az sonra atası ser Pyero arvadını boşamış, Albiera adlı qadınla evlənmişdi. Leonardonun anası isə boşanandan cəmi 5 ay sonra yenidən ailə həyatı qurmuşdu. Bütün bunlardan dolayı Leonardo, "qeyri-qanuni nikahda doğulmuş uşaq" sayıldığı üçün illər boyu əziyyət çəkməli olmuşdu. O, hələ kiçik yaşlarından anasından aldığı tərbiyəni və ibtidai bilikləri məktəbdə nümayiş etdirə bilmiş, fövqəladə biliyi və bacarığı ilə fərqlənməyi də bacarmışdı. Amma bütün bunlar onun gənclik illərində köməyinə çatmamış və universitetə qəbul edilməmişdi.

Buna imkan verən bir sıra amillər vardı və o, bu yasaqları aradan qaldırmaq iqtidarında da deyildi. Yəni Leonardo Da Vinçi "atasız uşaq" sayıldığından, "soyköklü, əsil-nəcabətli" və yüksək cəmiyyətin "sayğılı ailə övladları" ilə bir yerdə oxumaq onun kimilər üçün yasaqlanırdı.

 

Sabiq kölənin bəşəriyyətə bəxşişi

 

Cəmiyyətin bu amansız qanunları qarşısında isə yalnız onunla yüksək intellekti ilə mübarizə aparanlar qalib gələ bilər. Məhz Leonardo Da Vinçini belə mübarizlərdən saymaq olar. Universitetdən kənarda saxlanılmasına rəğmən o, elmi bilikləri mənimsəməkdən qalmır. Leonardo müstəqil şəkildə elmi bilikləri mənimsəməkdə davam edərək Latın dili, riyaziyyat, fizika, anatomiya kimi elmlərini təkbaşına əxz etməyə müvəffəq olmuşdu. Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, o atasının ailəsində yaşamasına baxmayaraq, rəsmən atasının varisi sayılmırdı. Belə olan halda Leonardo atasının soyadını da daşımaq hüququna malik deyildi. Verilən məlumatlardan o da bəlli olur ki, notarius olan Pyer di Antonio da oğlunu sevməzdi. Leonardonun anası Katerinaya gəldikdə isə onun Yaxın Şərqdən gətirildiyi bildirilir. Katerina başqa bir ölkədən gətirilən qərib kimi sahibinə qarşı sabiq kölə olması ilə tanınıb. İstanbuldakı qul bazarında venesiyalı tacirlərin satın aldıqları Katerina sonradan İtaliyanın indiki Toskaniya bölgəsinə aparılmışdı.

 

Şahid faktlar

 

Katerinanın ikinci vətəni sayılan Toskaniya həmin illərdə müstəqil dövlət kimi tanınırdı. Daha doğrusu, müstəqil dövlət olacaq qədər qüdrətə malik olmasa da, Toskaniyanın kralı, pulu, ordusu və hökmdarının da özündən dəfələrlə böyük hikkəsi vardı. Katerina kimi tanınan kölə qadın da məhz Toskaniyaya gələndən sonra bu adı daşımağa başlayır. Ona görə ki, Asiyadan İtaliyaya gətirilən bütün qul və kölələrə xristian adlar verilir, onlar məcburi qaydada xaç suyuna salınaraq vəftiz olunurdular.

1493-cü ildə Milana yollanan, həyatının son iki ilini oğlunun yanında keçirən Katerinanın əvvəlki sənədlərdə Leonardoya yazdığı məktublar indi araşdırıldıqca ortaya sensasion, ilk baxışdan inanılmaz faktlar ortaya çıxır. İtaliyadakı Leonardo Da Vinçi muzeyində aparılmış tədqiqatlara görə, İntibah dönəminin dahisi uzun illər boyu anasından ayrı yaşasa da, Katerina ilə həmişə mehriban davranıb, onu sevib. Muzeyin direktoru Alessandro Vezzosi bildirir ki, Leonardo Da Vinçi ömrünün son illərində Yaxın Şərqə yollanmış, anasının vətənini, doğulduğu yeri görmək istəmişdi.

Roma, Massaçusets və Yel universitetlərində aparılmış araşdırmaların sonuclarında isə Leonardo Da Vinçinin sənətçi, riyaziyyatçı və filosof kimi formalaşmasında anası Katerinanın Şərq köklü olmasının böyük rol oynadığı vurğulanır.

Çeti Universitetinin Antropoliji Tədqiqatlar İnstitutunun direktoru Luici Kapassonun dediyinə görə, Leonardo Da Vinçinin 52 əsərində onun 200-ə yaxın barmaq izlərinin qalıqlarını araşdırıblar. Rəssamın barmaq izlərinin 60 faizində ərəblərə, habelə Cənubi Qafqaz və ya Ön Asiyada yaşayan müsəlmanlara məxsus səciyyəvi ünsürlər aşkarlanıb.

 

Okeanın o tayından gələn xəbər

 

Kanadalı alim Luis Baff Perri isə qətiyyətlə vurğulayır ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman, hətta azərbaycanlı olub. Əldə olunan məlumatlar arasında yer alan ən maraqlı məqam isə Asiyadan o vaxtkı İtaliyaya gətirilən bütün qadın kölələrə Katerina adının verilməsidir. Kanadalı alim bildirir ki, uzun illər boyu apardığı araşdırmalar nəticəsində qəti qənaəti o olub ki, Leonardo Da Vinçinin anası Katerina müsəlmandır. Özü də indiki Türkiyənin Anadolu bölgəsinə yaxın yerdə doğulub. Bir qədər dəqiqləşdirdikdə bəlli olur ki, həmin ərazi Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səfər də etdiyini vurğulayan Luis Baff Peri səfəri ilə qənaətinin doğruluğuna bir daha əmin olduğunu qeyd edir.

Xatırladaq ki, Luis Baff Perrinin dediklərini rus, macar, fransız və alman alimləri də təsdiqləyirlər. Rus tarixçi Andrey Kuznetsovun sözlərinə görə, Leonardo Da Vinçinin anasının portretləri onun əslən qafqazlı qadın olduğunu göstərir.

"Dahi Leonardo ilə bağlı indi ən müxtəlif, hətta fantasmoqorik və şizofrenik fərziyyələr irəli sürülür. Katerinanı da zaman-zaman ən müxtəlif irqlərə və millətlərə mənsub ediblər. Lakin aparılan fundamental, ciddi və illər uzunu davam edən araşdırmalar Katerinanın əslən Qafqazdan olduğuna dəlalət edir. Bunu İtaliyanın özündə də fakt kimi qəbul edirlər" - deyə rusiyalı alim bildirir.

 

Şərqli tərbiyəsi

 

Rusiyalı tarixçi Andrey Kuznetsov da məşhur rəssamın belə bir formada yetişməsində şərqli anasının böyük təsirinin olduğunu vurğulayır: " O da danılmazdır ki, Leonardo Da Vinçinin mistisizmində anasının təsiri həddən ziyadə olub. Çünki Şərqə genetik səviyyədə bağlı olmayan insanın bəzi əsərlərində xristianlıqdan kənar dünyagörüşü, hətta sırf Şərqə məxsus qavramaların motivləri belə qabarıq nəzərə çarpmazdı. Onun əsərlərindən birində isə arxa planda indiki Təbriz şəhərində toxunan xalılardan birinin naxışları var. Leonardo Da Vinçi ömru boyu Təbrizdə olmayıb və o, ümumiyyətlə, Şərq xalçaçılığı ilə yaxından tanış deyildi. Lakin alimlər güman edirlər ki, həmin xalçanı Katerinanın özü toxuyub və oğlu da ona zahirən yad, genetik səviyyədə isə yaxın olan bu motivlərdən ilham alıb" - V.Kuznetsov qeyd edib.

 

İtalyanların etirafı

 

Hətta Leonardonun şərqli olması italyanların öz araşdırmalarında da yer alır. Çünki İtalyan tarixçi, Milan Tarix İnstitununun professoru Cüzeppe Alleqri deyir ki, Leonardo Da Vinçi ən müxtəlif dillərlə yanaşı, ərəb və fars dillərini də kamil bilib. "Onun özü şagirdi Mikele Vinyanoya yazdığı məktublardan birində etiraf edir ki, ərəb və fars dillərini anası öyrədib. "Florensiyalı olsam da, anamın vətəninin dilini də öyrənirəm. Çox rahat və sadə dildir. Bu dildə Konstantinopolu alanlar danışırlar. Təsəvvür et ki, kiçik Ankianodan olan mən bəlkə dünyanın o başındakı xalqın, dəniz kənarındakı dağlarda yaşayan insanların dilini bilirəm", - Da Vinçi həmin məktubunda yazıb. Göründüyü kimi o, "Konstantinopolu alanlar"ı yazarkən anadan olduğu 1452-ci ildən bir il sonra Konstantinopolu fəth etmiş türkləri nəzərdə tuturdu".

 

İstanbulun fəthindən bir il əvvəl

 

Xatırladaq ki, Leonardo di ser Pyero da Vinçi 1452-ci ilin aprelin 15-də İtaliyanın Florensiya şəhərinin yaxınlığındakı Vinçi şəhərciyinin qonşuluğunda yerləşən Ankiano kəndində anadan olub, 1519-cu ilin mayın 2-də Fransanın Turen bölgəsindəki Ambuaz şəhəri həndəvərindəki Klo-Lyuse qəsrində dünyasını dəyişib. O, həyatı boyu İtaliyanın təqribən 14 şəhərində yaşayıb və cəmi bir dəfə İstanbulda olub. Da Vinçinin Asiyaya səyahəti isə çağdaş Türkiyənin Trabzon şəhərində başa çatmışdı.

Onu da qeyd edək ki, bu günlərdə İtaliyanın Milan şəhərində başlanmış beynəlxalq elmi konfrans işini davam etdirir. Dünən konfransda müzakirə mövzularından biri İtaliya intibahı və həmin dövrün ən görkəmli simaları olub. Çıxışlar arasında 7-si məhz Da Vinçiyə və bu fenomenin sirlərinə həsr olunmuşdu.

  

  

Nəzrin

 

Ədalət.- 2010.- 1 dekabr.- S. 6.