Dünya Heç Kimin
Xalq şairi Məmməd Arazın vəfatı
münasibətilə
"Bəlkə bu
yerlərə birdə gəlmədim", -
Dedin, bu sözlərin oldu həqiqət.
Vəfasız cahanda kim
qalıbdı, kim ?
Çox acı olsa da,
belədir fəqət.
Daşıdın
qəlbində Azərbaycanın
Ağrı -
acısını, dərd - sərini,
Araztək axırdı
damarda qanın,
Kim verə bilərdi
sənin yerini ? !
Əllərin
həmişə xalqın əlində,
Zümrüd
meşələr də köynəyin oldu,
Yurdun
nəğməsiydi daim dilində,
Çobanın
çörəyi - çörəyin oldu.
Elin havasiyla
alırdın nəfəs,
Cavanla cavandın, qocayla
qoca.
Dilindən acı
söz duymadı heç kəs,
İnsanlıq adını tutmuşdun uca.
Oylağın olmuşdu
dağlar, dərələr,
Zirvədə buluda
ucaldı başın,
Sənə ilham verdi gur
şəlalələr,
Qədrini bilirdin torpağın, daşın.
Sən özün
demişdin, "dünya heç kimin...",
Doğrudan heç
kimə qalmadı dünya,
Mərdlərə
göstərir daim sitəmin,
Namərdə şirin
bir almadı dünya.
Gedirsən...
Qəlblərdə
hıçqırıq səsi,
Kədərin
ürəklər qoparır indi,
Xalqın dərd -
sərini daşıyan kəsi
Xalq, öz
çiynində aparır indi.
Mərkəz Qacar
Ədalət.- 2010.- 1 dekabr.- S. 5.