MƏNİM DƏ YAŞIM AZ
DEYİL
Məmməd Arazsız ötən 6 il...
Mənim də
yaşım az deyil,
Bu dünyada nə
görmədim!
Bir-birinə yamaq
gördüm,
Calaq qərinə
görmədim!
Çiçəyindən
alağı çox,
Kişisindən
papağı çox,
Köpəyindən
yalağı çox,
Bu dünyada nə
görmədim!
Dolu gödən kürkə
sığmaz,
Boş balqabaq börkə
sığmaz,
Yəhər qanmaz, tərkə
sığmaz...
Bu dünyada nə
görmədim!
Nöqtə boyda ölkə
- vulkan,
Dərya boyda diyarı
qan,
Biri tikən, biri
yıxan,
Bu dünyada nə
görmədim!
Raketlər döş
kimi dolu,
Gələn nəslə
əmzik olu,
Kimin qolu, kimin yolu...
Bu dünyada nə
görmədim!
Boş inaddan,
könül, əl çək!
Özündən
özünə yol çək.
Bu boynu əyri
dünyanın
Bir üzü
ağdı həmişə,
Vüqarı
şaxdı həmişə.
1980
QAYTAR MƏNİ
Yaşar Əliyevə
Könül, bu gün
nağıl danış,
Dünənimə qaytar
məni.
Ələnməmiş,
üyünməmiş
Öz mənimə
qaytar məni.
Mamırına dolu yatan
Bir dağ
döşü -bir daş otaq...
Nə əl dəyən,
nə zəng çatan
Ünvanıma qaytar məni.
Nədir itən, nədir
qalan?..
Beş-on sözdür ümid - qalam.
Baş aparsam,
başsız qallam,
Yüyənimə qaytar
məni.
Aramızda tufan yaşar,
Sahillərdən punhan
yaşar.
Yaşamağa güman
yaşar,
Gümanıma qaytar məni.
1980
TELEFON
Bu gün
telefona yazığım
gəlib,
Bir vaxt həmdəm olan indi yad
olub.
Zəngim gözlənilmir,
zəng gözləmirəm,
Yazıq xəcalətdən
ikiqat olub.
Körpə də deyiləm
beşiyə dönə,
Heyva-nar satmıram
yeşiyə dönə,
Bürokrat əlində
pişiyə dönən
Bir canlı, lal-dinməz
aparat olub.
Niyə eyvanımın
bülbülü itdi,
Yerində
boşboğaz bir qarğa bitdi,
Elə bil dünyada gülməli, ciddi,
Ciddi nə vardısa zarafat olub.
Dəlidağ, səsini
eşidim hardan,
Bir zəng yollayasan
yağışdan, qardan.
Bu fağır
telefon neyləsin, qardaş,
Daha Məmməd Araz farağat olub.
Pitsunda, sentyabr, 1980
ƏL DƏYDİ, ÇAXMAQ DAŞIYAM
Dostum Ağayara
Təklikdə
çaylaq daşıyam,
Məni qoymayın təklənəm!
Əl dəydi,
çaxmaq daşıyam!
Məni qoymayın təklənəm!
Bir dəryadır hər
zərrəcik,
Dəm zərrəcik, dərd
zərrəcik,
Namərdə də mərd
zərrəcik
Dəni qoymayın təklənə!
Dağsız duman
yalnız ahdı,
Qara bulud yalqız
axdı.
Çən təkləndi
- yalquzaqdı,
Çəni qoymayın
təklənə!
Xəlbirlənə
kaş ömür də,
Boş il düşə
boş ömürdən...
Xoş an qalar xoş
ömürdən,
Anı qoymayın təklənə!
Yaman çoxalıb bu
azlar,
Bu kəndirsiz kəndirbazlar!
Körpülənin, ay
Arazlar,
Məni qoymayın təklənəm!
Dekabr, 1980
QAYIDARSAN
Belə dönmə,
ismi dönük deyilsən;
Gileyin var: yağdırıb get, yağıb
get.
Qayıdarsan: yol göyərər, yol donar,
Keçdiyimiz yola bir də
baxıb get!
İnnən belə dəmin
dəmdə, qəmin kəm...
İnnən belə
toy-büsatlar səninki.
Göz yaşların gərək
olmaz yəqin ki...
Gözlərini gözlərimə
sıxıb get.
Aldatmaq da aldanılmaq
deyilmi?
Zəhər satmaq zəhər
almaq deyilmi?
Yaxşı quyu tərs
badalaq deyilmi? –
Elə birdi:
yıxılıb get, yıxıb get...
Tufan dəli, il
tağında gül zərif,
Tez töküldü
ömrümüzün gün zəri.
Barı ayır yadda
qalan günləri,
Yaddaşının bir
ucuna yığıb get.
Qopdu bir səs, qopdu bir
tağ qalamdan,
Göyərçinlər
perikdi dağ qalamdan,
Eşqim qalan bu
üçbucaq qalamdan
Əlində cam, dilində
şam çıxıb get...
6 dekabr, 1980
KİMLİYİM, NƏÇİLİYİM...
Qəfil
düşdüm bəd taleyin kəməndinə mən,
Axır dönüb bu
halımla barışan oldum.
Daha tənqid
biçinində az itilənən,
Daha tərif
xırmanında az daşan oldum.
Dib bucaqda beli
bükük,
Lüləsi donuq, -
Hörümçəyə
bağışladım ov tüfəngimi.
Günün çoxu
yuxuludur ev telefonu,
Günün çoxu
diksinməyir qapı zəngimiz.
Yox, ürəyim,
daş qulazla ötəri dərdə,
Qəm üstünə sevincini hörməyi bacar.
Ön cərgədən
son cərgəyə adlayıb hərdən
Görünməyən
məqamları görməyi bacar.
Öz vaxtında
ayırmadın şahini sardan,
Az qoşmadın boş
xarallar şəninə dastan.
Qaranquşa,
sığırçına meylimi sallam,
Ürəyimdə yuva
qurmaz köçəri dostlar.
Bir də üzməm
yalan vədlər cəzirəsinə,
Köpüklərə
ip atmağın faydası nəymiş?
Bir vəzifə
kürsüsünün cazibəsi nə,
Bir telefon dəstəyinin
ədası nəymiş!
Mən bu hala gülə bildim,
Ağlaya bildim:
Əhd-ilqar da
"baxarıq"lı, "görək"li imiş;
Mən
ömrümün aşrımında anlaya bildim:
Nəçiliyim
kimliyimdən gərəkli imiş...
1981
TƏKLƏNMƏ
Dost arası yol çəkilməz,
Dost arası yol
sökülməz,
Tale hər vaxt üzə
gülməz,
Təklənmə,
könül!
Bir otaqda bir sən, bir mən,
Gəlhagəllər hanı, bilməm?
Son güman
da itsə birdən
Təklənmə,
könül!
Öz dərdinə
ortaq da ol.
Öz içində dustaq da ol.
Dön özünə
bıçaq da ol,
Təklənmə,
könül!
Bu mənzilin sonu
müşkül,
Zirvəyəcən
yüyürmüşdün,
Dərəsinə qəfil
düşdün,
Təklənmə,
könül!
Arazıma körpü
asa
Düyünü yox bir
nəğmə - sal.
Son vurğunu
son nəğmə san,
Təklənmə,
könül!
1981
DURNALARI DÖNMƏZ OLDU
Boz qayalar
çapıqlandı, qaraldı;
Durnaları dönməz
oldu dağların.
Ada göllər
çamırlandı, qaraldı,
Durnaları dönməz
oldu dağların.
Azad durna yol istədi,
yol bölük,
Tala bölük,
çala bölük, göl bölük.
Göylüyünü
necə saxlar bu göylük,
Durnaları dönməz
oldu dağların.
İki cavan bulaqda
söz bağladı,
Durnaların yoluna
göz bağladı.
Saxsı sənək
göyərdi, buz bağladı,
Durnaları dönməz
oldu dağların.
Əyriliyə əyilməyən
Əyriqar,
Yağdı sənə
ayrı yağış, ayrı qar.
Qoşadağa qoşa
güllə qoydular;
Durnaları dönməz
oldu dağların.
O Vaqifdi - odasına od
düşən,
O Zakirdi - sədasına
od düşən,
O Arazdı - səmasına
od düşən,
Durnaları dönməz
oldu dağların...
Məmməd Araz
Ədalət.- 2010.- 1 dekabr.- S. 5.