UNİVERSİTETİM

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Himni

 

Ey mənim İqtisad Universitetim,

Sən ucal, səninlə arzuma yetim.

Müəllim, tələbə qoynunda sənin

Ucaldır adını Ana Vətənin.

Köksündə nur dolu çıraq yandırır,

Yeni zirvələrə qanadlandırır.

 

Nəqarət:

 

Məsləkin, amalın işıqdı, nurdu;

Qədəmin mübarək, yolun uğurdu.

 

Elmlər içində iqtisad elmi

Həyatın döyünən qəlbi deyilmi?

Ölkənin qüdrəti, xoş həyatıdı;

İrəli aparan köhlən atıdı.

Yol açır bolluğa, sərvətə, vara;

Susuz səhranı da gətirir bara.

 

Nəqarət:

 

Məsləkin, amalın işıqdı, nurdu;

Qədəmin mübarək, yolun uğurdu.

 

Bu elmin layiqli yetirmələri

Dünyada tanınır vaxtdan bəri.

Zəkanın gücilə göyərdir daşı,

Böyük dühalarla durur yanaşı.

Tanınır hər yerdə ölkənin adı,

Firavan yaşayır vətən övladı.

 

Nəqarət:

 

Ey mənim İqtisad Universitetim,

Sən ucal, səninlə arzuma yetim.

Məsləkin, amalın işıqdı, nurdu;

Qədəmin mübarək, yolun uğurdu.

 

 

 

YOLUN UĞURLUDUR, UNİVERSİTETİM

 

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinə ithaf edirəm

 

Ey mənim İqtisad Universitetim,

Sən ucal, səninlə arzuma yetim.

Eşqinlə yazanda nəğməli şeir,

Gör sənin şəninə qəlbim deyir:

Elmlər içində iqtisad elmi

Həyatın məhvləri, qəlbi deyilmi?

Bəşərin təməli öz həyatıdı;

İrəli aparan köhlən atıdı!

Bu elmdir açarın, maddi nemətin,

Bilir əməkçinin qədir-qiymətin!

Yol açır bolluğa, sərvətə, vara;

İnsanı qoymayır gəzsin avara!

Öyrədir istehsal üsullarını,-

Torpaq da bol versin bizə barını

Tərəqqi yaradır bizimlə gündə,

Çalışqan insanın təfəkküründə!

Bu isə çevrilir min bir nemətə,

Bin-bərəkət gəlir hala zəhmətə!

Bu elmi biləndə hər kəsin cəhti,-

Dəyər yaratmaqdı, bol duz-çörəkdi!

Bu elmin gücilə silahlananda,-

Biliyə güvənib təlim alanda

Çəkilən xərclərin xeyri çoxalır;

Sahibkar xərcinə çox əvəz alır.

Davamlı iqtisadi artım yaranır

Zəmidə sünbüllər tel-tel daranır.

İstehsalçı olsa elmi niyyətli

Məhsul ucuz olar həm keyfiyyətli,

Dəf edir qarşıya çıxan çətini

Qoruyur bazarda rəqabətini!

Mənfəət artdıqca imkan çoxalır,

İşləyən işçi çoxlu haqq alır.

İnsanın rifahı daim yüksəlir,

Gözünə nur dolu gur işıq gəlir..

Müstəqillik üçün ən zəruri hal,-

Olur səmərəli milli istehsal!

Tanrı hər yerdə ölkənin adı,

Firavan yaşayır Vətən övladı

Bol ruzi deməkdir iqtisadiyyat,

O güclü olanda şənlənir həyat!

O eldə, obada xoş güzərandı

Səadət bəxş edən şəfəqli dandı!

İqtisad elminin budur hikməti,-

Həyatın üzünə olan zinəti!

Bu elmin ölkəmdə yetirmələri

Dünyada tanınır vaxtdan bəri.

Zəkanın gücüylə göyərdir daşı,

Böyük dühalarla durur yanaşı!

Gənclərin zehnini ziyalandırır,

Könüllər mülkündə işıq yandırır!

Elmi tövhələri şöhrət gətirir,

Susuz səhrada da çiçək bitirir...

Müdrik alimləri vardır hər yanda,-

İqtisad elminin kəhkəşanında!

Onların zəkası gur işıqlıdı,

Alimlik adına yaraşıqlıdı!

Onlardan güc alır iqtisadiyyat,

Yolunu düz seçir yaşanan həyat!

Elə bir həyat ki, onun sükanı

İdarə eləyir hər çətin anı!

Bu elmin karvanı saymır yerində,

Başı göylərdədi, kökü dərində!

İqtisad elminin gedir karvanı,

Müdrik alimlərdi onun sarvanı!

Onların məsləki, amalı nurdu;

Qədəmi Mübarək, yolu Uğurdu!

 

 

Əjdər QİYASLI

 

Ədalət.- 2010.- 1 dekabr.- S. 7.